Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5157/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X25 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. xx.xx.1975-ci ildə Azərbaycan Respublikasının vətəndaşı olan X5 ilə rəsmi nikaha daxil olmuş, xx.xx.2015-ci ildə əri vəfat etmişdir. ünvan 1, mənzil 28-də qeydiyyatda olmaqla yaşayır. Hal -hazırda yaşadıqları mənzilinin yaşayış sahəsi 25.0 kv.m olan 1 otaqlı 28 saylı mənzildə 6 nəfər ailə üzvü olmaqla (özü, oğlu, iki qızı və iki nəvəsi) ilə yaşayır. Qeyd edir ki, bu mənzili xx.xx.1984-cü ildə məhrum ərinə işlədiyi müəssisə tərəfindən işlədiyi dövr ərzində istifadəyə verilmişdir və müvafiq olaraq kirayə müqaviləsi bağlanmışdır. Daha sonra xx.xx.1993-cü ildə mərhum həyat yoldaşının ərizəsi ilə kirayə müqaviləsi oğlu X1 adına rəsmiləşdirilmişdir. Qeyd edir ki, xx.xx.2020-ci il tarixində Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 22/2 №-li Sərəncamı ilə Bakı şəhəri,Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 39, mənzil 28 onun adına rəsmiləşdirilmişdir O, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvan 3, 28 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Lakin, cavabdeh müraciətinə xx.xx.2021-ci il tarixli № **********56 №-li məktubu ilə imtina etmişdir. İmtina səbəbi isə mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin tərəfindən verilmiş 22/2 №-li Sərəncamın xx.xx.2020-ci ildə verilməsi, ünvan 1, 28 saylı mənzilin xx.xx.2020-ci il tarixində onun adına olması olmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, sözügedən mənzilin kirayə müqaviləsi hələ keçən əsrin 80-ci illərində faktiki olaraq mövcud idi, keçmiş icarədar mərhum əri X5 idi və o, vəfat etdiyindən yekun nəticədə sadəcə olaraq onun adına rəsmiləşdirilmişdir. Cavabdehin imtinası tamamilə əsassızdır. Nəticədə o, pozulmuş hüquqlarının bərpası üçün məhəməyə müraciət etməli olmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilə dair Əzizov Əziz ibrahim qızının adına qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan mənzilə dair verilən Bakı şəhər İcra Hakimmiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 22/2 saylı sərəncamı xx.xx.2020-ci il tarixdə verilmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən müvafiq mənzilə baxış keçirilərək müayinə edilməsi mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəflərindən mümkün olmamş və bu barədə iddiaçıya **********56 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Serebrovski adına X26 İdarəsinin Həmkarlar İttifaqının Birgə iclasınının 66 nömrəli, xx.xx.1984-cü il tarixli protokolundan çıxarışdan görünür ki, Serebrovski prospekti, Bazarnı küçəsi, ev 29, mənzil 28 4 nəfər (özü, arvadı, oğlu, qızı) ailə tərkibi ilə X3 ayrılmışdır. İşdə olan “Qum adası” NQÇİ tərəfindən “Qum adası” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının rəisinə ünvanlanmış “mənzil kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” 01y nömrəli, xx.xx.1993-cü il tarixli məktubdan görünür ki, “Qum adası” NQÇİ Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 83-86-cı maddələrinə əsasən Qara-Çuxur qəsəbəsi, Kərimzadə küçəsi, ev 39, mənzil 28-ə dair kirayə müqaviləsinin dəyişdirilməsinə etiraz etmir. Mənzilin ilkin kirayəçisi X2 ərizəsinə əsasən həmin yaşayış sahəsində onun oğlu X8 yaşayır. Mənzilin kirayəçisinin ərizəsi ilə əlaqədar mənzilin kirayə müqaviləsinin X4 ilə bağlansın. Müvafiq olaraq 1711 şəxsi hesab S.Əsədullayevin adına keçirilməsi haqqında sərəncam verilsin. İşdə olan Quba rayon İİ Nügədi kənd soveti tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İ- ЖГ seriyalı, 236408 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X5 ilə X17 arasında xx.xx.1975-ci il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 744856 nömrəli “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X5 xx.xx.2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 08 ayının 06 günündə, 615 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan 137 nömrəli Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı həqiqətən Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsindəki 39 nömrəli evin 28 nömrəli mənzilində 1-ci mərtəbədə, 25 kv.m yaşayış sahəsi olan 1 otaqlı, 1 mərtəbəli binada yaşayır. Mənzilin ümumi təsviri kommunal şəraitlidir. Bina 3 saylı XT MKTB-nə məxsusdur. Mənzilin icarədarı İddiaçıdır. İddiaçı ailəsi 6 (altı) nəfərdən ibarətdir. Mənzildə daimi qeydiyyatda olanlar – xx.xx.1984-cü ildən İddiaçı, xx.xx.1992-ci il tarixdən X4 (oğlu), xx.xx.1998-ci il tarixdən X11 (qızı), xx.xx.2003-cü il tarixdən X6 (qızı), xx.xx.2017-ci il tarixdən X12 (nəvə), 2017-ci il tarixdən X9 (nəvə) qeydiyyatdadırlar. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş “ünvan 2 evin 28 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” 22/2 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı şəhər icra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 2 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 1984-cü ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsində yerləşən 39 saylı evin, yaşayış sahəsi 25.0 kv.m olan 1 otaqlı 28 saylı mənzilində 4 nəfər ailə üzvü ilə (özü, oğlu və 2 qızı) yaşayır. Qeyd edilənləri nəzərə alaraq və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanarq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsində yerləşən 39 saylı evin, yaşayış sahəsi 25.0 kv.m olan 1otaqlı 28 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, oğlu və 2 qızı) İddiaçı adına kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. İşdə olan X4, X11, X13 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş, müvafiq olaraq **********300 nömrəli, **********469 nömrəli və **********471 nömrəli razılıq ərizələrindən görünür ki, onlar qeydiyyatda olduqları ünvan 3 ünvanında yerləşən 28 saylı mənzilin İddiaçı adına özəlləşməsinə və çıxarış alınmasına etiraz etmirlər və bununla əlaqədar gələcəkdə heç bir iddiaları və tələbləri olmayacaqdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********56 nömrəli, 19 oktyabr 2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ünvan 2 evin 28 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olraq müəyyən edilmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 22/2 saylı sərəncamı xx.xx.2020-ci il tarixdə verilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 19 oktyabr 2021-ci il tarixli, **********56 nömrəli imtina məktubu almışdır Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlaka dair ilkin hüquqmüəyyənedici sənəd iddiaçının mərhum ərinə Serebrovski adına X26 İdarəsinin Həmkarlar İttifaqının Birgə iclasınının 66 nömrəli, xx.xx.1984-cü il tarixli protokolundan çıxarışa əsasən ayrılmış, sonradan “Qum Adası” X26 İdarəsinin xx.xx.1993-cü il tarixli, 01y nömrəli məktubuna əsasən mənzilə dair kirayə müqaviləsi iddiaçının oğlu X1 adına dəyişdirilmiş, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 22/2 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə isə mənzilə dair kirayə müqaviləsi İddiaçı adına bağlanılmışdır. Həmin mənzildə hazırda iddiaçı və onun ailə üzvləri qeydiyyatdadırlar. Ünvan qeydiyyatda olan iddiaçının ailə üzvləri isə notarial qaydada ərizə təqdim edərək, sözügedən mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. Göründüyü kimi, mübahisəli mənzilə dair iddiaçının istifadə hüquqlarının 01 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdə yaranması, onun 01 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdə həmin mənzilin qanuni istifadəçisi olması işdə olan sənədlərlə əsasən təsdiqləndiyindən, iddiaçının mənzil münasibətləri də, həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. Beləliliklə, göründüyü kimi, İddiaçı qanuni əsaslarla mübahisəli mənzilin sahibi və istifadəçisidir, həmin mənzilə dair onun adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, işin bu cür hallarında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmasına dair cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqularını saxlayırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X10 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən 28 saylı mənzilə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5157/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5157/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver