Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5191/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanıb ödənilməsi və mənəvi zərərə görə təzminatın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeyd alınan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildən Ədliyyə Orqanlarından pensiyaya çıxmışdır. 2012-ci ilin iyun ayından 2020-ci ilin noyabr ayına kimi " HB Go.LTD" şirkətində və "HB Güvən" klinikdə işləmişdir. 2017-ci ilin iyul ayından AR ƏƏSMN-ə, DSMF-na və onun tabeliyində olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəfələrlə şifahi, əyani və yazılı şəkildə müraciət etdiyinə baxmayaraq, pensiyanın hesabatı bu günə kimi düzgün aparılmır. Bu barədə qaldırdığı məhkəmə iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2-1(102)-1454/20 nömrəli Qərarı ilə təmin edilməsinə baxmayaraq, adı çəkilən idarə Qanunvericiliyin tələblərini pozaraq pensiyamın məbləğini düzgün hesablamamış, ona cüzi düzəlişlər etməklə kifayətlənmişdir. xx.xx.2018-ci il tarixə ona ödənilən pensiya məbləği 674,48 AZN olmuşdur, hansı ki,Qanunvericiliyin tələblərinə uyğun hesablanaraq ödənilmişdir. Bütün problemlər də bu tarixdən sonra başlamışdır. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 3779 saylı Sərəncamı ilə (Sərəncamın surəti təqdim olunur) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində çalışan işçilərin, o cümlədən mənim də vaxtı ilə tutduğum vəzifə maaşları xx.xx.2018-ci il tarixdən 10 faiz artırılır. Bir neçə müraciətdən sonra onun pensiyasının məbləği yenidən hesablanır, ancaq yenə də düzgün hesablanmamışdır.
3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 2-1(81)- 4395/2019 nömrəli qərarı ilə iddiaçının “əmək pensiyasının yenidən hesablanması” təlbinə dair iddiası təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1ci maddəsinə əsasən sığorta kapitalı nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 2-1(103)- 749/2020 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-1454/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 2-1(103)-749/2020 nömrəli qərarı dəyişdirilmiş, cavabdehin üzərinə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 45-ci maddələrinə əsasən iddiaçının sosial sığorta hesabındakı pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi qoyulmuşdur.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmə qərarının icrası ilı bağlı bildirilmişdir Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(102)-1454/2020 nömrəli qərarına əsasən iddiaçının pensiyası yenidən hesablanaraq 993,49 manatdan 1033,30 manata çatdırılmışdır.
7. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubla imtina verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vaxtilə iddiaçıya xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçı 2019-cu ilin mart ayında əmək pensiyasının fərdi şəxsi hesabında toplanmış sığorta kapitalına görə yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmişdir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması üçün məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2-1(102)-1454/20 nömrəli Qərarına əsasən iddia təmin edilmişdir. Bununla əlaqədar olaraq, 2021-ci ilin noyabr ayında fərdi şəxsi hesabında toplanmış sığorta kapitalına uyğun qaydada əmək pensiyası yenidən hesablanıb. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 1821,90 manat fərq məbləğinin 1336,06 manat hissəsi xx.xx.2021-xx.xx.2022-ci il arixləri arasındakı dövr ərzində iddiaçıya ödənilib (qalıq 485,84 manat). İşdən çıxmağı ilə əlaqədar Mərkəzi Filiala müraciətini nəzərə alaraq fərdi şəxsi hesabında toplanmış sığorta kapitalına uyğun olaraq əmək pensiyası yenidən hesablanaraq 1035,39 manat müəyyən edilib, eyni zamanda keçmiş müddət üçün 3 noyabr 2020-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 488,64 manat fərq məbləği (sizə ödənilməmiş qalıq 485,84 manat ilə birlikdə) cari ilin noyabr ayından etibarən hissə-hissə (hər ay 121,46 manat) pensiyanızın (1035,39 manat) üzərinə əlavə olunmaqla (1035,39+121,46=T156,85 manat) müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq 99,35 manat maddi yardım ödənilir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək qüvvədə olan məhkəmə aktının icra olunmalı olduğunu bildirdi.
9. Məhkəmənin iclasında cavabdeh tərəf iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.
12. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
13. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X1 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
14. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
15. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
17. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.
18. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X1 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam və ya lazımi icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.
19. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli qərarından:
33. Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər.
20. Məhkəmə hesab edir ki, qüvvədə olan məhkəmə qərarının icrası inzibati mübahisənin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi ilə təmin edilə bilər.
21. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva