Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5164/2022 19.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi və iddiaçının pensiya məbləğindən pul vəsaitinin tutulması ilə bağlı hərəkətlərin qanunsuz sayılması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililına qarşı «artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi və iddiaçının pensiya məbləğindən pul vəsaitinin tutulması ilə bağlı hərəkətlərin qanunsuz sayılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxxxx 1943-cü il tarixdə doğulmuşdur. Ona DSMF Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən 28 sentyabr 2005-ci il tarixdə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda da həmin pensiyanı almaqda davam edir. Cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən onun barəsində 26 avqust 2021-ci il tarixdə “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması haqqında” **********6 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən ondan 1 yanvar 2006-cı il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövr ərzində 84.193,79 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində cavabdehin hesabına ödənilməsi qeyd olunmuşdur. Bu qərar qəbul edildikdən sonra cavabdehin əməkdaşları tərəfindən ona məxsus mobil nömrəyə zəng edərək bildirmişlər ki, guya o, DSMF-dən 2006 – 2020-ci illərdə qanunsuz və əsassız olaraq pensiya almışdır və almaqda davam edir. Aldığı həmin pensiya məbləğlərinin hissəhissə geri ödənilməsi ilə bağlı yazılı şəkildə razılıq ərizəsini DSMF-yə göndərməyəcəyi təqdirdə, onun (iddiaçının) barəsində cinayət işi başlamaqla həbs olunacağı bildirilmişdir. Yaşlı və onkoloji xəstə olduğundan eyni zamanda bu məsələni ailə üzvlərinin yaxşı qarşılamacağı ehtimalını nəzərə alaraq, telefonda ona diktə edilən mətni ərizə formasında tərtib edərək poçt vasitəsi ilə cavabdehə ünvanlamışdır. Bundan sonra cavabdeh inzibati orqan tərəfindəm hər ay ona ödənilən pensiya məbləğindən 153,08 manat pul tutulmasına başlanılmışdır. İddiaçı hesab edir ki, cavabdeh orqanın onun barəsində qəbul etdiyi qərar, həmçinin pensiyanın tutulmasına yönəlmiş hərəkətləri əsassız olduğundan adıçəkilən qərar ləğv edilməlidir. Belə ki, iddiaçı uzun müddət dövlət orqanlarında işləsə də, latın qrafikalı Azərbaycan əlifbasını və yazı dilini heç zaman mənimsəməmişdir. Diqqət yetirilsə, DSMF-yə ünvanlanmış ərizə kiril qrafikalı Azərbaycan əlifbası ilə tərtib olunmuşdur. Odur ki, DSMF orqanının ona ünvanladığı latın qrafikalı bütün yazışma sənədləri, o cümlədən hazırda mübahisə predmeti olan qərarın məzmunundan məlumatlı olmamışdır. Əgər bu ərizə tərtib edilən vaxt ailə üzvünün (oğlunun) ona oxuduğu şəkildə rəsmi sənədlərin ünvanlandığını bilsəydi o zaman belə bir ərizəni yazmazdı. Həmçinin cavabdeh inzibati orqanın əməkdaşlarının sərt danışıqlarla (gələcəkdə həbs oluna biləcəyini bildirməklə) müşayiət olunan hərəkətlərindən qorxaraq belə ərizəni yazmaq məcburiyyətində qalmışdır. Lakin sonradan hüquq məsələhətxanalarına şifahi müraciətlərimdən sonra ona izah olunmuşdur ki, pensiyasının təyinatı və ödənişi zamanı şəxsən onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, ona aid pensiya işinə nəzər yetirdikdə aydın olar ki, o, DSMF orqanına yalan və yaxud saxta hər hansı bir sənəd təqdim edilməmişdir. Pensiyanın hesablanan zaman təyin olunmuş məbləğinin düzgün olub-olmamasına isə, iddiaçı hər hansı bir müdaxilə edə bilməzdi. Belə ki, təyinat zamanı işi icra edən DSMF-nin aidiyyəti əməkdaşları tərəfindən birbaşa olaraq hesablamalar aparılır və yekun pensiya məbləği ortaya çıxarılır. Məlum olduğu kimi, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə bağlı məsələlər «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən artıq ödənilmiş pensiyanın geri qaytarılmasının 2 hüquqi həll yolu vardır. 1) Yalnız vətəndaşın yazılı ərizəsi əsasında həmin pulun ondan tutulması barədə razılıq ərizəsinin olması; 2) Razılıq olmadığı təqdirdə isə yalnız məhkəmə qərarı əsasmda tutmanın həyata keçirilməsi. Göründüyü kimi, hazırkı vəziyyətdə Qanunun 39-cu maddəsinin tələbləri pozulmuş və hər iki hala riayət edilmədən cavabdeh inzibati orqan tərəfindən qanunsuz qərar qəbul edilmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh inzibati orqanın ona hədə-qorxu gəlməsindən sonra iddiaçı tərəfindən rəsmi dövlət dilində olmayan bir mətn tərtib edilmiş və həmin mətn əsasında DSMF orqanı onun barəsində qərar qəbul etmişdir. Həmçinin bir məqama da diqqət yetirilməlidir. DSMF orqanının ona ünvanladığı sonuncu məktubundan görünür ki, ərizəsi 22 sentyabr 2021-ci il tarixli olmasına baxmayaraq, həmin ərizə poçt vasitəsi ilə DSMF orqanına 28 sentyabr 2021-ci il tarixdə daxil olmuşdur. Yəni DSMF orqanı həmin rəsmi məktubu əldə etməmiş özbaşına pulun tutulması ilə bağlı qərar qəbul etmişdir. Halbuki, həmin qərar yalnız qanunverciliyə uyğun şəkildə rəsmi dövlət dilində yazılmış ərizə əsasında qəbul edilə bilərdi. Sual oluna bilər ki, əgər şəxs latın qrafikalı yazını oxuya bilmirsə, ailə üzvlərindən biri bu barədə yəni rəsmi sənədlərin məzmunu barədə onu oxuyub məlumatlandıra bilərdi. Qeyd edilməlidir ki, xəstəliyi ilə əlaqədar və ölkədə mövcud olan pandemiya şəraitində COVİD 19 virusuna yoluxması riski olan şəxs kimi uzun müddətdir özünü təcrid etmiş və ailə üzvləri (övladları) ilə uzun müddət təmasda olmamışdır. Yalmz son bir həftə ərzində övladı iddiaçının yaşadığı evdə olarkən mübahisə predmeti olan qərar onun diqqətini cəlb etmiş və vəziyyətin nə dərəcədə ciddi olduğunu və nəticə etibarı ilə cavabdeh inzibati orqan tərəfindən aldadıldığını iddiaçıya bildirmişdir. Bu əsasdan hesab edir ki, mübahisə predmeti olan qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etmə müddəti üzürlü səbəbdən buraxılmış hesab edilməli və iddia ərizəsi mümkün sayılmaqla işə mahiyyəti üzrə baxıb xeyrinə qərar qəbul edilməlidir. Mübahisə predmeti olan qərara diqqət yetirdikdə orada yalnız qanunvçrcilik normaları sadalanmış və ümumi ifadələr işlənmişdir. Lakin iddiaçı tərəfindən hansı qanun pozuntusuna yol verilməsi öz əksini tapmamışdır. Yəni, Azərbaycan Respublikasının vətəndaşı olaraq həmin qərarı kim oxusa onun hansı qanun pozuntusuna yol verdiyini müəyyən edə bilməz. Göstərilənlərə əsaslanaraq və İPM-in müvafiq müddəalarını rəhbər tutaraq məhkəmədən cavabdeh DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının 22 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarının ləğv edilməsi və cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq 1 oktyabr 2021-ci il tarixdən etibarən pul məbləğinin tutulması barədə hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar çıxarılması xahiş olunur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 16 avqust 2022-ci il tarixli məktubunda (yazılı etirazda) bildirilir ki, İddiaçı iddiası tam əsassız hesab edilir və bu iddia qanuna zidd olduğundan rədd edilməlidir. Pensiya işinə aid sənədlərdə iddiaçıya DSMF Xətai rayon şöbəsi tərəfindən 28 sentyabr 2005-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edildiyi qeyd olunmuşdur. DSMF Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, 1 yanvar 2006-cı il tarixdə vaxilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 356 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 106,80 manat, mükafatlara görə əlavəsi 35,78 manat oimaqla orta aylıq əmək haqqı 498,58 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Dövlət qulluqçularının pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.3-cü maddəsinə əsasən 20 il 1 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (498,58 manat) 80 faizi – 398,86 manat məbləğində hesablanmalı olduğu halda, 718,39 manat müəyyən edilməklə 1 yanvar 2006-cı il tarixdən 31 yanvar 2007-ci tarixədək olan dövr üçün müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də, həmin dövr üzrə iddiaçıya 4.153,89 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 fevral 2007-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 445 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 133,50 manat, mükafatlara görə əlavəsi 44,72 manat olmaqla orta aylıq əmək haqqı 623,22 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 20 il 1 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (623,22 manat) 80 faizi – 498,58 manat məbləğində hesablanmalı olduğu halda, 895,24 manat müəyyən edilməklə 1 fevral 2007-ci il tarixdən 30 iyun 2008-ci tarixədək olan dövr üçün onun müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 6.743,22 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 660 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 198 manat, mükafatlara görə əlavəsi 66,33 manat olmaqla orta aylıq əmək haqqı 924,33 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 20 il 1 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (924,33 manat) 80 faizi – 739,46 manat məbləğində hesablanmalı olduğu halda, 1.324,94 manat müəyyən edilməklə 1 iyul 2008-ci il tarixdən 30 noyabr 2013-cü tarixədək olan dövr üçün onun müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 38.056,20 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 890 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 267 manat, mükafatlara görə əlavəsi 89,44 manat olmaqla orta aylıq əmək haqqı 1.246,44 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 20 il 1 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1.246,44 manat) 80 faizi – 997,15 manat məbləğində hesablanmalı olduğu halda, 1.528,93 manat müəyyən edilməklə 1 dekabr 2013-cü il tarixdən 28 fevral 2018-ci tarixədək olan dövr üçün onun müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 27.120,78 manat artıq pul vəsaiti ödənilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 20 il 1 ay dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 65,25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 980 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 294 manat, mükafatlara görə əlavəsi 98,50 manat olmaqla orta aylıq əmək haqqı 1.372,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1.246,44 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1.372,50 manat) arasındakı fərq məbləğinin (126,06 manat) 65,25 faizi – 82,25 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (997,15 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1.079,40 manat məbləğində hesablanmalı olduğu halda, 1.528,93 manat müəyyən edilməklə 1 mart 2018-ci il tarixdən 31 avqust 2019-cu tarixədək olan dövr üçün onun müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 8.091,54 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.470 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 441 manat, mükafatlara görə əlavəsi 147,73 manat olmaqla orta aylıq əmək haqqı 2.058,73 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1.372,50 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (2.058,73 manat) arasındakı fərq məbləğinin (686,23 manat) 65.25 faizi – 447,77 manat 1 sentyabr 2019-cu ii tarixədək hesablanmış pensiyasının (1079,40 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1.527,17 manat hesablanmalı olduğu halda, 1.528,93 manat müəyyən edilməklə 1 sentyabr 2019-cu il tarixdək 31 dekabr 2020-ci tarixədək olan dövr üçün onun müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 28,16 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 1 yanvar 2006-cı il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövr ərzində ümumilikdə 84.193,79 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 84.193,79 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının Mərkəzi Filiala təqdim etməsi iddiaçıdan xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Bu səbəbdən də “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması haqqında” 26 avqust 2021-ci il tarixli **********6 nömrəli qərar qəbul edilmişdir. Mərkəzi Filial tərəfindən 2021-ci ilin yanvar ayından etibarən iddiaçının əmək pensiyası 1.527,17 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. «İnzibati icraat haqqında» Qanunun 21.3.6-cı maddəsinə əsasən inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borclu deyildir. Bu qəbildən olan işlərin məhkəmədə baxılması və uzun müddət davam edən məhkəmə proseslərinin və çəkişmələrin davam etməsi həmin artıq ödənilmiş məbləğlərin dövlət büdcəsinə qaytarılmasını yubatdığından artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması məqsədilə «İnzibati icraat haqqında» Qanunun 82.1 -ci maddəsinin və «İcra haqqında» Qanunun 6.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq eyni məzmunlu icra sənədi verməklə artıq ödənilmiş pensiya məbləğini qaytarmaq üçün tədbirlər görməsi daha məqbuldur. Bundan əlavə, «İnzibati icraat haqqında» Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. «İnzibati icraat haqqında» Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər dedikdə, qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi nəzərdə tutulur. Göründüyü kimi, Mərkəzi Filial artıq ödənilmiş pul məbləğinin tələb edilməsi barədə inzibati qərar qəbul etməklə öz diskresion səlahiyyətlərindən istifadə etmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanunla vətəndaşlara aşağıdakı pensiyalar təyin edilir: a) əmək (sosial sığorta) pensiyaları: yaşa (qocalığa) görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, xidmət illərinə görə; b) sosial pensiyalar. Həmin Qanunun 12-ci maddəsinə əsasən yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər – 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar – 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. Pensiya təyin edilməsi üçün qanunla başqa yaş həddi də müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi, İddiaçı iddiasında cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 22 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarını mübahisələndirir və onun əmək pensiyasından müvafiq məblğlərdə pul vəsaitinin tutulması hərəkətlərinin qanunsuz sayılmasını tələb edir. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı DSMF orqanının iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən ona ödənilmiş pensiya məbləğindən “artıq ödəmə” qismində hissənin tutulması barədə ayrıca qərar, yəni hazırda mübahisə predmetini təşkil edən 22 avqust 2021-ci il tarixli **********6 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən 22 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarın qəbulu «İnzibati icraat haqqında» Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. Qeyd olunanlardan əlavə məhkəmə diqqətə çəkir ki, baxmayaraq ki onun (iddiaçının) özünün də buna razılığı olmuşdur, eləcə də iddiaçıya təyin olunmuş pensiyanın məbləği qanuna uyğun hesablanmaması sübuta yetirilmiş olsa belə, həmin məbləğ cavabdeh inzibati orqanın gətirdiyi dəlil kimi “artıq ödənilmiş əmək pensiyası məbləği” qismində qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərin məcmusunda məhkəmə belə qənaətə gəlir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qəbul edildiyindən 22 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarın qəbulu, habelə bu qərar əsasında iddiaçının əmək pensiyasından məbləğlərin tutulması hərəkətləri qanunsuzdur və bunun nəticəsində iddiaçının sosial təminat hüququ pozulmuşdur. Odur ki, iddia əsaslı sayılır. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh DSMF Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının «artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında» 22 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarı ləğv edilməi və 1 oktyabr 2021-ci il tarixdən iddiaçının əmək pensiyasından pul məbləğlərinin tutulması hərəkətləri qanunsuz sayılmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh DSMF Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının «artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında» 22 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarı ləğv edilsin və 1 oktyabr 2021-ci il tarixdən iddiaçının əmək pensiyasından pul məbləğlərinin tutulması hərəkətləri qanunsuz sayılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5164/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5164/2022
19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver