Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5189/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 25 fevral 2021-ci il tarixli, **********3 nömrəli artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında məktubunun etibarsız hesab edilməsi, 16.08.2016-cı il tarixdə yaşa görə təyin edilmiş pensiyanın və 04.06.2020ci il tarixdə etdiyi müraciəti əsasında yenidən hesablanmasının bərpa edilməsi, 03.07.2020-ci il tarixdə cavabdeh tərəfindən pensiyanın yenidən hesablanmasının ləğv edilməsi və 01.08.2020-ci il tarixdən pensiyasından tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 06.05.2021-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş, cavabdehin artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında 03.07.2020ci il tarixli 102 nömrəli qərarının etibarsız hesab edilməsi və 01.08.2020-ci il tarixdən pensiyadan tutulan məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 22.06.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir. 27.08.2021-ci il tarixdə iddiaçı yenidən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında 03.07.2020-ci il tarixli 102 nömrəli qərarının ləğv edilməsi və 01.08.2020-ci il tarixdən pensiyadan tutulan məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 27.08.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 25 fevral 2021-ci il tarixli, **********3 nömrəli mətubunda ilkin pensiya təyini zamanı iş stajının düzgün olmamasının nədən ibarət olması əsaslandırılmamışdır. Digər tərəfdən, cavabdeh orqan tərəfindən onun razılığı və məhkəmə qərarı olmadan əmək pensiyasından 20 faiz tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə ziddir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında bildirmişdir ki, iddiaçıya 16.08.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10986,82 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq 16.08.2016-cı il tarixdən 198,97 manat, 01.01.2017-ci il tarixdən 210 manat, 01.01.2018-ci il tarixdən 221,97 manat, 01.01.2019cu il tarixdən 228,63 manat, 01.01.2020-ci il tarixdən 266,58 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyası 03.07.2020-ci il tarixdə yenidən hesablanarkən ilkin pensiya təyinatı zamanı (16.08.2016-cı il) iddiaçının sığorta stajının düzgün hesablanmaması səbəbindən əmək pensiyasında artıq ödəmə müəyyən edilmişdir. Belə ki, vətəndaşın təqdim etdiyi hərbi bileti və Sabunçu Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli 2(008)- 900/2017 nömrəli qətnaməsinə əsasən 01.01.2006-cı il tarixədək 15 il 7 ay əmək stajı mövcud olmuşdur. Lakin yaşa görə əmək pensiyasının ilkin təyinatı zamanı vətəndaşın 01.01.2007-ci il tarixdən 01.01.2016-cı il tarixədək işlədiyi dövrlər 01.01.2006-cı il tarixədək mövcud olan əmək stajı ilə birlikdə toplanaraq 24 il 3 ay hesablanmışdır. Nəticədə iddiaçıya 931 manat məbləğində artıq vəsait ödənilmişdir. Eyni zamanda Azərbaycan Respblikası Prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 05.02.2021-ci il tarixli Sərəncamına əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək 01.01.2021-ci il tarixdən 296, 97 manata çatdırılmışdır. Hazırda iddiaçının 296,97 manat yaşa görə əmək pensiyası məbləğindən 54,82 manat məbləğində tutulma həyata keçirilməklə iddiaçıya ödənilən məbləğ 242,15 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki mübahisələndirilən qərar iddiaçı barəsində qəbul edildiyindən və onun üçün əlverişsiz nəticə yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcudur. Eyni zamanda həmin qərar iddiaçıya təqdim edilmədiyindən, iddiaçı məhkəmə iclasının gedişində həmin qərarı rəsmi qaydada əldə etdiyindən qərarın mübahisələndirilməsi ilə bağlı müddəti də ötürməmişdir. İddianın mahiyyətinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki: - İddiaçı 07.09.2016-cı il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə müraciət etmiş, 03.10.2016-cı il tarixdə iddiaçıya ömürlük yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərar qəbul edilmiş, pensiyanın məbləği 187.24 manat müəyyən edilmişdir. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli 2(008)- 900/2017 saylı qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, onun 29 aprel 1977-ci il tarixdən 20 sentyabr 1989-cu il tarixədək Bilgəh Zəfəran sovxozunda süd-əmtəə fermasında malabaxan işləməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında iddiaçıya ödənilən pensiya məbləği 228.40 manata çatdırılmışdır. - İddiaçı 04.06.2020-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin 03.07.2020-ci il tarixli 761 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilmiş, pensiyanın məbləği 289.94 manatdan 266.58 manata azaldılmışdır. - 03.07.2020-ci il tarixdə eyni zamanda cavabdeh tərəfindən artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında qərar qəbul edilmiş, xx.xx.1953-cü il tarixində Naxçıvan MR Ordubad rayonunda anadan olmuş, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda qeydiyyatda olan borclu İddiaçı 16.08.2016-cı il tarixdən 08.07.2020-ci il tarixədək artıq ödənilmiş cəmi 931 manat vəsaitin vətəndaşın əmək pensiyasından tutulması qərara alınmışdır. Qərarda göstərilmişdir ki, araşdırma nəticəsində İddiaçı əmək stajının düzgün hesablanmadığı aşkar edilmişdir. Belə ki, vətəndaşın təqdim etdiyi ******* saylı hərbi bilet və Sabunçu Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli 2(008)-900/2017 saylı qətnaməsinə əsasən 01.01.2006-cı ilədək 15 il 7 ay əmək stajı vardır. Lakin əmək pensiyasının ilkin təyinatı zamanı vətəndaşın 01.01.2007-ci il tarixindən 01.01.2016-cı il tarixinədək işlədiyi dövrlər 01.01.2006-cı il tarixinədək olan əmək stajı ilə birlikdə toplanaraq 24 il 3 ay hesablanmışdır. Nəticədə, İddiaçı 931 manat (doqquz yüz otuz bir manat) məbləğində artıq vəsait ödənilmişdir. - Cavabdeh bundan sonra iddiaçıya 25.02.2021-ci il tarixli **********3 saylı məktub ünvanlayaraq pensiya təyinatı zamanı (16.08.2016-cı il) sığorta stajının düzgün hesablanmaması səbəbindən pensiyadan artıq ödəmə müəyyən edilməsi, artıq ödənilmiş pensiya məbləğinin 01.08.2020-ci il tarixindən 20 faiz hesabı ilə tutulması barədə məlumat vermişdir. Bundan sonra iddiaçı cavabdehin bu hərəkətindən narazı qalaraq hazırkı iddia ilə məhkəməyə mürciət etmişdir. Məhkəmə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.09.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi 03.07.2020-ci il tarixli qərarı qanunsuzdur və ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bunan sonra –İPM) 70.3cü maddəsinə əsaən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı barəsində əlverişsiz nəticə yaradan 03.07.2020-ci il tarixli qərarı yuxarıda qeyd olunanlara əsasən qanunsuz hesab edilməklə ləğv olunduğundan onun nəticələri də aradan qaldırılmalı və 01.08.2020-ci il tarixdən iddiaçıya ödənilən əmək pensiyasından tutulan məbləğ geri qaytarılmalıdır. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” 03 iyul 2020-ci il tarixli 102 nömrəli qərarı ləğv edilsin. Həmin qərara əsasən 01.08.2020-ci il tarixdən İddiaçı ödənilən əmək pensiyasından tutulan məbləğ iddiaçıya geri qaytarılsın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5189/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5189/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver