Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5156/2021 29.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçı İbrahimov Rauf Yaqub oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndis, işləmir), iştirakı ilə, iddiaçı İbrahimov Rauf Yaqub oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddiaçıya təyin edilmiş əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İbrahimov Rauf Yaqub oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş əlillik dərəcəsinin 05.03.2021-ci ildən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2009-cu il tarixdə sol bud sümüyünün posttravmatik xroniki ostemieliti, tez-tez kəskinləşmələrlə, dağınıq üzvi vegatativ damar təzahürləri və kəllə daxili hipertenziya ilə müşahidə olunan QKBT-nın qalıq əlamətləri, asteno-nevrotik vəziyyəti diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 2009-cu ildən 2016-ci ilədək əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh Dövlət Tibbi Sosial Ekspertizası və Reabilitasiya Ağentliyinə göndəriş(Forma 88) göndərilmişdir. Ağentlik 19.02.2021-ci il tarixdə əlavə müayinəyə ehtiyacın olması, əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilməsi əsas gətirərərk əlillik dərəcəsinin uzadılmasından imtina emişdir. 2009-cu il tarixdə əlillik dərəcəsi qanunvericilik normalarına uyğun olaraq təyin edildiyindən, 12 ildən çox eyni xəstəlikdən əziyyət çəkdiyindən, qanunvericilik normalarına əsasən ikinçi dərəcəli əlillik dərəcəsi olan şəxslər fasiləsiz olaraq 10 il təyin olunduğu halda müddətsiz əlillik dərəcəsi təyin edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri əsassız hesab olunmalı, əlillik dərəcəsi bərpa olunmalı və ömürlük əlillik dərəcəsi təyin edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Milli Təhlükəzislik Nazirliyi Hərbi Tibbi İdarəsinin Poliklinikasının 19.02.2009-cu il tarixli göndərişi əsasında baxılmış və səbəbi:hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1 : Xİİ sinif –sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri M80-M94 –ostepatiyalar və xonddropatiyalar M86-M90 digər ostepatiyalar M86 ostemielit M86.6 digər xro.., diaqnozun mətni funksiyanın pozulması ilə sol bud sümüyünün posttravmatik tez-tez kəskinləşən xroniki osteomieliti; Meyar 2.2 İkinci dərəcə əlillik digər funksiyanın pozulması ilə sol bud sümüyünün postravmatik tez-tez kəskinləşən xroniki osteomieliti səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 07.03 2016-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik ; X1: XİX Sinif –travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri S70-S79-Bud çanaq oynağı və bud nahiyəsinin travmaları S72- Bud sümüyünün sınığı S72.9-Bud süm..; Diaqnozun mətni : Sol Bud sümüyünün posttravmatik xroniki osteomieliti,tez- tez kəskinləşmələrlə .dağınılıq üzvi vegetativ damar təzahürləri və kəllə daxili hipertenziya ilə müşahidə olunan QKBT-nin qalıq əlamətləri Asteno nevrotik vəziyyət; meyar 2.2 ikinci dərəcə əlillik digər: sol bud sümüyi üçün postravmatik xroniki osteomieliti, tez-tez kəskinləşmələrlə dağınıq üzvi vegetativ damartəzahürləri və kəllə daxili hipertenziya ilə müşahidə... səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyəti Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb İdarəsinin 19.02.2021-ci ildə sözügedən poliklinikanın 5126003AACY saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ sinif- sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstlikləri M80- M94 ostepartiyalar və xondropartiyalar M86- M90 digər ostepartiyalar M86 –osteomelit M86.8 digər ost...Diaqnozun mətni osteomielit, sol bud sümüyünün posttravmatik osteomieliti (funksiyasının mülaim pozulması ilə), tez-tez kəskinləşmələrlə. Dağınlıq üzvi, vegetativ-damar təzahürləri və kəlləxaxili hipertenziya ilə müşahidə olunan QKBT-nın uzaq qalıq əlamətləri.Kəlldaxili travma .Prostatit vəzinin hiperplaziyası,Mərkəzə göndərilmənin /imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması səbəb əlavə müalicə əlavə ixtisaslaşmış müalicə təyin edilir. Səbəbi ilə imtina verilmişdir. 30.04.2021-ci ildə sözügedən poliklinikanın 5126003AAADV saylı göndərişi əsasında baxılmış və səbəbi: hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik;xəstəliklərn beynəlxalq təsnifatı XİX sinif –travmalar zəhərlələnmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri S00- S09 başın travmaları S06 kəllədaxili travma, dağınıq üzvi, vegetativ –damar təzahürləri və kəllədaxili hipertenziya ilə müşahidə olunan QKBT-nın uzaq qalıq əlametləri.Osteomielit, sol dub sümüuyünün postravmatik osteomieliti tez-tez kəskinləşmələrlə sidik orqanlarının xoşxassəli yenitörə, Qaraciyərin digər xəstəlikləri, Prostatit vəzinin hiperplaziyası; Meyar : 2.2 İkinci dərəcə əlillik 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosinal labillik, vestibulyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veq” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir.Odur ki, məhkəmə cavabdehin iştirakı olmadan işə baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının “İlkin müayinədən keçən əlillər üçün” 19.02.2009-cu il tarixli arayışına əsasən, İddiaçı hərbi xidməti vəzifəsini yerinə yetiməsi ilə əlaqədar ikinci qrup əlilliyi müəyən edilmiş, növbəti müayinə tarixi 19.02.2010cu il tarixinə təyin edilmişdir. 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2010-cu, 2011-ci, 2012-ci illərdə, 3 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2013-cü, 2014-cü və 2015-ci illərdə verilimiş “Təkrar müayınədən keçən əlillər üçün” arayışlarına əsasən, İddiaçı hərbi xidməti vəzifəsini yerinə yetiməsi ilə əlaqədar ikinci qrup əlilliyi təkrar müəyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (6 saylı Tibbi Sosial Ekspert Komissiyasının) 07.03.2016-ci il tarixli qərarına əsasən, təkrar müayinə zamanı iddiaçıya ikinci dərəcəli hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olan əlilliyi müəyyən edilərək, növbəti müayinə 05.03.2021-ci il tarixinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosal Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən, iddiaçıya 19.02.2021-ci ildə qiymətləndirmə əsasında əlilliyin müəyyən edilməsindən imtina edilmiş, əlavə müalicə, əlavə ixtisaslaşdırılmış müalicə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosal Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən, 30.04.2021-ci il tarixdə iddiaçıya hərbi xidmət vəzifəsinin yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik müddətsiz müəyyən edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edən, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən (3.1.)şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.(3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.(3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.(3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.(3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır.(3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. İşin faktiki hallarına əsasən, iddiaçının sağlamlıq vəziyyəti ilkin olaraq 2009-cu ildə cavabdeh tərəfindən qiymətləndirilmiş, ikinci dərəcə əlillik müəyyən edilmiş, 2009-cu ildən 2016-ci ilədək əlillik dərəcəsi hər dəfə 1 il müddətinə yenidən təyin edilmiş, 2016-ci ildə iddiaçıya 5 il müddətinə (05.03.2021-ci -ci il tarixədək) İİ dərəcə əlillik müəyyən edilmişdir. Cavabdeh tərəfindən 19.02.2021-ci il tarixdə növbəti müayinə zamanı iddiaçının əlilliyin təsdiq edilməsindən, onun əlavə müalicəyə ehtiyacı olması səbəbindən imtina edilmişdir. Halbuki iddiaçıya 2009-cu ildən ikinci dərəcə əlilliyi fasiləsiz 10 ildən artıq müddət ərzində təyin olunduğu üçün, qanunvericiliyinin tələblərinə əsasən müddətsiz təyin edilməli idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il taixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.1.-ci bəndinə əsasən, birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.2. –ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, cavabdehin 19.02.2021-ci il tarixli qərarı qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi publik- hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyəti 19.02.2009-cu il ildə qiymətləndirilmiş, ikinci dərəcə əlilliyi fasiləsiz 05.03.2021-ci ilədək təyin edilmiş, lakin təyin edilmiş əlilliyin müddəti bitməmiş (19.02.2021-ci ildə) ləğv edilmiş, 30.04.2021-ci ildən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar (inzibati akt) qəbul edilmişdir. Sonuncu dəfə 30.04.2021 -cu ildə əlillik təyin edilməsi zamanı qərar qəbul edilməsi zamanı əsas götürülmüş diaqnoz iddiaçıya ilk dəfə əlillik təyin edilərkən əsas götrülmüş diaqnozla eynidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, İbrahimov Rauf Yaqub oğlunun əlilliyinin 19.02.2021-cu il tarixli qərarı əsasında ləğv edilməsi əsaslı olmamış və 05.03.2021-ci il tarixdən bərpa edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin 05.03.2021-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq Qərara Aldı: İddia tələbi təmin edilsin. İddiaçı İbrahimov Rauf Yaqub oğluna təyin edilmiş ikinci dərəcəli əlilliyin 05.03.2021- ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5156/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5156/2021
29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver