Məhkəmə qərarları › İş №2-1(112)-516/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-516/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-516/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 (Ünvanı: Zəngilan rayonu, Babaylı kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi:Bakı şəhəri 18 saylı Vəkil Bürosu, vəkili), cavabdehin nümayəndəsi X7 (Ünvanı: Bakı şəhəri, M.X.Şərifli küçəsi, ev 94V, mənzil 18; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Cavabdeh, Hüquq şöbəsinin müdiri), 3-cü şəxs X10 nümayəndəsi (vəkili) Vəkil1 (Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsi, ev 9, mənzil 68; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 29 saylı Vəkil Bürosu, vəkili) iddiaçı - İddiaçı cavabdeh - Bakı şəhəri Cavabdehnə 3-cü şəxslər - X16, X8, X13, X9 və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X14 müstəsna olaraq R.Ağayev küçəsi 17 nömrəli evin 1 otaqlı sahəsi 15.6 kv.m olan 2-ci mənzilinin verilməsi və pasport qeydiyyatına alınması haqqında Cavabdeh başçısının 25 fevral 1997-ci il tarixli 250 saylı sərəncamının hüquqi qüvvəsi olmayan hesab edilməklə etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin 27.02.2020-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 30.09.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “X14 müstəsna olaraq R.Ağayev küçəsi 17 nömrəli evin 1 otaqlı sahəsi 15.6 kv.m olan 2-ci mənzilinin verilməsi və pasport qeydiyyatına alınması haqqında Cavabdeh başçısının 25 fevral 1997-ci il tarixli, 250 saylı sərancamının etibarsız hesab edilməsi barədə qərar qəbul ediməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 20.05.2021-ci il tarixə təyin olunmuşdur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın növünü və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı öz ailəsilə birlikdə 1993-cü ilin oktyabr ayında erməni quldurları tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra Bakı şəhərində məskunlaşmağa məcbur olmuşdur. Həmin dövrdən hal-hazırki günədək onlar ünvan 2 ünvanda fərdi ev tikməklə orada yaşayır və həmin ünvanda müvəqqəti qeydiyyata götürülmüşlər. 1993-cü ilin oktyabr ayından hal-hazırkı günədək özünə məxsus və onun tərəfindən tikilmiş, ona məxsus fərdi evdə yaşayır. Təxminən 2017-ci ilin əvvəllərində Nizami Rayon Məhkəməsindən ona bildiriş gələrək məhkəməyə dəvət edilmişdir. Həmin vaxt ona məlum oldu ki, X16 öz ailə üzvləri ilə birlikdə onun evinə pasport qeydiyyatına götürülüblər. V.İ.Muradov ona qarşı iddia qaldıraraq onun evinə köçmək istəyir. X10 iddiası ünvan 3 ünvana köçürülməsi barədədir. Belə ki, iddiaçının evi mənzil deyil fərdi evdir. Məhkəmə araşdırılması zamanı (Ali Məhkəmədə) müəyyən olunmuşdur ki, X10 qeydiyata götürülməsi barədə Cavabdeh 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı mövcuddur. Həmin Sərəncam Cavabdeh 10 iyun 1993-cü il tarixli, 2273 saylı Sərəncamına qismən dəyişiklik edilməsi barədədir. Cavabdeh 10 iyun 1993-cü il tarixli, 2273 saylı Sərəncamı V.İ.Muradovun Korolenko küçəsi, 55 nömrəli evin 24-cü mənzilinə pasport qeydiyyatına alınması barəsindədir. Əslində isə həmin 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı tamamilə saxtalaşdırılıb. Həmin X4 heç bir aidiyyəti yoxdur. Belə ki, həmin 10 iyun 1993cü il tarixli, 2273 saylı Sərəncamı Q.Qarayev küçəsindəki 94 nömrəli evin 48-ci mənzilində yaşayan vətəndaş X3 adma şəxsi ev kimi sənədləşdirilməsi haqqındadır. Bütün bu səbəblərdən iddiaçının hüququ kobud surətdə pozulur və hesab edir ki, Cavabdeh 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirir və iddianın təmin edilməməsini xahiş edir. 3-cü şəxs X16 iddiaya dair yazılı etirazını onunla əsaslandrımışdır ki, predmetlə bağlı eyni tərəf və eyni əsaslar üzrə qüvvədə olan məhkəmə aktları mövzuddur. Onun mübahisəli mənzilə köçürülməsi barədə müxtəlif instansiya məhkəmələrinin 07 fevral 2017-ci il tarixli, Bakı Apellyasiya məhkəməsinin MK-nın 18 iyul 2018-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsi, Bakı şəhəri Apelyasiya məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikas Ali məhkəməsinin 20.09.2019-cu il tarixli qərarları vardır. Eyni zamanda ona məxsus olan sərəncamın ləğvi ilə bağlı iddiaçının Bakı şəhəri, Nizami rayon məhkəməsinə verdiyi iddiası rədd edilmişdir. İddiaçı və onun ailə üzvüləri ona məxsus olan yaşayış sahəsini, yeganə yaşayış yeri olan fərdi yaşayış evini zəbt etmişdir. Ailəsilə birlikdə öz evinin zəbt edilməsi səbəbi ilə kirayələrdə yaşayırlar. İddiaçı və onun ailə üzvlərinin hamısının özünə məxsus olan evləri vardır və ayrı-ayrı ünvanlarda qeydiyyatdadırlar. Bu faktlar məhkəmə proseslərində öz əksini tapmışdır. Ancaq onun evini özümə təhvil vermirlər. Bu azmış kimi fərdi mənzilin həyətində də özbaşına ev tikmişlər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi (vəkili) göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş digər 3-cü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Dövlət Arxivinin Bakı Filialı 215 nömrəli 11.03.2020-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh başçısının 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamını və həmin Sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Cavabdeh başçısının “Cavabdeh 10 iyun 1993-cü il tarixli 2273 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” 25 fevral 1997ci il tarixli, 250 saylı Sərəncamında Rayon İcra Hakimiyyətinin 10 iyun 1993-cü il tarixli 2273 nömrəli sərəncamında düzəliş edilməsi, vətəndaş V.İ.Muradova müstəsna olaraq R.Ağayev küçəsi 17 nömrəli evin 1 otaqlı sahəsi 15.6 kv.m olan 2-ci mənzilinin verilməsi və pasport qeydiyyatına alınması göstərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Cavabdeh başçısının 10 iyun 1993-cü il tarixli 2273 nömrəli sərəncamında Q.Qarayev küçəsindəki 94 №-li evin 48-ci mənzilində yaşayan vətəndaş X2 adına şəxsi ev kimi sənədləşdirilməsi göstərilmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 09.07.2020-ci il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi,Rafiq Ağayev küçəsi, ev 17, 2 saylı mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6275/19 saylı 29.09.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 07 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X10 cavabdehlər İddiaçı və X1 qarşı “mənzilə köçürülmə” barədə iddiası təmin edilərək, iddiaçının ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Rafiq Ağayev küçəsi, 17 saylı evin 2-ci mənzilinə köçürülmələri qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3673/2019 saylı 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 07 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6275/19 saylı 29.09.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh başçısının 25 fevral 1997-ci il tarixli, 250 saylı sərancamının etibarsız hesab edilməsini tələb edir və tələbini onunla əsaslandırır ki, 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı saxtalaşdırılıb. Belə ki, həmin X4 heç bir aidiyyəti yoxdur. Belə ki, həmin 10 iyun 1993-cü il tarixli, 2273 saylı Sərəncamı Q.Qarayev küçəsindəki 94 nömrəli evin 48-ci mənzilində yaşayan vətəndaş X3 adma şəxsi ev kimi sənədləşdirilməsi haqqındadır. Məhkəmə qeyd edir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərildiyindən və iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi Bakı şəhəri Cavabdeh başçısının 25 fevral 1997-ci il tarixli, 250 saylı sərancamının etibarsız sayılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxslər X16, X8, X13, X9 və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) X14 müstəsna olaraq R.Ağayev küçəsi 17 nömrəli evin 1 otaqlı sahəsi 15.6 kv.m olan 2-ci mənzilinin verilməsi və pasport qeydiyyatına alınması haqqında Cavabdeh başçısının 25 fevral 1997-ci il tarixli, 250 saylı sərancamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar