Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5149/2024 01.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi (oğlu) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 1 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) əlillik vəziyyəti 12 saylı Şəhər Poliklinikasının xx.xx.2004-cu il tarixli göndərişi əsasında baxılmış və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – cavabdeh) tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçı əyani müayinəyə dəvət edilmişdir. İddiaçı əyani müayinədə iştirak etməmiş, həmin “məktubların yazılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, iddiası məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Cavabdehin Tibbi Sosial Ekspert Komissiyasının noyabr 2023-cü il tarixli qərarı ilə iddiaçıya təyin edilmiş əlillik qərarı ləğv edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.1999-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. 2000-ci ildən 2004-cü ilədək müddətli və xx.xx.2004-cü il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2023-cü ildə pensiya və təqaüdü dayandırılan zaman Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum oldu ki, onun müddətsiz əlilliyi elektron alt sistemdə vardır, lakin cavabdeh pensiya və təqaüdünün dayandırılması barədə aidiyyəti orqanlara əsassız olaraq məktub göndərib, pensiya və təqaüdü dayandırılıb. Ona qarşı bu çox haqsız mövqedir, çünki o, 2004-cü ildən müddətsiz əlilldir. İddiaçı məhkəməyə yazılı ərizə göndərərək 24 ildir müddətsiz əlillik təyin edilməsini və hər hansı bir ekspertizaya və ya əyani müayinəyə göndərilməsinə etiraz etdiyini bildirmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin 9.02.2024-cüil tarixli iclasında iştirak edərək əyani müayinəyə getməyəcəyini, heç bir ekspertizada iştirak etməyəcəyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı hazırkı tələbini bərpa edilməsi öhdəliyinin cavabedhin üzərinə qoyulması kimi irəli sürsə də, əslində iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin ləöv edilməsinə dair qərarın mübahisələndirilməsinə yönəlmişdir. Məhkəmə iddia ərizəsinin ifadə tərzinə bağlı deyildir (İPM, maddə 52) və əlilliyin bərpa edilməsinə dair hazırkı iddianı əlillik qərarının ləğv edilməsinə dair cavabdeh noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi kimi qiymətləndirir. Qərar iddiaçı barəsində təyin edilmiş müddətsiz əlilliyin ləğv edilməsi ilə nəticələndiyindən iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur(İPM, maddə 35.1). İddiaçı noyabr 2023-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Çünki həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair cavabdeh hər hansı sübut təqdim etməmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Qanun Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.7 Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati Prosessual Məcəllə: Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçıya xx.xx.2004-cu il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçı əyani müayinəyə dəvət edilmiş, lakin iddiaçı əyani müayinədə iştirak etməmiş və nəticədə cavabdehin Tibbi Sosial Ekspert Komissiyasının noyabr 2023-cü il tarixli qərarı ilə iddiaçıya təyin edilmiş əlillik qərarı ləğv edilmişdir. Hazırkı tələbi qaldırmaqda iddiaçının hüquqi marağı ləğv edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İddiaçının əyani müayinəyə dəvət edilməsi işin mübahisələndirilməyən halıdır. Belə ki, bu barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmiş, eyni zamanda iddiaçının onun əyani müayinəyə dəvət edilməsi barədə bildirişlərin göndərilməməsi barədə məhkəmədə ayrıca iddiası olmuşdur. Lakin iddiaçı əyani müayinəyə getməkdən imtina etdiyindən cavabdeh iddiaçının mövcud tibbi sənədləri əsasında iddiaçının sağlamlıq vəziyyətinə qiymət vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçının həm inzibati icraatda, həm də məhkəmə icraatında israrlı olaraq əyani müayinədən və ekspertiza tədqiqatından yayınması cavabdehin iddiaçının əyani müayinəsini aparmadan əlillik qərarını yoxlamasını istisna etməməlidir. Cavabdeh inzibati orqan inzibati icraatın yuxarıda qeyd edilən normalarının tələbləri baxımından üzərinə düşən vəzifəsini icra etmişdir. Hazırkı iddia ərizəsindən də görünür ki, iddiaçı işə mahiyyəti üzrə qiymət verilmədən, heç bir əyani müayinə və ekspertiza aparılmadan inzibati icraatın aparılması qaydalarının pozulmasına istinad edərək əlilliyinin bərpasına nail olmaq istəyir. Lakin məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh orqan inzibati icraat qaydalarına əməl etmiş və yekunda inzibati akt formasında qərar qəbul etmişdir. İddiaçının qeyd etdiyi kimi, onun əyani müayinədən yayınması ilə nəticələnən inzibati icraatın yekununda qəbul edilmiş qərarın ləğv edilməsi və ya iddiaçının əlilliyinin bərpa edilməsi, sui-istifadə hallarına yol verilməklə inzibati icraatın mahiyyətinin və Qanunun istinad edilən 3.7-ci maddəsinin tətbiqinin əhəmiyyətiz olmasına səbəb ola bilər. Bu hal, gələcəkdə analoji vəziyyətlərdə vətəndaşların əyani müayinədən və inzibati icraatdan iştirakdan yayınması ilə nəticələnər. Bu qənaətə gələrkən məhkəmə həmçinin bildirir ki, Mülki Prosessual Məcəllənin 97.5ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyin müddətsiz olması da bu halı onun xeyrinə dəyişmir. Cavabdeh hətta təyin edilmiş müddətsiz əlillik qərarına yenidən baxmaq səlahiyyətinə malikdir. Çünki şəxsə müddətsiz əlilliyin qanunsuz inzibati akt nəticəsində qəbul edilməsi istisna edilmir. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Məhkəməyə təqdim edilmiş cavabdehin İdarə Heyətinin qərarından müəyyən edilir ki: Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuşdur və müvafiq qaydada ünvanlarına dəvət məktubları göndərilmişdir, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. Agentlik tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 22 nəfərə müxtəlif tarixlərdə əyani müayinəyə çağırılması haqqında ünvanlarına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşlardan 8 (səkkiz) nəfərinin əyani müayinəsini həyata keçirmiş, digər 14 (on dörd) nəfərin isə tibbiekspert sənədləri araşdırılmışdır. Həmin vətəndaşlardan 4 (dörd) nəfərin “əlillik təyinatı barədə qərarının qüvvədə saxlanılması”, 14 (on dörd) nəfərin “əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi”, 2 (iki) nəfər barəsində “Tam reabilitasiya olunması”, 1 (bir) nəfər barəsində isə “Hissəvi reabilitasiya olması”, 1 (bir) nəfər barəsində “əlillik səbəbinin dəyişdirilməsi, qalan hissədə qərarın qüvvədə saxlanılması”na dair qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Təqdim edilmiş sənədlərdən həmçinin müəyyən edilir ki, bir qrup qazi tərəfindən bir sıra şəxs və qurumlara, o cümlədən cavabdehə elektron müraciət ünvanlanmışdır. Müraciətdə adlarını qeyd etmək istəməyən bir qrup qazi bildirmişdir ki, “Bakı şəhərində yaşayan, qeydiyyatı məlum olmayan İddiaçı ARM əlilidir, belə ki, cuzi olaraq xəsarət alıb, heç bir ağır xəstəliyi və xəsarəti hazırda yoxdur, heç ona əlillik düşmür. Xahiş edirik bizim və bütün əlillərin adından, statusundan, imtiyazından əsassız istifadə edən İddiaçı yenidən Agentliyə çağırıb əlillik vəziyyətinin yoxlanılmasına göstəriş verəsiniz. Bu zaman görəcəksiniz ki, onun səhhətində heç bir əlillik yoxdur”. Göründüyü kimi, bir qrup şəxsin iddiaçının əlillik təyinatının yoxlanılması barədə elektron müraciəti olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.2 və 3.2.4-cü bəndlərinə görə, Bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, Agentliyin Nizamnaməsinin istinad edilən bəndlərindən və “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndindən irəli gələn əlillik qərarını qiymətləndirmək hüququ vardır. Qeyd edilən bu hallar isə Qanunun 3.7-ci maddəsində təsbit edilmiş “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbini təmin olunması üçün əsaslar müəyyən edilmir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5149/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5149/2024
01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver