Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5172/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (X1 zamini) cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Əmanətlərin Sığortalanması Fondu və LPO Dəmirbank məhkəmə icraatına 3-cü şəxslər qismində cəlb edilməklə “kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya olunmalı kreditlər üzrə siyahıya əlavə edilmə öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və X5 tərəfindən 25.10.2013-cü il tarixdə "xxxx" ASCdən götürülmüş kredit üzrə qalıq borcun Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral 551 nömrəli fərmanın şərtlərinə uyğun olaraq restruktruzasiya edilməsi üçün zəruri tədbirlərin görülməsinin cavabdehlərə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə 19 mart 2021-ci il tarixdə İddiaçı hüquqi yardım məktubu göndərərək izah etmişdir ki, cavabdeh qismində qeyd etdiyi Əmanətlərin Sığortalanması Fondu və Ləğv prosesində olan "xxxx" ASC inzibati orqan deyildir. İnzibati məhkəmə icraatında cavabdeh qismində Mərkəzi Bankla birlikdə Əmanətlərin Sığortaolunması Fondu və Ləğv prosesində olan "xxxx" ASC-nin birgə həmiştirakçılığına yol verilmir. Həmçinin iddia tələbinizin məzmunundan aydın görünür ki, ləğv prosesində olan "xxxx" ASC ilə borcalan qismində X4 və İddiaçı çıxış etmişdir. Qeyd edilən kredit müqaviləsi təqdim edilməlidir. Həmçinin, X2 münasibətdə iddia ərizəsi şəxsən imzalanmamışdır. Bundan əlavə iddia ərizəsini imzalayan şəxs qismində Vəkil göstərilmiş, etibarnamə əlavə edilmiş, lakin hüquqi yardımın göstərilməsinə dair vəkil orderi əlavə edilməmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Məhkəməyə müraciət edərək cavabdeh kimi Mərkəzi bankı, 3-cü şəxs kimi Əmanətlərin Sığortalanması Fondunu və"xxxx" ASC-ni 3-cü şəxs kimi göstərmiş, kredit müqaviləsi üzrə qalıq borcun restruktruzasiya olunmalı kreditlər üzrə siyahıya əlavə edilməsi öhdəliyini cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5172/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-5172/2021 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu və"xxxx" ASC icraatına 3-cü şəxslər qismində işə cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və 3-cü şəxslərə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Nərgiz Mehdiyevanın müraciətinə cavab olaraq “Əmanətlərin Sığortalanması Fonduna” və surəti Nərgiz Mehdiyevaya göndərilmiş 25 fevral 2021-ci il tarixli, 26-02779-2021 saylı məktubda bildirilir ki, vətəndaş Nərgiz Mehdiyevanın (zamini İddiaçı ) 01.03.2019-cu il tarixinə banklara və digər kredit təşkilatlarına olan əsas borcunun məbləği milli valyutada 17.000 manatdan (və ya xarici valyutada 10.000 ABŞ dollarından) az olduğu üçün, ləğv prosesində olan "xxxx" ASC ilə imzalanmış 25.10.2013-cü il tarixli, 70161862-16 hesab nömrəli kredit müqaviləsi üzrə 01.03.2019-cu il tarixinə 360 gündən çox gecikdirilmiş qalıq borcu Fərmana müvafiq olaraq restruktruzasiya çərçivəsinə düşür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə artıq mübahisənin mövcud olmadığını, Mərkəzi bank tərəfindən artıq kredit müqaviləsi üzrə qalıq borcun restruktruzasiya olunmalı kreditlər üzrə siyahıya əlavə edildiyini bildirərək, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman 01.03.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. Həmin fərmanın 8.6-8.8-ci bəndlərin əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutlmuşdur. 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.6-ci -6.9-cu bəndlərinə əsasən Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Göründüyü kimi, Mərkəzi Bankın əsas öhdəliyi kompensasiya məbləği hesablamaqla ödəniləcək kredit müqavilələri üzrə məlumatın (siyahının) və qalıq borcun restruktrizasiya ediləcək kreditlər siyahısına salınaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi ilə bağlıdır. Beləliklə, Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, İddiaçı (X1 zamini) cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Əmanətlərin Sığortalanması Fondu və LPO Dəmirbank məhkəmə icraatına 3-cü şəxslər qismində cəlb edilməklə “kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya olunmalı kreditlər üzrə siyahıya əlavə edilmə öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə iddia tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16.3, 67-ci, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İnzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5172/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5172/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver