Məhkəmə qərarları › İş №2-1(112)-5162/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5162/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5162/2023 22.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxslər X9 və X1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər qismində X20, X6, X16, X21, X9, X10, X11, X5, X7, X12, X13, X14, X17 cəlb edilməklə “iddiaçının mülkiyyətində olan ünvan 1dən X20, X6, X16, X21, X9, X10, X11, X5, X7, X12, X13, X14, X8 pasport qeydiyyatından çıxarılması” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan ünvan 1dən X20, X6, X16, X21, X9, X10, X11, X5, X7, X12, X13, X14, X8 pasport qeydiyyatından çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər bəziləri evi iddiaçıya satan adamın ailə üzvləri, bəziləri isə tanımadığı şəxslərdir. Onların iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olmaları qanunsuz və formaldır. Onun hüquqlarını məhdudlaşdırır. İddiaçı qeyd edilən şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya imtina edilmişdir. İddiaçı cavabdehin imtina məktubunu qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

4. Üçüncü şəxslər X5 və X2 nümayəndəsi və vəkili iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, ünvan 1 ünvanında ayrı-ayrı ailələrin yaşadığı bir neçə fərdi yaşayış evi vardır. İş üzrə üçüncü şəxslər bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərdir. Təqdim edilən texniki pasportdan və ev kitabından görünür ki, qeyd edilən şəxslər ata-babadan ünvan 1də qeydiyyatda olmuş və yaşamışlar. X5, X7, X9, X12, X13, X14 və X17 ailənin yaşlı üzvləridir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsindəki 2/6 nömrəli evə aid ev kitabından görünür ki, üçüncü şəxslərin babaları Ağakişiyev Ağakişi 1907-ci ildə anadan olmuşdur və həmişə həmnin ünvanda yaşamışdır. İddiaçı qeyd edilən ünvana mülkiyyət hüququnu təsdiq edən çıxarışı olduğu üçün daha geniş imkanları vardır. İddiaçı çıxarışı müvafiq orqana təqdim edib özünə məxsus yaşayış evinə başqa bir ünvan almaq imkanı vardır. Üçüncü şəxslər X5 və X2 nümayəndəsi və vəkili Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehdən imtina məktubu alınmış, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş. Məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə iddiaçı və cavabdehin iştirаkı оlmаdаn bахmışdır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X9 və X1 nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İş materiallarında olan sənədlər

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışına əsasən, ünvan 2 ünvanında qeydiyyatdadırlar - X20 (xx.xx.2009cu il təvəllüd), X6 (xx.xx.2007-ci il təvəllüd), X16 (xx.xx.1966-cı il təvəllüd), X21 (xx.xx.2012-ci il təvəllüd), X9 (xx.xx.1969-cu il təvəllüd), X10 (xx.xx.2003-cü il təvəllüd), X11 (xx.xx.2004-cü il təvəllüd), X5 (xx.xx.1953-cü il təvəllüd), X7 (xx.xx.1954-cü il təvəllüd), X12 (xx.xx.1970-ci il təvəllüd), X13 (xx.xx.1973-cü il təvəllüd), X14 (xx.xx.1976-cı il təvəllüd), X17 (xx.xx.1942-ci il təvəllüd). Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyat keçmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 096-27402B-1222 nömrəli məktuba əsasən bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməlidir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının X38 Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2339 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən bildirilmişdir ki, ünvan 1də X18, X6, X21, X9, X15, X11, X5, X7, X12, X13, X14 qızı qeydiyatdadır və yaşayırlar. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1972-ci il tarixdə tərtib edilmiş texniki pasporta və ev kitabına əsasən X3 və X4 məxsus olmuşdur. Üçüncü şəxslər X9 və X5 tərəfindən məhkəməyə ev dəftəri və “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reeystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanldığı xx.xx.2023-cü il tarixli “Qeyd olunan ünvana dair müvafiq məlumatların verilməsi barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, X20, X6, X16, X21, X9, X10, X11, X5, X7, X12, X13, X14, X8 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərinə istifadə hüququnun qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.

İİİ. Məhkəmənin mövqeyi

9. Məhkəmə, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

10. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

11. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

14. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

15. Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnunundа şəxsin (şəхslərin) yаşаyış yеri üzrə qеydiyyаtdаn çıхаrılmаsının əsаslаrı dəqiq göstərilmişdir.

16. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

17. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin faktiki hallarına əsasən iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 2 saylı evin mülkiyyətçisidir. Digər tərəfdən ünvan 1ə dair 1962-ci ildə ev dəftəri Ağakişiyev Ağakişinin adına açılmışdır. İddiaçının qeydiyyatdan çıxarılması tələb edilən şəxslər Ağakişiyev Ağakişinin ailə üzvləridir və onlar özlərinə məxsus evdə qeydiyyatdadırlar. Bundan əlavə ünvan 2 ünvanına dair İddiaçı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışı olsa da, həmin ünvada dair üçüncü şəxslərin adına hüquqmüəyyən edici sənəd (ev dəftəri və “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport) mövcuddur. Belə nəticəyə gəlmək olar ki, 2 fərqli ev üzrə eyni ünvan mövcuddur və üçüncü şəxslərin yaşadıqları və qeydiyyatda olduqları evə dair hüquqları dövlət qeydiyyatdan keçməsə də, hal-hazırda onların qeydiyyatdan çıxarılması onların hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Odur ki, iddiaçının müraciəti ilə bağlı cavabdeh inzibati orqan iddiaçının ərizəsinin icrasından imtina etməkdə haqlı olmuşdur.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

19. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan ünvan 1dən X20, X6, X16, X21, X9, X10, X11, X5, X7, X12, X13, X14, X8 pasport qeydiyyatından çıxarılması” barədə iddiası təmin edilməməlidir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar