Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5142/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********376800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, iddiaçıya cavabdeh orqan tərəfindən fərdi sahibkar qismində kameral vergi yoxlanması zamanı 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə əsassız olaraq 5.950 manat vergi məbləği hesablanmışdır. Vergi məbləği ilə bağlı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə şikayət göndərilmiş və əsassız hesablanmış cərimənin silinməsi xahiş edilmişdir. Dövlət Vergi Xidmətinin 20 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının şikayəti təmin edilməmiş, 5950 manat vergi məbləğinə cərimə və peniya hesablanaraq əsassız və qeyri qanuni olaraq 7.181,65 manat məbəğində vergi məbləği təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci ildə fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə vergi orqanına müraciət etmiş və 5 il müddətinə fəaliyyətini dayandırmışdır. Həmin tarixdən bu günədək iddiaçı tərəfindən hər hansı bir əməliyyat aparılmamış, elektron qaimə göndərilməmiş, bank və ya kassa ilə hər hansı köçürülmə edilməmişdir. Eyni zamanda Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydalarında” vergi ödəyicisi olmayan şəxslərdən, o cümlədən MMC-nin təsisçisindən malların alınması üçün hər hansı istisna və məhdudiyyətlər nəzərdə tutulmamışdır. xx.xx.2020-ci il ərzində EAA 163409, EAA 162780, EAA 163215, EAA 163385 saylı elektron mal alışı aktı əsasında iddiaçı tərəfindən şəxsi istifadəsində olan ümümi dəyəri 119.000 manat olmaqla müxtəlif mallar "xxxx" MMC-yə satılmışdır. İddiaçının vergi ödəyicisi kimi VÖEN-i olsa da qeyd edilən mallar sahibkarlıq fəaliyyəti məqsədilə deyil, şəxsi təsərrüfatında istifadə məqsədilə əvvəlki illərdə alınmış və istifadə edilmişdir. Qeyd edilən mallar sahibkarlıq fəaliyyəti üçün istifadə edilmədiyindən iddiaçı tərəfindən təqdim edilən sadələşmiş vergi bəyannamələrində, o cümlədən xx.xx.2018-ci ildə təqdim edilən sonuncu sadələşmiş vergi bəyannaməsinin 1 saylı əlavəsinin aktivlər bölməsində ümumiyyətlə göstərilməmişdir. Həmin tarixdən sonra isə iddiaçı tərəfindən edilən müraciət əsasında fəaliyyəti müvəqqəti dayandırılmışdır. Eyni zamanda iddiaçı tərəfindən alqı-satqı əməliyyatı yalnız bir dəfə aparılmış, yəni belə əməliyyatlar təkrar olunmamış və mütəmadi xaraker daşımamışdır. İddiaçıya əsassız olaraq cərimə və peniya ilə birlikdə 7.181,65 manat vergi məbləği təyin edilmişdir. Həmin cərimə məbləği xx.xx.2021-ci il tarixdə ödənilmiş, sonradan iddiaçı sözügedən qərarı əsassız hesab etdiyindən cərimənin geri ödənilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, aparılmış araşdırma nəticəsində uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi olan iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr ərzində 536 sayda elektron alış aktları üzrə ümumilikdə 119000,0 manat dəyərində malların təqdim olunduğu müəyyən edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə gəlir məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli məktub göndərilərək vergi bəyannaməsini, müvafiq təsdiqedici sənədləri və ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün vergi ödəyicisinin mikrosahibkar olduğu nəzərə alınaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-cu il üçün gəlir vergisi üzrə 5950,0 manat (119.000,0 *5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********376800 nömrəli Qərar göndərilmişdir. Fərdi sahibkar olan iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində inzibati qaydada şikayət verilmiş və cavabdeh orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmiş və cavabdehin xx.xx.2021-ci il tarixli **********376800 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Fərdi sahibkar inzibati şikayətində də, iddia ərizəsində də şəxsi istifadəsində olan, ümümi dəyəri 119000,0 manat olmaqla müxtəlif malların "xxxx" MMCyə satıldığını, onun vergi ödəyicisi kimi qeydiyyatda olmasına baxmayaraq, qeyd edilən malların sahibkarlıq fəaliyyəti məqsədilə deyil, şəxsi təsərrüfatında istifadə məqsədilə əvvəlki illərdə alındığını və istifadə edildiyini bildirmişdir. İnzibati araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində EAA seriyalı, 162780, 163409, 162509, 163215 və 163385 nömrəli elektron alış aktlarına əsasən 536 sayda, 119000,0 manat dəyərində müxtəlif ofis mebellərinin və avadanlıqların (kassa aparatı, kompyuter, server, printer, yanacaq doldurma aparatı, tornaçı qurğu, təkər montajı aparatı, diaqnostika avadanlığı, mühərrik yağı boşaldılması üçün nasos, şkaf, qaynaq aparatı və s.) "xxxx" MMC-yə təqdim edilməsi müəyyən edilmişdir. Araşdırma zamanı elektron alış aktı təqdim edilən "xxxx" MMC-nin rəhbər və təsisçisinin İddiaçı olduğu və fərdi sahibkar ilə Cəmiyyətin qarşılıqlı surətdə asılı şəxslər olduğu, bundan əlavə iddiaçının fərdi sahibkar olaraq xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi vergi orqanından qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Əlavə olaraq inzibati araşdırma zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində elektron alış aktı ilə "xxxx" MMC-yə təqdim edilən malların çeşidlənməsi zamanı həmin malların əsasən sahibkarlıq məqsədləri üçün istifadə edilən əsas vəsaitlərin, ofis mebel və istifadə təyinatı sahibkarlıq məqsədləri üçün olan avadanlıqların olduğu və "xxxx" MMC tərəfindən 2020-ci il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən maşınlar və avadanlıqların, digər əsas vəsaitlərin mədaxil olunması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının 536 sayda müxtəlif ofis mebellərinin və sahibkarlıq təyinatı olan avadanlıqların şəxsi istifadə malları olmasının iddia edilməsinə baxmayaraq, sonuncu qeyd olunanların mümkünlüyünü əsaslandıra bilməmiş və bu barədə araşdırmaya hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə, iddiaçının 2012-ci ildən vergi orqanında qeydiyyatda olmasını, elektron alış aktı ilə təqdim edilən malların ofis mebel və sahibkarlıq təyinatlı avadanlıqların olmasını, təqdim edilmiş mallara görə elektron qaimə-faktura təqdim etməli olduğunu, fərdi sahibkarın mal təqdim edilmiş "xxxx" MMC rəhbər və təsisçisi olduğunu və Cəmiyyətin həmin dövrdə maşınlar, avadanlıqlar və əsas vəsaitlərin mədaxil edildiyini, təqdim edilmiş malların şəxsi istifadə mallarına uyğun olmadığını, əks halın vergi ödəyicisi tərəfindən sübuta yetirilmədiyini nəzərə alaraq cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********376800 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********376800 nömrəli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı, VÖEN **********, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 5.950,00 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 7.181,65 manat hesablanmışdır. Bəyannamə və hesabat növü - gəlir vergisi, bəyannamə və hesabat dövrü - 2020-ci il. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 5.0-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 53.3-cü maddəsinin 4-cü hissəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir - gəlir vergisindən azaddır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr ərzində 536 sayda elektron alış aktları üzrə ümumilikdə 119000,0 manat dəyərində malların təqdim olunduğu, lakin müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etmədiyi cavabdeh tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilmiş və İddiaçı 2020-ci ilin gəlir vergisi üzrə vergi məbləği hesablanmış, bununla əlaqədar olaraq cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********376800 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, malların təqdim edildiyi "xxxx" MMC-nin rəhbər və təsisçisi İddiaçıdur, yəni iddiaçı qeyd olunan malları rəhbər və təsisçisi olduğu MMC-yə təqdim etmişdir və həmin mallar sahibkarlıq fəaliyyəti məqsədilə deyil, şəxsi təsərrüfatında istifadə məqsədilə aldığı və istifadə etdiyi mallardır. Cavabdeh inzibati orqan təqdim edilmiş malların şəxsi istifadə mallarına uyğun olmadığını bildirməklə kifayətlənmiş, həmin malların sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlak olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********376800 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5142/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5142/2022
03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver