Məhkəmə qərarları › İş №2-1(112)-5187/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5187/2025

19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5187/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “qaraja dair texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “qaraja dair texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona ünvan 1 saylı binanın həyətində yerləşən 18,24 kv.m sahəsi olan daş qaraja dair texniki pasportun verilməsi, həmin qaraj üzərində hüquqların dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir. İddiaçı tərəfin iddianın dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi İddiaçı ünvan 1 ünvanında yerləşən, 18,24 kv.m sahəsi olan qaraja dair texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yaşayan, İddiaçı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimimiyyətinə müraciət edərək, mərhum - X2 məxsus olan - Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 94.A saylı binanın həyətində yerləşən, 18,24 kv.m sahəsi olan və 2004-cü ildən istifadəsində olan, istismar haqqını ödədiyi daş qarajın öz adına sənədləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov RİH Başçısının 04 sentyabr 2006-cı il tarixli 412 nömrəli “Qarajın İddiaçı adına sənədləşdirilməsi haqqında” Sərəncamı ilə “Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 94.A saylı binanın həyətində yerləşən 18,24 kv.m sahəsi olan daş qarajın” İddiaçı adına sənədləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Həmçinin, Bakı şəhəri Nərimanov RİH Başçısının 04 sentyabr 2006-cı il tarixli, 412 nömrəli sərəncamında göstərilmişdir ki, İcra Hakimiyyətinə yazdığı ərizəyə Rayon MKTB-nin xx.xx.2006-cı il tarixli, x-o-257 nömrəli arayışı və 54 saylı MKİS-in tərtib etdiyi plan-sxemi də əlavə edilmişdir. Qeyd olunan qarajın sənədləşdirilməsi üçün iddiaçı Azərbaycan Respublikası İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, yuxarıda qeyd olunan 18,24 kv.m sahəsi olan daş qarajın Bakı şəhəri Nərimanov Rayon İcra Hakimimiyyəti Başçısının 04 sentyabr 2006-cı il tarixli, 412 nömrəli Sərəncamına uyğun formada texniki pasportun verilməsi və həmin qaraj üzərində hüququnun dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-M0038/03-8/2024 (**********93) nömrəli məktubu ilə imtina cavabı verilərək, təqdim olunmuş layihəyə əsasən, qeyriyaşayış sahəsinin (qarajın) yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluq mövcud olduğu, yerləşmə sxemində dəqiq istinad və məsafələr qeyd olunmadığı, layihəyə əsasən, qarajın faktiki göstərilən sol tərəfində yerləşdiyi bildirilmişdir. Bundan başqa, həmin orqanın məktubunda, faktiki göstərilən qarajın təyinatına uyğun istifadə edilmədiyi və qarajın yerləşmə sxeminə əsasən, digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı, bu səbəbdən də, müraciətinin icrasının mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********93 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş layihəyə əsasən qeyri-yaşayış sahəsinin (qaraj) yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Yerləşmə sxemində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Belə ki, layihəyə əsasən qaraj faktiki göstərilən qarajın sol tərəfində yerləşir. Bundan əlavə, faktiki göstərilən qaraj təyinatına uyğun istifadə edilmir və qaraj yerləşmə sxeminə əsasən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, qeyri-yaşayış sahəsinin (qaraj) hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 18.24 kv.m qeyd olunsa da, faktiki 16.2 kv.m təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin etirazına münasibət məktubunda bildirilmişdir ki, etirazda sxematik planda qarajın yerinin düzgün göstərilmədiyi qeyd edilmişdir. Bununla bağlı qeyd edilir ki, həmin sxematik planda arxitektor tərəfindən həqiqi səhv buraxıldığına görə, iddiaçının qarajının yeri düzgün göstərilməmişdir. Birinci məhkəmə iclasından sonra, yenidən həmin cizgi planına görə arxitektora müraciət edilmiş və bildirilmişdir ki, qarajın sxematik planında yeri düzgün göstərilməyib. Yenidən faktiki qarajın olduğu yerin, sxematik planını və digər sənədlər düzgün formada çəkilib iddiaçıya təqdim edilmişdir. Odur ki, iddiaçı hesab edir ki, başqa heç bir problem yoxdur və qarajına texniki pasport ve çıxarış verilə bilər. Qarajın düzgün faktiki cizgi planı məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin dəqiqləşdirilmiş formada təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. İddianın əsaslılığı: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubu ilə İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nərimanov Rayon İH-nin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 412 saylı sərəncamının və ona əlavə edilmiş eskiz sənədinin təsdiq edilmiş ksero surətləri məhkəməyə təqdim edilmişdir. Sərəncama akt əlavə edilməmişdir. Həmin məktuba əlavə edilmiş: -Nərimanov RİHB-nin xx.xx.2006-cı il tarixli, 412 saylı Sərəncamına əsasən, X8 küçəsi 94a saylı binanın həyətində yerləşən, 18.24 kv.m sahəsi olan daş qaraj həmin evin 40 №-li mənzilində yaşayan İddiaçı adına sənədləşdirilmişdir. Sərəncamda həmçinin qeyd edilmişdir ki, Akademik H.Əliyev küçəsi, 94a saylı evin 40 №-li mənzilində yaşayan vətəndaş İddiaçı RİH-ə müraciət edərək, yaşadığı binanın həyətində yerləşən, mərhum atası X3 məxsus olan daş qarajın öz adına sənədəşidirilməsini xahiş etmişdir. Sözügedən qaraja xx.xx.1994-cü il tarixdə Texniki İnventarlaşdırma bürosu tərəfindən mərhum S.M.Sadıqovun adına texniki pasport verilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən (RMKTB-nin xx.xx.2006-cı il tarixli, x/o-257 №-li arayışı, 54 saylı MKİS-in tərtib etdiyi plansxem) müəyyən edilmişdir ki, X8 küçəsi 94a saylı binanın həyətində yerləşən, 18.24 kv.m sahəsi olan daş qarajdan vətəndaş İddiaçı 2004-cü ildən istifadə edir və istismar haqqını mütəmadi ödəyir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş məktubdan görünür ki, Bakı şəhəri, X8 küçəsi, 94a saylı binanın həyətində yerləşən, sahəsi 18,24 kv.m olan daş qaraja dair X1 adı ilə bağlı texniki pasportun tərtib edilməsi barədə məlumat aşkar edilməmişdir. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, N.Nərimanov rayonu, Ak.H.Əliyev 94a saylı binanın həyətində yerləşən qarajın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 18.24 kv.m, faktiki sahəsi isə 16.2 kv.m-dir. RİH tərəfindən təqdim edilən yerləşmə sxemindəki ümumi əraziyə uyğun olsa da, dəqiq istinad və məsafələr qeyd olunmayıb. Layihədəki yerləşmə sxemində göstərilən göstərilən qaraj faktiki qarajın solundakı qarajdır (həmin qaraja ********** nömrəli müraciət olub, qeydiyyata alınıb). Faktiki koordinatlarla qaraj sxemdə göstərilən qarajın sağında yerləşir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə, işin faktiki hallarından görünən odur ki, hazırda iddiaçının məqsədi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 412 №-li Sərəncamına əsasən ona ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, 94a saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi - qaraja dair texniki pasportun tərtib edilərək verilməsindən ibarətdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun: -10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). -11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı iş üzrə iddiaçının sözügedən qaraja dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.1-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı X8 küçəsi 94a saylı binanın həyətində yerləşən, 18.24 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin (qaraj) onun adına sənədləşdirilməsii barədə Nərimanov RİHB-nin xx.xx.2006-cı il tarixli, 412 saylı Sərəncamını, həmin sərəncama əlavə edilmiş eskiz sənədini (yerləşmə cizgisi) cavabdehə təqdim etmişdir. Qeyd olunan sənədlərin arxiv çıxarışı mövcuddur, cavabdeh tərəfindən qeyd olunan sənədlərin mötəbərliyini və həqiqiliyini şübhə altına alan, həmçinin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Cavabdehin imtina üçün irəli sürdüyü arqumentlərə gəldikdə, həmin arqumentlər nə hüquqi, nə də faktiki baxımdan əsaslandırılmışdır. Məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş əlavə sənədlər cavabdeh orqana göndərilmiş, lakin cavabdeh bu sənədlərin qeydiyyata mane olduğunu sübut edən hər hansı hüquqi əsas təqdim edə bilməmişdir. Belə ki, cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qarajın faktiki sahəsi ilə sənədlərdə göstərilən sahə arasında fərqin olması və eskiz layihədə koordinat uyğunsuzluğunun mövcudluğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı isə iddia olunan qaraj sahəsinə iddiaçının və cavabdeh orqanın nümayəndələrinin iştirakı ilə yerində baxış keçirilmiş, qarajın təqdim edilmiş eskiz layihəsinə uyğun koordinatlarda yerləşdiyi müəyyən edilmiş və bu hal cavabdeh inzibati orqanın nümayəndəsi kimi iştirak edən mütəxəssis (mühəndis) tərəfindən də təsdiqlənmişdir. Qarajın faktiki sahəsinə gəldikdə isə, iddiaçı tərəf bununla bağlı hər hansı mübahisə açmamışdır. Digər tərəfdən bu hal özlüyündə hüququn mövcudluğunu və dövlət qeydiyyatına alınmasını istisna edən əsas kimi qiymətləndirilə bilməz. Bu baxımdan, cavabdehin qeyd olunan dəlili iddia tələbinin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, göstərilən dəlillər qanunvericiliklə hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 412 saylı Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 94a saylı binanın həyətində ayrılmış qaraj sahəsinə dair texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar