Məhkəmə qərarları › İş №2-1(112)-515/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-515/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-515/2022 14.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2020ci il tarixli imtina cavabının qanunsuz hesab edilməsi və əlilliyinin müəyyən edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, səhhətində olan problemlərlə əlaqədar həkimə müraciət edərək müalicə almışdır. Müəyyən vaxtlarda 2 №-li şəhər xəstəxanasında müalicə almışdır. Ancaq bu müalicələrin heç bir nəticəsi olmamışdır. Buna görə də əlilliyin müəyyən edilməsilə bağlı müraciət etmişdir. Lakin müraciəti qəbul olunmamışdır. Səbəb kimi əlavə müalicəyə ehiyacının olduğunu qeyd etmişlər. Bundan sonra yenə 2 №-li şəhər xəstəxanasında stasionar müalicə almışdır. Amma bu müalicələrin də heç bir müsbət nəticəsi olmamışdır. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında imtina edildiyi göstərilir. İmtina səbəbi onunla əlaqələndirilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur və stasionar müalicə yetərli deyil. Göndərişin natamam doldurulması onun səhvi deyildir. Buna dövlət səhiyyə müəssisəsi cavabdehlik daşıyır. Eyni zamanda əlavə etdiyi sənədlərdən də göründüyü kimi 2017-ci ildən etibarən stasionar müalicə almışdır. Müalicələrin heç bir nəticə verməməsi bu xəstəliyin sağalmasının mümkün olmadığını göstərir. Buna görə də Tibbi-Sosial Ekspert Komissiyasının imtina cavabı qanunsuzdur. İmtina cavabı ümumiyyətlə əsaslandırılmamışdır. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatı xx.xx.2020-ci il tarixində qiymətləndirilsə də ona xx.xx.2020-ci il tarixində verilmişdir. Cavabdeh orqana müraciət etdikdə, hər dəfə bildirmişlər ki, onun məsələsinə baxılır. Lakin birdən birə ona imtina cavabı göndərmişlər. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt 3 nömrəli şəhər poliklinikasının xx.xx.2017-ci il tarixli 0531003AAFQ2 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri = İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: Hər iki a/ə səthi venaların varikoz genişlənməsi. A/ətrafların dərin venalarının tez-tez kəskinləşən xroniki tromboflebiti XVÇ lll-İV ( CEAP). OU-Zəif dərəcəli hipermetropiya. Asteno nevrotik sindrom; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisasli müayinə və müalicə məsləhət görüldü” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin Poliklinikanın xx.xx.2018-ci il tarixli, 0531003AAF81 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi. Hər iki a/ə səthi venaların varikoz genişlənməsi; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin əmək müqaviləsi olduğu halda xəstəlik vərəqəsinin günləri qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. Həmin Poliklinikanın xx.xx.2020-ci il tarixli, 0531003AAHD6 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: Hər iki a/ə səthi venaların varikoz genişlənməsi; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin son bir ildə müalicə alması haqda məlumat yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 140 nömrəli qərarının 1.3.1-ci bəndinin tələblərinə əsasən son bir ildə eyni xəstəliklə 6 aydan çox müalicə aldıqdan sonra onda orqanizmin pozulmuş funksiyası bərpa olmaması həyat fəaliyyətinin, əmək qabiliyyətinin məhdudlaşması zamanı göndərilməlidir” səbəbi ilə imtina verilmişdir. xx.xx.2020-ci il tarixli, 0531003AAHVP saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, Hər iki a/ə səthi venaların varikoz genişlənməsi. Aşağı ətrafların dəqiqləşdirilməmiş flebit və tromboflebiti, A/ətrafların dərin venalarının tez-tez kəskinləşən xroniki tromboflebiti. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, XVÇ lll-İV ( CEAP); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin əlavə stasionar müayinəyə və müalicəyə ehtiyacı var. son 1 il ərzində aparılmış stasionar və ambulator müalicələrin müddəti azdır” səbəbi ilə imtina verilmişdir. Poliklinikanın xx.xx.2020-ci ildə 0531003AAJGY saylı göndərişi əsasında baxılmış və "X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, Hər iki a/ə səthi venaların varikoz genişlənməsi. (Xroniki) (periferik) venoz çatmamazlıq, XVÇ lll-İV ( CEAP) Aşağı ətrafların dərin venalarının tez-tez kəskinləşən xroniki tromboflebiti. Nevrasteniya, Asteno nevrotik sindrom. Astiqmatizm, OU-Zəif dərəcəli hipermetropiya; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Status lokalis və obyektiv müayinələrin nəticələri səthi yazılıb. Stasionar müalicə yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li, xx.xx.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. - 3 nömrəli şəhər poliklinikası tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 0531003AAHD6 №-li, TQS № 088 tibbi arayışdan görünür ki, İddiaçı TSEK-ə göndərilən zaman vəziyyəti- status localis: hər iki a/ə səthi venalar genişlənib, qıvrılıb. Topuqlar bir qədər şişkindir. Hiperpiqmentasiya təyin edilir. Əsas diaqnoz kimi aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi hər iki a/ə səthi venaların varikoz genişlənməsi (İ83.2); Ağırlaşma kimi aşağı ətrafların dəqiqləşdirilməmiş flebit və tromboflebiti A/ətrafların dərin venalarının tez-tez kəskinləşən xroniki tromboflebiti (İ80.3) və (xroniki) (periferik) venoz çatmamazlıq XVÇ İİİ-İV (CEAP) (İ87.2); Yanaşı xəstəliklər kimi digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar NSD Qarışıq tip (F48.8), nevrasteniya Asteno nevrotik sindrom (F48.0), Astiqmatizm OU-Zəif dərəcəli hipermetropiya (H52.2) xəstəlikləri göstərilmişdir. TSEK-ə göndərilməsi üçün əsas kimi ümumi xəstəlik qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi çıxarışından görünür ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğunun verilməsindən xx.xx.2020-ci il tarixli, 0531003AAHVP nömrəli aktla imtina edilmişdir. İmtinanın səbəbi kimi əlavə müalicəyə ehtiyacı olması, ətraflı: xəstənin əlavə stasionar müayinəyə və mülaicəyə ehtiyacı var, son 1 il ərzində aparılmış stasionar və ambulator müalicələrin müddəti azdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin 417/KES №-li, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı və “Akademik M.A.Topçubaşov adına X3” publik hüquqi şəxsində aparılmış funksional diaqnostik müayinələrinin cavablarına, həmçinin profil üzrə mütəxəssislərin obyektiv baxışlarına əsasən, onda hal-hazırda əsas: “Hər iki ayağın birincili varikoz xəstəliyi-C3”; ağırlaşma: “Xroniki venoz çatmamazlıq İİ-İİİ dərəcə”, xəstəliklərinin olduğu müəyyən edildi. İddiaçı əmək qabiliyyətinin məhdudlaşması və ya itirilməsi, həmçinin əlillik dərəcəsinin təyini haqqında qərar müayinə və müalicədən sonra müvafiq komissiya tərəfindən təyin oluna bilər. İddiaçı adına tərtib edilmiş 0531003AAHD6 nömərli göndərişdə qeyd olunan əsas diaqnoz məhkəmə-tibbi ekspertizası zamanı öz təsdiqni tapmışdır. - Agentlik tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 3103/2021 nömrəli qərardadına əsasən İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə mütəxəssislərin iştirakı ilə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi. Xroniki periferik venoz çatışmazlığı, XVÇ lll-İV (CEAP). Aşağı ətrafların dərin venalarının tez-tez kəskinləşən xroniki tromboflebiti. Nevrasteniya, Asteno nevrotik sindrom. Astiqmatizm, OU-Zəif dərəcəli hipermetropiya” diaqnozu-anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: - 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. - 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının xəstəlikləri ilə bağlı qeydiyyatda olduğu poliklinika tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə diaqnozu “Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, Hər iki a/ə səthi venaların varikoz genişlənməsi. (Xroniki) (periferik) venoz çatmamazlıq, XVÇ lll-İV ( CEAP) Aşağı ətrafların dərin venalarının tez-tez kəskinləşən xroniki tromboflebiti. Nevrasteniya, Asteno nevrotik sindrom. Astiqmatizm, OU-Zəif dərəcəli hipermetropiya” qeyd olunmaqla cavabdeh inzibati orqana müvafiq göndəriş göndərilmiş, cavabdeh inzibati orqan “göndərişin natamam doldurulması, səbəb: Status lokalis və obyektiv müayinələrin nəticələri səthi yazılıb. Stasionar müalicə yetərli deyil” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina verilmişdir. İddiaçı onda olan xəstəliklərin ona əlilliyin təyin edilməsinə əsas olmasını iddia edərək cavabdeh inzibati orqanın üzərinə buna dair qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuçş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.1-ci bəndinə görə birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bəndə birinci dərəcə əlilliyin müəyyən olunması meyarları və halları göstərilmişdir. - 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bəndə ikinci dərəcə əlilliyin müəyyən olunması meyarları və halları göstərilmişdir. - 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Həmin bəndə üçüncü dərəcə əlilliyin müəyyən olunması meyarları və halları göstərilmişdir. İşin hallarına obyektiv qiymət verilməsi məqsədi ilə məhkəmə araşdırılması zamanı İddiaçı əyani müayinəyə cəlb edilmiş, həmçinin iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün tibbi ekspertiza təyin edilmiş və ekspert tərəfindən müvafiq rəy verilmişdir. Məhkəmə qeyd edir ki, ekspertiza zamanı İddiaçı “Hər iki ayağın birincili varikoz xəstəliyi-C3”; ağırlaşma: “Xroniki venoz çatmamazlıq İİ-İİİ dərəcə”, xəstəliklərinin olduğu müəyyən edilsə də əyani müayinə zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi. Xroniki periferik venoz çatışmazlığı, XVÇ lll-İV (CEAP). Aşağı ətrafların dərin venalarının tez-tez kəskinləşən xroniki tromboflebiti. Nevrasteniya, Asteno nevrotik sindrom. Astiqmatizm, OU-Zəif dərəcəli hipermetropiya” diaqnozu öz təsdiqini tapmamışdır. Bundan əlavə həmin diaqnozlar xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş əlilliyin müəyyən olunması meyarlarına uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, iddiaçıda olan xəstəliklər xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci bəndində səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı yenidən əlilliyinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan meyarlara uyğun qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyasına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar