Məhkəmə qərarları › İş №2-1(112)-5188/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5188/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5188/2022 06.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun şəhid ailəsi kimi güzəştli mənzil uçotuna götürülməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, M-302-068 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, araşdırma zamanı iddiaçının xx.xx.2021-ci il tarixdən daimi qeydiyyatda olduğu Xətai rayonu, Ç.Kərimov küçəsində yerləşən 2 otaqlı ümumi sahəsi 43,58 kv.m, yaşayış sahəsi 28.08 kv.metr olan 2 saylı evin 41 nömrəli mənzilinin 1/3 hissəsinin iddiaçının, 1/3 hissəsinin həmin ünvanda yaşayan azyaşlı qızının, 1/3 hissəsinin isə həmin ünvanda yaşayan azyaşlı oğlunun şəxsi mülkiyyətində olması müəyyən edilmişdir. Buna görə də iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilmədiyindən ərizəsinin təmini mümkün olmamışdır. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhid ailələrinin mənzil növbəsinə alınmaq siyahısına mənzil növbəsinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, X3 ilə 15 dekabr 2004-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladları - 2007-ci il təvəllüdlü X7 və 2009-cu il təvəllüdlü X4 doğulmuşdur. Əri hərbi qulluqçu olmuş, Vətən müharibəsində şəhid olmuşdur. Əri ipoteka ilə mənzil almış və bu mənzil sığorta edildiyi üçün sığorta şirkəti tərəfindən borcu bağlanmışdır. Sədi Musayev xidmət etdiyi illərdə müxtəlif vəzifələrdə xidmət etmiş, bu müddət ərzində mənzil ilə təmin edilməmişdir. Cavabdehin imtinası qanunsuzdur. Belə ki, hərbi qulluqçuların və şəhid ailələrinin mənzillə təmin edilməsi, ehtiyata buraxıldıqdan sonra və ya şəhid ailələrinin işlə təmin edilməsi, ehtiyatda olan hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafəsinin gücləndirilməsi dövlətin vəzifəsidir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı münasibətində imtina məktubunda göstərdiyi dəlillərə istinad edərək bildirmişdir ki, qanunvericiliyin tələblərini nəzərə alaraq İddiaçı əlavə yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilmədiyindən tələbi təmin etmək imkanları xaricindədir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki idiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və məhkəməyə müraciət etmədən öncə cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan 101719 nömrəli xx.xx.2004-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X3 və Əsgərova (nikah bağlandıqdan sonra Musayeva) Gülşad Nazim qızı xx.xx.2004-cü ildə nikah bağlamışlar. 113991 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2020-ci il tarixində Füzuli rayonunda hərbi əməliyyat nəticəsində odlu silahla zədələnmə nəticəsində ölmüşdür. 001458 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə şəhid ailə üzvü statusu verilmişdir. İddiaçı hazırda onun şəhid ailəsi üzvü kimi mənzil uçotuna götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan Mənzil Məcəlləsinə (bundan sonra –MM) əsasən: - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman təkçə vətəndaşın yox, onun ailə üzvlərinin də mülkiyyətində olan əmlakın sahəsi nəzərə alınır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 1.3-cü bəndi ilə Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmış, lakin hazırkı tarixədək bu qaydalar qəbul edilməmişdir. Hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ı qüvvədədir ki, həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Bu normanı əsas götürən məhkəmə qeyd edir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas qismində çıxış edən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması 8 kvadratmetrdən az ola bilməz. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43.58 kv.m olan daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında hər bir mülkiyyətçinin 1/3 hissə payı olmaqla, İddiaçı, X5 və X1 mülkiyyətindədir. İş materiallarında olan 100 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Çingizxan Kərimov küçəsi 2 nömrəli evin 2-ci mərtəbəsində 28.08 kv.m sahəsi olan 2 otaqlı, 41 nömrəli mənzildə aşağıdakı şəxslər qeydiyyatdadır: - İddiaçı - xx.xx.2021-ci ildən, - X7 – xx.xx.2021-ci ildən, - X4 – xx.xx.2021-ci ildən, -X2 (keçmiş sakin)- xx.xx.2021-ci ildən. Göründüyü kimi, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsi vardır və həmin yaşayış sahəsinin ümumi ölçüsü hazırda 3 şəxsə münasibətdə müəyyən edilən minimum norma olan 24 kv.metrdən çox, 43.58 kv.metrdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 5 saylı mənzil də X1 xüsusi mülkiyyətindədir. Göründüyü kimi, iddiaçının ailə üzvü olan oğlu Süleyman Musayevin adına Bakı şəhəri ilə yanaşı, digər bir rayonda, Füzuli rayonunda qeydiyyata alınmış yaşayış sahəsi mövcuddur. Belə olan halda aydın olur ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, Nümunəvi Qaydaların 4-cü hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”na əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində, pasport qeydiyyatının təsdiq etdyi kimi, yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 018-3987-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Musayeva (Əsgərova) Gülşad Nazim qızı xx.xx.2004-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Kəngərli (Şərur) rayonunun Qıvraq qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2021-ci il tarixdən hazıra kimi isə ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göründüyü kimi, qüvvədə olan qanunverici şəxsin Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna alınması üçün onun azı 5 il Bakı şəhərində yaşamasını tələb edir ki, bu müddət şəxsin yaşayış yeri üzrə qeydiyyat tarixi ilə müəyyən olunur. İddiaçı xx.xx.2021-ci il tarixdən Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olduğundan məhkəmə hesab edir ki, bu hal da onun hazırkı tələbinin təmin edilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar