Məhkəmə qərarları › İş №2-1(112)-5167/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5167/2024

10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5167/2024 10.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsinin X6 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X9 və X14) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində təkcə iddiaçının adına mülkiyyət hüquqları ilə tam (pay ortaqları olmadan) qeydiyyatının aparılmaqla çıxarış və texniki pasportunun verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan 56/124 hissəsinin həmin ünvanla bağlı oktyabr 1995-ci il tarixdə tərtib olunmuş texniki pasportda (56/124 hissəsinin iddiaçından əvvəlki mülkiyyətçisi X2 adına tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyasıvə qiymətləndirilməsinə aid pasport) göstərilmiş tikililərin həmin texniki pasporta əsasən qanuni istifadədəki 3,688 sot torpaq sahəsi sərhədləri daxilində yerləşən “A”literli əsas tikilinin və yardımçı tikililərin daşınma əmlakın dövlət reyestrində təkcə iddiaçının adına mülkiyyət hüququ ilə tam (pay ortaqları olmadan) qeydiyyatının aparılmaqla buna dair çıxarış və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Həmin fərdi yaşayış evi ona anası tərəfindən verilmiş və buna dair çıxarış əldə edilmişdir. Lakin, ona məxsus əmlaka dair çıxarışda onunla yanaşı, digər şəxslərin də adları payçı qismində qeyd edilmişdir. Halbuki, həmin şəxslər faktiki olaraq həmin ünvanda yaşamır, fərdi yaşayış evinə sahiblik etmirlər. Fərdi yaşayış sahəsi iddiaçını faktiki sahibliyindədir. İddiaçı onun yaşadığı fərdi yaşayış sahəsinə hüququnun tək mülkiyyətçi kimi qeydiyyatı ilə bağlı müraciət etmiş, müraciətinin təminindən imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi paylı şəkildə qeydiyyata alınmışdır. Digər payçılar tərəfindən notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin təqdim edilməsi məqsədəuyğundur. Elektron kadastr məlumatlarına əsasən idarənin arxivində olan texniki pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəzyyəti arasında fərq mövcuddur. Bu səbəbdən müraciətin təmini mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 may 2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi 56/124 hissədə iddiaçı, 6/124 hissədə X9, 62/124 hissədə X11 paylı mülkiyyətindədir. Adıçəkilən çıxarışa dair arxiv qovluğunda olan sənədlərdən, eləcə də cavabdehin 16 okyabr 2023-cü il tarixli məktubundan görünür ki, fərdi yaşayış evi X11 adına ilkin qeydiyyatdan keçmiş, 13 iyul 1949-cu il tarixli məhkəmə qərarına əsasən sözügedən ünvanın ½ hissəsi X5 adına qeydiyyatdan keçmiş, 13 yanvar 1950-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 məxsus hissədən 56/124 hissə X8 adına qeydiyyatdan keçmiş, 07 yanvar 1957-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən ünvanın 56/124 hissəsi X1 adına qeydiyyatdan keçmiş, 30 dekabr 1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 56/124 hisə X2 adına qeydiyyatdan keçmiş, 25 aprel 2015-ci il tarixli bağışlanma müqaviləsinə əsasən 56/124 hissə iddiaçının adına qeydiyyatdan keçmiş, X7 6/124 hissə, X12 62/124 hissəyə dair mülkiyyət hüquqları təkrar qeydiyyata alınmışdır. Mütəxəssis rəyində qeyd edilmişdir ki, fərdi yaşayış evinin 56/124 hissəsi iddiaçının adına qeydiyyata alınmışdır və onun tam istifadəsindədir. Digər payçıların istifadəsinə dair hər hansı məlumat yoxdur. Fərdi yaşayı evi paylı olsa da, T.Fətullayevanın adına müstəqil texniki pasport arxivdə mövcuddur və texniki pasportda göstərilən A literli fərdi yaşayış evi rekonstruksiya olunaraq genişləndirilsə də, əvvəlki tikili sökülməmiş, iddiaçının istifadəsindədir. Torpaq sahəsi ilə bağlı uyğunsuzluq əlavə 132,2 kv.m torpaq sahəsinin istifadə edilməsi ilə əlaqədardır. T.Fətullayevanın adına arxivdə olan texniki pasportda əks olunmuş 3,688 sot ölçüdə həyətyani sahə (tikintialtı və sərbəst) və bu həyətyani sahədə yerləşən tikililər, ev tikilisi rekonstruskiya olunmuş şəkildə, torpaq sahəsi ilə əlavə sahə ilə birlikdə iddiaçının istifadəsindədir. T.Təfullayevanın adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, 3688 kv.m torpaq sahəsində yerləşən tikililər həmin şəxsin qanuni və faktiki istifadəsində olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 saylı Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunun 2.1-ci bənddə qeyd edilmişdir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;

2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11.torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının yaşadığı fərdi yaşayış sahəsinə mülkiyyət hüquqlarının tam payda, digər payçıların adları olmadan göstərilib-göstərilməməsi ilə əlaqədardır. Belə ki, cavabdeh hesab edir ki, digər payçılarla notariat qaydada alqı-satqı müqaviləsi mövcud olmadığından müraciətin təmin edilməsi mümkün olmamışdır. Lakin, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən işin faktiki halları tam qaydada araşdırılmamış, iddiaçının hüquqi marağı nəzərə alınmadan imtina verilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən, eləcə də mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış sahəsi ilə üçüncü şəxslərin paylarının olduğu fərdi yaşayış sahəsi eyni ünvan göstəricilərinə malik fərqli yaşayış sahələridir. Belə ki, mütəxəssis rəyində, eləcə də əmlaka dair qovluqda olan sənədlərdən də göründüyü kimi 56/124 hissə İddiaçı X3 bağışlanılmışdır ki, həmin 56/124 hissəyə dair X3 əmlak X4 tərəfindən müqavilə əsasında keçmişdir. Adıçəkilən şəxslərin adına olan hüquqmüəyyənedici sənədlərdən, eləcə də iddiaçıya əmlakı bağışlayan T.Fətullayevanın adına olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan isə görünür ki, iddiaçının faktiki istifadəsində olan və ayrıca qeydiyyatının tələb etdiyi fərdi yaşayış evi və torpaq sahəsi faktiki olaraq digər üçüncü şəxslərə aid paylı mülkiyyətdə olan sahəyə aidiyyəti olmayan ayrıca əmlakdır. Cavabdeh isə 56/124 hissəyə dair ayrıca hüquqmüəyyənedici və texniki göstəriciləri əks etdirən sənədin mövcudluğunu nəzərə almadan çıxarışda adıçəkilən əmlakın paylı mülkiyyətdə olmasına istinad etməklə müraciətin təminindən imtina etmişdir. Halbuki, digər payçıların paylı mülkiyyət hüquqlarının aid olduğu fərdi yaşayış evinin iddiaçının faktiki istifadəsində olan əmlakla hər hansı bağlılığı olmamış, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının hazırda ayrıca tam hüquqla mülkiyyət hüquqlarını realizə etmək istədiyi fərdi yaşayış evi və torpaq sahəsi əvvəlki mülkiyyətçi X2 adına olan pasportda göstərilən əmlak olmuşdur. Göründüyü kimi 56/124 hissə kimi göstərilən əmlak faktiki olaraq digər payçıların payı ilə əlaqədar olmayan ayrıca şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta aid olan əmlakdır. Eləcə də, mütəxəssis rəyindən də göründüyü kimi fərdi yaşayış evinin 56/124 hissəsi iddiaçının adına qeydiyyata alınmışdır və onun tam istifadəsindədir. Digər payçıların istifadəsinə dair hər hansı məlumat yoxdur. Fərdi yaşayı evi paylı olsa da, T.Fətullayevanın adına müstəqil texniki pasport arxivdə mövcuddur və texniki pasportda göstərilən A literli fərdi yaşayış evi rekonstruksiya olunaraq genişləndirilsə də, əvvəlki tikili sökülməmiş, iddiaçının istifadəsindədir. Torpaq sahəsi ilə bağlı uyğunsuzluq əlavə 132,2 kv.m torpaq sahəsinin istifadə edilməsi ilə əlaqədardır. T.Fətullayevanın adına arxivdə olan texniki pasportda əks olunmuş 3,688 sot ölçüdə həyətyani sahə (tikintialtı və sərbəst) və bu həyətyani sahədə yerləşən tikililər, ev tikilisi rekonstruskiya olunmuş şəkildə, torpaq sahəsi ilə əlavə sahə ilə birlikdə iddiaçının istifadəsindədir. Odur ki, cavabdehin digər imtina əsası olan torpaq sahəsi ilə bağlı uyğunsuzluq da müraciətin təminindən imtina əsası qismində çıxış edə bilməz. Belə ki, uyğunsuzluq əlavə torpaq sahəsinin istifadədə olması ilə əlaqədardır ki, iddia tələbindən isə görünür ki, iddia əlavə torpaq sahəsinə yox, pasportda da qeyd edildiyi kimi məhz 3,688 sot sahəsi daxilində olan tikililərin ayrıca qeydiyyatı ilə əlaqədardır. Bu zaman, məhkəmə hesab edir ki, fərdi yaşayış evinin (1914-cü il tarixdə inşa edilmiş) rekonstruksiya olunaraq genişləndirilməsi, eləcə də B literli tikilinin sökülməsi hüququn dövlət qeydiyyatından imtina əsası qismində çıxış etməməlidir. Belə ki, hazırkı müraciət pasporta uyğun olaraq hüquqmüəyyənedici sənəd daxilində hal-hazırda faktiki olan tikililərin dövlət qeydiyyatının aparılması ilə əlaqədardır ki, hər hansı tikilinin sökülməsi halında belə digər tikililərin hüquqi müqəddaratının həll edilmədən saxlanılması, eləcə də sökülməmiş, rekonstruskiya olunması həmin əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış etməməlidir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının faktiki istifadəsində olan əmlak 56/124 hissə kimi göstərilsə də, ayrıca şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport əsasında əvvəlki mülkiyyətçi T.Fətullayeva tərəfindən ona bağışlanılmış 3,688 sot torpaq sahəsi sərhədləri daxilində olan, üçüncü şəxslərin paylı mülkiyyətində olan əmlakla aidiyyəti olmayan əmlak olmuşdur ki, məhkəmə hesab edir ki, 56/124 hissə kimi göstərilməsindən asılı olmayaraq ayrıca olan bir dam altında bütünlükdə iddiaçının istifadəsində olan həmin əmlaka mülkiyyət hüquqları iddiaçının adına qeydiyyata alınmalıdır. Göründüyü kimi hazırkı iddia tələbi iddiaçının mülkiyyətində olan əmlakın ölçüsünü artırmamaqla, eləcə də digər üçüncü şəxslər və ya onların mövcuddursa vərəsələrinin hüquqlarına, eləcə də paylarında olan sahə üzrə faktiki istifadəyə müdaxilə xarakteri daşımamaqla məzmun etibarı ilə 56/124 kimi göstərilən, reallıqda isə tam ayrıca 3,688 sot torpaq sahəsi daxilində olan əmlaka tam mülkiyyət hüququnun realizəsi ilə əlaqədar olmuşdur ki, cavabdeh həmin halı nəzərə almadan, müraciəti digər payçıların pay hüquqlarından məhrum edilməsinə yönələn müraciət kimi qiymətləndirmiş və müraciətin təminindən imtina etmişdir. Bu zaman, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxslərin pay hüquqları mövcud olan digər fərdi yaşayış evi və ya fərdi yaşayış evlərinin harada yerləşməsi, hal-hazırda kimin faktiki istifadəsində olması istiqamətində hər hansı araşdırmanın aparılması zərurəti mövcud olmamışdır. Belə ki, hazırkı iddia pasportda göstərilən sərhədlər daxilində əmlaka ayrıca tam mülkiyyətçi kimi hüququn qeydiyyata alınması ilə əlaqədar olmuşdur ki, adıçəkilən ünvan üzrə digər fərdi yaşayış ev və ya evləri olmadan iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evi və yardımçı tikilinin iddiaçının adına dövlət qeydiyyatının aparılması üçün əsas mövcud olmuş, 56/124 hissə üzrə ayrıca əmlaka dair əvvəlki mülkiyyətçilərə aid pasport həmin hüququn realizəsinə imkan vermişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 56/124 hissəsinin həmin ünvanla bağlı oktyabr 1995-ci il tarixdə tərtib olunmuş texniki pasportda (56/124 hissəsinin iddiaçından əvvəlki mülkiyyətçisi X2 adına tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport) göstərilmiş tikililərin həmin texniki pasporta əsasən İddiaçı qanuni istifadədəki 3,688 sot torpaq sahəsi sərhədləri daxilində yerləşən “A” literli əsas tikilinin və yardımçı tikililərin daşınma əmlakın dövlət reyestrində təkcə İddiaçı adına mülkiyyət hüququ ilə tam (payçılar olmadan) qeydiyyatının aparılmaqla buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar