Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5152/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Məhkəməsinə qarşı “cavabehin xx.xx.2020-ci il tarixli, 52 nömrəli əmrinin ləğv edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Məhkəməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 52 nömrəli əmrin ləğv edilməsi və ona elan edilmiş töhmətin üzərindən götürülməsi, töhmət elan edilməsi ilə bağlı cavabdeh tərəfindən yaradılmış bütün hüquqi maneələrin aradan qaldırılmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müracitə edərək, Sumqayıt şəhər Məhkəməsinin sədrinin xx.xx.2020-ci il tarixli, 52 nömrəli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə görə iddiaçı X9 təşkil etdiyi imtahanlardan uğur qazanaraq 20 noyabr 2019-cu il tarixində Sumqayıt şəhər Məhkəməsində məsləhətçi (kompyuter proqramçısı) vəzifəsinə stajçı kimi təyin edilmişdir. Əvvəllər Bakı şəhəri Nəsimi rayon Məhkəməsində təcrübəçi, daha sonra müqavilə əsasında çalışdığından məhkəmə işlərinin təşkilində kifayət qədər təcrübə toplamışdır. İddiaçı 2020-ci ilin iyun ayının sonlarında iş yerində köhnə işləri yoxlayarkən 2020-ci ilin yanvar ayının ortalarında iki mülki işin kartoçkasını tərtib etdiyi zaman onlara eyni iş nömrəsi verdiyini aşkar etmişdir. Dərhal könüllü olaraq bu barədə aidiyyəti qaydada məlumat vermiş, bu səhvi özünün etdiyini bildirmişdir. Bu barədə məhkəmənin sədrinə məlumat verildikdən sonra dəftərxana işçilərinin iştirakı ilə iclas keçirilmişdir. Bundan sonra isə iddiaçı barəsində töhmət elan edilməsinə dair əmr verilmişdir. İddiaçıya elan edilmiş töhmətin səbəbi kimi isə kartoçkada 2 işə 1 nömrə verilməsi olmuşdur ki, bu da vəzifə təlimatları üzrə heç bir halda onun funksiyalarına daxil deyil və bu əlavə funksiyanın üzərinə götürülməsi ilə bağlı işəgötürənlə onun arasında əlavə razılaşma olmamışdır. Vəzifə təlimatlarına əsasən bu funksiya dəftərxana müdirinə və məhkəmə kargüzarlarının əmək funksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinə yazılı etirazında bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş müsabiqədən keçərək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək stajçı olaraq məsləhətçi (kompüter proqramçısı) vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə staj müddətinin bitməsi ilə əlaqədar ona kurator təyin edilmiş məsləhətçi (məhkəmə iclas katibi) X8 tərəfindən verilmiş müsbət tövsiyəni nəzərə alaraq İddiaçı 3 (üç) aylıq sınaq müddəti təyin edilmişdir. Bundan sonra İddiaçı məhkəmənin dəftərxanasında işlədiyi müddətdə mülki işlərin qeydiyyatı jurnalında qeyd apararkən səhlənkarlığa yol verərək eyni nömrə ilə iki iş qeydə almış və işlərin üz örtüyünə həmin nömrələri qeyd edərək hakimlərə işləri təhvil vermişdir. Daha sonra qeyd olunan işlər məhkəmənin arxivinə təhvil verilərkən məhkəmədə kargüzar işləyən Nigar Quliyeva tərəfindən qeyd olunan nöqsan aşkar edilərək məhkəmənin sədrinə məlumat verilmişdir. Araşdırma aparılarkən İddiaçı yol verdiyi nöqsanı etiraf etmiş, lakin ondan bu barədə izahat verməsi tələb olunsa da o, müxtəlif bəhanələr gətirərək izahat yazmaqdan boyun qaçırmış və yol verdiyi nöqsanla bağlı aktı imza etməkdən imtina etmişdir. Daha sonra o, səhhətində narahatçılıqlar olduğunu əsas gətirərək iş yerinə təcili tibbi yardım çağıraraq xəstəxanaya getmiş və ordan da evə buraxılmışdır. Beləliklə, o, iş zamanı kobud pozuntuya yol verdiyi üçün məhkəmə sədrinin 10 iyun 2020-ci il tarixli 52 saylı əmri ilə İddiaçı töhmət elan edilmişdir. Həmin töhmət rəsmi olaraq işçinin qeydiyyatda olduğu ünvana göndərilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olarkən başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud işlədiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Lakin İddiaçı səhlənkarlığa yol verərək eyni nömrə altında iki iş açmaqla məhkəmənin və hakimlərin işlərinə çətinliklər yaratmışdır. Onun yol verdiyi nöqsanı isə düzəltmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə sədri tərəfindən ondan izahat verilməsi tələb edilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən məhkəmə sədri tərəfindən İddiaçı töhmət elan edilmişdir. Sonda yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində əlavədə yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehin xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinə yazılı etirazında iş yükünün çoxluğu ilə əlaqədar olaraq və ölkədə COVİD-19 xəstəliyinin geniş yayılmasını nəzərə alaraq, hazırkı işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə göstərilənlərə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. AZEMİS elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən AA******* nömrəli, xxxxxxx fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinə aid çıxarışdan müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu., 9 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 52 saylı əmrindən müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinə sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş məsləhətçi (kompyuter proqramçısı) X1 ona həvalə olunmuş vəzifələri lazımi şəkildə yerinə yetirmədiyinə görə “Dövlər qulluğu haqqında” Qanunun 25.2.1-ci maddəsinə əsasən töhmət elan edilmişdir. Əmrin verilməsinə əsas: xx.xx.2020ci il tarixli, 28 saylı akt. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 28 saylı aktda qeyd edilmişdir ki, mülki işlərin qeydiyyatı kitabında iddiaçı X5 cavabdeh X7 qarşı nikahın pozulması tələbinə dair 2(060)-7234/2019 saylı mülki iş 2019-cu ildə baxılmamış saxlanılmış, iddiaçının ərizəsinə əsasən 25 dekabr 2019-cu il tarixli qərardadla mülki iş üzrə icraat təzələnmiş, mahiyyəti üzrə baxılması üçün 23 yanvar 2020-ci il tarixə təyin edilmişdir. 2020-ci ilin yanvar ayında məhkəmənin dəftərxanasında mülki işlərin qeydiyyatını aparan məsləhətçi (kompüter pproqramçısı) X1 yeni nömrə verilməsi üçün təhvil verildiyi zaman işin üz qabığında 2(060)-1487/2020 nömrəsi yazılsa da, lakin mülki işlərin qeydiyyatı kitabında həmin nömrə ilə hakim Azər İsmayılovun icraatında olan iddiaçı X3 cavabdeh TM Travel MMC-nə qarşı mülki iş qeydiyyata alınmışdır. 10 iyun 2020-ci il tarixdə səhər saatlarında həmin işlərin arxivə təhvil verildiyi zaman kargüzar Nigar Quliyeva tərəfindən müəyyən edilmişdir ki, 1487 nömrə ilə iki iş mövcuddur, qeyd olunan mülki işlərdən yalnız Azər İsmayılovun icraatında olan iddiaçı X3 cavabdeh TM Travel MMC-nə qarşı mülki iş qeydiyyata alınmış, digər mülki iş isə qeydiyyat kitabında qeydiyyata alınmadan üstünə 2(060)-1487/2020 nömrə yazılmaqla hakimə təhvil verilmişdir. Bu iş üzrə məsləhətçi (kompüter proqramçısı) X2 buraxdığı nöqsanı etiraf etmiş, lakin izahat yazmaqdan imtina etmişdir. Daha sonra özünü yaxşı hiss etmədiyini bildirərək, məhkəməyə təcili tibbi yardım xidməti dəvət etmiş, onlarla birlikdə iş yerini tərk etmişdir. İddiaçı barəsində mübahisələndirilən əmrin verildiyi tarixdə qüvvədə olmuş tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyalarına aşağıdakılar aid edilmişdir: məhkəməyə daxil olan işlər barəsində məlumatların, yekun məhkəmə aktlarının, habelə müraciətlərin və xidməti fəaliyyətlə bağlı digər informasiyaların elektron informasiya bazasında yerləşdirilməsi; informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən, daxili şəbəkənin işlək vəziyyətdə saxlanılmasının və səmərəli istifadə edilməsinin təmin olunması; elektron sənəd dövriyyəsi və işlərin idarə edilməsi sistemi ilə əlaqədar hakimlər və məhkəmə işçilərinə texniki yardım göstərilməsi və s. Beləliklə işdə olan sənədlərdən məlum olur ki, işəgötürən Sumqayıt şəhər Məhkəməsinin sədri ilə işçi X2 arasında 20 may 2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsi bağlanmış, tərəflərin əmək münasibətlərində olduğu dövrdə xx.xx.2020-ci il tarixli, 28 saylı akta əsasən cavabdehin 10 iyun 2020-ci il tarixli, 52 saylı əmri ilə Sumqayıt Şəhər Məhkəməsinə sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş məsləhətçi (kompyuter proqramçısı) X1 ona həvalə olunmuş vəzifələri lazımi şəkildə yerinə yetirmədiyinə görə “Dövlət qulluğu haqqında” Qanunun 25.2.1-ci maddəsinə əsasən töhmət elan edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Hazırkı işdə iddianın mümkünlüyünə dair digər xüsusi mümkünlük şərtləri də mövcuddur. Belə ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə qaldırılmışdır (İPM-in 38.1-ci maddəsi). Belə ki, mübahisələndirilən əmr 10 iyun 2020-ci il tarixdə verilmiş, həmin əmrin mübahisələndirilməsinə dair iddia ərizəsi 17 iyun 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 9-cu maddəsinə əsasən, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. Həmin Qanunun 25.11-ci maddəsinə görə dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci və 25.2.1-ci maddələrinə görə dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilə bilər. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur (25.3-cü maddə). Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir (25.5-ci maddə). Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər (25.7-ci maddə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 9-cu maddəsinin i) bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri, 10-cu maddəsinin a) bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət intizam tənbeh tədbirini tətbiq edə bilər. Həmin Məcəllənin 57-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. İddiaçı barəsində mübahisələndirilən əmrin verildiyi tarixdə qüvvədə olmuş tərəflər arasında bağlanmış əmək müqaviləsində yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsi qeyri-məhdud şəkildə (və s.) göstərilmiş, işçinin əmək funksiyaları dəqiq və konkret şəkildə sadalanmamışdır. Məhkəmə hesab edir ki, göstərilən səbəbdən mübahisələndirilən əmrin verilməsinə əsas olaraq göstərilmiş aktda qeyd edilənlər iddiaçının əmək funksiyasının pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, mübahisələndirilən əmrdə və onun verilməsinə əsas olmuş sənədlərdə onun barəsində töhmət tətbiq edilməsi ilə əlaqədar İddiaçı tərəfindən hansı əmək funksiyasının yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi müəyyən edilmir. 10 iyun 2020-ci il tarixli aktda göstərilən səbəblə bağlı əmək funksiyasının iddiaçıya aid olması onunla bağlanmış əmək müqaviləsində göstərilməmişdir. Cavabdehin mübahisələndirilən əmri qanunaziddir və iddiaçının hüquqlarını pozur (İPM-in 70.1-ci maddəsi). Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, cavabdehin mübahisəli əmri maddi-hüquqi baxımdan da qanunsuz olmuş, qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olmamışdır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin sədrinin xx.xx.2020-ci il tarixli, 52 nömrəli əmri ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin sədrinin xx.xx.2020-ci il tarixli, 52 nömrəli əmri ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-5152/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5152/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver