Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5171/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hərbi xidmət zamanı sağlamlığına dəymiş ziyana görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydada ona kompensasiya ödənişinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 28.08.1998-ci il tarixindən 07.06.2016cı il tarixinə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarədə, Hərbi- Əks-Kəşfiyyat Xidmətində, Milli Təhlükəsizlik Nazirliyində (bundan sonra MTN) və Dövlət Təhlükəsizliyi Xidmətində (bundan sonra DTX) hərbi xidmətdə olmuşdur. 07.06.2016-cı il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. AR MTN-də həqiqi hərbi xidmət dövründə dəfələrlə MTN-in poliklinikasında, DTX-nin Hərbi Hospitalında müalicə olunmuşdur. Səhhətində yaranmış ciddi problemlərlə əlaqadar olaraq AR DTX-nin Kadrlar Baş İdarəsinin göndərişinə əsasən AR DTX HTBİ Mərkəzi hərbi-həkim komissiyası tərəfindən ona 22.02.2017-ci il tarixdə № 211 Xəstəlik Şəhadətnaməsi verilmişdir. Qeyd edilən Şəhadətnamədə qeyd edilmişdir ki, xəsarət “Hərbi xidmət dövründə” alınmışdır. Qeyd olunan № 211 Xəstəlik Şəhadətnaməsi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 21.11.2017-ci il tarixində 2-ci qrup əlil kimi qeydiyyata alınaraq, sözügedən Xidmət tərəfindən 2-ci qrup əlil olduğunu təsdiq edən arayış verilmişdir. İddiaçı travmanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı üçün AR DTX-nə müraciət etmiş və AR DTX Hərbi Tibb Baş İdarəsinin Mərkəzi hərbi-həkim komissiyasının qərarına əsasən 05.03.2020-ci il tarixdə “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” barədə qərar verilmişdir. AR Dövlət Təhlükəsizliyi Xidmətində həqiqi hərbi xidmət keçdiyinə əsaslanaraq 01.09.2021-ci il tarixli ərizə ilə AR DTX-nə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, sizin AR Dövlət Təhlükəsizliyi Xidmətinə ünvanladığınız ərizəyə baxılmışdır. Nəzərinizə çatdırılır ki, AR NK 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarı ilə təsdiq olunmuş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinin tələblərinə müvafiq olaraq sizə müvafiq kompensasiyanın ödənilməsi mümkün deyildir. Göründüyü kimi cavabdeh inzibati orqan üzərinə düşən vəzifəni yerinə yetirməkdən əsassız imtina edərək, qeyd olunan kompensasiya ödənişinin veriİməsindən imtina etmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən hesab edir ki, cavabdeh AR Dövlət Təhlükəsizliyi Xidmətindən kompensasiya ödənişinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı 1998-ci ilin avqust ayından Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəyə həqiqi hərbi xidmətə qəbul edilərək əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Daha sonra AR MTN-DTX-nin müxtəlif struktur bölmələrində xidmətini davam etdirmiş, 13.05.2016-cı il tarixdə öz arzusu ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq DTX-nin ehtiyatına buraxılmışdır. Müəyyən olmuşdur ki, iddiaçı öz arzusu ilə ehtiyata buraxıldıqdan sonra 2016-cı ilin dekabr ayında DTX-nin Hərbi-tibb baş idarəsinin Mərkəzi hərbi-həkim komissiyasına tibbi şəhadətləndirilməsi üçün ərizə ilə müraciət etmiş və barəsində “xəstəlik hərbi xidmət dövründə alınmışdır” qərarı verilmişdir. Lakin iddiaçı 2019-cu ilin dekabr ayında digər ərizə ilə müraciət edərək Mərkəzi Hərbi-həkim komissiyası tərəfindən çıxarılmış qərara yenidən baxılmasını xahiş etmişdir. Təkrar müraciətə əsasən yenidən araşdırma aparılaraq iddiaçının 01.11.1998-ci il tarixdə avtoqəza nəticəsində aldığı xəsarət xidməti vəzifələrinin icrası zamanı alınmış travma kimi qiymətləndirilmiş və iddiaçının müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “c” yarımbəndinə əsasən DTX-nin Mərkəzi hərbi-həkim komissiyası 05 mart 2020-ci il tarixdə iddiaçı barəsində “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarı çıxarmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 180-24 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiyanın verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Göründüyü kimi iddiaçının 01.11.1998-ci il tarixdə avtoqəza nəticəsində xidməti vəzifələrinin icrası ilə əlaqədar aldığı xəsarət onun xidməti vəzifələrinin icrasını istisna etməmiş və həmin şəxs öz arzusu ilə 2016-cı ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini əsassız hesab edərək, onun təmin olunmaması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən İddiaçı xx.xx.1969-cu il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş EZ № A ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 07.06.2016-cı il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş 22.02.2017-ci il tarixli, 211 nömrəli Xəstəlik şəhadətnaməsinə əsasən İddiaçı 01.11.1998-ci il tarixdə avtomobil qəzası zamanı aldığı travma ilə əlaqədar Azərbaycan Respublikası DTX HT Mərkəzi hərbi-həkim komissiyası tərəfindən DTX Kadrlar İdarəsinin göndərişinə əsasən şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 №li Qərarı ilə təsdiq edilmiş “Xəstəliklər Cədvəlinin” 26 “B”, 43 “C”, 66 “B” maddələrinin İİİ qrafasına müvafiq olaraq qərara alınmışdır: Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən 23.11.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı 21.11.2017-ci il tarixdə qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb baş idarəsinin Mərkəzi hərbi-həkim komissiyasının 05.03.2020-ci il tarixli, 3 nömrəli qərarına əsasən DTXnin sabiq əməkdaşı ehtiyatda olan polkovnik-leytenant İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən - 01.11.1998-ci il tarixdə aldığı və 01.11.1998-07.11.1998-ci il tarixlərdə Bərdə RMX-da müayinə və müalicə olunduğu xəsarət - diaqnoz: “Ağır qapalı fəqərə sutunu və onurğa beyni travması. Onurğa beyinin əzilməsi. L1 fəqərəsinin fəsadlaşmamış kompression sınığı” (1680 №-li çıxarış epikrizi), AR SN Neyrocərrahlıq Xəstəxanasının 07.11.98-25.11.98-ci il tarixlərdə - diaqnoz “L1 fəqərəsinin fəsadlaşmış kompression sınığı” (1675 №li çıxarış epikrizi) və 22.02.2017-ci il tarixli Xəstəlik şəhadətnaməsi № 211 diaqnoz - “Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə onurğanın bel-oma hissəsinin osteoxondrozu, L1 fəqərə cisminin köhnə postravmatik sınığı, L3-L4 fəqərələrarası diskin protruziyası, L4-L5 fəqərələrarası diskin yırtığı. Hipertonoya xəstəliyi birinci mərhələ, tədricən inkişaf edən gedışli. Funksiya pozğunluğu olmadan qara ciyərin piyli distrofiyası. İkinci dərəcəli alimentar piylənmə” (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Kadrlar Baş İdarəsinin 21.02.2020-ci il tarixli 12/15/1497 nömrəli AR DTX-nin ehtiyatında olan polkovnik-leytenant İddiaçı xidmət etdiyi dövrdə xəsarət alması barədə tərtib etdiyi rəy, DTXnin Hərbi-tibb idarəsinin Mərkəzi Hərbi-həkim Komissiyası tərəfindən verilmiş 22.02.2017-ci il tarixli 211 nömrəli xəstəlik haqqında şənadətnamə DTX HTBİ MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. DTX HT MHHK-nın 22.02.2017-ci il tarixli 211 nömrəli xəstəlik şəhadətnaməsinin xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi barədə qərarı ləğv edilir. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci iİ tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2. bəndinin c) yarımbəndi. DTX MHHK-nın 96 nömrəli 05 mart 2020-ci il tarixli protokolu. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İddiaçı müraciətinə cavab olaraq ünvanladığı 01.10.2021-ci il tarixli, 22/167/9 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinin tələblərinə müvafiq olaraq sizə müvafiq kompensasiyanın ödənilməsi mümkün deyildir. Beləliklə, müəyyən olunur ki, iddiaçı dövlət təhlükəsizlik orqanlarında xidmət keçmiş ehtiyatda olan qulluqçudur. İddiaçının xidmət dövründə aldığı travmanın AR DTX Hərbi Tibb Baş İdarəsinin Mərkəzi hərbi-həkim komissiyasının qərarına əsasən 05.03.2020-ci il tarixdə “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” barədə qərarı verilmişdir. İddiaçı qeyd edilən xidmət dövründə xidməti vəzifələrinin icrası ilə əlaqədar aldığı travmaya görə müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh DTX-nə müraciət etmiş, cavabdeh iddiaçının qanunla müvafiq kompensasiya alacaq şəxslərin dairəsinə aid edilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddia üzrə iddiaçı cavabdehin üzərinə müvafiq kompensasiya ödənilməsi vəzifəsinin qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 3 avqust 2004-cü il tarixli 104 nömrəli Fərmanın 2.3-cü bəndinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə bu qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına (bundan sonra - əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Həmin Qaydaların 2.3-cü bəndinə görə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət və ya xəstəlik nəticəsində həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsi istisna edilmiş əməkdaşa, yaxud onun ailə üzvlərinə kompensasiya ödənilmir. Həmin Qaydaların 3.6-cı bəndinə görə xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edildikdə aşağıdakı sənədlər kompensasiyanın təyin edilməsi üçün əsas götürülür: -kompensasiya ödənilməsi üçün əməkdaşın ərizəsi; -xidmətinin davam etdirilməsini istisna edən xəsarətin xidməti vəzifələrinin icrası ilə səbəb əlaqəsi barədə hərbi-həkim komisssiyasının qərarı (4 nömrəli əlavə); -əməkdaşın pul təminatı barədə maliyyə struktur bölməsinin arayışı. Həmin Qaydaların 3.9-cu bəndinə görə bu qaydalarla müəyyən edilmiş kompensasiya əməkdaşa və ya onun ailə üzvlərinə xidmətdən ehtiyata və ya istefaya buraxılarkən ödənilmiş birdəfəlik pul təminatından, təyin edilmiş pensiyadan və ya sığorta ödənişindən asılı olmayaraq ödənilir. Beləliklə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşına aşağıdakı hallarda kompensasiya ödənilir: -Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı travma (xəsarət) almalı; -Xəsarət əməkdaşın xidmət etdiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar alınmalı; -Xəsarət əməkdaşın xidmətinin davam etdirilməsini istisna etməlidir. Bütün bu qeyd edilən şərtlərin mövcud olduğu təqdirdə əməkdaşa müvafiq kompensasiya ödənilir. İşin hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən - 01.11.1998-ci il tarixdə avtomobil qəzası ilə əlaqədar xəsarət almış, iddiaçı xəsarəti üzrə tibbi şəhadətləndirilmiş və Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb baş idarəsinin Mərkəzi hərbihəkim komissiyasının 05.03.2020-ci il tarixli, 3 nömrəli qərarına əsasən xəsarətin “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarı verilmişdir. Eyni zamanda müəyyən olunur ki, iddiaçı qeyd edilən xəsarəti 01.11.1998-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı almış olsa da bu xəsarətdən sonra xidmətini davam etdirmiş, yalnız 07.06.2016-cı il traixdə öz arzusu ilə xidmət orqanından ehtiyata buraxılmışdır. Beləliklə, iddiaçıya müvafiq kompensasiyanın ödənilməsi üçün tələb olunan üçüncü şərt - xəsarət əməkdaşın xidmətinin davam etdirilməsini istisna etməlidir - şərti iddiaçıya münasibətdə ödənilmir. Məhkəmə qeyd edir ki, tələb olunan bu üçüncü şərt kompensasiyanın bilavasitə mahiyyətinə xidmət edir. Belə ki, qanunverici kompensasiyanı xidmət zamanı xəsarət almış və bu xəsarət səbəbindən xidmətini davam etdirə bilməyən, ehtiyata buraxılmaya məruz qalmış əməkdaşın onun üçün gözlənilməz olan mənfi nəticələrinə (məs, iş yerini itirməsi, bununla əlaqədar maddi itkilər, eləcə də müalicə xərcləri və s.) məruz qalmasını qarşılamağa yönəlmiş pul təminatı olaraq qiymətləndirmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar xəsarət almış əməkdaşın almış olduğu xəsarət onun xidmətini davam etdirməyə imkan vermədiyi təqdirdə müvafiq kompensasiya məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilən bu hal isə hazırkı iddiaçıya münasibətdə müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5171/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5171/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver