Məhkəmə qərarları › İş №2-1(112)-5181/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5181/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5181/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə iddiaçının iddiadan imtina barədə ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasından kənar baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi göstərilməklə) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 2043 manat, hazırki iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2073 manat pulun tutularaq iddaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, bu barədə 30 mart 2021-ci il tarixli sərəncam verilmişdir. İddiaçı MMC 05.05.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh təşkilatla aralarında olan mübahisə məhkəmədənkənar, qarşılıqlı razılıq əsasında həll olunmuşdur. Odur ki, sözügedən iddia tələbinə zərurət aradan qaxdığından hazırki iddiadan imtina edir. İddiadan imtinanın nəzərə alınması və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və iddiaçı iddiadan imtina etdiyindən, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır Həmin Məcəllənin 55.4-ci maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Eyni Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair 2-1(112)-5181/2021 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar