Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5158/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Massiv, 10 saylı küçədə yerləşən torpaq sahəsinin koordinatlarının və ölçüsünün mövcud vəziyyətdə müəyyən edilməsi, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Massiv, 10 saylı küçədə yerləşən və onun istifadəsində və sahibliyində olan 700 kv.m torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Massiv, 10 saylı küçədə yerləşən bağ sahəsi 30 ildən artıq müddətdir ki, fasiləsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Həmin bağ sahəsinin sənədləşdirilməsi və orada fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi üçün iddiaçı Səbail rayonu İcra Hakimiyyətinə müraciət etmişdir. Səbail rayonu İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 №-li Sərəncamına əsasən Badamdar qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş və yerləşmə cizgisinə əsasən mövcud olan bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi və orada fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmçinin Səbail rayonu İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyinin həmin bağ sahəsinə dair tərtib etdiyi cizgidə bağ sahəsinin ölçüləri öz əksini (divarların uzunluğu ölçülməklə) tapmışdır. Qeyd olunan sənədlər əsasında həmin bağın yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə etdiyi müraciətə, həmin idarədən verilmiş 12.03.2021-ci il tarixli cavab məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Qeyd olunan məktubda imtinanın əsası kimi göstərilmiş hallar ondan ibarətdir ki, torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir və konfiqurasiya fərqləri mövcuddur, həmçinin Səbail rayonu İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 №-li Sərəncamında torpaq sahəsinin ölçüsünün qeyd edilmədiyi göstərilmişdir. Həmin torpaq sahəsi 30 ildən artıq müddətdir ki, fasiləsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Eləcə də Səbail rayonu İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 251 №-li Sərəncamında Badamdar qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş və yerləşmə cizgisinə əsasən mövcud olan bağ sahəsinin iddiaçının adıma sənədləşdirilməsi qeyd olunmuşdur. Səbail rayonu İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyinin həmin bağ sahəsinə dair tərtib etdiyi cizgidə bağ sahəsinin ölçüləri öz əksini (divarların uzunluğu ölçülməklə) tapmışdır. Göründüyü kimi qeyd olunan sərəncamda bağ sahəsinin mövcud olması və bağ sahəsinin ölçüsünün icra nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə əsasən müəyyənləşdiyi qeyd olunmuşdur. Həmçinin həmin bağın yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı, o cümlədən qonşularla heç bir mübahisə yoxdur. Torpaq sahəsi hasara alınmış və həmin torpaq sahəsinin mövcud vəziyyətdə iddiaçının istifadəsində və sahibliyində olması hamıya məlumdur. Bu səbəbdən də cavabdehin 12.03.2021-ci il tarixli məktubunda göstərilən hallar tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir və konfiqurasiya fərqləri mövcüddur. Həmçinin həmin torpaq sahəsinin ölçüsü Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.02.1999-cu il tarixli, 251 saylı sərəncamında qeyd edilməmişdir. Eyni zamanda təqdim edilmiş yerləşmə cizgisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. Bu səbəblərdən iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 12.03.2021-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, 11.03.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir və konfiqurasiya fərqləri mövcuddur. Həmçinin sözügedən torpaq sahəsinin ölçüsü Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.02.1999cu il tarixli, 251 saylı sərəncamında qeyd edilməyib. Eyni zamanda təqdim edilmiş yerləşmə cizgisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 26.04.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.02.1999-cu il tarixli, 251 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, RİHBnın Badamdar qəsəbəsindəki nümayəndələyi tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə əsasən Badamdar qəsəbəsində mövcud olan bağ sahəsinin X1 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncama Səbail RİH Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib və təsdiq edilmiş X2 məxsus bağ sahəsinin cizgisi əlavə edilmişdir. Həmin sərəncama əlavə edilmiş İddiaçı tərəfindən Səbail RİH-nə ünvanlanmış ərizədən görsənir ki, o, 26 Bakı Komissarı rayonunun İcraiyyə Komitəsinin 29.12.1989-cu il tarixli qərarı ilə ona verilən Badamdar qəsbəsində yerləşən bağ sahəsində fərdi evin tikintisinə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 23.07.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri X6 26 Bakı Komissarı rayonu İcraiyyə Komitəsinin 29.12.1989-cu il tarixli 40/4660 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İcraiyyə Komitəsinin 14.07.1989-cu il tarixli 22/2175 nömrəli qərarına əlavə olaraq İddiaçı, A.M.Hüseynov, A.T.İsmayılov, M.A.Paşayevin bağ sahəsi verilən şəxslərin siyahısına daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş bağ sahəsinin mövcud vəziyyətdə Planından görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.02.1999-cu il tarixli, 251 saylı sərəncamı ilə İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, İİ Massiv, 10-cu küçə ünvanında ayrılmış bağ sahəsi 700 kv.m təşkil edir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən məhkəməyə ünvanlanmış 06.05.2021-cu il tarixli məktubdan görünür ki, qaldırılan məsələ ilə əlaqədar bildirilmişdir ki, Səbail RİH başçısının 26.02.1999-cu il tarixli 251 saylı Sərəncamı və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Səbail Rayon icra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 25.05.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur; 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hesab olunur; 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri X6 26 Bakı Komissarı rayonu İcraiyyə Komitəsinin 29.12.1989-cu il tarixli 40/4660 nömrəli qərarına əsasən iddiaçının bağ sahəsi verilən şəxslərin siyahısına daxil edilməsi qərara alınmışdır. Həmin qərara əsasən iddiaçı Səbail RİH-nə ərizə ünvanlayaraq ona verilən Badamdar qəsəbəsində yerləşən torpaq sahəsində fərdi evin tikintisinə icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.02.1999-cu il tarixli, 251 saylı sərəncamına əsasən RİHB-nın Badamdar qəsəbəsindəki nümayəndələyi tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə əsasən Badamdar qəsəbəsində mövcud olan bağ sahəsinin X1 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncama torpaq sahəsinin cizgisi də əlavə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş Plana əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.02.1999-cu il tarixli, 251 saylı sərəncamı ilə İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, İİ Massiv, 10-cu küçə ünvanında ayrılmış bağ sahəsi 700 kv.m təşkil edir. Həmin torpaq sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Həmin sərəncamlar ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Massiv, 10 saylı küçədə yerləşən 700 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5158/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5158/2021
07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver