Məhkəmə qərarları › İş №2-1(112)-5182/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5182/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5182/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin texniki pasportda əks olunan faktiki ölçüsünün 0,196 ha mülkiyyət hüququnu təsdiq edən çıxarışda qeyd olunmaqla çıxarışın ona verilməsini cavabdehin öhdəsinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin ünvana dair 16.12.2020-ci il tarixdə tərtib olunmuş **********60-10301 reyestr nömrəli Texniki Pasportda göstərilən faktiki ölçülərə uyğun olaraq, 0,196 ha olmaqla onun adına xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-i tərəfindən verilmiş seriya RX N ******* nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən 61,1 kv. metr yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin ona məlum olmayan səbəbdən fərdi yaşayış evinin texniki pasportunda torpaq sahəsi 0,196 ha əks olunduğu halda, çıxarışda torpaq sahəsinin ölçüsi 0,17483 ha göstərilmişdir. Bu yanlışlığı aradan qaldırmaq məqsəd ilə 06 yanvar 2021-ci il tarixində **********3 qeydiyyat nömrəli məktubla DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, 09 mart 2021-ci il tarixli **********28 qeydiyyat nömrəli cavab məktubu ilə 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilən əmlak üzərində hüquqlarinı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından heç bir səbəb göstərmədən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz verilən imtinadir. Çünki onun mülkiyyət hüququnu təsdiq edən çıxarışda və onun əsasında tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçülərinin fərqli olması tam əsassızdır. Hazırkı çıxarış 2019 -cu ildə verilsə də bu əmlak hazırki vəziyyətdə 20 ildən artıq müddətdir ki, onun faktiki istifadə və sahibliyindədir. Yaşayış evinin yerləşdiyi 0,196 ha torpaq sahəsi hasarın daxilindədir və hazırki işin predmeti olan 0,021 ha (yəni təqribən iki sot, 0,196 ha-0,17483 ha=0,021) torpaq sahəsinə ona məxsus həyətdən başqa digər heç bir yerdən yol və giriş mövcud deyil. Digər tərəfdən 20 ildən artıq istifadəsində və sahibliyində olan torpaq sahəsi heç bir qurum, təşkilat və ya şəxs tərəfindən mübahisələndirilməyib və hazırki vaxtda da mübahisə predmeti deyil. Yaranmış vəziyyətdə məhkəməyə hazırki iddia ilə müraciət etmək məcburiyyətində qalmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 05.04.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiyi iddia ilə bağlı 25.05.2021-ci il tarixli **********31 №li yazılı münasibətində (etiraz) göstərmişdir ki, sözügedən torpaq sahəsinə dair verilmiş sənədlər qanunamüvafiq qaydada icra edilmişdir. İddiaçı istifadəsində olan əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, etirazda qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci ildə doğulmuşdur. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li “Çıxarış”ın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0,17483 hektar xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 61,1 kv. metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 23.01.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına ünvan 4 saylı fərdi yaşyış evinə dair 16.12.2020-ci il tarixdə tərtib olunmuş **********60-10301 reyestr nömrəli “Texniki Pasport”un (notarial qaydada təsdiq olunmuş surəti) “Torpaq sahəsi haqqında məlumat” bölməsində göstərilmişdir ki, sənəd üzrə torpaq sahəsi 0,1748 hektar, faktiki sahə 0,196 hektar, tikintialtı sahə 0,0329 hektar, digər sahələr 0,1631 ha təşkil edir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********28 saylı 09.03.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişdə müraciətçiyə bildirilmişdir ki, torpaq sahəsinə dair verilmiş sənədlər qanunamüvafiq qaydada icra edilmişdir. Həmçinin, istifadənizdə olan əlavə torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 24.06.2021-ci il tarixli **********12 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2457/2014 saylı iş üzrə çıxartdığı 17 iyul 2014-cü il tarixli qərarla X2 mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 78a nömrəli evin (həyətyanı və tikintialtı) 0,17483 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li “Çıxarış”ın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0,17483 hektar xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 61,1 kv. metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X2 adına 23.08.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın ******* nömrəli 30 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X10 ünvan 4 ünvanında ümumi sahəsi 61,1 kv. metr olan yaşayış sahəsini X3 müqavilə əsasında almışdır. - DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li “Çıxarış”ın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0,17483 hektar xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 61,1 kv. metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X7 adına 19.05.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın 20 iyul 2017-ci il tarixli bağışlanması müqaviləsindən görünür ki, X10 ünvan 4 ünvanında ümumi sahəsi 61,1 kv. metr olan yaşayış sahəsini X6 bağışlamışdır. - DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li “Çıxarış”ın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0,17483 hektar xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 61,1 kv. metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X4 adına 02.08.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın 184963 nömrəli 16 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 4 ünvanında 0,17483 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 61,1 kv. metr olan yaşayış sahəsini X1 müqavilə əsasında almışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, 2019-cu ildən iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,17483 hektar hissəsi 2019-cu ildən onun xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən sonuncunun adına həmin ünvana dair 16.12.2020-ci il tarixdə tərtib olunmuş **********60-10301 reyestr nömrəli “Texniki Pasport”da iddiaçıya məxsus torpaq sahəsinin faktiki ölçüsü 0,196 hektar kimi qeyd olunmuşdur. Beləliklə iş üzrə müəyyən olunur ki, 2014-cü ildən ayrı-ayrı fiziki şəxslərə, 2019-cu ildən isə iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan ölçüsü 0,196 hektar təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin ünvana dair 16.12.2020-ci il tarixdə tərtib olunmuş **********60-10301 reyestr nömrəli Texniki Pasportda göstərilən faktiki ölçülərə uyğun olaraq, 0,196 ha olmaqla İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar