Məhkəmə qərarları › İş №2-1(112)-5140/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5140/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5140/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maşağa Bələdiyyəsinin 70/2 saylı, 17 oktyabr 2007-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, sahə 163 b ünvanında yerləşən 1200 kv.m olan torpaq sahəsinin onun adına özəlləşdirilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Musayev X3 müharibəsi veteranıdır. 1991-1995-ci illərdə Qarabağ uğrunda gedən döyüşlərdə zabit kimi vuruşmuşdur. 2007-ci ildə Maştağa Bələdiyyəsi onun Qarabağ müharibəsi veteranı olduğunu nəzərə alıb, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, sahə 163b ünvanında 1200 kv.metr torpaq sahəsini ödənişsiz olaraq ona vermişdir. Bu barədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 70/2 saylı, 17 oktyabr 2007-ci il tarixli “Vət.İddiaçı fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” qərarı vardır. Həmin qərara əsasən Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, sahə 163b ünvanında 1200 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vət.İddiaçı ayrılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 272 saylı, 17 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, Maştağa Bələdiyyəsi tərəfindən ailə vəziyyəti, 1991-1995-ci illərdə Qarabağ uğrunda döyüşçü-zabit kimi müharibə veteranı olduğu və eyni zamanda Sabunçu rayon İH-nin 1/130 saylı, xx.xx.2006-cı il tarixli, həmçinin Bakı şəhəri İH-nin 18/03-8/5614 saylı, xx.xx.2007-ci il tarixli qərarı əsasında Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, sahə 163b ünvanında 1200 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmış və müharibə veteranına tətbiq edilən güzəşt və imtiyazlara görə onunla həmin torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanmamış və bu məqsədlə də, heç bir ödəniş aparılmamışdır. O, həmin torpaq sahəsində fərdi yaşayış evi tikib ailəsi ilə birlikdə yaşayır. Həmin torpaq sahəsini və üzərindəki evin özəlləşdirilməsi ilə əlaqədar dəfələrlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərmişdir. Hər dəfə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin özəlləşdirilməsinə dair müraciətinə imtina cavabı verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin uzun illər faktiki olaraq istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsindən imtina etməsini o, tam qanunsuz və əsassız hesab edir. Müvafiq torpaq sahəsinin ilkin qeydiyyata alınmasından imtina olunması onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2021ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Torpaq sahəsinə dair verilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmçinin, yerləşmə cizgisi ilə faktiki sahə arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bundan əlavə, (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alğı-satqı aktı və qeyd edilən torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********220 saylı, xx.xx.2022-ci il tarixli cavab məkttubu ünvanlanmışdır. Məlumat üçün bildirirlər ki, torpaq sahəsi normadan artıq ayrılmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 70/2 nömrəli, 17 oktyabr 2007-ci il tarixli qərarın surətindən görünür ki, Maştağa Bələdiyyəsinə, qəsəbənin M.Mirəliyev küçəsi, ev 114 ünvanda yaşayan 1965-ci il təvəllüdlü İddiaçı ərizə ilə müraciət edərək xahiş etmişdir ki, qəsəbənin Xanlar yaşayış massivində 120 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün mülkiyyət hüququ ilə ona verilsin. İddiaçı ərizəsini, ailə vəziyyətini, Bakı şəhər İcra Hakimiyyətinin 18/03-8/5614 saylı xx.xx.2006-cı il tarixli rəyini nəzərə alaraq və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Torpaq Məcəlləsini rəhbər tutaraq qərara alınmışdır ki, qeyd olunan torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının 823 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Maştağa Bələdiyyəsinin mülkiyyətinə verilməsi nəzərə alınaraq, ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq İddiaçı mülkiyyətinə verilsin. İşdə olan Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin cizgi-sxemindən görünür ki, Maştağa bələdiyyəsi tərəfindən 142 saylı, xx.xx.2004-cü il tarixli qərarla X2 Xanlar yaşayış massivi, 163 “b” ünvanında ayrılması nəzərdə tutulmuş 1487.5 v.m torpaq sahəsinin yerləşmə sxemi Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********36 nömrəli, 22 aprel 2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bələdiyyəsinin 70/2 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, sahə 163 b ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin sənədləşdirilməsinə köməklik göstərilməsi barədə müraciətlərinə baxılaraq bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bələdiyyəsinin 70/2 saylı, xx.xx.2007-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış sözügedən 0.12 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış torpaqların alğı-satqısına dair akt, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 272 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X4 Maştağa Bələdiyyəsi tərəfindən ailə vəziyyəti, 1991-1995-ci illərdə Qarabağ uğrunda döyüşçü-zabit kimi müharibə veteranı olduğu və eyni zamanda, Sabunçu rayon İH-nin 1/130 saylı, xx.xx.2006-cı il tarixli, həmçinin Bakı şəhər İcra Hakimiyyətinin 18/03-8/5614 saylı, xx.xx.2006-cı il tarixli rəyləri nəzərə alınaraq Maştağa Bələdiyyəsinin 70/2 saylı, xx.xx.2007-ci il tarixli qərarı əsasında Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi sahə 163 b ünvanında fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmış və müharibə veteranına tətbiq edilən güzəşt və imtiyazlara görə onunla həmin torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanmamış və bu məqsədlə də, heç bir ödəniş aparılmamışdır. İşdə olan Maştağa bələdiyyəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış 103 nömrəli, 24 fevral 2006-cı il tarixli məktubdan görünür ki, Maştağa Bələdiyyəsinə, qəsəbənin M.Mirəliyev küçəsi, ev 114 ünvanda yaşayan 1965-ci il təvəllüdlü İddiaçı ərizə ilə müraciət edərək xahiş etmişdir ki, ona məxsus Maştağa qəsəbəsi Xanlar yaşayış sahəsi 163 B saylı sahənin onun adına sənədləşdirilməsinə icazə verilmiş, İddiaçı göstərilən torpaq sahəsində 1996-cı ildə ev tikmiş və hal-hazırda həmin evdə yaşayır. Əlavə olaraq bildirilmişdir ki, o, 1991-ci ildən 1995-ci ilə qədər Qaradağ mühariibəsində iştirak etmiş və baş leytenant rütbəsinə qədər yüksəlmişdir. İddiaçı müraciətini ailə vəziyyətini, Sabunçu rayon İcra Hakimiyyətinin 1/130 saylı, xx.xx.2006-cı il tarixli rəyini, Qarabağın azadlığı uğrunda döyüşlərdə fəal iştirakını, Qarabağ müharibə veteran olmasını və digər yuxarıda göstərilənləri nəzərə alaraq, Maştağa Bələdiyyəsi xahiş etmişdir ki, Maştağa qəsəbəsi, Xanlar yaşayış sahəsi 163 B saylı sahənin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq onun adına ödənişsiz sənədləşdirilməsi üçün müvafiq rəy verilsin. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Maştağa Bələdiyyəsinin sədrinə ünvanlanmış xx.xx.2006-cı il tarixli, 18/03- 8/5614 nömrəli məktubun surətindən görünür ki, Bələdiyyənin xx.xx.2006-cı il tarixli, 388 saylı məktubunda İddiaçı müaciəti ilə əlaqədar bildirilmişdir ki, qaldırdıqları məsələnin qanun çərçivəsində həll edilməsinə etiraz etmirlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Bakı İnzibati Məhkəməsinə 23 avqust 2021-ci il tarixli, **********01 nömrəli məktubla ünvanlanmış mütəxəssis rəyinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, sahə 163 b ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olub-olmaması ilə bağlı məlumatın verilməsi barədə araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir. iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordiantları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elekron bazasında araşdırma aparılmış ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlamışdır. “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, naturada koordinatları müəyyən edilmiş, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 823 nömrəli sərəncamı ilə Sabunçu rayonu Maştağa Bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahələrinin hüdudları daxilində yerləşir. İşdə olan 071545 nömrəli “Müharibə veteranı” vəsiqəsinin surətindən görünür ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə emtək hüququna malikdir. Vəsiqə xx.xx.2006-cı il tarixdə verilmişdir. İşdə olan iddiaçıya məxsus ГР seriyalı, 050390 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1983-xx.xx.1985-ci illərdə, xx.xx.1992-xx.xx.1995-ci illərdə hərbi xidmətdə olmuşdur. Ştatların ixtisarına görə leytenant hərbi rütbəsindən ehtiyata buraxılmışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 22 aprel 2021-ci il tarixli, **********36 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtinanın əsası kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 70/2 saylı, xx.xx.2007-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış sözügedən 0.12 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış torpaqların alğı-satqısına dair akt, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə və həmçinin torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmasına istinad edilmişdir. Halbuki, işin hallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsi iddiaçıya alğısatqı qaydasında deyil, Qarabağ müharibəsi veteranı iştirakçısı kimi, ailə vəziyyəti nəzərə alınmaqla müharibə veteranlarına tətbiq edilən güzəşt və imtiyazlara görə ayrılmış, onunla həmin torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanmamış və bu məqsədlə də, heç bir ödəniş aparılmamışdır. Həmçinin, bələdiyyə tərəfindən sözügedən torpaq sahəsi ayrılan zaman Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılığı alınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçı 5 ildən artıq hərbi xidmətdə olmuşdur, leytenant hərbi rütbəsindən ştatların ixtisarına görə ehtiyata buraxılmışdır. O, “Müharibə veteranı”-dır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin xx.xx.2008-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 13-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi, həyətyanı sahə və bağ sahəsi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir. Həmin Əsasnamənin 13-2-ci maddəsinə əsasən Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlar əsasında ayrılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi iddiaçıya alğı-satqı qaydasında ayrılsa idi belə, DTXK tərəfindən təsdiq edilmiş alğı-satqı aktının təqdim edilməməsi iddiaçı üçün torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşdırılması halı kimi qiymətləndirilə bilməzdi. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Digər tərəfdən cavabdeh tərəfindən imtina məktubunda elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar edilməməsinə istinad edilmişdir ki, sözügedən hal məhkəmə tərəfindən araşdırılmış və araşdırılma nəticəsində iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 823 nömərli sərəncamı ilə Sabunçu rayonu Bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahələrinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır) nəzərdə tutulmuş əsaslarla mülkiyyət hüquqları yaranmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; 8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək; 8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 70/2 saylı, 17 oktyabr 2007ci il tarixli qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, sahə 163 B ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar