Məhkəmə qərarları › İş №2-1(112)-5153/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5153/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5153/2021 17.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsinin (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxslər X7, X5, X8) qarşı ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək X4, X3, X6 ünvan 1-dan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., A.Mustafayev küçəsindəki 23 saylı evin 1 otaqlı 59 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili 1992-ci il tarixdə notarial qaydada təsdiqlənmiş alqısatqı müqaviləsi əsasında almışdır. Həmin mənzilə hüquqları daşınmaz əmlakın dövlət reyestrində 18 yanvar 2001-ci il tarixdə qeydə alınmışdır. X7, X5 və X8 onun qohumlarıdırlar, 2020-ci ildə yaşadıqları mənzili satarkən ondan xahiş etdilər ki, yeni mənzil alanadək onlara məxsus mənzilə qeydiyyata alınmalarına icazə verilsin, yeni mənzil aldıqdan sonra qeydiyyatdan çıxarılsınlar. İddiaçı da onlara inanaraq onların iddiaçıya məxsus mənzilə qeydiyyata alınmaları üçün ərizə vermişdir və onlar iddiaçının mənzilinə qeydiyyata alınmışdırlar. X7, X5 və X8 həmin mənzilə qeydiyyata alınsalar da, heç vaxt həmin mənzildə yaşamamışdırlar. Mənzildə iddiaçının anası yaşayırdı, hazırda anasının səhhəti pisləşdiyi və xüsusi qulluğa ehtiyacı olduğu üçün ailə üzvləri ilə yaşadığı mənzilə köçürmüşdür, onlarla birlikdə yaşayır. Həmin mənzili sataraq yaşadıqları binada qonşuluqda anasına bir mənzil almaq istəyir. X1, X5 və X8 yeni mənzil almışlar və orada yaşayırlar. İddiaçı dəfələrlə onlardan mənzildən qeydiyyatdan çıxmalarını xahiş etsə də, imtina edirlər. İddiaçıya məxsus mənzildə qeydiyyatda olan, lakin həmin mənzildə yaşamayan X4, X3 və X6 iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaları barədə Nəsimi rayon Polis İdarəsinə müraciət etsə də, Nəsimi rayon Polis İdarəsinin rəisi tərəfindən imzalanmış 16 mart 2021-ci il tarixli cavabla müraciəti təmin edilməmişdir. Cavab onunla əsaslandırılmışdır ki, X4, X3 və X6 qeydiyyat çıxarılmaları və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Nəsimi rayon Polis İdarəsinin 16 mart 2021-ci il tarixli cavabını əsassız və qanunsuz hesab edir.

3. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxslər həmin evdə yaşamırlar, hazırda mənzildəki qeydiyyatları formal xarakter daşıyır.

4. Cavabdeh Nəsimi rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanan 13.04.2021ci il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsi xahiş olunmuşdur.

II. İddianın növü və mümkünlüyü

5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

6. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir, həmin evdə qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır.

7. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 16.03.2021-ci il tarixli cavabında (bundan sonra - cavabdehin imtinası) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinadən həmin ünvan üzrə qeydiyyatdan çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkünlüyü qeyd edilmişdir.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

8. Məhkəmənin hazırki iş üzrə 29.03.2021-ci il tarixli qərardadı ilə X7, X5, X8 üçüncü şəxslər qismində cəlb olunmuşlar.

9. Daxili İşlər Nazirliyi “yaşayış yeri üzrə qeydiyyat haqqında” 11.01.2021-ci il tarixli arayışdan görünür ki, 12.02.1996-ci il təvəllüdlü X7, 23.08.1967-i il təvəllüdlü X5, 19.10.1987-ci il təvəllüdlü X8 ünvan 1-da yaşayış yeri üzrə qeydiyyatdadırlar.

10. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 18.01.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir.

11. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.04.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi ev 23, 59 saylı mənzilində X4, X3, X6 istifadə hüququnun qeydə alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir.

12. Məhkəmə tərəfindən üçüncü şəxslərə ünvanlanan məhkəmə aktı və bildirişlər geri qayıtmış, məhkəmə iclasında üçüncü şəxslər iştirak etməmişlər.

13. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar İdarəsi tərəfindən məhkəməyə təqdim olunmaq üçün verilən 29 aprel 2021-ci il tarixli arayışa əsasən, X7, X5, X8 Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 23 saylı binanın 59 nömrəli mənzil qeydiyyatda olmalarına baxmayaraq, həmin mənzildə faktiki olaraq yaşamırlar.

IV. Məhkəmənin mövqeyi

14. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamırlar, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

15. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

18. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

19. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

20. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

21. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X4, X3, X6 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.

22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X4, X3, X6 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar