Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5140/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xx.xx.2010-cu ildə cavabdeh tərəfindən qəbul edilmiş akt qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2010-cu ildə cavabdeh tərəfindən qəbul edilmiş akt qeydinin ləğv edilməsi”nə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı barəsində xx.xx.2010-cu ildə cavabdeh tərəfindən qəbul edilmiş akt qeydinin ləğv edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1999-cu il tarixdə xx.xx.1967-ci il təvəllüdlü X4 ilə nikaha daxil olmuşdur. xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulub. Bundan sonra arvadı ilə əlaqəsi olmayıb. Müəyyən səbəblərdən bir müddət yaşamağa yeri olmayıb. xx.xx.2010-cu il tarixdə keçmiş arvadı ilə yaşadığı ünvanda binanın zirzəmisində bir meyit tapılıb. Meyidə baxış keçirilən zaman keçmiş arvadı X4 həmin ölən şəxsin iddiaçı olduğunu bildirib. Onun şahidliyi və məhkəmə tibbi ekspertizası əsasında xx.xx.2010-cu il tarixdə iddiaçının ölümü qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Baxmayaraq ki, o sağ olmuşdur. Hətta xx.xx.2012-ci il tarixdə iddiaçıya yeni növ AZE 0******* seriyalı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilmişdir. Bu yaxınlarda nikahının pozulmasının dövlət qeydiyyatına alınması ilə bağlı Cavabdehnə müraciət etdikdə ona məlum olmuşdur ki, barəsində ölüm haqqında akt qeydi vardır. xx.xx.2010-cu il tarixli ölüm haqqında aparılmış qeydin ləğv edilməsi üçün maraqlı şəxs Cavabdehnə müraciət etmiş,və iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarınımüəyyən edən”Əsas Müddəaların 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edildiyi bildirilmiş, eyni zamandan ölüm haqqında aparılmış qeydin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İddiaçının sağ ikən ölü kimi qeyd edilməyim hesab edirəm ki, insan hüquqlarının əksinə olan bir haldır. Azərbaycan Respublikasının bir vətəndaşı kimi iddiaçının da tam hüquqlu sağlam yaşamaq və özü barəsindəə akt qeydlərində düzgün qeydlərin aparılmasını tələb etmək hüququ var. xx.xx.2010-cu ildə hər hansı bir şəxsin ölümünün heç bir dəqiq araşdırma aparılmadan ona aid edilməsi iddiaçı hesab edir ki, ona qarşı haqsızlıqdır. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti; - cavabdehin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli iddiaçının müraciətinə imtina məktubları; - xx.xx.2022-ci il tarixli Bakı şəhər Nizami Rayon Prokurorluğunun məhkəmənin sorğusuna cavab məktubu və ona əlavə edilmiş sənədlərin surəti; - xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli cavabdehin məhkəmənin sorğusuna cavab məktubu və ona əlavə edilmiş ölüm akt qeydinin surəti;
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı onun adına verilmiş 548 saylı xx.xx.2010-cu il tarixli ölüm akt qeydinin ləğv edilməsini xahiş edir. İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının" 21-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Eyni zamanda bildirilir ki, bu qaydaların 26-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göstərilənlərlə bağlı vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi ilə bağlı ərizənin təmin edilməsi mümkün deyil. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Məhkəmənin sorğusu əsasında iddiaçıya məxsus 548 saylı xx.xx.2013-cü il tarixli ölüm akt qeydinin surəti məhkəməyə daxil olmuşdur. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş, ölüm haqqında akt qeydinin surətindən müəyyən edilir ki, xx.xx.1973-cü il tarixdə anadan olmuş İddiaçı (iddiaçı) xx.xx.2010-cu ildə Bakı şəhərində vəfat etmiş və ölüm səbəbi olaraq “şahidsiz ölüm” göstərilməklə bu barədə xx.xx.2010-cu il tarixli 548 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarına əsasən: 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.4. Ölüm haqqında məlumat qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 8.6. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.7. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. 8.8. Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır. ... 8.14. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Belə ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti məhkəməyə təqdim edilmişdir. xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (iddiaçı) Bakı şəhəri Nizami rayon QVŞV tərəfindən xx.xx.2012-ci il tarixdə xxxxxxx FİN nömrəli yeni şəxsiyyət vəsiqəsi verilmiş və qeydiyyat ünvanı olaraq ünvan 2allarında olan iddiaçıya məxsus olan AZE seriyalı 0******* nömrəli xx.xx.2012-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsini mötəbər sübut kimi qəbul edir. Məhkəmənin sorğusu əsasında Nizami Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubu ilə kişi meyitinin aşkar olunması faktı üzrə aparılmış araşdırma nəticəsində toplanılmış materialların surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə” xx.xx.2021-ci il tarixli Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Nizami rayon İdarəsinə daxil olmuş xx.xx.2021-ci il tarixli 2248 nömrəli məktubdan görünür ki, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı ünvan 3 ünvanında qeydiyyatda olmaqla Binəqədi 1ci mədən qəsəbəsi, korpus 146, ev 4 ünvanda yaşayan İddiaçı Mirislam oğlu rəsmi sənədlərə əsasən xx.xx.2010-cu il tarixdə vəfat etmiş, aparılmış araşdırmalar zamanı isə Zülfüar Ağayevin hazırda sağ olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Nizami rayon prokurorluğu tərəfindən xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarda İddiaçı Mirislam oğlunun sağ olması müəyyən olunduğundan adına Azəraycan Respublikasının Ədliyyə Nazirliyinin Nizami rayon qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ 428207 nömrəli ölüm haqqında şəhadətnamənin ləğv olunması məsələsinə baxılması üçün Bakı şəhəri, Nizami rayon qeydiyyatı şəbəsinə müraciət olunmağı qərara alınmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən xx.xx.20021-ci il tarixli məktubla Cavabdehnə müraciət edərək, İddiaçı Mirislam oğlunun adına Bakı şəhəri, Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ 428207 nömrəli ölüm haqqında şəhadətnamənin ləğv olunması məsələsinə baxılması və nəticəsi barədə Bakı şəhəri Nizami rayon prokurorluğuna məlumat verilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı iştirak etmiş, iddiaçının ölmədiyi, onun barəsində aparılmış ölüm haqqında akt qeydinin əsassız olması müəyyən edilmişdir. Belə ki, məhkəmə iddiaçının qeyri-rəsmi nikahda olduğu və birlikdə yaşadığı şəxsi şahid qismində dəvət edilmiş və məhkəmə iclasında dindirilmişdir. Həmin tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X1 verdiyi ifadəsində qeyd etmişdir ki, iddiaçı həqiqətən İddiaçıdur və onlar 2005-ci il tarixdən qeyri-rəsmi nikahda olmuşdurlar. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yəni, məhkəmə tərəfin tələbini təsdiqləyən faktlar və hallara, yazılı və maddi sübutlara, şahid ifadələrinə müvafiq hüquqi qiymət verərək ərizənin təmin olunub-olunmaması nəticəsinə gəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2001-ci il tarixli qərarın Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarına əsasən, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların: 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 5-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 13-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 24-cü bəndinə əsasən ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda, məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikahın pozulması haqqında qeydin ləğv olunması onların birgə ərizəsinə əsasən nikahı pozmuş qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 25-ci bəndinə əsasən bərpa və ya təkrar tərtib edilmiş qeyd, həmçinin ilk qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin və konsulluq idarələrinin təşəbbüsü ilə ləğv oluna bilər. 26-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar tələb edə bilər. 27-ci bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır. 28-bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən onun qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində müvafiq qeyd aparılır, akt qeydinin digər nüsxəsinin də üzərində müvafiq qeydin aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Ləğv edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 1.3-cü bəndində qeyd edilir ki, 2.2-ci bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.” İddiaçı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il, 3 saylı qərarına istinad edərək qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibatı icraat qaydasında iddia qaldırıla bilər.” Belə ki, ölümün qeydə alınması əsasları qanunvericiliklə müəyyən edilmişdir. Bu baxımdan,qanunvericiliyin normalarına əsasən iddiaçı ölüm barədə aparılmış akt qeydlərinin ləğv edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və müvafiq icra hakimiyyəti orqanı müraciətə imtina cavabı vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın- 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Göründüyü kimi, İddiaçı sağ olması və həmin şəxs olması iş materiallarına əlavə edilmiş sənədlərlə (Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən Cavabdehnə ünvanladığı xx.xx.20021-ci il tarixli məktubu və AZE seriyalı 0******* nömrəli xx.xx.2012-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsi) həmçinin şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə, qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın imtinası əsassız və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən xx.xx.1973-cü il təvəllüdlü İddiaçı barəsində aparılmış 548 saylı xx.xx.2010-cu il tarixli ölüm haqqında akt qeydi ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən xx.xx.1973-cü il təvəllüdlü İddiaçı barəsində aparılmış 548 saylı xx.xx.2010-cu il tarixli ölüm haqqında akt qeydi ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev