Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5146/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncam verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 26 may 2000-ci il tarixli, 864 nömrəli Sərəncamında dəyişiklik edərək X4 fərdi yaşayış evinin tikintisi üçün Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küşəsi, 9“a” №-li sahədə ayrılmış 600 (altı yüz) kv.m torpaq sahəsinin 300 (üç yüz) kv.m-nin X1 ayrılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 19 iyun 2013-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan X5 ilə qarşılıqlı razılaşma əsasında 50 (əlli) il müddətinə, notarial təsdiq edilməklə ilkin müqavilə bağlayaraq, Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyətinin başçısının 26 may 2000-ci il tarixli, 864 nömrəli sərəncamı ilə X4 fərdi yaşayış evini tikmək üçün Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 9”a” №-li sahədə ayrılmış 600 (altı yüz) kv.m torpaq sahəsinin 300 (üç yüz) kv.m üzərində yaşayış sahəsi olan tikili ilə birlikdə almışdır. Müqavilə öhdəliklərinin həyata keçirilməsi üçün satıcı tərəfindən iddiaçıya 50 il müddətinə etibarnamə də verilmişdir. X2 İlkin Müqavilə əsasında aldığı 300 kv.m-dən ibarət həmin torpaq sahəsi və üzərindəki tikili 19 iyun 2013-cü il tarixdən, yəni 10 ildən artıqdır ki, iddiaçının qanuni sahibliyində və istifadəsindədir. İddiaçı qeyd edir ki, 19 iyun 2013-cü il tarixdə iddiaçıya notarial qaydada ilkin müqavilə (alqı-satqı) əsasında fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsi satmış X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Buna görə də torpaq sahəsi üzərində olan subyektiv hüquqların rəsmiləşdirilməsi tam başa çatmamışdır. Bu səbəbdən sözügedən torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi məqsədilə Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyətinin başçısının 26 may 2000-ci il tarixli, 864 nömrəli Sərəncamında dəyişiklik edilməklə, iddiaçı ilə X5 arasında bağlanmış 19 iyun 2013-cü il tarixli İlkin müqavilə əsas götürülərək X4 fərdi yaşayış evinin tikintisi üçün Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 9”a” №-li sahədə ayrılmış 600 (altı yüz) kv.m torpaq sahəsinin 300 (üç yüz) kv.m-nin iddiaçıya ayrılması xahişi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubla ərizəni təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, (maddə 1133.1) ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçirildiyindən, həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu və “Torpaq islahatı haqqında’’ Azərbaycan Respublikası Qanununun 25-ci maddələrində edilmiş dəyişiklikliyə əsasən 01 yanvar 2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahələrinin ayrılması Bələdiyyələrin səlahiyyətinə aid olduğundan torpaq sahəsinin ayrılması və ya ayrılmiş torpaq sahələrinə dair sərəncamlarda dəyişiklik edilməsi RlH-in səlahiyyətləri xaricindədir.
4. Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyətinin başçısının 26.05.200-ci il tarixli, 864 nömrəli Sərəncamına əsasən vətəndaş X4 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 9 “a” №-li sahədə 600 (altı yüz) kv.m. torpaq sahəsi ayrılmışdır.
5. Reyestrdə 3M-2/308 nömrəli qeyd olunan X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 864 №-li, xx.xx.2000-ci il tarixli Sərəncama əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 9a №-li sahədə yerləşən ümumi sahəsi 600 kv.m olan torpaq sahəsinin 300 kv.metrini 1500 (bir min beş yüz) manata İddiaçı satmışdır. İlkin müqavilə satıcının köməkliyi ilə alıcı tərəfindən yuxarıda göstərilən ünvanda yerləşən torpağa aid sənədləri toplamağı, müvafiq idarə və təşkilatların razılığını almağı, toplanmışs ənədləri Az.R.ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim etməyi, özəlləşdirməyi, reyestrdən çıxarış, forma 1 arayışı, razılıq ərizələri, alınana qədər 50 (əlli) il müddətinə bağlanılmışdır. Satıcı satdığı daşınmaz əmlakın alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan bir gün müddətində onun faktiki sahibliyin və istifadəsinə verməyi, alıcı isə torpağı qəbul etməyi öhdəsinə götürür.
6. AZ-İİ 176866 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X5 xx.xx.2021-ci il tarixində ölmüşdür.
7. Məhkəmənin (mümkünlük) iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
11. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
12. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
13. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair sərəncam (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 864 №-li, xx.xx.2000-ci il tarixli Sərəncamı) X3 adınadır. İddiaçı ilə qeyd edilən şəxs arasında torpaq sahəsi (300 kv.metr) və üzərindəki tikiliyə münasibətdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır.
14. Mülki Məcəllədən: 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
15. Məhkəmə həmin ilkin müqavilənin etibarlılığına (hüquqi qüvvəsinə) qiymət vermədən qeyd edir ki, torpaq sahəsinə dair ilkin hüquqmüəyyenedici sənəd - icra hakimiyyətinin sərəncamı, X3 adınadır və qeyd edilən ilkin müqaviləyə əsasən 300 m2 torpaq sahəsi və üzərindəki tikilinin “dəyəri” müəyyənləşdirilmişdir.
16. Torpaq Məcəlləsindən Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyrikənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.
2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.
3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).
4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər.
17. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qanunvericilikdə konkret müəyyənləşdirilmişdir. Digər şəxsə ayrılmış torpaq sahəsinə münasibətdə yerli icra hakimiyyəti orqanının səlahiyyəti olmamaqla yanaşı, həmin sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi tələbi ilə bağlı subyektiv hüququ mövcud deyildir.
18. Odur ki, iddiaçının hazırkı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
19. Məhkəmə qeyd edir ki, həmin sərəncamla ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı subyektiv hüquq X3 vərəsələrinə (olduğu halda) məxsusdur.
20. İddia uğurlu olduğu, torpaq sahəsi və ev üzərində qeyd edilən şəxs(lər)in hüquqları qeydə alındığı təqdirdə, tərəflər arasında gələcəkdə (əsas) alqı-satqı müqaviləsi bağlana bilər.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva