Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5187/2020 25.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğvi” tələbinə dair iş üzrə iddianın mümkünlük məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.04.2018-ci il tarixli, 252 saylı Sərəncamının ləğv edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 28.10.2019-cu il tarixli 345 № Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə hazırlıq icraatının iclası 26 avqust 2020-ci il tarixə saat 12:10-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı barədə iddiaçıya bildiriş göndərilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Ələkbərov iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğvi” ilə bağlı iddia ərizəsi ilə 2019-cu il tarixdə məhkəməyə müraciət etmiş və hazırda həmin iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik məhkəmə icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslarla mübahisə üzrə iddiaların olduğu zaman, məhkəmə iddianın baxılmamış saxlama barədə qərardad qəbul etmə səlahiyyətindədir. Lakin inzibati-prosessual məcəlləsində qanunverici qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Belə olan halda, qanunun analogiyasından istifadə edilməlidir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Şərh edilən maddənin normasına əsasən, məhkəmə mübahisənin həllində qanunun analogiyasını və ya hüququn analogiyasını tətbiq edərkən, öz qərarında mübahisənin məhz bu yolla həllinin zəruriliyini, konkret olaraq hansı oxşar maddi hüquq normalarını və hansı əsaslara görə tətbiq etdiyini və ya hüququn hansı ümumi prinsiplərini rəhbər tutduğunu ətraflı əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Məhkəmə qeyd etmək istəyir ki, tərəflər arasında yaranmış inzibati hüquq mübahisələri ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdə, iddiaçının həmin iddiası dərhal icraata götürülür. Lakin nəzərə almaq lazımdır ki, qüvvədə olan qanunvericilik, inzibati hüquq münasibətindən irəli gələn mübahisə nəticəsində verilən iddia məhkəmə icraatında olduğu zaman, iddiaçı həmin tələb ilə bağlı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququna malik deyildir. Buna baxmayaraq, Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 12 noyabr 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (hazırki Bakı İnzibati Məhkəməsinə) iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 28.10.2019-cu il tarixli, 345 nömrəli Sərəncamının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və cavabdeh qismində Bakı şəhər İcra Hakimiyyətini göstərmişdir. Hazırda həmin iş üzrə icraat məhkəmənin digər hakiminin icraatında davam etdirilir və məhkəmə iclası 08 sentyabr 2020-ci il tarixə saat 15:20 təyin olunmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı İPM-nin 45.5.1-ci maddəsinin tələblərini pozaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğvi” tələbinə dair 2- 1(112)-5187/2020 saylı iş üzrə iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5187/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5187/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver