Məhkəmə qərarları › İş №2-1(112)-5154/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5154/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5154/2025 17.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Ermənistan Respublikasının Azərbaycan Respublikasına əsassız ərazi iddiaları ilə bağlı başladığı müharibə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Ordusunun komplektləşdirilməsi ilə bağlı könüllü olaraq toplanış məntəqəsinə çağrılmışdır və daha sonra N №-li hərbi hissədə dövlətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Belə ki, AR-sı Müdafiə Nazirliyinin N №-li hərbi hissədən göndərilərək, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 1 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sürücü” vəzifəsinə təyin edilmişdir. “Hərbi xidmət haqqında” AR-sı Qanunun müvafiq olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 51 №-li əmrilə 2-ci Tabor sürücüsü olmaqla vəzifədən azad edilərək, Zenit-raket artileriya divizionunda “sürücü” vəzifəsinə təyin olunmuşdur. Dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı zamanı “sol diz,sol sağrı nahiyyədən güllə yarası” alaraq xx.xx.1994-xx.xx.1994- cü il tarixlərində AR Müdafiə Nazirliyinin N №-li hərbi hissənin “Sarıcalı hospitalında” stasionar müalicə almışdır. 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunduqdan sonra o, qanunvericiliyin tələblərinə uyğun olaraq 2024-cü ildə müharibə veteranı statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etdi. Lakin cavabdeh AR-sı Müdafiə Nazirliyi Mərkəzi Arxivində xidmətiylə bağlı məlumatın aşkar olunmaması səbəbindən müraciətinə imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı yaralandığı xx.xx.1994-cü il tarixdən sonra hərbi xidməti, eyni zamanda onun ehtiyata buraxılması (tərxis olunması) barədə heç bir məlumat müəyyən olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli 3-25-2/2-Ə-119xx-xx/2024 nömrəli imtina xarakterli məktubu da “İddiaçı N nömrəli hərbi hissədə xx.xx.1994-cü il tarixdən (müalicədən) sonrakı hərbi xidməti barədə məlumat müəyyən olunmamışdır” arqumentinə əsaslanmışdır. Bu əsas Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı presedent mövqeyə də tamamilə uyğundur. Oxşar işlə bağlı Ali Məhkəmənin mövqeyinə nəzər salaq: Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1 (102)-716/2022 nömrəli qərarında apellyasiya instansiyası məhkəməsinin yanaşması qanuni və əsaslı hesab edilərək göstərilmişdir ki, “müharibə veteranı” adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçməsi faktının sübuta yetirilməsi kifayət deyildir, bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması faktı da tam sübuta yetirilməlidir. Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, qanunvericiliyin tələblərinə görə “müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir, lakin iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Beləliklə, Ali Məhkəmənin formalaşdırdığı mövqeyə əsasən, şəxsə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkünlüyü üçün onun ehtiyata buraxılması qanuni əsaslara söykənməli və tam sübuta yetirilməlidir. Hazırkı halda iddiaçıya münasibətdə bu fakt müəyyən olunmamaqdadır. Qeyd olunan nüans iddiaçının “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı iddiasının rədd olunması üçün birbaşa əsas təşkil edir. Digər tərəfdən, vurqulamaq istərdik ki, iddiaçının adı yaralananların siyahısında olsa da, onun yaralanmasının səbəbi, yeri və şəraiti məlum deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş etiraza əlavədə bildirilmişdir ki, İddiaçı yaralandığı xx.xx.1994-cü il tarixdən sonra hərbi xidməti, eyni zamanda onun ehtiyata buraxılması (tərxis olunması) barədə heç bir məlumat müəyyən olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli 3-25-2/2-Ə-119xx-xx/2024 nömrəli imtina xarakterli məktubu da “İddiaçı N nömrəli hərbi hissədə xx.xx.1994-cü il tarixdən (müalicədən) sonrakı hərbi xidməti barədə məlumat müəyyən olunmamışdır” arqumentinə əsaslanmışdır. Bu əsas Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı presedent mövqeyə də tamamilə uyğundur. Oxşar işlə bağlı Ali Məhkəmənin mövqeyinə nəzər salaq: Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)- 716/2022 nömrəli qərarında apellyasiya instansiyası məhkəməsinin yanaşması qanuni və əsaslı hesab edilərək göstərilmişdir ki, “müharibə veteranı” adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçməsi faktının sübuta yetirilməsi kifayət deyildir, bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması faktı da tam sübuta yetirilməlidir. Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, qanunvericiliyin tələblərinə görə “müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir, lakin iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Beləliklə, Ali Məhkəmənin formalaşdırdığı mövqeyə əsasən, şəxsə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkünlüyü üçün onun ehtiyata buraxılması qanuni əsaslara söykənməli və tam sübuta yetirilməlidir. Hazırkı halda iddiaçıya münasibətdə bu fakt müəyyən olunmamaqdadır. Qeyd olunan nüans iddiaçının “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı iddiasının rədd olunması üçün birbaşa əsas təşkil edir. Digər tərəfdən, iddiaçının adı yaralananların siyahısında olsa da, onun yaralanmasının səbəbi, yeri və şəraiti məlum deyildir. Cavabdeh orqan tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş Mülahizə-etiraza əlavədə bildirilmişdir ki, iddiaçı qanuni əsasla ehtiyata buraxılmamışdır. Bu hal müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina üçün birbaşa əsas təşkil edir. Belə ki: Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli 3- 25-29/2- 95/2025 nömrəli məktubunda göstərilmişdir ki, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 1 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək “sürücü” vəzifəsinə təyin edilmiş, həmin hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 51 nömrəli əmri ilə Zenit-raket artilleriya divizionunda “sürücü” vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissənin komandirinin əmrlərində dekabr N-cü il, xx.xx.1994-xx.xx.2024-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti, yaralanması və ya N nömrəli hərbi hissəyə göndərilməsi barədə, habelə N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli əmrlərində iddiaçının xidmətinə dair heç bir məlumat aşkar olmamışdır. Hərbi qanunvericiliyə əsasən, şəxsin həqiqi hərbi xidmətdən qanuni əsasla buraxılmış hesab edilməsi üçün onun müvafiq əmr əsasında ehtiyata və ya istefaya buraxılması faktı olmalıdır. Əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; Əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılmışlarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Ehtiyata və ya istefaya buraxılmanın konkret əsasları qanunvericilikdə göstərilmişdir. Hazırkı halda isə iddiaçı qanuni əsasla ehtiyata buraxılmamışdır (ehtiyata buraxılmaya dair əmr mövcud deyildir). İddiaçı özü də ehtiyata buraxılması və ya şəxsi heyətin siyahısından çıxarılması barədə heç bir məlumat qeyd edə bilməmişdir. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti xx.xx.1991-ci il tarixdən etibarən müxtəlif vaxtlarda başlaya bilər, lakin onun dövrü xx.xx.1994-cü il tarixi əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir; yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 nömrəli Fərmanı xx.xx.1996-cı il tarixdə, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 nömrəli Fərmanı xx.xx.1996-cı il tarixdə qəbul olunmuşdur; Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçunun ehtiyata buraxılması 1996-cı ildən başlamışdır və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər; iddiaçının istinad etdiyi hərbi biletdəki müvafiq qeydlər digər rəsmi sənədlərlə təsdiq edilməmiş,_ən əsası isə xx.xx.1992-ci il tarixdə ordudan tərxis edilməsinə dair hər hansı güzəştli əsasının olması heç bir sübutla müəyyən edilməmişdir; Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmuşdur”. Beləliklə, Ali Məhkəmənin formalaşdırdığı mövqeyə əsasən, şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkünlüyü üçün onun ehtiyata buraxılması qanuni əsaslara söykənməli və tam sübuta yetirilməlidir. Hazırkı halda iddiaçıya münasibətdə bu fakt müəyyən olunmamaqdadır. Belə ki, iddiaçı nəinki ehtiyata buraxılmamış, ümumiyyətlə, onun şəxsi heyətin siyahısından çıxarılması da müəyyən olunmamışdır. Yuxarıda qeyd olunanlar və presedent kimi istinad olunan Ali Məhkəmənin qərarı iddiaçının qanuni əsasla ehtiyata buraxılması faktoru olmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı iddiasının rədd olunması üçün əsasdır. Eyni zamanda iddiaçının qeyd etdiyi xx.xx.1994xx.xx.1994-cü il tarixlərdə “Sarıcalı hospitalı”nda stasionar müalicədə olması mülahizəsi ilə bağlı bildirilir ki, bu hal iddiaçını hərbi xidmətdə olmaq öhdəliyindən azad etməməklə, şəxsin ehtiyata buraxılması ilə bağlı heç bir rəsmiləşmə ehtiva etmir. Belə ki, şəxsin aldığı xəsarət hərbi-həkim komissiyası tərəfindən qiymətləndirilərək onun hərbi xidmətə yararsız olması barədə qərar qəbul ediləcəyi halda şəxs qanuni əsaslarla ehtiyata buraxılmalı, əks halda hərbi hissəyə qayıdaraq xidmətini davam etdirməli idi. İddiaçıya münasibətdə bu nüanslar mövcud deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 3-25/2-Ə-8-20/2024 nömrəli Arxiv Arayışında göstərilmişdir ki, N №-li hərbi hissədən göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 1 №-li əmrilə (əsas: səh.-25, §4, sıra-444) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, "sürücü” vəzifəsinə təyin edilmişdir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 51 №-li əmrilə (əsas: sıra-109) 2-ci taborun sürücüsü, sıravi İddiaçı öz vəzifəsindən azad edilərək, Zenit- raket artilleriya divizionunda "sürücü” vəzifəsinə təyin olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2024-cü il tarixli 812 nömrəli Arxiv Arayışında göstərilmişdir ki, o həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə (Sarıcalı hospitalında) stasionar müalicədə olmuşdur. Diaqnoz: Sol diz, sol sağrı nahiyəsinin güllə yarası. Əsas: N nömrəli hərbi hissənin (Sarıcalı hospitalın) 1994-cü ilə məxsus “Stasionar xəstələrin qeydiyyatı” kitabının 51-ci səhifəsində olan, 48-ci sayındakı qeyddir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-29/2-95/2025 nömrəli məktubda göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 1 №-li əmrində (əsas: §-4, səh-25, sıra-444) N №-li hərbi hissədən göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış çağırışçıların siyahısında, 2-ci dağ-piyada taborunun xidmət tağımında sürücü vəzifəsinə təyin olunmuş, sıravi İddiaçı adı qeyd edilmişdir. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 51 №-li əmrilə (əsas: sıra-109) sıravi İddiaçı 2-ci taborun sürücüsü, vəzifəsindən azad edilərək, Zenit-raket artilleriya divizionunda "sürücü" vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə sıravi İddiaçı Oruc oğlu Zenit-Raket Artilleriya divizionunda baş mexanik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissənin xx.xx.1996-xx.xx.1997-ci il tarixli "Yaralıların qeydiyyatı" kitabında 1970-ci il təvəllüdlü, sıravi İddiaçı xx.xx.1994-cü il tarixdə yaralanması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin dekabr N-cü il, xx.xx.1994xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, yaralanması, N №-li hərbi hissəyə göndərilməsi və N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli əmrlərində barəsində məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin 01-19 yanvar 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələriin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci i tarixdən xx.xx.1994-cü il tarixədək, N nömrəli xx.xx.N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Ağdam Hərbi Prokuorluğunun xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı barəsində Ağdam Hərbii Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndiriri material araşdırılmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2025-ci il tarixli 3-3-120/2-004042/2025 nömrəli məktubunda göstərilmişdir ki, Vətəndaş İddiaçı barəsində hərbi hissəni və ya xıdməti yerini" özbaşına tərk etmə, fərariliyə və digər hərbi cinayətlərə görə məhkum edilib-edilməməsi, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib-verilməməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilib-edilməməsinə dair məlumatların 10 gün ərzində sizə təqdim edilməsi haqqında 18 dekabr 2024-cü il tarixli 2-1(112)-16527/2024 nömrəli sorğunuz 03 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuş və tərəfimizdən öyrənilmişdir. Bildiririk ki, hərbi hissələrin prokurorluqlar üzrə nəzarət dairəsi dəyişdiyindən, döyüş əməliyyatları zamanı mövcud olan hərbi hissələrin yerdəyişmələri və ləğv edilmələri (hərbi hissələrin nömrələrinin dəyişilməsi) ilə bağlı, həmçinin 1-ci Qarabağ müharibəsində iştirak etmiş və cinayət törətmiş şəxslər barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda vahid mərkəzləşdirilmiş məlumat bazası mövcud olmadığından, sorğuda göstərilən şəxs barəsində göstərilən müddətdə cinayət işi və ya təqsirləndirici material olub-olmaması ilə bağlı dəqiq məlumat verilməsi mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq sorğunuza qısa müddət ərzində və dəqiq məlumat verilməsi üçün İddiaçı xidmət etdiyi hərbi hissələrin hansı rayonların ərazisində yerləşməsi barədə dəqiq məlumatları (Müdafiə Nazirliyinin, DQ və.s müvafiq arayışına əsasən) zəruri sənədlərin surətləri ilə (şəxsiyyət vəsiqəsi, hərbi bilet və xidmətini təsdiqləyən arxiv arayışı) birlikdə ərazi aidiyyəti üzrə aşağıda göstərilən müvafiq tabe hərbi prokurorluqlara təqdim edilməsi, gələcəkdə sorğuların müvafiq tabe hərbi prokurorluqlara verilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-25-2/2-Ə-119xx-xx/2024 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən N nömrəli hərbi hissədə dekabr N-cü il tarixdən sonra hərbi xidmətiniz təsdiqlənmədiyinə və N nömrəli hərbi hissədə N yanvar 1994-cü il tarixdən (müalicədən) sonrakı hərbi xidmətiniz barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2024-cü il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə məhkəməyə təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. İş materiallarına əsasən İddiaçı N nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi arxiv arayışı, əmrlər, yaralanması faktı ilə öz təsdiqini tapır. Belə ki, iddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 1 №-li əmrilə "sürücü” vəzifəsinə təyin edilmiş, daha sonra N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 51 №-li əmrilə 2-ci taborun sürücüsü, sıravi İddiaçı öz vəzifəsindən azad edilərək, Zenit- raket artilleriya divizionunda "sürücü” vəzifəsinə təyin olunmuşdur. İddiaçı Sol diz, sol sağrı nahiyəsinin güllə yarası diaqnozu ilə N nömrəli hərbi hissədə (Sarıcalı hospitalında) xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək stasionar müalicədə olmuş, bu barədə N nömrəli hərbi hissənin (Sarıcalı hospitalın) 1994cü ilə məxsus “Stasionar xəstələrin qeydiyyatı” kitabının 51-ci səhifəsində qeydiyyat aparılmışdır. İddiaçının xidmət keçdiyi N №-li hərbi hissə xx.xx.N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmuşdur. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan müalicədən sonra xidmətə qayıtmış və barəsində N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə iddiaçı Zenit-Raket Artilleriya divizionunda baş mexanik vəzifəsinə təyin olunmuşdur Cavabdehin imtina əsası iddiaçı barəsində hərbi hissənin yanvar-dekabr 1994-cü il tarixi əmrlərində xidmətinin təsdiqlənmədiyi və qanuni əsaslarla ehtiyata buraxılmadığı dəlili ilə məhkəmə razılaşmır. Belə ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək stasionar müalicədə olması mübahisəsizdir. Arxivdən əldə edilmiş cavaba əsasən müəyyən olunur ki, iddiaçı yaralanıb stasionar müalicədən sonra xidmət yerinə qayıtmışdır. Bunun sübutudur ki, iddiaçı xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissədə baş mexanik vəzifəsinə təyin olunmuşdur. Bundan başqa onun barəsində xidmətindən uzun müddət sonra hərbi hissənin xx.xx.1996-xx.xx.1997-ci il tarixli "Yaralıların qeydiyyatı" kitabında 1970-ci il təvəllüdlü, sıravi İddiaçı xx.xx.1994-cü il tarixdə N №-li hərbi hissə tərkibində yaralanması qeyd olunmuşdur. Bundan əlavə iddiaçı barəsində hərbi hissəni özbaşına tərk etməsinə görə hər hansı məsuliyyətə cəlb edilməsi barədə əmr aşkar olunmamış və yaxud barəsində hər hansı bir cinayət işi istintaq edilməmiş və təqsirləndirici material olmamışdır. Beləliklə, iddiaçının döyüş əməliyyatlarında iştirakı sübut olunur. İddiaçının hərbi hospitalda müalicədən qayıtdıqdan və hərbi hissədə vəzifəyə təyin olunduqdan sonra barəsində hərbi hissədə düzgün sənədləşdirilmənin aparılmaması onun hərbi hissədə qanuni əsaslarla hərbi xidmət keçməsini şübhə altına almaya əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi, stasionar müalicədə olması əsası ilə hərbi hissədə olmaması öz təsdiqini tapdığından, müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilir. Odur ki, iddia tələbi təmin edilməli, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar