Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5191/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov bələdiyyəsinə qarşı «istifadəsiz qalmış müvafiq torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov bələdiyyəsinə qarşı «istifadəsiz qalmış müvafiq torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünə təcavüz olunan gündən təhsilini və elmi fəaliyyətini yarımçıq qoyaraq, Qarabağ uğrunda gedən döyüşlərə qatılmış, Ağdərə ərazisində döyüşlərdə tabur komandiri kimi iştirak etmişdir. Onun 1991 – 2012-ci illərdə xidmətdə olması müvafiq arayışla təsdiqlənir. 1-ci qrup Qarabağ müharibəsi əlilidir, arvadı isə 2-ci qrup əlildir (iddiaçı ilə bağlı müvafiq televiziya kanalında verilən xəbərdən sarsıntı keçirdiyindən). «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun 14, 19-cu maddələrinə əsasən Qarabağ əlili kimi ona ümumilikdə 3 pay pulsuz torpaq sahəsi, ən azı 5 il daimi qeydiyyatda olan ailə üzvlərinin hər birinə müsabiqədənkənar torpaq sahəsi ayrılmalıdır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyə ərazisində daimi yaşayan və ən azı 5 il daimi qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə torpaq sahəsi ayrılması hərracdan və müsabiqədənkənar verilir. Azərbaycan Respublikasının xx xxxx 2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 10-cu bəndinə əsasən bələdiyyə ərazisində daimi yaşayan və ən azı 5 il daimi qeydiyyatda olan şəxslərin mülkiyyətinə torpaq sahəsinin ayrılması hərrac və müsabiqə keçirilmədən bu Əsasnamənin 11, 14, 21, 23, 24, 25, 25-1 və 27-ci bəndlərinə uyğun verilir. Əsasnamənin 13.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövülüyü uğrunda döyüşlərdə əlil olan şəxslərə torpaq sahəsi bir dəfə pulsuz verilir. Hər hansı hüquq əsasında torpaq sahəsi ayrılması üçün bələdiyyə orqanına verilən ərizəyə ən geci 15 günə baxılmalı və müvafiq qərar veriməlidir. İddiaçı son 7 – 8 ildə dəfələrlə müvafiqq icra hakimiyyəti və bələdiyyə orqanlarına çoxsaylı müraciətlər ünvanlasa da, nəinki 15 gün ərzində, hətta 7 – 8 ildir bələdiyyə heç bir hərəkət etməmiş və cavab verməmişdir. Bakı ŞİH, Bakı şəhəri Nərimanov RİH isə qanunvericiliyin tələblərini qəsdən səhv izah və tətbiq edərək onun torpaq hüququna qadağa qoymuşdur. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana – Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə şikayət (iddiaçı tərəfindən) olunduqdan sonra Nərimamov bələdiyyəsi xx xxxxxx 2019-cu il tarixli məktubla torpaq sahəsinin ayrılmasından imtina etmişdir. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri, X1 küçəsinin sonu, X3 küçəsi 1 ünvanının arasındakı istifadəsiz torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün onun (iddiaçının) mülkiyyətinə ayrılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasıl məhkəmədən xahiş olunur. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası Prezidetinin x xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə görə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə aşağıda qeyd olunan məsələ ilə bağlı müvafiq ünvana baxıış keçirilməklə mütəxəssis rəyinin verilməsi xahişi ilə müraciət olunmuşdur: - Bakı şəhəri, X2 küçəsinin sonu, X3 küçəsi 1 ünvanının arxasındakı torpaq sahəsinin hansı növ mülkiyyətdə olmasının, bələdiyyə mülkiyyətində olduğu təqdirdə Bakı şəhəri Nərimanov bələdiyyəsinin mülkiyyətində olub-olmaması, habelə həmin bələdiyyənin ehtiyat fonduna aid olub-olmamasının müəyyən edilməsi. AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubu ilə müvafiq mütəxəssis rəyi təqdim olunmuşdur. Rəydə aşağıdakılar bildirilmişdir: - Müraciət ilə əlaqədar elektron kadastr bazasında araşdırma aparıldı. Araşdırmanın nəticəsi olaraq müəyyən edildi ki, məktubda qeyd edilən Bakı şəhəri, Nəsibbəy Yusifbəyli küçəsinin sonu, X3 küçəsi 1 ünvanı arasındakı torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aiddir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov bələdiyyəsinə qarşı «istifadəsiz qalmış müvafiq torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması» tələbinə dair iddiası geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sözügedən xx xxxxxxx 2019-cu il tarixli qərardadından apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin x xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərardadı ləğv edilmiş, inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra iş üzrə məhkəmə iclası təyin edilmiş (ilkin iclas təxirə salınmaqla) və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Hüquqi və fiziki şəxslər müraciətlərində aşağıdakıları göstərməlidirlər: torpaq sahəsinin hansı məqsəd üçün ayrılmasını, torpaq sahəsinin hansı hüquqda (xüsusi mülkiyyət və ya icarə hüququ ilə) ayrılmasını, əvvəllər torpaq sahəsi alıbalmadığını, ailə üzvlərinin adına torpaq sahəsi olub-olmadığını; ailə üzvlərinin sayını və tərkibini, torpaq sahəsinin yerini yaxud həmin yerin ünvanını və ölçüsünü, torpaq sahəsində tikilməsi yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizini, daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər). Azərbaycan Respublikası Prezidentinin x xxx 2002-ci il tarixli 696 nömrəli Fərmanına əsasən «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında» xx xxxxxx 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Sadalanan qanunvericilik aktlarının tələblərindən görünür ki, hər hansı bir hüquqla bələdiyyə torpağının şəxsə (fiziki və hüquqi şəxsə) ayrılması üzrə inzibati icraat ona torpaq ayrılmasını istəyən şəxsin müvafiq bələdiyyəyə müraciəti ilə başlanır və belə icraat çərçivəsində müraciətdə qaldırılan məsələnin (yəni, torpaq ayrılmasının) həllinin birbaşa asılı olduğu hallardan biri də yerli icra hakimiyyəti orqanından alınmış rəydir. Məlum olduğu kimi, Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən bu qəbildən olan rəylərin verilməsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə artıq 2017-ci ilin yanvar ayının 1-dən dayandırılmışdır. Həmin rəyin verilməsinin dayandırılması birmənalı olaraq müvafiq bələdiyyələr tərəfindən şəxslərə hazırda torpaq sahəsi ayrılmasını mümkünsüz edir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov bələdiyyəsinin ona həmin bələdiyyə ərazisində hər hansı münasib torpaq sahəsini deyil, konkret ünvanda yerləşən “istifadəsiz” halda olan 600 kv.m ölçüdə torpaq sahəsinin ayılmasını istəyir. Hansı ki, məhkəmə icraatında müəyyən edilir ki, sözegedən torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil. Yəni, bələdiyyə həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququna malik deyil. Qeyd olunanlar sonda belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh Bakı şəhəri Nərimanov bələdiyyəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hazırkı iddianı mümkün saymır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5191/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5191/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver