Məhkəmə qərarları › İş №2-1(112)-5179/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5179/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5179/2023 03.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “vergi ödəyicisi kimi uçota alınmanın və qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun fərdi sahibkar uçotunun qanunsuz hesab edilməklə ləğv edilməsi öhdəliyinin qoyulması və həmin İdarənin xx.xx.2022-ci il tarixli **********741400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixində qanunsuz və əsassız olaraq vergi orqanının təşəbbüsü ilə fərdi sahibkar qismində vergi orqanında uçota alınmışdır. Vergi orqanı tərəfindən onun fərdi sahibkar kimi əsas fəaliyyət növü “təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı” qeyd olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli **********741400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarı ilə ona 2.935,00 manat məbləğində gəlir vergisi hesablanmışdır. Vergi orqanının yanaşması əsassız və qanunsuzdur, çünki 2021-ci il ərzində şəxsi mülkiyyətində olan və istifadə etmədiyi 2 ədəd yük avtomobili satmışdır. Vergi ödəyicisi olmadığına görə va alıcı şəxs vergi ödəyicisi hüquqi şəxs olduğuna görə tərəfindən təqdim edilmiş nəqliyyat vasitələri elektron alış aktları ilə rəsmiləşdirilmişdir. Bununla bağlı, vergi orqanı tərəfindən yaşadığı ünvana məktub göndərilmiş, qeyd edilmiş əməliyyatla bağlı guya onun həmin malları sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyini “ehtimal etmişlər”. Həmin ehtimallarla da, vergi ödəyicisi kimi məcburi qaydada uçota durmağını tələb etmişlər. Vergi orqanının həmin məktubu tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavablandırılaraq, təqdim etdiyi malları sahibkarlıq məqsədləri üçün istifadə etmədiyini, şəxsi mülkiyyətində olduğunu, istifadə edə bilmədiyi üçün satdığını bildirmişdir. Eyni zamanda, həmin cavab məktubunda sahibkarlıq fəaliyyəti həyata keçirmədiyinə görə vergi ödəyicisi kimi qeydiyyata alınma zərurətinin yaranmadığını nəzərə almalarını xahiş etmiş, cavabdeh cavab məktubunda izahatının araşdırılacağı və qanunamüvafıq tədbirlərin görüləcəyini bildirmişdir. Lakin vergi orqanın xx.xx.2022-ci il tarixli məktubundan sonra ona həmin İdarənin xx.xx.2022-ci il tarixli məktubu göndərilmiş, həmin məktubda isə onun VÖEN-nin olduğu göstərilmiş və gəlir vergisi bəyannaməsi təqdim etməli olduğu qeyd edilmişdir. Halbuki tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti aparan vergi ödəyicisi kimi qeydiyyata alınmağı ilə bağlı vergi orqanına heç bir müraciət olmamışdır. Müraciət etmədiyi halda, vergi orqanı onun adından hansı formada, kimin müraciəti əsasında və hansı qanunvericilik aktına əsaslanaraq onun adına VÖEN açdığı ona məlum deyil va VÖEN verilməsi ilə bağlı vergi orqanı tərəfindən ona hər hansı məlumat, bildiriş və ya qərar təqdim edilməmişdir. Vergi orqanı, birinci növbədə, onun hansı əsasla ərizəsi olmadan vergi uçotuna alınmağını, ikinci növbədə, nəyə görə sahibkar hesab edildiyini əsaslandırmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya dair yazılı etirazında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş 2 ədəd elektron alış aktı üzrə İddiaçı tərəfindən 58700 manat dəyərində mal və ya xidmət təqdim edildiyi, lakin vergi orqanında uçota durmadığı müəyyən edilmişdir. Vergi orqanı tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli **********273700 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında" bildiriş göndərilsə də, vergi uçotuna dair ərizə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 2022-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın əsas fəaliyyət növünün “təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı" olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 58700,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********887900 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üzrə 2935,0 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********741400 nömrəli Qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən vergi orqanının qərarından inzibati şikayət verilmiş və vergi orqanının 22 avqust 2022-ci il tarixli **********700300 nömrəli qərarı ilə inzibati şikayəti təmin edilməmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilən elektron alış aktlarına əsasən 58700,0 manat gəlir, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 2935,0 manat gəlir vergisi hesablanmışdır. İnzibati araşdırma zamanı vergi ödəyicisi tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə EAA seriyalı 280437 nömrəli və EAA seriyalı 280453 nömrəli elektron alış aktlarına əsasən müvafiq olaraq 30200,0 manat və 28500,0 manat dəyərində 2 ədəd avtonəqliyyat vasitələrinin (VOLKSWAGEN CRAFTER YÜK FURQON WV1ZZZ2FZ97001957 və FORD TRANSİT YÜK Bortlu Pramida 4+1 WF0CXXGBFC1B76307) təqdim edildiyi müəyyən edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar məlumatların əldə edilməsi ilə bağlı "xxxx" Mənzil-Tikinti Kooperativinə xx.xx.2022-ci il tarixdə sənədlərin təqdim edilməsi barədə məktub göndərilərək İddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında 2021-ci il ərzində aparılmış əməliyyatlara dair müvafiq təsdiqedici sənədlərin (bağlanmış müqavilələr, alınmış mallara dair təhvil-təslim və ya üzləşmə aktları, alış aktları, bank hesablarından çıxarışı (bank tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqları (bank tərəfindən təsdiq edilmiş şəkildə), alınmış mallara dair ödəniş məbləğləri və formaları (nağd və ya nağdsız qaydada) barədə məlumatları, ilkin sənədlərin təsdiq edilmiş surətləri, avtonəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətləri və s.) və araşdırma üçün zəruri hesab etdiyi digər sənədlərin onlayn kargüzarlıq vasitəsilə elektron qaydada xx.xx.2022-ci il tarixədək inzibatı araşdırmaya təqdim edilməsi bildirilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativi xx.xx.2022-ci il tarixdə vergi orqanına müraciət edərək nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı bağlanmış müqavilələri, fərdi sahibkar tərəfindən imzalanmış elektron alış aktlarını, pul vəsaitinin fərdi sahibkara ödənilməsini təsdiq edən ödəmə tapşırıqlarını və kassa məxaric orderlərini araşdırmaya təqdim etmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə edilmiş sorğuya əsasən daxil olmuş cavab məktubunun araşdırılması zamanı fərdi sahibkar tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə xx.xx.2021-ci il tarixdə ’FORD TRANSİT YÜK" markalı (ban nömrəsi: VVF0CXXGBFC1В76307) avtonəqliyyat vasitəsini 28500,0 manata və həmin tarixdə VOLKSWAGEN CRAFTER YÜK markalı (ban nömrəsi: WV1ZZZ2FZ********) avtonəqliyyat vasitəsini 30200,0 manata təqdim edildiyi müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə edilmiş sorğuya əsasən daxil olmuş cavab məktubunun araşdırılması zamanı fərdi sahibkar tərəfindən “VOLKSWAGEN POLO SEDAN MİNİK" markalı (ban nömrəsi: XW8ZZZ61ZKG046475) avtonəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə 19000,0 manata və “PORSCHE PANAMERA 4S E-HYBRİD” markalı (ban nömrəsi: WP0ZZZ97ZML141851) avtonəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə 200000,0 manata təqdim edildiyi müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazası üzrə fərdi sahibkarın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) əmək müqaviləsi üzrə işçisinin olduğu və həmin hüquqi şəxslərin "xxxx" Mənzil-Tikinti Kooperativi ilə qarşılıqlı surətdə asılı olan şəxslər olduğu müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bundan əlavə vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Beləliklə, vergi ödəyicisinin izahatına və uçot-baza məlumatlarına əsasən elektron alış aktları vasitəsilə təqdim edilmiş avtonəqliyyat vasitələrinin şəxsi istifadə üçün nəzərdə tutulduğu sənədlərlə təsdiqini tapmaması, həmin avtonəqliyyat vasitələrinin sahibkarlıq fəaliyyətində istifadə edilən avtonəqliyyat vasitələri olması, bununla da alqı-satqı yolu ilə satılmış 2 ədəd avtomobilin qazanc əldə etmək məqsədilə təqdim edilməsi vergi ərqanının hesablamasının tamamilə qanunvericiliyə uyğun olduğunu bir daha sübut edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, məhkəməyə qədər hazırkı tələblə cavabdehə müraciət etmiş, qanunla müəyyən edilmiş müddət ərzində məhkəmədə iddia qaldırmışdır (şikayət instansiyasının sonuncu qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh iddiaçının 2021-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 58700,0 manat dəyərində mal təqdim etməsinə baxmayaraq müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsini vergidən yayınma halı kimi qiymətləndirmiş, iddiaçıya vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında müraciət ünvanlayaraq 5 gün ərzində vergi uçotuna alınmaq üçün vergi orqanına ərizə təqdim etməsini, əks halda onun məcburi qaydada vergi uçotuna alınacağını bildirmişdir. İşdən görünür ki, iddiaçı müvafiq ərizə təqdim etmədiyindən cavabdeh onu ********** nömrə ilə vergi uçotuna almış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********741400 nömrəli qərar əsasında xx.xx.2022-ci il tarixdə iddiaçıya gəlir vergisi bəyannaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 2021-ci il üzrə 2935 manat gəlir vergisi hesablamışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarından görünür ki, iddiaçının ona vergi hesablanması ilə bağlı qəbul edilmiş bu qərardan verdiyi şikayət təmin edilməmişdir. Qərarda göstərilmişdir ki, “...vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********887900 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin məktubda göstərilən uyğunsuzluq barədə əsaslandırılmış izahat, müvafiq bəyannamələr və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021ci il üzrə 2935,0 manat gəlir vergisi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixli **********741400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. ...Beləliklə, vergi ödəyicisinin izahatına və uçot-baza məlumatlarına əsasən elektron alış aktları vasitəsilə təqdim edilmiş avtonəqliyyat vasitələrinin şəxsi istifadə üçün nəzərdə tutulduğu sənədlərlə təsdiqini tapmadığından, həmin avtonəqliyyat vasitələrinin sahibkarlıq fəaliyyətində istifadə edilən avtonəqliyyat vasitələri olduğundan, bununla da alqı-satqı yolu ilə satılmış 2 ədəd avtomobilin qazanc əldə etmək məqsədilə təqdim edildiyini və bu halın fərdi sahibkar tərəfindən gəlir və xərclərinin uçotunun aparılmadığını şərtləndirdiyini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********741400 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır”. İddiaçı hazırda onun ərizəsi olmadan cavabdeh tərəfindən aparılan bu uçotu və xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: - Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. - Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. - Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. - Maddə 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. - Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. - Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. - Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. - Maddə 33.5. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. - Maddə 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. - Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. - Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. - Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. - Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. - Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. - Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. - Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydalarına əsasən: - -2.1. Vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər: 2.1.1 Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2 Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3 Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4 Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. - 2.2. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. - 2.3. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. - 2.9. Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən həmin Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi uçotuna alınmış fiziki şəxsə 5 gün ərzində bu barədə vergi orqanı tərəfindən məlumat verilir. Beləliklə, istinad olunan maddi hüquq normalarından görünür ki, mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən fiziki şəxsin vergi uçotuna alınması üçün həmin şəxsin vergi orqanına könüllü şəkildə müraciət etməsi tələb olunurdu. Fiziki şəxsin ərizə vermədən uçota alınması, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanının öz təşəbbüsü ilə qeydiyyata alınması Vergi Məcəlləsində nəzərdə tutulmamışdı. Müqayisə üçün mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin “Əlavə dəyər vergisi” adlanan 11-ci fəslində yer almış 155.1-ci maddəsinin müddəalarını göstərmək mümükündür. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə görə Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2- ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Lakin fiziki şəxsin vergi orqanlarında uçota alınması üçün elə bir məcburi göstəriş mübahisəli qərar qəbul edilən dövrdə Vergi Məcəlləsində yox idi, yəni sözügedən məsələ fiziki şəxsin könüllü şəkildə vergi orqanlarına verdiyi ərizə əsasında öz həllini tapmalı idi (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2050/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı). Vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsin vergi orqanın öz təşəbbüsü ilə vergi uçotuna alınması xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş 677- VİQD nömrəli xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikası Qanunu ilə Vergi Məcəlləsinə daxil edilmişdir. Bu isə o deməkdir ki, həmin tarixədək vergi orqanının uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi öz təşəbbüsü ilə vergi uçotuna alması qanunsuz olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının müraciəti olmadan cavabdehin onu 2022-ci ilin may ayında vergi ödəyicisi kimi uçota alması qanunvericiliyə zidd olmuş, onun hüquqlarının pozulmasına səbəb olmuşdur. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********741400 nömrəli qərarın ləğvinə gəldikdə, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının vergi uçotuna alınması qanunsuzdur, deməli, cavabdehin onun barəsində qəbul etdiyi həmin qərarın da hüquqi əsası olmamış, həmin qərar qanunsuz olmuşdur. Çünki vergi qanunvericiliyinə əsasən vergi orqanı yalnız vergi ödəyicisinə vergi borcu hesablaya bilər, hansı ki, vergi ödəyicisi Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan şəxsdir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı vergi ödəyicisi kimi uçotunun ləğv olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********741400 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar