Məhkəmə qərarları › İş №2-1(112)-5165/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5165/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5165/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X8, Üçüncü şəxslər X2 və X3, Üçüncü şəxs X2 vəkili X13 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxslər: X10 və X1) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) X2 və X3 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evdən qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh 10.02.2021-ci il tarixli cavab məktubu ilə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qeydiyyatdan çıxarılmanın mümkün olmasına istinad edərək iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

2. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və X3 iddiaçının atasına məxsus olmuş və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin 31.03.2021-ci il tarixli qərardadı ilə X10 və X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, atası X5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evdə uzun müddət qeydiyyatda olmaqla qardaş və bacıları ilə yaşamışdır. Üçüncü şəxs X10 onun vəfat etmiş qardaşı X9 ilə 1987ci il tarixdə ailə həyatı quraraq sözügedən evə köçmüşdür. 2010-cu ilin avqust ayında onlar boşanmışlar. Boşandıqdan sonra İ.Yusifova oğlu ilə birgə nikah dövründə aldıqları Nəsimi rayonu, N.Əlizadə küçəsi, 40 saylı evdə yaşamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3683/2010 saylı 15.10.2010-cu il tarixli qətnaməsi ilə Yusifova İradə Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə köçürülmüşdür. Həmin qətnaməni əsas gətirərək Nəsimi rayon Mənzil İstismar Sahəsinin qanunsuz arayışı əsasında X7 Yusifovla birgə Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçının atasına məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə qeydiyyata alınmışdır. İddiaçı mənzilə köçürülmə barədə qətnamənin qeydiyyata alınmaq üçün əsas olmadığını, evə qeydiyyata alınmaq üçün həmin evin mülkiyyətçisinin (faktiki sahibinin), yəni atasının razılıq ərizəsinin tələb olunduğunu göstərmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər.

6. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 məhkəməyə verdiyi izahatında bildirdi ki, o, keçmiş qaynatası və eyni zamanda əmisinin razılığı ilə sözügedən evə qeydiyyata alınmışdır, oğlu ilə birlikdə hazırda həmin ünvanda yaşayır. İddiaçı hazırkı tələblə çıxış etsə də, onun özü mübahisəli ünvanda deyil, digər bir ünvanda qeydiyyatdadır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Üçüncü şəxsin vəkili X18 İ.Yusifovanın göstərdiklərinə uyğun çıxış edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

8. Cavabdeh məhkəməyə göndərdiyi məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).

9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

10. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.

13. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

15. İş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı ev özbaşına tikilidir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.04.2021-ci il tarixli sorğuya cavabından müəyyən olunur ki, həmin fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

16. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.06.2021-ci il tarixli məktubundan görünür ki, Ünvan Reyestri İnformasiya Sistemində ünvan 1 ünvanı barədə məlumat mövcud deyil.

17. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 15.10.2010-cu il tarixli 2(006)-3683/2010 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh X5 və X4 qarşı iddia tələbi təmin edilmiş, İradə Yusifovanın cavadehlərə münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bu qətnamə Bakı Apellayasiya Məhkəməsinin Mülki kolegiyasının 13.01.2011ci il tarixli qətnaməsi ilə, sonuncu isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.06.2011-ci il tarixli 2(102)-1902-11 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

18. İşdə olan İradə Yusifovaya məxsus fərdi uçot kartoçkasından görünür ki, o 18.10.2010-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyata alınmışdır.

19. X6 məxsus 14526565 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır.

20. İşdə ola İddiaçıya məxsus 02182502 nömrəli 18.03.2005-ci il tarixli və ******** nömrəli 24.05.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətlərindən aydın olur ki, o, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 48 ünvanında qeydiyyatdadır.

21. İddiaçı hazırda üçüncü şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Adıçəkilən evin iddiaçının mülkiyyətində olması və ya həmin evə dair hər hansı hüququnun olması işdə olan hər hansı sübutla təsdiq edilmir.

22. İddiaçı evin onun mülkiyyətində olması barədə məhkəməyə sübut təqdim etməməklə yanaşı, yuxarıda sadalananlardan aydın olur ki, iddaçının özü də üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etdiyi həmin ünvanda deyil, başqa ünvanda qeydiyyatdadır.

23. İş materiallarında olan 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışlarda iddiaçının ünvan 1 ünvanında qeydiyyatda olduğu göstərilsə də, yuxarıda qeyd edildiyi kimi iddiaçının şəxsiyyət vəsiqəsinə əsasən onun qeydiyyat ünvanı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 48-dir.

24. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 6-cı madəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınma barədə müraciət etmiş vətəndaş və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən dərhal qeydiyyata alınır.

25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

26. Şəxsi yaşayış yeri üzrə qeydiyyata alan orqanın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi olduğunu, yaşayış yerinin vətəndaşın şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 59 saylı MKİS tərəfindən verilmiş arayışlar iddiaçının qeydiyyat ünvanın müəyyən edilməsi uçün mötəbər sübut hesab edilə bilməz.

27. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

28. Beləliklə, İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, onun belə bir hüququ qanun, müqavilə və ya inzibati aktla təsbit edilmədiyindən iddia mümkün sayılmamalıdır.

29. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar