Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-516/2022 18.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (aparıcı mütəxəssis, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmək pensiyası təyin edilməsi barədə müraciətinə Fondun Bərdə rayon şöbəsi tərəfindən verilmiş 06.07.2020-ci il tarixli imtinanın, eləcə də bu imtinadan verdiyi şikayətin cavabdeh tərəfindən təmin edilməməsinə dair hərəkətlərinin qanunsuz və əsassız sayılması və iddiaçıya əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 23 iyun 2020-ci il tarixli ərizə ilə DSMF-nun Bərdə rayon Şöbəsinə müraciət olunaraq 1973-cü ildən 2011-ci ilin may ayının 2-dək olan müddətdə qanunvericiliklə müəyyən olunan əmək (iş) stajına malik olmasına əsaslanaraq ona əmək pensiyasının təyin olunması xahiş olunmuşdur. Sözügedən müraciətinə Fondun Bərdə rayon Şöbəsi tərəfindən baxılmış və ona ünvanlanan 06 iyul 2020-ci il tarixli, **********2 nömrəli “Əmək pensiyasının təyin edilməməsi barədə bildirişdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə istinad olunaraq, sözügedən maddədə nəzərdə tutulmuş sosial sığorta stajına və pensiya kapitalının olmaması əsası ilə iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və əmək pensiyasının təyin edilməsi məqsədi ilə şöbəyə təqdim etdiyi sənədlər geri qaytarılmışdır. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən Bərdə rayonu Şöbəsinin imtinasından tərəfindən subordinasiya qaydasında sözügedən Şöbənin tabe olduğu Dövlət Sosial Müdafiə Fonduna 10.08.2020ci il tarixli şikayətlə müraciət olunaraq əmək pensiyası təyin edilməsi barədə müraciətimə X9 tərəfindən verilmiş 06.07.2020-ci il tarixli imtinanın əsassız sayılmasına və ona əmək pensiyası təyin edilməsi vəzifəsinin həmin şöbəyə həvalə edilməsi barədə müvafiq qərarın qəbul edilməsi xahiş olunmuşdur. DSMF tərəfindən nəinki Bərdə rayon Şöbəsinin iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunan və qorunan pensiya hüququ bərpa edilmiş, hətta göstərilən şikayəti digər əsassız arqumentlərlə təmin etməmişdir. Belə ki, göstərilən şikayətini cavablandıran Fondun İdarə heyətinin sədr müavini iddiaçıya ünvanlandığı 01 oktyabr 2020-ci il tarixli, **********5 nömrəli məktubunda göstərmişdir ki, sığortaedənlər tərəfindən “Məcburi dövlət sosial sığorta haqqı” üzrə sığortaoluııanlar haqqında məlumat (B3) təqdim edilərkən, iddiaçının sığorta nömrəsi qeyd edilmədiyi üçün müraciətində qeyd olunan 2006-2011-ci illər üçün məcburi dövlət sosial sığorta haqqı fərdi şəxsi hesabında əks olunmamışdır. Daha sonra, qeyd olunan məktubda “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa istinadən göstərilmişdir ki, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında həmin Qarnında müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Qeyd olunan məktubdan da görünür ki, istinad olunan Qanunda müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaolunan kimi iddiaçının deyil, sığortaedənin vəzifəsidir. Sığortaedənin qanunla üzərinə düşən vəzifəsini icra etməməsi, yəni məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatı (B3) sığortaedən tərəfindən aidiyyəti üzrə göndərməməsi nəticə etibarı ilə iddiaçının konstitusion hüququ olan pensiya təminatı hüququndan məhrum edilməsinə səbəb ola bilməz. Göründüyü kimi cavabdeh tərəfindən şikayətinin təmin edilməməsinin əsası qanunsuz və əsassız olmuşdur. Cavabdeh orqanın şikayətindən imtina olunmasına dair hərəkətlərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 26 oktyabr 2020-ci il tarixli şikayətlə müraciət etsə də, sözügedən Nazirlik tərəfindən hazırkı vaxtadək qeyd olunan şikayətinə bu və ya digər cavab verilməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 07 avqust 1955-ci ildə anadan olmuş və hazırda 65 yaşı vardır. Əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətindəki məlumatlardan görünür ki, 15.05.1973-cü ildən 02.05.2011-ci il tarixinədək müxtəlif təşkilatlarda, müxtəlif vəzifələrdə işləməklə, ümumilikdə 38 il əmək (iş) stajı vardır. İşin mübahisəsiz halıdır ki, iddiaçı, pensiya yaşına çatmış və 38 il stajı vardır. İşin mübahisəsiz halıdır ki, 01.01.2006-cı il tarixədək 25 ildən iş (əmək) artıq stajı vardır. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı 15.05.1973-cü il tarixdən 02.05.2011-ci il tarixədək müxtəlif təşkilatlarda, müxtəlif vəzifələrdə işləməklə, ümumilikdə 38 il əmək stajı olduğunu iddia edir. İddiaçı ona pensiya təyin olunması üçün Fondun Bərdə rayon şöbəsinə müraciət etmiş, tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin olunmaqdan imtina edilmişdir. Fondun Bərdə rayon filialı tərəfindən verilən imtina qanunidir. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İddiaçı qanunla müəyyən olunmuş pensiya yaşına 07.02.2020-ci il tarixdə çatmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin 22.06.2020-ci il tarixli 345 nömrəli arayışından məlum olur ki, iddiaçı 10.11.1974-cü il tarixdən 17.11.1976-cı il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. Hansı ki, həmin müddət ümumilikdə 2 il 07 gün təşkil edir. İddiaçının 15 may 1973-cü il tarixdə tərtib olunmuş əmək kitabçasında onun 01.12.1989cu il tarixdən 02.05.2011-ci il tarixədək Yevlax “Melioservis” İdarəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının əmək kitabçasında qeyd olunan illərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğunu yoxlamaq məqsədilə Yevlax “Melioservis” İdarəsinə 25 yanvar 2021-ci il tarixli **********4 nömrəli və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə 10 fevral 2021-ci il tarixli **********5 nömrəli müvafiq sorğular göndərilmişdir. Dövlət X4 tərəfindən sorğuya 09.03.2021-ci il tarixli 08 nömrəli cavab məktubunda Yevlax Melioservis İdarəsinin əmr kitabları və əməkhaqqı sənədlərinin mühafizə üçün təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etməyin mümkün olmadığı qeyd olunmuşdur. Bundan başqa iddiaçının işlədiyini iddia etdiyi Yevlax “Melioservis” İdarəsində qarşlıqlı yoxlama keçirilmişdir. Həmin yoxlama nəticəsində 01.07.2020-ci il tarixli Yevlax Melioservis İdarəsinin baş mühasibi, Dövlət Sosial Müdafiə Fondunun Yevlax səhər şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi və Gəlirlər sektorunun məsləhətçisinin iştirakı ilə qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. Həmin aktdan da göründüyü kimi iddiaçı 01.12.1989-cu il tarixdə 3 saylı əmrlə işə qəbul olunmuş, 02.05.2011-ci il tarixdə 17 saylı əmrlə işdən azad edilmişdir. Bununla yanaşı, həmin aktda İddiaçı 01.12.1989-cu il tarixdən 01.01.1996-cı il tarixədək əməkhaqqı aldığı göstərilmişdir. Tərtib olunmuş qarşılıqlı yoxlama aktında iddiaçının 01.12.1989-cu il tarixdən 02.05.2011-ci il tarixədək olan dövr ərzində 01.12.1989-cu il tarixdən 01.01.1996-cı il tarixədək əməkhaqqı aldığı göstərilmişdir. İddiaçı 07.02.2020-ci il tarixdən 130 manat yasa görə müavinət təyin edilmişdir. Ümumilikdə, işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçıva yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət X3 09.03.2021-ci il tarixli 08 saylı məktubundan görünür ki, Yevlax “Melioservis” İdarəsinin əmr kitabları və əmək haqqı sənədləri X8 mühafizə olunmaq üçün təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin 22.06.2020-ci il tarixli 345 nömrəli arayışından görünür ki, iddiaçı 10.11.1974-cü il tarixdən 17.11.1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İşdə olan 22.06.2020-ci il tarixli ********** saylı Sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, İddiaçı 07.02.2020-ci il tarixdən 130 manat yasa görə müavinət təyin edilmişdir. İşdə olan 01.07.2020-ci il tarixli aktın surətindən görünür ki, iddiaçı 01.12.1989-cu il tarixdə 3 saylı əmrlə Yevlax “Melioservis” İdarəsində işə qəbul olunmuş, 02.05.2011-ci il tarixdə 17 saylı əmrlə işdən azad edilmişdir. 01.12.1989-cu il tarixdən 01.01.1996-cı il tarixədək əməkhaqqı almışdır. İşdə olan iddiaçıya məxsus 15.05.1973-cü il tarixli əmək kitabçasının surətindən və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 15.05.1973-cü ildə Yevlax MMC-yə 5-ci dərəcəli maşinist köməkçisi vəzifəsinə qəbul olunmuş, 01.11.1974-cü ildə Sovet Ordusunda xidmətə çağrılması ilə əlaqədar işdən azad edilmiş, 01.12.1976-cı ildə Azərbaycan SSR Meliorasiya və Su təsərrüfatı Nazirliyinin Yevlax rayon 6 saylı PMK-da 6-cı dərəcəli maşinist-ekskvovatorçu vəzifəsinə qəbul edilmiş, 01.12.1988ci ildə Yevlax rayon 6 saylı PMK-nın ləğv edilməsi ilə əlaqədar olaraq yeni təşkil olunmuş Yevlax rayon Təmir-tikinti idarəsinə keçirilməklə 6-cı dərəcəli maşinist-ekskvovatorçu vəzifəsinə qəbul edilmiş, 01.12.1989-cu ildə PMK-ya keçirilməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, 01.12.1989-cu ildə Yevlax rayon PMK-da 6-cı dərəcəli maşinistekskvovatorçu vəzifəsinə qəbul edilmiş, 01.06.1990-cı ildə "B" , "C" dərəcələri üzrə sürücü vəzifəsinə keçirilmiş, 02.05.2011-ci ildə iş yeri ləğv edildiyinə görə işdən azad edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01.10.2020-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 22.1.1-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, sığortaedənlər tərəfindən “məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (B3) təqdim edilərkən sizin sosial sığorta nömrəniz qeyd edilmədiyi üçün müraciətinizdə qeyd olunan 2006-2011-ci illər üçün məcburi dövlət sosial sığorta haqqı fərdi şəxsi hesabınızda əks olunmamışdır. Məhkəmə sorğusuna əsasən cavab olaraq Azərbaycan Respublikası Dövlət X4 tərəfindən verilmiş 01.06.2021-ci il tarixli 36/10 saylı məktubundan görünür ki, Yevlax “Melioservis” İdarəsinin əmr kitabları və əmək haqqı sənədləri X8 mühafizə olunmaq üçün təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə sorğusuna əsasən cavab olaraq Yevlax “Melioservis” İdarəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli 67 saylı arayışından görünür ki, İddiaçı 18.05.1793-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin X6 Stansiyasının ekskavatorun maşinist köməkçisi işinə qəbul edilmişdir və 01.11.1974-cü ildə 139 saylı əmrə əsasən hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. Hərbi xidməti başa çatdırdıqdan sonra köhnə idarədə 01.12.1976 -cı il tarixdən 93 saylı əmrə əsasən ekskavatorun maşinisti işinə qəbul edilmişdir. 01.12.1988-ci il tarixdən həmin nazirliyin 255 saylı 14.08.1988-ci il tarixli əmrinə əsasən 01.12.1988-ci il tarixdən idarə Yevlax rayon Təmir istehsal İstehsalat Birliyi adlandırılmışdır. 01.06.1990-cı il tarixdən 48 saylı əmrə əsasən ekskavator maşinisti KAMAZ 5511 markalı avtomaşına "B", "C" kateqoriyalı sürücü keçirilmişdir. Nazirliyin 190 saylı 28.08.1989-cu il tarixli əmrinə əsasən 16.09.1993-cü il tarixdən Nazirliyin 77 Ü saylı əmrinə əsasən X10 Meliorativ Stansiyası adlandırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 372 saylı 23.02.2006-cı il tarixli fərmanına əsasən idarə 01.05.2006-cı il tarixdən X1 Cəmiyyətinin Yevlax Melioservis İdarəsi adlandırılmışdır. 02 may 2011-ci il tarixdən 17 saylı əmrə əsasən iş yeri ləğv olduğuna görə işdən azad olunmuşdur. (Az. ƏM-nin 70 maddəsinin "b" bəndi.) Məhkəmə sorğusuna cavab olaraq Yevlax “Melioservis” İdarəsi tərəfindən verilmiş 24.12.2021-ci il tarixli 89 saylı arayışından görünür ki, İddiaçı 18.05.1973-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin X6 Stansiyasının ekskavatorun maşinist köməkçisi işinə qəbul edilmişdir və 01.11.1974-cü ildə 139 saylı əmrə əsasən hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. Hərbi xidməti başa çatdırdıqdan sonra köhnə idarədə 01.12.1976 -cı il tarixdən 93 saylı əmrə əsasən ekskavatorun maşinisti işinə qəbul edilmişdir. 01.12.1988-ci il tarixdən həmin nazirliyin 255 saylı 14.08.1988-ci il tarixli əmrinə əsasən 01.12.1988-ci il tarixdən idarə Yevlax rayon Təmir istehsal İstehsalat Birliyi adlandırılmışdır. 01.06.1990-cı il tarixdən 48 saylı əmrə əsasən ekskavator maşinisti KAMAZ 5511 markalı avtomaşına "B", "C" kateqoriyalı sürücü keçirilmişdir. Nazirliyin 190 saylı 28.08.1989-cu il tarixli əmrinə əsasən 16.09.1993-cü il tarixdən Nazirliyin 77 Ü saylı əmrinə əsasən X10 Meliorativ Stansiyası adlandırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 372 saylı 23.02.2006-cı il tarixli fərmanına əsasən idarə 01.05.2006- cı il tarixdən X1 Cəmiyyətinin Yevlax Melioservis İdarəsi adlandırılmışdır. 02 may 2011-ci il tarixdən 17 saylı əmrə əsasən iş yeri ləğv olduğuna görə işdən azad olunmuşdur. (Az. ƏM-nin 70 maddəsinin "b" bəndi.) Məhkəmə sorğusuna əsasən cavab olaraq Yevlax “Melioservis” İdarəsi tərəfindən verilmiş 24.12.2021-ci il tarixli 88 saylı İddiaçı əmək haqqı arayışından müəyyən olunur ki, İddiaçı 1989-cu ildən 1992-ci ilədək bütün aylar, 1993-cü ilin 9 ay, 1994-cü ilin 10 ay, 1995ci ilin 8 ay, 1996-cı ilin 3 ay, 1997-ci ilin 2 ay və 2004-cü ilin bütün ayları üzrə əmək haqqı almış, 1999-2003 və 2005-2011-ci illər üzrə əmək haqqı almamışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması; İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması; İddiaçının pensiya kapitalı toplanmadığı təqdirdə isə ən azı 25 il sığorta stajı toplaması. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, əmək kitabçasında iddiaçının 01.12.1989-cu il tarixdən 02.05.2011-ci il tarixədək Yevlax “Melioservis” İdarəsində işləməsi qeyd olunsa da, Yevlax “Melioservis” İdarəsi tərəfindən verilmiş 24.12.2021-ci il tarixli 88 saylı İddiaçı əmək haqqı arayışından müəyyən olunur ki, iddiaçı 1989-cu ildən 1992-ci ilədək bütün aylar, 1993-cü ilin 9 ay, 1994-cü ilin 10 ay, 1995-ci ilin 8 ay, 1996-cı ilin 3 ay, 1997-ci ilin 2 ay və 2004-cü ilin bütün ayları üzrə əmək haqqı almış, 1999-2003 və 2005-2011-ci illər üzrə əmək haqqı almamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd etdiyi kimi sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişi olmaqla, pensiya təyin edilərkən işlədiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının əmək haqqı almadığı dövrlər ona pensiya təyin edilərkən onun sığorta stajına daxil edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən tələb olunan qanunla müəyyən edilmiş pensiya yaşına çatsa da, tələb olunan pensiya kapitalına malik olmaması, eyni zamanda bu kapital toplanmadığı təqdirdə tələb olunan 25 il sığorta stajına malik olmadığına görə, yuxarıda qeyd olunan normalara əsasən iddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malik olmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-516/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-516/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver