Məhkəmə qərarları › İş №2-1(112)-5150/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5150/2025

24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5150/2025 24.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyyata buraxılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Silahlı Qüvvələrdən ehtiyyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndində doğulmuşdur. 2006-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2010-cu il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2012-cü ildən Zabit kimi Silahlı Qüvvələrdə, xx.xx.2017-ci il tarixdən bu günə qədər Müdafiə Nazirliyinin N№ hərbi hissəsində Radiologiya bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.2024-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 156 ”j” maddəsinə müvafiq olaraq onun Azərbaycan ordusundan həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə raportla (qeydiyyat tarixi: xx.xx.2024, qeydiyyat nömrəsi:2384) müraciət etməyinə baxmayaraq, onun hərbi xidmətdən ehtiyyata buraxılmağı ilə bağlı Müdafiə Nazirliyindən heç bir cavab verilməmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, hazırkı mübahisə inzibati orqanla hərbi qulluqçular arasında mövcud olan xidməti hüquq münasibətləri ilə bağlıdır. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddənin məzmunundan da göründüyü kimi inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir: 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. İddia tələbindən görünür ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi – onun “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 156 ”j” maddəsinə müvafiq olaraq Azərbaycan ordusundan həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmasına nail olmaqdır. Göründüyü kimi iddiaçının irəli sürdüyü tələb inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan xidməti hüquq münasibətləri ilə bağlı olmuşdur ki, qanunverici bu cür mübahisələrdə məhkəmə aidiyyətini müəyyən edərkən bunu ilk növbədə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerdən asılı etmişdir. Xidməti yaşayış sahəsi dedikdə şəxsi hərbi xidmət dövründə xidmət etdiyi və faktiki yaşadığı yer başa düşülür. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmri ilə “Hadrut” Hərbi Hospitalında səyyar rendgen kabinetinin rəisi təyin olunmuş, daha sonra xx.xx.2023-cü il tarixli əmri ilə radiologiya bölməsinin rəisi təyin olunmuşdur. Göründüyü kimi həm iş materiallarında olan əmrlərin, həm də iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, iddiaçının xidməti yaşayış sahəsi Xocavənd (Hadrut qəsəbəsi) rayonudur. Buna görə də, hazırkı iddia tələbinə baxılması İPM-in 8.1.3-cü maddəsində göstərilən (iddiaçının xidməti yaşayış yeri üzrə) aidiyyətin təsir dairəsinə düşür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yer üzrə səlahiyyətli məhkəmə olan Şirvan İnzibati Məhkəməsidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Xocavənd rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanları nəzərə laraq və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar