Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5166/2021 27.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Rspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 22.04.2020-ci il tarixdən qanunla müəyyən edilmiş əmək pensiyasının təyin olunması və ödənilməmiş (fərq) məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətindən cavabdeh inzibati orqanın 23.02.2021-ci il tarixli məktubu ilə imtina olunmuş və imtina onunla əsaslandırılmışdır ki, onun 17.04.1998-ci ildən 26.12.2001-ci ilə qədər işləmiş olduğu "xxxx" QSC tərəfindən sənədləri Dövlət Arxiv İdarəsinin Mİngəçevir filialına təhvil verilmədiyindən həmin illər sığorta stajına qəbul edilməmiş və nəticədə onun ümumi iş stajı qanunla tələb olunan müddətdən az hesablanmışdır. O, xx.xx.1955-ci ildə doğulmuş və əmək fəaliyyətini aşağıdakı təşkilatlarda həyata keçirmişdir: 29.11.1974-04.06.1975-Xüsusi Təmir Tikinti İdarəsi № 1 (7 ay); 04.08.1975-14.11.1975-Azərbaycan SSR-in DİN-nin Tikinti İdarəsi № 3 (3 ay); 15.12.1977-28.02.1979 -Azərbaycan SSR-in DİN-nin Tikinti İdarəsi № 3 (1 il 2 ay); 01.03.1979- 06.06.1979-Bakı Təmir Tikinti İdarəsi (3ay); 21.06.1979-16.10.1986-“Azərkəndtəsərrüfatsuçəkilişi” İstehsalat Birliyi (7 il 4 ay); 23.10.1986-30.03.1987-Bakı şəhəri X4 Birliyi (5 ay); 06.04.1987- 01.09.1994-cü il-“Azərsutikinti” konserni (7 il 5 ay); 20.02.1995-11.05.1996-“Azərsutikinti” konserni (1 il 3 ay); 22.11.1996-26.12.2001-"xxxx" QSC (5 il 1 ay). Bundan əlavə o, 24.11.1975-ci il tarixdən 16.11.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Cavabdeh inzibati orqan onun 22.04.2020-ci ilədək 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda 22.04.2020-ci ildə 64 yaş 6 ay tamam olmasını nəzərə almadan, onun ərizəsini təmin etməməklə əsassız olaraq yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı yaşa görə əmək pensiyası 64 il 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı yaşa görə əmək pensiyasına hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64 il 06 ayda, yəni 22.04.2020-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28.800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: İddiaçı 24.11.1975 – 16.11.1977-ci illər ərzində hərbi xidmətdə olduğu dövr; 29.11.1974 – 04.06.1975-ci illər ərzində “Xüsusi Təmir-Tikinti Tresti”ndə, 22.01.1975 – 14.11.1975-ci illər ərzində “Azərbaycan SSR DİN-nin Tikinti İdarəsi”ndə, 15.12.1977 – 28.02.1979-cu illər ərzində “Azərbaycan SSR DİN-nin Tikinti İdarəsi”ndə, 01.03.1979 – 06.06.1979-cu illər ərzində “Azkooptikinti Trestinin Bakı Təmir-Tikinti Kontoru”nda, 21.06.1979 – 16.10.1986cı illər ərzində “Azərbaycan kənd təsərrüfatı su kəməri tikintisi”ndə, 23.10.1986 – 30.03.1987-ci illər ərzində “MT DPİ yanında Mərkəzi Qəza-dispetçer xidməti”ndə, 06.04.1987 – 01.09.1994-cü illər ərzində “Bakı İTŞ yanında Bakı Qlavxozmeliovodstroy”da, 20.02.1995 – 05.11.1996-cı illər ərzində “Azərsutikinti Konserninin Fəhlə X2 Birliyi”ndə işlədiyi dövrlər. İşin mübahisələndirilməyən birinci halı İddiaçı hərbi xidmətdə olduğu dövrdür. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus ******* №li hərbi biletinə müvafiq olaraq onun 24.11.1975 – 16.11.1977-ci illər ərzində hərbi xidmətdə olduğu qeyd edilmişdir. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı sosial sığorta stajını 01 il 11 ay 22 gün təşkil edir. İşin mübahisələndirilməyən ikinci halı İddiaçı sözügedən müəssisələrdə işlədiyi dövrlərdir. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus ******* №li əmək kitabçasına müvafiq olaraq onun 29.11.1974 – 04.06.1975-ci illər ərzində “Xüsusi Təmir- Tikinti Tresti”ndə, 22.01.1975 – 14.11.1975-ci illər ərzində “Azərbaycan SSR DİN-nin Tikinti İdarəsi”ndə, 15.12.1977 – 28.02.1979-cu illər ərzində “Azərbaycan SSR DİN-nin Tikinti İdarəsi”ndə, 01.03.1979 – 06.06.1979-cu illər ərzində “Azkooptikinti Trestinin Bakı Təmir-Tikinti Kontoru”nda, 21.06.1979 – 16.10.1986-cı illər ərzində “Azərbaycan kənd təsərrüfatı su kəməri tikintisi”ndə, 23.10.1986 – 30.03.1987-ci illər ərzində “MT DPİ yanında Mərkəzi Qəza-dispetçer xidməti”ndə, 06.04.1987 – 01.09.1994-cü illər ərzində “Bakı İTŞ yanında Bakı Qlavxozmeliovodstroy”da, 20.02.1995 – 05.11.1996-cı illər ərzində “Azərsutikinti Konserninin Fəhlə X2 Birliyi”ndə işlədiyi qeyd edilmişdir. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı sosial sığorta stajını 19 il 07 ay 27 gün təşkil edir. İşin mübahisələndirilməyən halları nəzərə alındıqda İddiaçı sosial sığorta stajı 21 il 07 ay 19 gün təşkil edir. İşin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: İddiaçı 1974 – 1981-ci illər ərzində təhsil aldığı dövr; İddiaçı 22.11.1996 – 26.12.2001-ci illər ərzində "xxxx" QSC-də işlədiyi dövr. İşin mübahisələndirilən birinci halı İddiaçı təhsil aldığı dövrdür. İşin mübahisələndirilən birinci halı kimi təhsil illəri ilə bağlı qeyd edilməli əsas məqam ondan ibarətdir ki, İddiaçı iş materiallarına əlavə olunan ******* №li əmək kitabçasında edilmiş qeydlərdən iddiaçının mübahisələndirilən təhsil illəri ərzində müvafiq iş yerlərində işlədiyi görünür. Bu da öz növbəsində İddiaçı qiyabi təhsil aldığını göstərir. Digər tərəfdən həmin dövrlər ərzində İddiaçı işləməsi barəsində əmək kitabçasında edilmiş qeydlər əsasında həmin dövrlər onsuz da sosial sığorta stajına daxil edildiyindən, ikinci dəfə həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normasını rəhbər tutaraq qeyd edilməlidir ki, həmin mübahisələndirilən dövrlər əmək kitabçasında qeyd edilmiş iş illəri ilə üst-üstə düşdüyündən və həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alındığından onun ikinci dəfə nəzərə alınması yolverilməzdir. İşin mübahisələndirilən ikinci halı İddiaçı "xxxx" QSCdə işlədiyi dövrdür. İddiaçı sözügedən müəssisədə 22.11.1996 – 26.12.2001-ci illər ərzində işləmiş və sözügedən müəssisədə işlədiyi illər ərzində onun sosial sığorta stajını 05 il 01 ay 04 gün təşkil edir. Belə ki, sözügedən müəssisənin arxiv sənədləri AR X5 filialına təqdim edilməmişdir. İddiaçının sözügedən müəssisədə işləməsi faktının düzgünlüyünün yoxlanılması faktının müəyyən edilməsi üçün müvafiq qurumlara lazımi sorğular verilmişdir. Həmçinin "xxxx" QSC əvvəlllər “Azərenerjimənziltikinti” Səhmdar Cəmiyyəti adı altında fəaliyyət göstərmişdir. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş materiallarında olan: - AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1955-ci ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuşdur. - Lenin rayon Hərbi komissarlığı tərəfindən 24.11.1975-ci il tarixdə verilmiş HЗ ******* №li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 24.11.1975-ci il tarixdən 16.11.1977-ci ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu tərəfindən 27.06.1981-ci ildə verilmiş 344 qeydiyyat nömrəsi ilə qeydə alınmış EV seriyalı 275908 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1974-cü ildə həmin instituta daxil olmuş və 1981-ci ildə oranı bitirmişdir. - İddiaçıya məxsus 29.11.1974-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı 29.11.1974-cü ildən – 04.06.1975-ci ilədək “Xüsusi Təmir-Tikinti Tresti”nin 1 №li Xüsusi Təmir Tikinti İdarəsində, 22.01.1975-ci ildən 14.11.1975-ci ilədək Azərbaycan SSR DİN-nin Tikinti Trestinin 3 №li Tikinti İdarəsində, 15.12.1977-ci ildən 28.02.1979-cu ilədək Azərbaycan SSR DİN-nin Tikinti Trestinin 3 №li Tikinti İdarəsində, 01.03.1979-cu ildən 06.06.1979-cu ilədək Azkooptikinti Trestinin Bakı Təmir-Tikinti Kontorunda, 21.06.1979-cu ildən 16.10.1986-cı ilədək “Azərbaycan kənd təsərrüfatı su kəməri tikintisi”ndə, 23.10.1986-cı ildən 30.03.1987-ci ilədək “Mənzil Təsərrüfatı DPİ yanında Mərkəzi Qəza-dispetçer xidməti”ndə, 06.04.1987-ci ildən 01.09.1994-cü ilədək “Azərbsutikinti”də, 20.02.1995-ci il tarixdən 05.11.1996-cı ilədək ərzində “Azərsutikinti Konserninin Fəhlə Təchizatı Birliyi”ndə işləmiş, 22.11.1996-cı il tarixdə “Azərenerjimənziltikinti” QTSC-də təchizatçı vəzifəsinə qəbul olunmuş, 17.04.1998-ci ildə cəmiyyətin adı dəyişdirilərək "xxxx" olduğu üçün həmin idarənin işçisi sayılmış, 26.12.2001-ci ildə işdən azad edilmişdir. - Mingəçevir şəhəri "xxxx" X7 Cəmiyyəti tərəfindən verilmiş 03 №li 16 iyun 2021-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı 22 noyabr 1996-cı il tarixdən 26 dekabr 2001-ci il tarixədək Cəmiyyətin Təhcizat şöbəsinin təchizatçısı vəzifəsində işləmişdir. Cəmiyyətin ümumi yığıncağının 01 saylı 03 aprel 1998-ci il tarixli protokoluna və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin17 aprel 1998-ci il tarixli 10/24 saylı qeydiyyatına əsasən cəmiyyətin əvvəlki adı (“Azərenerjimənziltikinti” Səhmdar Cəmiyyəti) dəyişdirilərək "xxxx" QTSC adlandırılmışdır. - İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış 23.02.2021-ci il tarixli **********3 saylı məktubda bildirilmişdir ki, təqdim olunmuş əmək kitabçasına əsasən onun 01.01.2006-cı ilədək ümumi iş stajı 21 il 10 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 15709,66 manat olmaqla, qanunla tələb olunan məbləğdən (28.800 manat) azdır. Azərbaycan Respublikası X5 filialının 22 yanvar 2021-ci il tarixli aktına əsasən 17.04.1998-ci ildən 26.12.2001-ci ilə qədər işləmiş olduğu "xxxx" QSC sənədlərini Dövlət Arxiv İdarəsinin Migəçevir filialına təhvil vermədiyindən həmin illərin sığorta stajına qəbuk edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlar nəzərə alınmaqla müraciətçiyə yaşa görə əmək pensiyası təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 15.07.2021-ci il tarixli **********12900 №-li məktubla məhkəməyə təqdim olunmuş "xxxx" QTSC-nin (VÖEN: **********) təsis sənədlərinin (nizamnamə) surətlərindən müəyyən olunur ki, Cəmiyyət 10/24 №li şəhadətnamə ilə 17 aprel 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində Dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnaməsinin 1-ci bəndində göstərilmişdir ki, Cəmiyyət Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 29 noyabr 1991-ci il tarixli, 12 saylı Sərəncamı ilə qeydiyyata alınmış “Azərenerjimənziltikinti” QTSC-nin bazasında yaradılmaqla, onun hüquqi varisidir. Cəmiyyət hüquqi varisi olduğu Cəmiyyətin adının dəyişdirilməsi və əsasnaməsinin yeni redaksiyada qəbul olunması ilə yaradılmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasında qeyd olunsa da həmin illərə münasibətdə cavabdeh tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi ( vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə hərbi xidmət dövrü və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla (təhsil aldığı dövr nəzərə alınmadan) iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq (26 il 08 ay 23 gün) stajı mövcuddur. Şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malk olduğunu nəzərə almaqla, 22.05.2020-ci il tarixdə ərizə ilə DSMF Suraxanı rayon şöbəsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə onu da qeyd edir ki, hazırkı qərar əsasında hesablanmalı olan məbləğ iddiaçıya ödənilməlidir və qanunvericiliyin tələbinə uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Odur ki, məhkəmə ödənilməmiş fərqin birdəfəlik ödənilməli olmasının xüsusi göstərilməsini məqsədəuyğun hesab etmir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında və arxiv arayışında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 22.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5166/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5166/2021
27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver