Məhkəmə qərarları › İş №2-1(112)-5171/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5171/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5171/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın və texniki pasportun verilməsi” üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 30 noyabr 1992-ci il tarixli 1977 saylı Sərəncamı ilə iddiaçının mərhum atası X4 ayrılmış, Sabunçu rayonu Ləhic bağ massivi ərazisində olan 244 saylı Bağ Tikinti Koperativinin bağlar massivindəki 6 saylı (sahəsi 12 sot) bağın torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması, həmin bağ sahəsinə dair çıxarışın (arayışın) və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər Soveti İcravə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 N-li və Azərbaycan Respublikasının Nazirlər Kaabinetinin 2 iyun 1988-ci il tarixli 195 saylı Qətnaməsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 30 noyabr 1992-ci il tarixli 1977 saylı Sərəncamı ilə ( Bakı şəhər İcra Hakimiyyətinin 25 noyabr 1992ci il tarixli komissiya iclasının 45 №-li protokoluna əsasən) Rəssamlar İtifaqının əməkdaşlarına bağ sahələri ayrılması üçün 244 saylı Bağ - Tikinti Koperativi yaradılmış və Bakı şəhəri Sabunçu rayonu Ləhic Bağlar massivindən 26 əməkdaşa bağ sahəsi (hər birinə 12 sot olmaqla) ayrılmışdır. Azərbaycan Respublikası Rəssamlar İtifaqının üzvü, Xalq Rəssamı, Rəssamlar Akademiyasının professoru, Prezident Təqaüdçüsü olmuş X4 (iddiaçının mərhum atasına) da Sabunçu rayonu Ləhiş bağ massivi ərazisində 244 saylı Bağ Tikinti Koperativinə ayrılmış bağlar massivindən sahəsi 12 sot olan 06 saylı bağ sahəsi ayrilmişdir. Bundan sonra Bakı şəhər İcrayə Komitəsinin Bağlar Təsərüfatmın İnkişafı və İstismarı Birliyinin əməkdaşları tərəfindən ayrılmış 26 bağ sahəsinin əməkdaşlar arasında bölünmüş, ayrılmış bağlara dair cizgi sxemi və ümumi bağların sxemi yerində çəkilmiş və hər bir əməkdaşa öz bağına dair və ümumi bağlar sahəsinə dair sxem verilməklə onlara bağ sahəsinə dair Orderlər verilmişdir. İddiaçı mərhum atam X2 ona ayrılmış sahəsi 12 sot olan 06 saylı (eskiz sxemdə iddiaçının atasına ayrılmış bağ sahəsinin nömrəsi altıdır) bağ sahəsinə dair 19 saylı Order verilmişdir. Bundan sonra iddiaçının mərhum atası Prezident təqaüdçüsü kimi ona ayrılmış 06 saylı bağ sahəsində abadlıq işləri aparmış, bağ sahəsini hasarlamış, ağaclar əkmiş və sair işlər görmüşdür. Uzun müddət bağ sahəsi istifadəsində olmuşdur. İddiaçı dəfələrlə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 06 saylı bağ sahəsinin hüquqların dövlət qeydiyyatına alınması, bağ sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi barədə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi hər dəfə iddiaçının mərhum atasına ayrılmış 06 saylı bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından, bağ sahəsinə dair çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. Bakı şəhər Sabunçu rayonu Ləhic bağ massivi ərazisində 244 saylı Bağ Tikinti Koperativinə ayrılmış bağlar massivindəki 26 bağ sahələrindən əksəriyyətinə cavabdeh tərəfindən çıxarış verilmişdir (qonşu bağlar). İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 30 noyabr 1992-ci il tarixli 1977 saylı Sərəncamı ilə iddiaçının mərhum atası X4 ayrılmış Sabunçu rayonu Ləhic bağ massivi ərazisində olan 244 saylı Bağ Tikinti Koperativinin bağlar massivindəki 6 saylı (sahəsi 12 sot) bağın torpaq sahəsinin hüquqi dövlət qeydiyyatına alışnması, həmin bağ sahəsinə dair çıxarışın (arayışın) və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə Qərar qəbul edilməlidir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2011-ci il tarixli məktubda qeyd olunmuşdur ki, sözügedən bağ sahəsinə texniki baxış zamanı bağ sahəsinin nömrəsində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, bağ sahəsinin faktiki vəziyyəti 5564 nömrəsinə uyğun gəlir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, sözügedən bağ sahəsinin yeri təyin edildikdən və naturada istifadədə olan bağ sahəsinin döngə nöqtələrinin mərz nişanları göstərildikdən sonra müraciətə yenidən baxılacaqdır.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə oldunduğu müəyyən edilmişdir (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Həmçinin şərti olaraq göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

6. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 30 noyabr 1992-ci il tarixli, 1977 saylı Sərəncamı ilə mərhum atası X4 ayrılmış, Sabunçu rayonu, Ləhic bağ massivi ərazisində olan 244 saylı Bağ Tikinti Kooperativinin bağlar massivindəki 6 saylı (sahəsi 12 sot) bağın torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması, həmin bağ sahəsinə dair çıxarışın (arayışın) və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********89 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə oldunduğu müəyyən edilmişdir (torpaq sahəsi iddiaçının istifadıəsində deyil). Həmçinin şərti olaraq göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

7. Bakı şəhəri İcraiyyə Komitəsinin “Bağ sahəsinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında” xx.xx.1992-ci il tarixli, 1977 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Bağ məsələləri üzrə komissiya yığıncağının 25 noyabr 1992-ci il tarixli, 45 nömrəli Protokoluna əsasən Ləhic ərazisindəki 244 nömrəli Bağ-tikinti kooperativinin 26 nəfərdə ibarət siyahısı təsdiq edilmişdir (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən):

19. X5 – A.İldırım, 15, m.**-SP-***06

8. Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ləhiş bağlar sahəsindəki 244 №-li kooperativin 19 №-li Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər İcraiyyə Komitəsinin 30 noyabr 1992-ci il tarixli 1977 №-li qərarına əsasən X4 Ləhiş bağlar sahəsində 244 №-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 6 №-li bağ ayrılmışdır.

9. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1977 nömrəli sərəncamı böyük həcmlidir və həmin sərəncamla vətəndaş İddiaçı baş sahəsinin ayrılması aşkar edilməmişdir.

10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən yerli baxış zamanı vətəndaş tərəfindən digər fiziki şəxs tərəfindən hasarlanmış ərazi göstərilmişdir. Bağ sahəsində mübahisə predmeti mövcuddur. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir.

11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.

12. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə aparılmış yerində müayinə nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının göstəriyi sahənin sərhədləri hər tərəfdən mişar daşı ilə hasarlanmış və darvaza qoyulmuşdur. Müayinə zamanı iştirak edən iddiaçı (və iddiaçının anası) bildirmişdir ki, 2015-ci ildən bəri torpaq sahəsinə iddiaçı tərəfindən giriş-çıxış olmamışdır, iddiaçıda və ailə üzvlərində darvazanın açarları yoxdur, həmin vaxtdan torpaq sahəsi iddiaçının və ailə üzvlərinin faktiki sahibliyində deyil, belə ki, torpaq sahəsi həmin vaxtdan etibarən digər şəxslər tərəfindən zəbt edilmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. Torpaq sahəsi faktiki sahibliyində olmasa da, iddiaçı tərəfindən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmişdir, odur ki, iddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

22. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

24. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

25. X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

26. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

27. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

28. X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

30. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

31. İddia tələbinin məzmunundan görünür ki, İddiaçı Sabunçu rayonu Ləhiş bağ massivində 244 saylı Bağ Tikinti Koperativinin nəzdində 0,12 hektar torpaq sahəsi olan 6 nömrəli bağ sahəsinin mərhum atası X4 məxsus olduğunu bildirmiş və həmin bağ sahəsinə dair X4 məxsusluğu barədə arayışın və texniki pasportun verilməsini tələb etmişdir.

32. İddiaçı iddia tələbinin əsası olaraq Bakı şəhəri İcraiyyə Komitəsinin “Bağ sahəsinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında” xx.xx.1992-ci il tarixli, 1977 nömrəli Sərəncamına və Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 244 №-li kooperativ tərəfindən verilmiş 19 №-li Orderə istinad etmişdir. Belə ki, müvafiq hüquqmüəyyənedici sənədlərə əsasən Ləhiş bağlar sahəsində 244 №-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 6 №-li bağ sahəsi X4 (iddiaçının mərhum atasına) ayrılmışdır.

33. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, torpaq sahəsi iddiaçının istifadəsində deyil, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə oldunduğu müəyyən edilmişdir. Həmçinin şərti olaraq göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.

34. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş etirazın dəlilləri ilə razılaşır və nəzərə alır ki, - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən yerli baxış zamanı vətəndaş tərəfindən digər fiziki şəxs tərəfindən hasarlanmış ərazi göstərilmişdir. Bağ sahəsində mübahisə predmeti mövcuddur. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. - Torpaq sahəsinə yerində müayinə nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının göstəriyi sahənin sərhədləri hər tərəfdən mişar daşı ilə hasarlanmış və darvaza qoyulmuşdur. Müayinə zamanı iştirak edən iddiaçı bildirmişdir ki, 2015-ci ildən bəri torpaq sahəsinə iddiaçı tərəfindən giriş-çıxış olmamışdır, iddiaçıda və ailə üzvlərində darvazanın açarları yoxdur, torpaq sahəsi həmin vaxtdan etibarən digər şəxslər tərəfindən zəbt edilmişdir.

35. Məhkəmə iş üzrə təqdim edilən sübutları məcmu halında qiymətləndirərək müəyyən edir ki, “Bağ sahələrinin ayrılması, ada keçiriləsi, bölünməsinə dair” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-cı il tarixli, 1977 №-li sərəncamından çıxarışa əsasən Ləhic ərazisindəki 244 nömrəli Bağ-tikinti kooperativinin nəzdində 6 saylı torpaq sahəsinin iddiaçının mərhum atası X3 istifadəsinə verildiyi qeyd olunsa da, mübahisələndirilən bağ sahəsi iddiaçının faktiki və qanuni istifadəsində deyil. Sözügedən torpaq sahəsinə faktiki sahiblik digər şəxslər tərəfindən həyata keçirirlir. Odur ki, qanunverici vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən etdiyindən və Ləhiş bağ massivində yerləşən 6 saylı bağ sahəsi iddiaçının hazırda qanuni sahibliyində və istifadəsində olmadığından iddiaçının Ləhiş bağ massivində yerləşən 6 saylı bağ sahəsinə mülkiyyət hüququnun tanınmasını və üçüncü şəxslərin qeyd olunan bağ sahəsi üzərində hüquqlarının ləğvini tələb etməsi üçün “qanuni gözləntisi” yoxdur. Belə ki, iddiaçının hüquqi vəziyyəti tələbin hüquqi əsasını təşkil edən disposiziya şərtinə uyğun gəlmir.

36. Bununla belə, məhkəmə qeyd edir ki, şərait dəyişdiyi təqdirdə, yəni torpaq sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsində olmaqla cavabdeh tərəfindən müayinəsinə şərait yaradıldıqda, iddiaçı qeyd edilən tələblə (yenidən) inzibati orqana müraciət etməkdə, hüququn qeydə alınmasından imtina edildiyi halda isə (yenidən) məhkəməyə müraciət etməkdə haqlıdır.

37. Odur ki, iddiaçı hüquqi marağına uyğun olaraq iddia etdiyi torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılmasına dair mülki qaydada iddia qaldırmalı, torpaq sahəsi üzərində sahiblik hüquqları bərpa olunduğu təqdirdə, yuxarıda qeyd edilən qaydada hüququn qeydiyyatı üçün müraciət etməlidir.

38. Məhkəmə iddia tələbinin “torpaq sahəsinə dair texniki pasportun verilməsi” hissəsini “torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” kimi nəzərə alır və qeyd edir ki, torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsində olmadığından iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

39. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

40. hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar