Məhkəmə qərarları › İş №2-1(112)-5185/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5185/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5185/2024 07.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun pasport qeydiyyatı aparılarkən edilmiş səhvin düzəldilərək ünvan 1 ünvanı əvəzinə, Bakı şəhəri, Nərimanov rayonu F.X. Xoyski 123 A ünvanı olaraq qeyd edilməsi; iddiaçının yuxarıda göstərilən ünvan 1 ünvanından çıxarılaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB-nin yataqxanası Bakı şəhəri, Nərimanov rayonu, F.X. Xoyski 123 A ünvanına pasport qeydiyyatına alınması üçün lazımi prosedurların aparılmasının cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İ dərəcəli gözdən əlildir və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin (bundan sonra AzGƏC) üzvüdür. Mənzil şəraitsizliyindən əziyyət çəkdiyi üçün vaxtilə müraciətinə əsasən Az.GƏC-in nəzdində fəaliyyət göstərən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123 A ünvanlı yataqxanada məskunlaşaraq burada pasport qeydiyyatına düşmək üçün aidiyyəti üzrə (AzGƏC tərəfindən verilmiş razılıq məktubu ilə) Nərimanov Rayon Polis idarəsinə müraciət etmişdir. Müraciəti cavabdeh tərəfindən qəbul edilərək ona sözügedən ünvana pasport qeydiyyatına almışdırlar. Lakin sonradan sənədlərini mənzil almaq üçün aidiyyəti üzrə, müvafiq orqanlara topladıqda məlum olmuşdur ki, iddiaçı cavabdeh tərəfindən səhvən ünvan 5 ünvanına pasport qeydiyyatına alınmışdır. Sözügedən ünvanın sahibinin icazəsi olmadan cavabdeh iddiaçını səhvən bu ünvana pasport qeydiyyatına almışdır. Cavabdehin səhvini aşkarladığı zaman iddiaçı aidiyyəti üzrə səhvin aradan qaldırılması üçün müraciət etsə də, hətta həm İcra Hakimiyyəti orqanı, həm də AzGƏC tərəfindən bu səhvin düzəldilməsi üçün müraciətlər ünvanlansa da, cavabdeh qərəz nümayiş etdirərək səhvi düzəldə bilməyəcəyini və bunun üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Bir daha qeyd edilir ki, cavabdeh iddiaçını Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəsmi icazə məktubuna əsasən pasport qeydiyyatına almışdır. Məktubda onun AzGƏC-ə məxsus yataqxanaya pasport qeydiyyatına alınması barədə müraciətin olduğunu bilərək cavabdeh üst mərtəbədə 11 nömrəli mənzilə pasport qeydiyyatına almışdır. Nəticədə cavabdeh həmin mənzilin sahibinin icazəsi olmadan iddiaçını pasport qeydiyyatına almış va bu səbəblə də, mənzilin sahibi ilə iddiaçı arasında anlaşılmazlıqlar baş vermişdir. Cavabdehin kobud səhvinə görə iddiaçı, gözdən əlil insan dəfələrlə aidiyyəti instansiyalara, eləcə də, Daxili İşlər Nazirliyinə edilən müraciətlərinin və oradan bu məsələyə baxılması üçün cavabdehə ünvanlanan məktubların heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının qeydiyyatda olduğu ünvana dair müvafiq düzəlişlər edilməsi ilə bağlı tələbinin təmin olunmasından imtina edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 8 nöməli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli müayinə aktı əsasında verilmiş arayışın surətindən görünür ki, iddiaçıya İ qrup müddətsiz əlillik (ümumi görməyə görə) təyin edilmişdir. -Elektron məhkəmə informasiya sisteminin şəxsiyyət vəsiqəsi məlumatlarından əldə edilmiş, ASAN 1 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 123, mənzil 11 ünvanında qeydiyyatdadır. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, iddiaçının xx.xx.2010-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 123, mənzil 11ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün olmamışdır. -Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, F.X.Xoyski prospekti 123 A ünvanında yerləşən ailəvi yataqxana Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin balansındadır. -Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İ.B tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı AzGƏC-in İ dərəcəli gözdən əlil üzvlərindəndir. Ö. Muradov vaxtilə Cəmiyyətin razılıq məktubuna əsasən AzGƏC-ə məxsus yataqxanaya Bakı şəhəri, Nərimanov rayonu, F.X. Xoyski 123a ünvanına paspoıt qeydiyyatına alınmış, lakin Paport Qeydiyyat idarəsi tərəfindən edilmiş yanlışlığa görə qonşu ünvana qeydiyyata düşmüşdür. Sorğuda qeyd edilənlərlə əlaqədar bildirilir ki, AzGƏC-in yataqxanasında nömrələnmə aparılmamışdır. Vaxtilə gözdən əlil vətəndaşların pasport qeydiyyatına alınması üçün AzGƏC tərəfindən Pasport Qeydiyyatı İdarəsinə edilən müraciət məktublarında Cəmiyyətin daxili qeydiyyat kitabına uyğun olaraq nömrələnmə aparılırdı. Bu səbəbdən də, Ö. Muradovun yataqxanada qeydiyyata alınması üçün müvafiq olaraq 11 saylı otaq göstərilmişdir. Lakin hal hazırda nömrələnmə aparılmır və sadəcə ünvan olaraq F. X. Xoyski 123A göstərilir. Diqqətə alınması və iddianın təmin edilməsini xahiş edilir. Bir daha qeyd edilir ki, sözügedən bina F.X.Xoyski 123 ünvanlıdır binanın birinci mərtəbəsində yerləşən yataqxana isə F.X.Xoyski 123A ünvanlıdır. PQİ səhvən 123A əvəzinə 123 göstərmişdir. 11 saylı otağın göstərilməsinin heç bir hüquqi əsası yoxdur. Buna ehtiyac da yoxdur. Lakin ünvan olaraq F. X.Xoyski 123A göstərilməlidir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 9 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. -5-ci maddəsinə (vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda- mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda- icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda- bu hüququn yaranmasına əsas olmuş sənədlər. Eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi "vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 2-ci hissəsi yaşayış yerini dəyişdirmiş şəxsə yeni yaşayış yerinə gəldikdən sonra həmin yaşayış yeri üzrə qeydiyyata alınmağı məcburi göstərişlə şərtləndirir. Eyni zamanda qanunvericilik şəxsin qeydiyyatının aparılmasını məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququnun mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılmalı olmasını konkret olaraq nəzərdə tutur. Həmçinin vurğulanmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında bildirilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Qeyd olunan Plenum Qərarında həmçinin göstərilmişdir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Göstərilən qanunvericilik normalarından göründüyü kimi, qeydiyyat şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması məqsədi daşıyır və qanunverici şəxsin yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu tələb isə istinad olunan Plenum Qərarından göründüyü kimi, şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı cavabdeh tərəfindən yol verilmiş yanlışlığın düzəldiməsini, onun ünvan 9 ünvanından qeydiyyatdan çıxarılaraq ünvan 10nvanına qeydiyyata alınmasını xahiş edir. İddiaçı həmin ünvanda qeydiyyatda olsa da, iş materiallarında olan sənədlərdən görünür ki, faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123A (yataqxana) ünvanında yaşayır və sözügedən ünvanın balanssaxlayıcısı olan Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi iddiaçının həmin ünvana qeydiyyata alınmasına etiraz etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, şəxsin yaşayış yerini dəyişməsi - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatı onun müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biridir. Məhkəmə qeyd edir ki, normada nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ünvan 12 ünvanına qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur və bu qeydə alınma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədlərinə xidmət edir. Odur ki, iddia təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 123, mənzil 11 ünvanından qeydiyyatdan çıxarılmaqla, ünvan 12 ünvanına pasport qeydiyyatına alınması vəzifəsi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar