Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5142/2024 17.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin güzəştli şətlərlə pensiya təyinatından imtina haqqında 15 noyabr 2023-cü il tarixli 3-17-1/2-5-266249/2023 nömrəli məktububunun qanunsuz hesab edilərək 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilib alınmayan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 52 yaşının tamam olduğu 7 fevral 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib, alınmayan pensiya məbləğinin fərqinin birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 il 9 ay 21 gün ümumi, 16 il 1 ay 19 gün güzəştli şərtlərlə iş stajı olduğuna əsaslanaraq cavabdehə ona 52 yaşının tamam olduğu 15 noyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə müraciət etmiş, lakin cavabdeh onun ümumi stajının 25 ildən az olduğunu, güzəştli iş stajını müəyyən etmək mümkün olmadığını, habelə pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirərək imtina cavabı vermişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, cavabdehə təqdim edilən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin iddiaçıya dair xx.xx.2023-cü il tarixli, 13/1366 nömrəli arayışında xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1991xx.xx.1992-ci il və xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti onun iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az (18 il 4 ay 10 gün (xx.xx.1981-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1998-ci il, xx.xx.2000-xx.xx.2005-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 4 ay)) təşkil edir. Eyni zamanda sözügedən arayışda iddiaçının xx.xx.1981-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində Naxçıvan Tikiştrikotaj fabrikində toxucu və hörücü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin iddaiçının təqdim etdiyi sənədlərdə işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə aid olub-olmamasına dair hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40 320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16 810,13 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, xx.xx.1981-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində Naxçıvan Tikiştrikotaj fabrikində toxucu və hörücü vəzifələrində işləyib ki, həmin vaxt kimyəvi saplardan istifadə edilməklə trikotaj parçalar hazırlamaqla məşğul olub. Həmin fabrik hal-hazırda fəaliyyət göstərmir. Müəyyən dövrlərlə uşaqlara baxmaq üçün qismən ödənişli məzuniyyət və öz hesabına məzuniyyət götürüb. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçının həm ümüumi həm də güzəştli stajı ona pensiya təyin edilməsi üçün kifayət deyildir. Belə ki, onun toxucu işlədiyi dövrlə bağlı güzəştli arayışı mövcud deyil. Həmçinin ödənişsiz məzuniyyətdə olduğu dövrlər də ümumi staja aid edilməyib. Bu səbəbdən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1963 -cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin 15 noyabr 2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. B seriyalı, 813822 nömrəli diplomun surətinə əsasən iddiaçı xx.xx.1978-ci il tarixdə Naxçıvan şəhəri 32 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1981-ci ildə toxucu peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. ИТ-İ № ******* nömrəli, 01 iyul 1981-ci il tarixli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək SSRİ-nin 60 illiyi adına Naxçıvan dəyişək trikotaj fabrikində toxuculuq sexində toxucu vəzifəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Naxçıvan Respublika Narkolojı dispanserində sanitar vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/283 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Tikiş-trikotaj və İstehsalat Birliyinin sənədlərinə baxdıqda müəyyən edilmişdir ki, Seyidova (Əliyeva) Səkinə Səftər qızı xx.xx.1981-ci il tarixli 1 LS №-li əmrlə toxucu sexinə “toxucu” qəbul edilmişdir. xx.xx.1986-cı il tarixli 130 LS №-li əmrlə xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixə qədər analıq məzuniyyətinə buraxılması, xx.xx.1987-ci il tarixli 79 LS №-li əmrlə xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixə qədər analıq məzuniyyətinə buraxılması, xx.xx.1988-ci il tarixli 94 LS №-li əmrlə xx.xx.1989-cu il tarixə qədər analıq məzuniyyətinə buraxılması, xx.xx.1989-cu il tarixli 104 LS №-li əmrlə toxucu sexinin toxucusu olaraq övladı körpə olduğundan xx.xx.1990-cı ilə qədər öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1990-cı il tarixli 109 LS №-li əmrlə xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixə qədər analıq məzuniyyətinə buraxılması, xx.xx.1991-ci il tarixli 14 LS №-li əmrlə övladının 3 yaşı olana qədər xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə qədər öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1993-cü il tarixli 45 ŞH №-li əmrə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə qədər öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1994-cü il tarixli 26 ŞH №-li əmrlə övladı körpə olduğundan 1 il 6 ay müddətinə xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixə qədər məzuniyyətə buraxılması, xx.xx.1995-ci il tarixli 25 ŞH №-li əmrlə xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixə qədər analıq məzuniyyətinə buraxılması, xx.xx.1998-ci il tarixli 5 ŞH №-li əmrlə hörücü olaraq işdən azad olunması əmr kitablarında göstərilmişdir. Xİİİ-ЖГ seriyalı, 307370 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 18 aprel 1988-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, atası X1, anası İddiaçıdır. XİV-ЖГ seriyalı, 426012 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X2 18 may 1989-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, atası X1, anası İddiaçıdır. XVİİ- ЖГ seriyalı, 433493 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 21 fevral 1994-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, atası X1, anası İddiaçıdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/1366 saylı, xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən iddiaçı Naxçıvan Respublika Narkolojı dispanserində işləmiş 2002-ci ilin yanvar-dekabr ayları üzrə, 2003-cü ilin yanvar-dekabr ayları üzrə, 2004-cü ilin mart, may, iyul, avqust, sentyabr ayları üzrə əməkhaqqı almışdır. 2000, 2001, 2005-ci illərə dair sənədlər Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarına Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş Naxçıvan alt trikotaj fabriki üzrə əmrlər kitabından çıxarışlar əlavə edilmişdir ki, burada iddiaçı ilə bağlı əmrlər öz əksini tapmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, həmin Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə 10 il stajı olan qadınların yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə pensiyaya çıxmaq hüquqları vardır. Hazırda iddiaçı onun xx.xx.1981-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində Naxçıvan alt trikotaj fabrikində işlədiyi toxucu və hörücü vəzifələrinin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olunduğunu bildirir. Lakin, cavabdeh həmin halı təkzib edir. Cavabdeh imtinaya əsas kimi iddiaçının həmin iş stajının güzəştli staja aid olmasını təsdiq edən sübutun olmamasını və iddiaçının həmin vəzifələrdə işlədiyi zaman bir neçə dəfə ödənişsiz məzuniyyətə çıxmasını və həmin dövrlərin ümumi staja aid edilməməsini göstərmişdir. Öncə qeyd edilməlidir ki, iddiaçının həmin dövrlərdə işlədiyi Naxçıvan alt trikotaj fabriki hal-hazırda fəaliyyət göstərmədiyi üçün məhkəmə tərəfindən iddiaçının işlədiyi vəzifələrin güzəştli pensiya hüququ verən vəzifələrə aid olub-olmaması ilə bağlı arayışın əldə edilməsi mümkün deyildir. Bu səbəbdən həmin vəzifələrin müvafiq kateqoriyaya aid olub-olmamasının müəyyən edilməsi vəzifəsi məhkəmənin üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.1-ci bəndində (toxuculuq sənayesi) “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları”, “yaş toxumada məşğul olan toxucular”, “yaş toxumada məşğul olan tesma toxucuları” vəzifələri öz əksini tapmışdır. Bu səbəbdən məhkəmə iddiaçının işlədiyi vəzifənin həmin siyahıda olan vəzifələrə uyğun olduğu qənaətinə gəlir. Beləliklə iddiaçının xx.xx.2006-cı ilədək güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işləməsi müəyyən edilir. İddiaçının ödənişsiz məzuniyyət dövrlərinin ümumi staja aid edilməməsi ilə bağlı cavabdehin dəlillərinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının işlədiyi xx.xx.1981-xx.xx.1998-ci il tarixləri arasındakı dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində göstərilmişdir ki, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1.6-cı bəndində göstərilmişdir ki, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajına aiddir. İddiaçının uşaqlarının doğun haqqında şəhadətnamələrindən görünür ki, iddiaçı uşaqlara qulluq etmək üçün qismən ödənişli və ödənişsiz məzuniyyətlərdə olmuşdur. Yuxarıda qeyd edilən hüquq normalarından görünür ki, cavabdeh həmin məzuniyyət dövrlərinin əmək stajına aid etməməkdə düzgün nəticəyə gəlməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçı xx.xx.2006-cı ilədək güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı toplamış, xx.xx.2015-ci ildə, yəni 52 yaşının tamam olduğu vaxt qüvvədə olan qanunvericiliyə əsasən yaşa və staja görə pensiya hüququna malik olmuşdur. Bu səbəbdən ona həmin vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (32.1-1.). İşdən göründüyü kimi iddiaçı iddia ərizəsində göstərilən tələblə xx.xx.2023-cü ildə cavabdehə müraciət etmişdir. Bu səbəbdən iddia ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi hisəssində qismən təmin edilməli, xx.xx.2023-cü ildən əvvəlki 3 il üçün ödənilməyən pensiya məbləği hesablanaraq yuxarıda göstərilən qaydada aylıq pensiya ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu 07 fevral 2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 17 oktyabr 2023-cü ildən əvvəlki 03 (üç) il üçün ödənilməyən əmək pensiyası fərqinin aylıq əmək pensiyası ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-5142/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5142/2024
17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver