Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-517/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı "xxxx" MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiyanın ödəniməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.B.Əhmədzadə küçəsi, 4 saylı binanın həyətində yerləşən və ümumi sahəsi 23.6 kv.m. olan qeyri-yaşayış binasının (bundan sonra – qeyri yaşayış binası və ya qaraj) sökülməsi nəticəsində ona verilməli olan 30 kv.metrlik qaraja görə ümumilikdə 50000 manat kompensasiyanın, vurulmuş mənəvi ziyana görə isə 10000 manatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini bununla əsaslandırmışdır ki, qaraj ona məxsusdur. Buna dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona inventar nömrəsi 11/1176 olan xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. 2014-cü ildə Bakı şəhərinin baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddətini keçmiş yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının inşa olunması nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 29/89 saylı yaşayış binasının və həmin yerdə yerləşən qeyri-yaşayış sahələrinin sökülməsi sakinlərin köçürülməsi yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin və ya qeyri-yaşayış sahələrinin müqabilində yeni mənzillərlə və qeyri-yaşayış sahələri ilə təmin olunması nəzərdə tutulmuşdur. Adıçəkilən köçürülmə prosesini sifarişçisi və zəmanət verəni cavabdeh, podratçı şirkət isə "xxxx" MMC olmuşdur. xx.xx.2014-cü il tarixdə sifarişçi və zəmanət verən - cavabdeh, podratçı “ARAZ-2011 A" MMC və zəmanət alan iddiaçı arasında 31/89 №-li üçtərəfli zəmanət müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən ona məxsus qarajın əvəzinə həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m. olan qarajın ona verilməsi nəzərdə tutulmuşdur. 2014-cü il tarixdə adıçəkilən ünvanda söküntü işləri həyata keçirilmiş və ərazidə yeni müasir yaşayış binaları inşa edilmişdir. Lakin onunla bağlanmış zəmanət müqaviləsinin şərtlərinə riayət olunmamış və faktiki olaraq müqavilə öhdəliyi pozulmuşdur. Belə ki, sonradan müəyyən olunmuşdur ki, inşa edilmiş yaşayış binalarının layihə sənədlərində müvafiq dəyişikliklər aparılmış və bununla da yeraltı mərtəbə sahəsi ləğv edilmişdir. Bununla da faktiki olaraq cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilməyərək mülkiyyət hüququ pozulmuşdur. Dəfələrlə cavabdehə, eləcə də Bakı şəhər İcra Hakimiyyətinə onun etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə ona dəymiş ziyan ödəniləcəkdir. Lakin 7 il keçməsinə baxmayaraq hər hansı bir əməli tədbir həyata keçirilməmişdir. Buna görə də o hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, söküntüsü həyata keçirilən və ona məxsus qarajın əvəzinə verilməli olan 30 m2 qarajın hazırkı satış qiyməti 50000 manat təşkil edir. Həmin dəymiş ziyanın ödənilməsi barədə müraciətləri isə icrasız qalmışdır. Məhkəmə araşdırması zamanı qeyd edilən tələblə bağlı cavabdehə müraciət etmədiyi əsas gətirilərək mənəvi ziyanla əlaqədar iddianın mümkün sayılmalı olmaması qənaətinə gəlinməməsi üçün qeyd edir ki, cavabdeh ona vurulmuş real zərəri ödəməkdən imtina etdiyi üçün əlavə olaraq mənəvi zərərlə əlaqədar müraciət etməyib. Çünki müraciətinin heç bir əhəmiyyəti olmayacağı ona aydındır. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-12251/2021 nömrəli qərardadı ilə "xxxx" MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı məhkəməyə elektron kabinet vasitəsi ilə yazılı ərizə göndərək iddianın mümkün sayılmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, inzibati iş üzrə keçirilmiş sonuncu məhkəmə iclasında iddianın mümkünlük məsələsi barədə qısa müzakirə aparılmış və həmin inzibati iş üzrə iddianın mümkünlüyünün yoxlanılması üçün növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 14:50-yə təyin edilmişdir. İddiaçı hesab edir ki, irəli sürülən tələb və tələbin yönəldiyi cavabdeh düzgün seçilmiş və buna görə də hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış zəmanət müqaviləsinin 2.1-ci maddəsi sifarişçi və zəmanətverənin öhdəlikləri adlanır. Həmin öhdəliklər müqavilədə nəzərdə tutulmuş, podratçı tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək, işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirməkdən ibarət olmuşdur. Göründüyü kimi, cavabdeh həyata keçirilən bütün işlərin maliyyə məsələlərinə bir başa cavabdehlik daşıyan şəxs olmuşdur. Cavabdeh inzibati orqanla aparılmış çoxsaylı yazışmalardan görünür ki, zəmanət müqaviləsi bağlanan zaman reallaşdırılması nəzərdə tutulmuş layihəyə yenidən baxılmış və yeni təsdiq olunmuş layihədə inşa ediləcək binaların yeraltı mərtəbə sahəsi ləğv edilmişdir. İcra Hakimiyyəti həmin yazışmalarda məhz bu səbəbdən müqavilə öhdəliyini icra edə bilmədiyini rəsmi şəkildə bəyan etmişdir. Həmçinin İcra Hakimiyyəti öz cavab məktublarında büdcədə yetərli vəsaitin olmaması səbəbindən iddiaçıya kompensasiyanın ödəmək iqtidarında olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçının pozulmuş mülkiyyət hüquqlarının müdafiəsi üçün düzgün cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Çünki hazırkı mübahisənin mahiyyəti ondan ibarətdir ki, inzibati orqan iddiaçıya məxsus daşınmaz əmlakın dövlət layihəsi əsasında sökülməsini həyata keçirmiş və bu layihənin icra edilməsi üçün bütün maliyyə məslələri Cavabdehin öhdəliyində olmuş, o isə müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçının razılığı olmadan inşa ediləcək binanın layihəsini dəyişdirmiş və faktiki olaraq 2014-cü ildən hazırkı müddətə qədər iddiaçını aldadaraq onun qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. Bu münasibətdə "xxxx" MMC isə podratçı qismində çıxış etmiş və onun iddiaçı qarşısında hər hansı bir məsuliyyəti müəyyən olunmamışdır. Belə ki, podratçı tərəfindən icra edilən layihə dövlət layihəsi olmaqla bu layihənin təsdiqi və lazımi qaydada icrasına nəzarət məhz Cavabdeh tərəfindən həyata keçirilmişdir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan iddiaçı ilə uzun müddətli yazışmalarında törətdiyi hüquqazidd əməli etiraf etmiş və iddiaçıya yalnız maliyyə vəsaitinin mövcud olmaması əsasından kompensasiyanın ödənilməsindən boyun qaçırmışdır. Həmçinin hazırkı mübahisəyə iki ilə yaxındır ki, birinci instansiya məhkəməsində baxılır və bundan öncəki işə baxan hakim tərəfindən iddianın mümkünlüyü məsələsinə baxılmış və iddianın mümkün olması qənaətinə gəlinmişdir. Cavabdeh iddia tələbinə bir neçə etiraz ərizəsi göndərərək iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehin sonuncu etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, qaraj sahəsi yeni tikintinin layihə sənədlərindən çıxarıldığından öhdəliyin icrası təmin edilməmişdir. Layihədə olunan dəyişiklik Cavabdeh ilə razılaşdırılmamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya qarajın verilməsi öhdəliyi cavabdehin deyil, üçüncü şəxs "xxxx" MMC-yə aid olan öhdəlikdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı mübahisə üzrə iş üzrə cavabdehə qarşı iddia qaldırmaqla çatmaq istədiyi hüquqi marağa çatması uyğun deyil, həmçinin hazırkı işin halları baxımından mümkün deyil. Həmçinin cavabdeh iddiaçının iddia tələbinə cavab verməli olan şəxs deyildir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 31/89 №li Zəmanət müqaviləsinə əsasən “Sifarişçi və zəmanət verən” Cavabdeh, “Podratçı” "xxxx" MMC, “Zəmanətalan” İddiaçı razılığa gələrək 3 tərəfli müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə görə, Bakı şəhərinin Baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddətini keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binalarının inşa olunması ilə əlaqədar Ağa Neymətulla küçəsi 29/89 saylı yaşayış binasının sökülməsi və sakinlərin köçürülməsi üçün həmin yerdə müasir yaşayış binasının inşa edilməsi, yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin və ya qeyriyaşayış sahələri ilə təmin olunması müqavilənin predmetini təşkil etmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçıya məxsus qaraj əvəzinə, həmin ünvanda inşa olunacaq yaşayış binasının zirzəmisində bir avtomobil yeri üçün ümumi sahəsi 30.0 kv.m olan qarajla təmin olunması razılaşdırılmışdır. İşin mübahisələndirilməyən hallarına əsasən mübahisə predmeti olan qaraj iddiaçının mülkiyyətində olmuş, yuxarıda qeyd olunan razılaşmaya əsasən podratçı şirkət olan "xxxx" MMC tərəfindən sökülərək yerində yeni bina inşa edilmişdir. Lakin iddiaçıya yeni tikilidə qaraj sahəsi verilməmişdir. Buna əsas kimi isə yeni tikilən binanın layihəsində qaraj sahəsinin nəzərdə tutulmaması olmuşdur. İddiaçı bu halla bağlı cavabdehə və müvafiq qurumlara müraciət etmiş, lakin müraciəti təmin olunmamış, bağlanmış müqavilə icrasız qalmışdır. Ona görə də, cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə Ali Məhkəmənin yuxarıda istinad edilən Plenum qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, hazırki işin halları baxımından iddiaçının çatmaq istədiyi hüquqi marağa Cavabdehə qarşı deyil, müqavilə üzrə podratçı şirkət olan "xxxx" MMC qarşı qaldırmaqla çata bilər. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh hazırki iddia tələbinə cavab verməli olan şəxs deyildir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış obyektinin sökülməsi və əvəzində yerində tikiləcək yeni binada 30 kv.m qaraj sahəsi verilməsinə razılıq vermişdir. Müqavilənin tərəfləri “Sifarişçi – “zəmanət verən” Cavabdeh, “podratçı – "xxxx" MMC, “zəmanətalan” isə iddiaçı göstərilmişdir. Müqavilənin “Tərəflərin öhdəlikləri” adlı 2-ci maddəsinə əsasən: 2.1. “Sifarişçi və zəmanətverənin” öhdəlikləri; 2.1.1. Müqavilədə nəzərdə tutulmuş, “Podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək; 2.2.2. İşlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirmək. 2.2 “Podratçının” öhdəlikləri; 2.2.1. Tikinti müddətində söküntüyə məruz qalan mənzilin və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə (sahibinə) bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan mənzilin və ya qeyri-yaşayış sahəsinin verilməsini təmin etmək; 2.2.2. Mülkiyyətçilərə yeni binada veriləcək yaşayış və ya qeyri-yaşayış sahələrinin sənədlərini rəsmilədirərək mülkiyyətçiyə təhvil vermək. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, yeni tikiləcək binada iddiaçıya qeyri-yaşayış sahəsinin verilməsi Podratçının (hazırki iş üzrə üçüncü şəxs MMC-nin) öhdəliyidir. Ona görə də, həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi cavabdeh deyil, üçüncü şəxs daşıyır. İddia tələbinin əsasını da müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi təşkil edir. Müqavilənin şərtlərinə əsasən “Sifarişçi və zəmanətverən” (iş üzrə cavabdehin) öhdəlikləri yalnız müqavilədə nəzərdə tutulmuş, “Podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək və işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirmək olmuşdur. Hazırkı mübahisədə isə iddiaçının narazılığı binanın tikilməsi ilə bağlı maliyyələşdirmənin aparılmaması, işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi ilə bağlı deyildir. İddiaçının tələbi müqavilənin icra edilməməsi nəticəsində dəymiş ziyanın (kompensasiyanın) ödənilməsi olduğundan, bu tələb də müqavilə üzrə qaraj sahəsinin iddiaçıya təhvil verməli olan şəxsə qarşı yönəlməlidir. Podratçı təşkilat isə inzibati orqan olmadığından hazırki inzibati icraat çərçivəsində əsl cavabdehin əvəz edilməsi barədə iddiaçıya hüquqi yardımın göstərilməsi mümkün deyildir. Məhkəmə iddia tələbinin müqavilənin icra edilməsi, qeyri yaşayış sahəsinin verilməsi deyil, kompensasiyanın verilməsi kimi irəli sürülməsi ilə bağlı qeyd edir ki, həm iddia tələbinin faktiki əsaslarından, həm də hazırki işin hallarından görünür ki, iddiaçının tələbinin əsasını müqavilənin icra edilməməsi ilə bağlı dəymiş ziyanın ödənilməsi təşkil edir. Belə olan halda həmin tələbə də (kompensasiyanın və ya maddi ziyanın ödənilməsi) müqavilənin icra etməmiş tərəf, yəni qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermək öhdəliyini icra etməmiş tərəf daşımalıdır. Hazırki işin halları baxımından Cavabdehin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən hər hansı hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatında əmlak və ya vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələblərinə məhz inzibati mübahisələrin həlli ilə bağlı baxıla bilər (İPM 2.2.7 maddə). İddiaçının nümayəndəsi və vəkili məhkəməyə təqdim etdiyi yazılı ərizəsində layihənin qəsdən cavabdeh tərəfindən dəyişdirilərək qaraj sahəsinin layihədən çıxarılmasını göstərsə də, bu hal iddiaçının bildirdiklərindən başqa iş materialları ilə və ya hər hansı bir sübutla təsdiq edilmir. İddiaçı bununla bağlı iş materiallarında cavabdehin iddiaçının müraciətinə cavab məktubundan bu halı etiraf etdiyini göstərmişdir. Lakin həmin məktubdan görünür ki, cavabdeh iddiaçıya ünvanladığı məktubda sadəcə olaraq layihədə dəyişiklik edildiyini və yeni tikilən binada qaraj sahəsinin olmadığını göstərmişdir. Bu hal isə cavabdehin həmin faktı etiraf etməsi mənasına gəlmir. Belə ki, cavabdeh həmin məktubda layihənin icra hakimiyyəti tərəfindən dəyişdirildiyini göstərməmişdir. Həmçinin məhkəməyə ünvanladığı son etiraz məktubunda yeni tikilən binada layihənin dəyişdirilməsinin cavabdeh ilə razılaşdırılmadığı göstərilmişdir. Cavabdehin bəzi məktublarında maliyyə vəsaitinin olmaması səbəbindən kompensasiyanın ödənilməsinin mümkünsüz olması barədə bildirdikləri də, iddia tələbinin etiraf edilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, cavabdehin iddia tələbinin etiraf etməsi üçün ilk növbədə həmin iddianın mümkünlük şərtlərinə cavab verməsi şərti ödənilməlidir. Baxılan işdə də, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi üzrə mümkünlük şərti ödənilmədiyindən, mümkün olmayan bir tələbin də etiraf edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hüquqi marağına (müqavilənin icra edilməsi, qeyri-yaşayış sahəsinin ona verilməsi və ya müqavilənin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi) çatmaq üçün həmin müqavilə üzrə qeyri-yaşayış obyektinin ona verilməsi öhdəliyi götürmüş podratçı təşkilata qarşı ümumi məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilər. Buna görə də məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-517/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-517/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver