Məhkəmə qərarları › İş №2-1(112)-5153/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5153/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5153/2025 16.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə və tərcüməçi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “iddiaçıya və ailə üzvlərinə qaçqın statusu verilməsi haqqında vəsatətin təmin ediməsi və onlara “Qaçqın vəsiqəsi”nin verilməsi cavabdehə həvalə edilməsi” barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “iddiaçıya və ailə üzvlərinə qaçqın statusu verilməsi haqqında vəsatətin təmin ediməsi və onlara “Qaçqın vəsiqəsi”nin verilməsi cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı Afsaan Azeem ona və ailə üzvlərinə (əri və üç azyaşlı övladları olmaqla) qaçqın statusunun verilməsi üçün cavabdehə rəsmi müraciət edilsə də, müraciətinə rəsmi qaydada cavab verilməmişdir. Sonuncu 21 oktyabr 2024-cü il tarixli 3-37/1-A-84xx-xx/2024 saylı qeydiyyatdan keçmiş müraciəti üzrə verilən cavabda da bildirilir ki, 1 noyabr 2024-cü il tarixdə DMX-nin inzibati binasında keçirilmiş görüş zamanı qanunvericiliyin tələbləri izah olunmuşdur. İddiaçı və ailəsinin təhlükəsizliyi Pakistan hüquq-mühafizə orqanları tərəfindən qorunmur, tanımadığı insanlar tərəfindən qardaşı, yaxın qohumlar öldürülüb, dəfələrlə hücumlar edilib və təsadüf nəticəsində sağ qalmışlar. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2024- cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək xx.xx.2024-cü il tarixədək olduğu yer üzrə qeydiyyata alınmışdır. İddiaçının həyat yoldaşı Ali Azeemə xx.xx.2024-cü il tarixdə təhsil (ali) əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. İddiaçı Afshan Azeemə isə xx.xx.2024-cü il tarixdə müvəqqəti yaşayanın ailə üzvləri əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının həyat yoldaşı Ali Azeem ali təhsil müəssisəsindən xaric olunduğundan onun müvəqqəti yaşamaq üçün icazəs ləğv edilmişdir. Bununla da iddiaçı Azeem Afshanın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin alınması üçün əsas olmuş halın aradan qalxdığı müəyyən edildiyindən xx.xx.2024-cü il tarixdə iddiaçıya verilmiş müvəqqəti yaşama üçün icazə də ləğv edilmişdir. Eyni zamanda qeyd olunur ki, Afshan Azeemin xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciəti xx.xx.2024-cü il tarixdə təmin edilməmiş və ona 10 gün ərzində ölkə ərazisini tərk etmək öhdəliyi qoyulmuşdur. İddiaçı yuxarıda sadalanan müddətdə ona qaçqın statusunun verilməsi barədə xidmətə müraciət etməmişdir. Onun ölkə ərazisində yaşama müddəti bitəndən 12 gün sonra (artıq ölkə ərazisində olma və yaşama qaydalarını pozmuşdur) ölkə ərazisində olmasını süni şəkildə davam etdirmək məqsədilə xx.xx.2024-cü il tarixdə elektron poçtla qaçqın statusunun verilməsi ilə bağlı vəsatət göndərmişdir. Bununla yanaşı iddiaçı “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmasına dair hər hansı sübut təqdim etməmiş, ölkə ərazisində süni şəkildə olmasını uzatmaq istməmişdir. Bu səbəblə şəxsin sözügedən elektron müraciətinə xx.xx.2024-cü il tarixli 3- 37/2-A-8437-xx-xx-11017/2024 nömrəli məktub göndərilərək qanunvericiliyin tələbləri izah olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsininə əsasən:

İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

İş materiallarında olan:

BC5993274 nömrəli pasportdan görünür ki, X5 İslam Respublikası vətəndaşıdır. BCFJ1793784 nömrəli pasportdan görünür ki, X7 İslam Respublikası vətəndaşıdır. KA1854971 nömrəli pasportdan görünür ki, X6 İslam Respublikası vətəndaşıdır. CC3091862 nömrəli pasportdan görünür ki, X5 İslam Respublikası vətəndaşıdır. AD9944562 nömrəli pasportdan görünür ki, X4 İslam Respublikası vətəndaşıdır. Dövlət Miqrasiya Xidməti X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-37/2-A-8437-xx-xx- 11017/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 1 noyabr 2024-cü il tarixli Dövlət Miqrasiya Xidmətinin inzibati binasında Afshan Azeemlə görüş zaman keçirilərək qanunvericiliyin tələbləri izah edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir.

İİİ. Məhkəmənin mövqeyi

2. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir:

3. Azərbaycan Respublikası Konstitusiyasının

- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

6. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən:

- 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. İddia ərizəsinə və işdə olan sənədlərə əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçı vətəndaşı olduğu və ya daimi yaşadığı ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçı ona qaçqın statusunun verilməsinin zəruriliyini onunla əsaslandırmışdır ki, iddiaçının və ailə üzvlərinin vətəndaşlarıı olduqları ölkəyə qayıtsalar həyatlarına təhlükə ola bilər. Məhkəmə hesab edir ki, iddiaçının hər hansı şəxslərin təqibindən ehtiyat etməsi ilə bağlı bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz, belə ki, iddiaçı tərəfindən belə təqib qorxusunun əsaslılığı sübuta yetirməmişdir

4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun

- 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci mаddəsinə əsаsən, inzibаti оrqаn tərəfindən diskrеsiоn səlаhiyyət əsаsındа qərаr qəbul еdildikdə məhkəmə bir qаydа оlаrаq iddiаçının tələbinə uyğun qərаr qəbul еdə bilməz. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya qаçqın stаtusunun vеrilməsindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir.

5. İnzibati Prosessual Məcəlləsinin 68.1. – ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2.-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “iddiaçıya və ailə üzvlərinə qaçqın statusu verilməsi haqqında vəsatətin təmin ediməsi və onlara “Qaçqın vəsiqəsi”nin verilməsi cavabdehə həvalə edilməsi” barədə iddia tələbi rədd еdilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 58-ci, 68-ci, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) Apelyasiya şikayəti verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar