Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5177/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda işləyən hakimlərin məzuniyyətə çıxarkən onlara verilən iki aylıq məzuniyyət pulunun və ildə bir dəfə iki aylıq əmək haqqı həcmində aldıqları müalicə pulunun, həmçinin səlahiyyətinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə verilən vəzifə maaşlarının 15 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının da nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq, təyin edilməsi, habelə yanlış hesablama nəticəsində bu günə qədər ödənilməmiş pensiya məbləğində yaranmış fərqin hesablanaraq, birdəfəlik qaydada ona ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək 6 il 2 iki ay müddətində hakim vəzifəsində məhkəmə sistemində işləmişdir. Əmək pensiyası yaşına çatdığından xx.xx.2020-ci il tarixində əmək pensiyasına çıxmaq üçün ərizəsini DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmiş və 2020ci ilin fevral ayından etibarən ona əmək pensiyası təyin olunmuşdur. Lakin ona əmək pensiyası təyin edilərkən qanunvericiliyin tələbləri pozulmuş, hakimlərin pensiya təminatı ilə bağlı qaydalara və tələblərə əməl edilməmiş, pensiyanın həcminə təsir edəcək bir sıra hallar nəzərə alınmayaraq, pensiya məbləği düzgün hesablanmamışdır. Belə ki, səlahiyyətinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 15 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı, o cümlədən hazırda işləyən hakimlərin məzuniyyətə çıxarkən onlara verilən iki aylıq məzuniyyət pulu və ildə bir dəfə iki aylıq əmək haqqı həcmində aldıqları müalicə pulu pensiya hesbalanması zamanı nəzərə alınmalı olduğu halda, onun əmək pensiyasının hesablanması zamanı qanunsuz və əsassız olaraq nəzərə alınmamışdır. Bu səbəblə o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, hazırda işləyən hakimlərin məzuniyyətə çıxarkən onlara verilən iki aylıq məzuniyyət pulunun və ildə bir dəfə iki aylıq əmək haqqı həcmində aldıqları müalicə pulunun, o cümlədən səlahiyyətinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 15 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının da nəzərə alınmaqla əmək pensiyasının yenidən qanuna uyğun hesablanaraq, təyin edilməsini, habelə yanlış hesablama nəticəsində bu günə qədər ödənilməmiş fərqin də hesablanaraq, birdəfəlik qaydada ona ödənilməsini xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona göndərilən “əlavələrin pensiya məlbəğinin hesablanmasında nəzərə alınmasının mümkün olmaması haqqında” 19 noyabr 2021-ci il tarixli **********3 nömrəli cavab məktubunda yuxarıda göstərilən müavinət və pul təminatı, səlahiyyətlərin icrası ilə əlaqədar verilən pul təminatı vaxtı ilə ona ödənilmədiyindən həmin əlavələrin əmək pensiyasına tətbiq edilməsinin mümkün hesab edilmədiyi bildirilərək, tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi qeyd olunmuşdur ki, “Məhkəmələr və hakimlər haqqında’’ Azərbaycan Respublikasının Qanununun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinə əsasən isə hakimlərə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik pul təminatı verilir. Göründüyü kimi sözügedən əlavələr hazırda hakim kimi çalışan əməkdaşlar üçün nəzərdə tutulur. Ancaq bu imtina müvafiq qanunvericiliyin tələblərinə əsasən qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində barədə bildirilir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə əsasən hakimlər məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinə əsasən isə hakimlərə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik pul təminatı verilir. Göründüyü kimi, sözügedən əlavələr hazırda hakim kimi çalışan əməkdaşlar üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göstərilənlərə əsasən iddiaçıya müavinət və pul təminatı, səlahiyyətlərin icrası ilə əlaqədar verilən pul təminatı vaxtilə ödənilmədiyindən həmin əlavələrin əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması (yenidən hesablanması) barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. Məhkəmə araşdırması zamanı təqdim olunmuş iddiaçıya aid 001674 №-li pensiya işində olan sənədlərin surətlərindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə 1275,12 manat məbləğində (Dövlət qulluğu stajı 6 il 2 ay, dövlət məvacibinin orta aylıq məbləği-1593,90 manat, pensiya faizi -80 faiz, pensiya müddəi-müddətsiz) əmək pensiyası təyin olunmuşdur. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Məhkəmələr və hakimlər haqqında’’ Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə əsasən hakimlər məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinə əsasən isə hakimlərə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik pul təminatı verilir. Göründüyü kimi, sözügedən əlavələr hazırda hakim kimi çalışan əməkdaşlar üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən yuxarıda göstərilən müavinət və pul təminatı, səlahiyyətlərin icrası ilə əlaqədar verilən pul təminatı vaxtilə müraciətçiyə ödənilmədiyindən həmin əlavələrin əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublkası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8/589 №-li məktubda qeyd olunmuşdur ki, 2000-ci ilin sentyabr ayında hakimlik səlahiyyətinə xitam verilmiş xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilədək hakim vəzifəsində işləmiş İddiaçı məzuniyyətə çıxarkən iki aylıq məzuniyyət pulu, ildə bir dəfə iki aylıq əmək haqqı həcmində müalicə pulu, hakimlik stajına görə əlavə, həmçinin səlahiyyətinin yerinə yetirilməsi ilə bağlı aylıq pul təminatı ödənilməmişdir. 2000-ci ilin sentyabr ayından başlayaraq hakimlərin maddi təminatı “Məhkəmələr və hakimlər haqqında” Qanunla tənzimlənir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının; - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun; - 106-ci maddəsinə görə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir (25 iyul 2019-cu il tarixədək olan redaksiyada). - 107-ci maddəsinə görə hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. - 109-cu maddəsinə görə hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisə qüvvədə olan qanunvericiliyə əsasən hakimlərə məzuniyyətə çıxarkən onlara verilən iki aylıq məzuniyyət pulunun və ildə bir dəfə iki aylıq əmək haqqı həcmində aldıqları müalicə pulunun, həmçinin səlahiyyətinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə verilən vəzifə maaşlarının 15 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı yaranmışdır. İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilədək hakim vəzifəsində işlədiyi dövrlərdə yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş əlavələri, yəni məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində hakimlərə verilən müavinəti, müalicə ilə əlaqədar verilən 2 aylıq əmək haqqı həcmində, həmçinin səlahiyyətinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə verilən vəzifə maaşlarının 15 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatlarını almamışdır və bu iş üzrə materiallarla təsdiq olunur. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı işlədiyi dövrdə qüvvədə olmuş qanunvericlikdə təsbit olunmamış və həmin dövrdə almadığı əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını və yaranmış fərqin ödənilməsini tələb etməkdə haqlı sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Bu mənada artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunan qərarda göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını istisna edir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərər alaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiya məbləğinin yenidən hesablanması və fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5177/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5177/2022
01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver