Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5169/2025 25.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (3-cü şəxs: "xxxx" MTK) “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin 30%-nə qədərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə "xxxx" MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin 12 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsini ƏDV-nin qaytarılması ilə əlaqədar məlumatın müvəkkil banka ötürülməsini cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və mənzilə görə ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC tərəfi ilə, 7 fevral 2023cü il tarixində mənzil alqı-satqısına dair № ÇP/4-31 nömrəli müqavilə imzalamış, bu müqaviləyə əsasən 2.4-cu bəndindən qeyd olunan mənzilin ümumi dəyərin 20.46%-ni ilkin ödəniş olaraq 30018.25 manat icraçının bank hesabına ödəmiş, mənzilin dəyərinin qalan hissəsini 79.54%-ni 116.700 manat isə ‘'İcraçı" ilə “Bank ASC Xalq Bank" arasında imzalanmış indiki müqavilənin 2.6-ci bəndində qeyd olunan sənədlərə əsasən Sifarişçi ilə “Bank ASC Xalq Bank” arasında bağlanmış kredit müqaviləsinə əsasən Sifarişçiyə ayrılmış vəsait hesabına ödənilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı ilə “Bank ASC Xalq Bank” (Yubiley filialı) arasında xx.xx.2023-cü il tarixində № DKM/025N14A02012823 nömrəli Daxili ipoteka kredit müqaviləsi imzalanmişdır, bu müqavilə əsasən borcunun hər ayın səkkizi hissə-hissə olmaqla 2422.50 manat (iki min dört yüz yirmi iki manat əlli qəpik) xx.xx.2023-cü il tarixindən ödəyir və xx.xx.2028-ci il tarixindək ödəməyə davam edəcəkdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, alıcı İddiaçı (FİN: xxxxxxx) yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV daxil) satıcının bank hesabına ödəmişdir. xx.xx.2024-cü il tarixli **********106400 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərara əsasən İddiaçı xx.xx.2023cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Belə ki, xx.xx.2023cü il tarixli ÇP/4-31 nömrəli müqaviləsinə əsasən İddiaçı "xxxx" Yaşayış Kompleksinin 4-cü binasında, 5-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzili qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla, 146,718.25 manat, müqavilənin ilkin ödənişi müqavilənin ümumi dəyərinin 20.46%-ni (yəni 30,018) manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakları və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli mənzil alqı-satqısına dair müqavilədə aşağıdakılar göstərilmişdir: “ ... 1.1. “İcraçı", özü tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış kompleksinin 4-cü bina, 05-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 99,47 kv. metr olan 28 saylı təmirsiz mənzilin tikintisini, 24 ay ərzində hazırkı müqavilə şərtlərinə uyğun olaraq tamamlayıb, "Sifarişçi"-yə təhvil verməyi öhdəsinə götürür. ... 2.5. Mənzilin, bu müqavilənin 2.4-cü bəndində qeyd olunan ümumi dəyərinin 20.46 % (yəni 30.018,25) manat hissəsi hazırkı müqavilə imzalandığı gün Sifarişçi tərəfindən ilkin ödəniş olaraq İcraçının bank hesabına ödənilir. Mənzilin dəyərinin qalan 79.54% 116.700 manat hissəsi isə "İcraçı" ilə "xxxx" ASC «Xalq» Bankı arasında imzalanmış, hazırkı müqavilənin 2.6-cı bəndində qeyd olunan sənədlərə əsasən hazırkı müqavilə imzalandıqdan sonra 15 gün müddətində Sifarişçi ilə "xxxx" ASC «Xalq» Bankı arasında bağlanacaq kredit müqaviləsinə əsasən Sifarişçiyə ayrılmış vəsait hesabına ödənilir”. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Qeyd olunmalıdır ki, AR VM-nin: 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə yeni məzmunda 165.6-cı maddə əlavə edilmişdir. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il,№ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1305) ilə 165.6-cı maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Məhkəmə diqqətə çatdırır ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Beləliklə, bu qəbildən olan mübahisələrə baxılarkən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 25-dək yaşayış və qeyriyaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı yaşayış sahəsinə dair müqaviləni xx.xx.2023-cü il tarixdə bağladığından hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Hazırkı iş üzrə isə müəyyən olunur ki, iddiaçı tərəfindən Qaydaların 5.1.2-ci bəndinin tələblərinə riayət olunmamış, hansı səbəblərə görə ƏDV məbləğinin üçüncü şəxs "xxxx" MTK-nin ƏDV depozit hesabına ödənilməməsinin əsasları göstərilməmiş, ƏDV məbləğinin ƏDV-nin depozit hesabına ayrıca ödəməsinə mane olan halların mövcudluğu müəyyən olunmamışdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina olunması əsaslı olmuşdur. Bundan başqa Məhkəmə bildirir, “Qayda”ya əsasən ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməli olduğu tələb olunduğundan, məbləğin başqa hesaba ödənilməsi formal xəta hesab oluna bilməz. Belə ki, formal xəta müvafiq hərəkətin müəyyən edilmiş formal qaydalara uyğun olmaması deməkdir. Hazırkı halda isə, “Qayda”nın məzmunundan da göründüyü kimi, onun qəbul edilməsində əsas məqsəd şəffaflıq və vergi nəzarətinin gücləndirilməsidir ki, bu hal da vergi pozuntularının qarşısını almağa xidmət edir. Belə ki, satıcı ƏDV-nin satıcının ayrıca hesaba ödənilməsinin təmin edilməsi ƏDV hesaba ödənilnən məbləğin vergi ödəmələrindən yayındırılmasının qaşısını almaqla yanaşı, buna dair riskləri azaldır. Həmçinin, ƏDV ayrıca hesaba ödənilmə vergi orqanı üçün həmin məbləğin izlənməsi və büdcəyə yönəlməsini asanlaşdırmaqla yanaşı elektron faktura, elektron vergi hesab-fakturası və ƏDV depozit hesabları ilə birlikdə sistemi daha da şəffaflaşdırır. Belə olan halda da, satıcı ƏDV məbləğini alıcıdan alsa da, həmin vəsaitə birbaşa sahib ola bilmir, yəni ƏDV məbləği “əl dəyişdirmir” – satıcıdan birbaşa dövlətə keçir. Nəticə etibarı ilə, ƏDV-nin başqa hesab ödənilməsi, ƏDV-nin düzgün ödənilməsinə və qeyri-şəffaf dövriyyəni azaldılmasına, bununla da vergidən yayınmanı minumum səviyyəyə salmağa xidmət edən haldır. Göründüyü kimi, müvafiq qanunvericilikdə ƏDV-nin şüurlu surətdən ayrıca depozit hesaba ödənilməsi heç də forma xəta hesab edilə bilməz. Oxşar mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1822/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da nümayiş olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, “İddiaçı yaşayış sahəsinə dair müqaviləni 24 oktyabr 2022-ci il tarixdə bağladığından hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər.” Oxşar mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-262/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında da əks olunmuşdur. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov