Məhkəmə qərarları › İş №2-1(112)-5163/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5163/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5163/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçı X3 iştirakı ilə iddiaçılar X3, İddiaçı2, X2 və X5 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması və onlara yeni şəxsiyyət vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Binəqədi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar X8, İddiaçı2, X7 və X10 cavabdeh Bakı şəhəri Binəqədi RPİ-yə qarşı «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması və onlara yeni şəxsiyyət vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3126 məhəllə ünvanında yerləşən fərdi yaşayış evi iddiaçılara məxsusdur, onların xüsusi mülküdür Həmin fərdi yaşayış evini onlar öz şəxsi vəaitləri hesabına tikdirmişlər, evi tikəndən sonra köçüb orada yaşamışlarş 2005-cı ildən bu günədək artıq 16 ildir ki, həmin evdə açıq, fasiləsiz, etirazsız mülkiyyətçi hüququ ilə yaşayırlar. Belə ki, iddiaçılar İddiaçı1 və X9, onların övladı İddiaçı3 2005-ci ildən, gəlini İddiaçı4 2011-ci ildən, nəvələri X11 və X12 isə doğulduqları vaxtdan etibarən həmin ünvanda qeydiyyatsız yaşayırlar. Binəqədi RİH başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, vətəndaş İddiaçı1 həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 3126 məhəllədə yerləşən evdə notariat ofisinin təsdiq etdiyi akta əsasən ailə tərkibi - həyat yoldaşı X9, oğlu İddiaçı3, gəlini İddiaçı4, nəvəsi X11 və nəvəsi X12 ilə birlikdə qeydiyyatsız yaşayırlar. Həmçinin, iddiaçılarla qonşuluqda yaşayan X1 və X6 tərtib etdikləri və notarius tərəfindən təsdiq edilmiş 28 dekabr 2021-ci il tarixli ərizədə də təsdiq edilmişdir ki, X9, İddiaçı4, İddiaçı3, İddiaçı1 2005-ci il tarixdən, X11, X12 isə doğulduqları gündən etibarən Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, məhəllə 3126 ünvanında qeydiyyatsız yaşayırlar. Həmin evə qaz, işıq, su təchizatı üzrə ödənişləri, torpaq vergisi vaxtlı-vaxtmda aidiyyəti dövlət orqanlarına – "xxxx" ASC-yə, "xxxx" ASC-yə (keçmiş "xxxx" ASC), "xxxx" ASC-yə, Binəqədi qəsəbə Bələdiyyəsinə ödənilir. İddiaçılar 2005-ci ildən yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3126 məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə pasport qeydiyatına alınmaları ilə bağlı Bakı şəhər Binəqədi RPİ-yə ərizə ilə müraciət etmişlər. Lakin, Bakı şəhər Binəqədi RPİ-nin 6 dekabr 2021-ci il tarixli 059-45274C-3221 nömrəli cavab məktubu ilə onların həmin ünvana qeydiyyata alınmasından imtina olunmuş və məhkəməyə müraciət olunmasını tövsiyə edilmişdir. İddiaçılar hesab edirlər ki, cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin imtinası əsassızdır, cavabdeh süni şəkildə onlara maneəçilik törədir, hüquqlarını məhdudlaşdırır. Binəqədi RPİ-nin onları yaşayış yeri üzrə pasport qeydiyyatına almaqdan yayınması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1, 2, 3 və 5-ci maddələrinin tələblərinə ziddir, ona görə də qanunsuz və əsassızdır. Hesab olunur ki, iddiaçıların onlara məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3126 məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmağına olan maneələr məhkəmə qərarı ilə aradan qaldırılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1, 152, 158-ci maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1, 2, 3, 5-ci maddələrinə, İPM-in 2.2.2, 14.3, 30, 33, 45, 67, 73, 75-ci maddələrinə əsaslanaraq, iddiaçılar İddiaçı1 (1 may 1958-ci il təvəllüdlü), X4 (6 avqust 1964-cü il təvəllüdlü), İddiaçı3 (9 iyul 1986-cı il təvəllüdlü) və İddiaçı4 (xx xxxx 1993-cü il təvəllüdlü) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3126 məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə pasport qeydiyyata alınması və onlara yeni şəxsiyyət vəsiqələrinin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı X8 gəlmiş, digər iddiaçılar və cavabdeh tərəf gəlməmişlər. Məhkəmə İPM-in 30.4, 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işn faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçılar X8, İddiaçı2, X7 və X10 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3126 məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, habelə yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmədiyindən, cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin onların həmin evə qeydiyyata alınması üzrə müraciəti ilə bağlı hərəkətləri (imtinası) qanuna zidd sayıla bilməz. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar X3, İddiaçı2, X2 və X5 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması və onlara yeni şəxsiyyət vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar X3, İddiaçı2, X2 və X5 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması və onlara yeni şəxsiyyət vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar