Məhkəmə qərarları › İş №2-1(112)-5154/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5154/2024

21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5154/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X49 Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi X29, üçüncü şəxs və digər üçüncü şəxslərin qanuni nümayəndəsi X18 və üçüncü şəxsin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 10-cu binanın 27-ci mənzilinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 10-cu binanın 27-ci mənzilinə dair X6 mülkiyyət hüquqlarının mövcud olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı X23 xx.xx.1953-cü il tarixdə Quba rayonunda anadan olmuşdur. Mübahisə obyekti olan mənzilin keçmiş mülkiyyətçisi iddiaçının əri X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Şəxsin vəfatı ilə bağlı xx.xx.2023cü il tarixdə vərəsəlik işi açılmış və vərəsəlik dairəsi müəyyən olunmuşdur. İddiaçının oğlu X19 13 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Bu əsasları nəzərə alaraq ünvan 1 ünvanında yerləşən mənzilə dair reysterdən çıxarış verilməsi xahiş edilmişdir. Bu səbəbdən X8 qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət edilmişdir. Bakı şəhəri 6 saylı notariat ofisi bu xüsusatla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə xx.xx.2023-cü il tarixli, x-235 saylı məktub ünvanlamışdır. Bu torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-k-0051-8/2023 **********22 saylı məktubla sözügedən inzibati orqan çıxarışın veriməsindən imtina edilmişdir. İnzibati orqanın əsaslandırmasına əsasən, iddiaçının gəlininin də razılığı əsasında çıxarışın verilməsinin mümkündür. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. X2 mübahisəli mənzilə dair istifadə hüquqları ilə bağlı heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Belə ki, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə həmin şəxs sözügedən mənzildə yaşamamışdır. Bundan əlavə bu mənzilə dair subyektiv hüquq X6 vərəsələrinə məxsusdur. X3 ünvan 2 ünvanına dair istifadə hüquqlarının mövcud olması ilə bağlı hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də mövcud deyil. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə iddiaçının müraciətinə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********22 nömrəli məktubunda qeyd etmişdir ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərə həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələrinin əlavə edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** daxiloma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq **********22 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar bildirilmişdir ki, mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri təqdim edilməmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(112)-5154/2024 nömrəli qərardadı ilə X24, X18 və X26 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdirlər. Üçüncü şəxs və digər üçüncü şəxslərin qanuni nümayəndəsi X18 məhkəmənin dəftərxanası vasitəsilə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində bilərəkdən onu maraqlı tərəf kimi göstərməsə, onu və azyaşlı nəvələrini görməzdən gəlsə də, məhkəmə haqlı olaraq qərardad qəbul edərək onu və uşaqlarını üçüncü şəxs qismində zəruri cəlb etmişdir. İddiaçının iddia tələbinə qəti etiraz edir, yaşadıqları mənzilin yalnız qanunun tələblərinə riayət edilməklə, yəni azyaşlı uşaqlarının mənafeyini nəzərə alınmaqla onun rəsmi razılığı əsasında özəlləşməsinin mümkün olduğunu bildirmişdir. Belə ki, iddiaçı iddia ərizəsinin 1-ci bəndində mərhum qaynatasını həmin mənzilin mülkiyyətçisi kimi göstərmişdir, halbuki, həmin mənzil qaynatasına 1990-cı ildə 3 nəfər ailə tərkibi ilə (özü, arvadı və oğlu - mərhum əri) verilmişdir. 2014-cü ildə o həmin mənzilə gəlin köçmüşdür (mərhum əri iddiaçının yeganə övladı olmuşdur). Hazırda həmin mənzil dövlətin balansındadır, özəlləşdirilməmişdir, heç birinin mülkiyyətində deyil. O həmin mənzilə rəsmi nikah əsasında gəlin köçdükdən sonra mərhum qaynatasının, onun arvadı olan iddiaçının (qaynanasının) özünün və ərinin rəsmi razılığı ilə həmin mənzilə qeydiyyata alınmış, yəni faktiki olaraq onlar onun həmin mənzildən istifadə etməsinə, yaşamasına rəsmi razılıq vermişlər və onlarla birlikdə həmin mənzildən istifadə hüququ faktiki olaraq tanınmışdır. Bildirmişdir ki, 10 ildir ki, həmin mənzildə yaşayanların tam hüquqlu üzvü kimi fasiləsiz olaraq yaşayır (2 otaqlı mənzilin yataq otağında o və 2 azyaşlı uşaqları, böyük zalda isə iddiaçı tək yaşayır). Bu faktı həm MKİS-dən aldığı arayış, həm də bütün qonşular təsdiq edə bilərlər. İddiaçı isə ərizəsində bilə-bilə yalan məlumat verərək göstərmişdir ki, güya o həmin mənzildə yaşamamışdır. Bu məlumatın yalan olduğunu digər aidiyyatı qurumlardan aldığı arayışlar da təsdiq edir. Belə ki, uşaqları həmin ərazidə yerləşən 265 nömrəli tam orta məktədə oxuyurlar və ərazidəki 8 saylı Uşaq Poliklinikasında uçotdadırlar. Bütün bu sübutlar iddiaçının yalanlarını təkzib etməklə bərabər, ona və yeganə oğlunun yadigarları olan nəvələrinə heç bir əsas və səbəb olmadan biganə və qərəzli münasibətini, əsl məkrli niyyətini - nəyin bahasına olursa-olsun, onu mənzilin özəlləşdirilməsindən kənarda saxlamaq, onun razılığı olmadan mənzilin çıxarışını öz adına almağa nail olmaq, sonra isə bu mənzildəki payını nəvələrinə deyil, digər yaxın qohumlarından birinə vermək məqsədi güdür. Nəvələrini həmin mənzildən məhrum etməklə onları gələcəkdə problemlərlə üz-üzə qoyur. Halbuki, nə onun, nə də mərhum həyat yoldaşının heç vaxt iddiaçı ilə və mərhum qaynatası ilə münasibətlərində problem olmamışdır. Bütün problemləri yaradan yalnız iddiaçı (qaynanası) olmuşdur və bu gün də eyni problemi ona yaşadır. Belə ki, mərhum qaynatası sağlığında demişdir ki, evi öz adına özəlləşdirəcək və daha sonra oğlan nəvəsinə bağışlayacaq. İddiaçı isə buna qəti etiraz edərək evi nə ərinin, nə də oğlunun adına özəlləşdirməyə heç vaxt razılıq verməyəcəyini, yalnız öz adına çıxarış almağa hamının razılıq verməsi şərtilə mənzilin özəlləşməyə gedəcəyini bildirmişdir. Ona görə qaynatası bu mənzilin özəlləşməsinə son nəfəsinə qədər getməmişdir. Bu məsələ ilə bağlı daim evdə söz-söhbət olmuşdur. Əri ilə onun arasında heç bir problem olmamışdır, onlar bir-birimizi sevərək xoşbəxt yaşamışdırlar. Lakin əri iddiaçının (anasının) bu ədalətsiz mövqeyini heç cür anlaya bilmirdi, atası öldükdən sonra isə anasının haqsız hərəkətlərindən bezərək, nəhayət, intihar elədi. İndi də doğma nəvələrini evdən məhrum etmək istəyir. Onu da bildirmişdir ki, sözügedən mənzilə çıxarış verilməsi ilə bağlı qaynatası sağlığında aidiyyatı orqana rəsmi olaraq müraciət etmədiyindən, həmin mənzilə dair çıxarışın ölmüş şəxsin adına verilməsi mümkünsüzdür. Çıxarış olmadan bu mənzillə bağlı vərəsəlik açıla bilməz, yəni özəlləşməmiş mənzil vərəsəlik predmeti ola bilməz. Vərəsəlik mərhum ərinin adına olan KİA-RİO markalı minik avtomobilinə açılmalıdır (həmin avtomobili birgə nikah dövründə o və əri işləyərək, pul yığıb, almışdır), lakin qaynanası maşının hərəkətsiz vəziyyətdə çürüməsinə razıdır, lakin maşına görə vərəsəliyin açılmasına imkan vermir. İddiaçı ona demişdir ki, maşına o vaxt vərəsəlik açdırar ki, o da evin iddiaçının adına (tam pay hüququ ilə) özəlləşməsinə razılıq versin və uşaqlara çatan payı da ona versin. O isə evin özəlləşməsinə razılıq vermir. Məhkəmənin xx.xx.2024-cü tarixli, 2-1(112)-5154/2024 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 10-cu binanın 27-ci mənzilinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Bakı Şəhəri 6 Saylı Notariat Ofisinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə ünvanladığı 15 fevral 2023-cü il tarixli, X-235 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci ildə vəfat etmiş X4 qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X7 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2023-cü ildə vərəsəlik işi açılıb və vərəsəlik dairəsi müəyyən olmuşdur. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq ünvan 4 ünvanında yerləşən mənzilə dair reyestrdən çıxarış verilməsi xahiş olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.2016-cı il təvəllüdlü X24, xx.xx.1990-cı il təvəllüdlü X20, xx.xx.2015-ci il təvəllüdlü X26 ünvan 5 ünvanında qeydiyyatdadırlar. AZ-İİ № 263759 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 234 nömrəsi ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin 03 noyabr 2022-ci il tarixli xx/xx-2652 nömrəli arayışında qeyd edilmişdir ki, X12 13 sentyabr 2022-ci ildə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalının 17 oktyabr 2022-ci il tarixli BA-06645-2022 nömrəli məktubu ilə göndərilmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu RİH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 28/15 saylı qərarından görünür ki, X14 Lenin RİK-in xx.xx.1987-ci il tarixindən 2/11 nömrəli qərarına əsasən ailə tərkibi 3 nəfər /özü, arvadı, oğlu/ olmaqla ev növbəsinə götürülmüşdür. Rayon İcraiyyə Komitəsi Y.Qasımov adına zavodun müdriyyəti və HİT-nın vətəndaş X9 3 nəfər ailə tərkibi olmaqla ünvan 6 ünvanında sahəsi 30,14 kv.m olan 2 otaqlı mənzilin verildiyi xx.xx.1990-cı il tarixli 20 nömrəli qərarı təsdiq etmişdir. Orderə X14, X21, X5 adlarının daxil edilməsi qərara alınmışdır. xx.xx.1990-cı il tarixli 010528 nömrəli Orderlə X14 və 2 nəfər ailə üzvünə Xətai rayonu, Q.Yəhya küçəsi, keçid 1728a, kvartal 2935, mənzil 27, blok 2, mərtəbə 5-də yerləşən 2 otaqlı 30,14 kv.m sahəsi olan mənzil verilmişdir. Orderdə ailə tərkibi olaraq X14, X21, X5 adları qeyd edilmişdir. Orderin əslinə məhkəmə iclasında baxış keçirilmiş, üzərində “Kəhkəşahani” düzəlişlərinə inanmaq qeydləri aparılmaqla xx.xx.2019-cu il tarixdə imza və möhürlə təsdiq edildiyi müəyyən edilmişdir. Düzəliş hərf səhvinə münasibətdə aparılmışdır. Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 98 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 380 nömrəli arayışında qeyd edilmişdir ki, X20 (1990) İ.İsmayılov küçəsi 10 saylı evin 27 nömrəli mənzilində qeydiyyatdadır. X15, qızı X22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəyə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir 5-ci maddəyə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəyə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Hazırkı iş üzrə cavabdehin etirazının əsasında mənzildə qeydiyyatda olan üçüncü şəxs və digər qeydiyyatda olan şəxslərin qanuni nümayəndəsi X10 mənzili özəlləşdirməyə razılığı barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizəsinin təqdim edilmədiyi durur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisələndirilən mənzil Lenin rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 28/15 nömrəli qərarı ilə X11 3 nəfər ailə tərkibi ilə birlikdə ayrılmışdır. Orderdə X14, X21, X5 adları qeyd edilmişdir. İş materiallarından müəyyən olunur ki, X14 və X12 vəfat etmişdir. Belə olam halda iddiaçı X21 mənzilin onun adına özəllşməsini tələb etməkdədir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi mənzillər özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilməsini nəzərdə tutmaqdadır. Hazırkı vəziyyətdə iddiaçı mübahisəli mənzildə faktiki olaraq orderdə adı göstərilməklə yaşayan şəxs olaraq gözlənilən hüququn tək sahibidir. Belə ki, orderdə adı göstərilən digər şəxslər vəfat etmiş, mənzildə qeydiyyatda olan şəxslərin isə orderdə adları nəzərdə tutulmamışdır. Həmçinin hər hansı üçüncü şəxsin yaşamaq üçün müəyyən mənzilə köçürülməsi ona münasibətdə mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etməməklə yanaşı, digər şəxslərin hüquqlarının qeydiyyata alınması üçün məhdudlaşdırıcı amil qismində də qiymətləndirilə bilməz. X1 mübahisələndirilən mənzilə istifadə hüququnun tanınması və ya təsdiq edilməsi ilə bağlı hər hansı akt, yaxud məhkəmə qərarı mövcud deyil. Şəxsin faktiki olaraq həmin mənzildə yaşayaraq qeydiyyata düşməsi formal hüquqi baxımdan ondan mənzilin özəlləşdirilməsinə razılıq alınmasının tələb edilməsinə əsas vermir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə və inzibati praktikaya zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 10-cu binanın 27-ci mənzilinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. Qərardan onun təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X53.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar