Məhkəmə qərarları › İş №2-1(112)-5192/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5192/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5192/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilərək, yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ələt qəsəbə sovetliyi, VAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə iddiaçının soyadı Şikarov, adı Ağalar, atanın adı Sökütli yazılıb. Ata adı qrafasında atanın adı, soyadı və ata adı olaraq X7, ana qrafasında da X13 olaraq qeyd olunub. İddiaçının doğum tarixi olaraq da 1957-ci ilin oktyabr ayının 20-si günü göstərilib. Atasına məxsus doğum haqqında şəhadətnamədə atanın adı, soyadı və atasının adı olaraq X8, ananın doğumu haqqında şəhadətnaməsində də adı, soyadı və atasının adı olaraq X2 qeyd olunub və bu valideynlərinin həqiqi ad soyadlarıdır. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən verilmiş iddia tələbinə münasibətdə qeyd olunmuşdur ki, Qaradağ rayon Ələt qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1957-ci il tarixdə tərtib edilmiş 157 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında ata adı “Sokütdun”, doğum tarixi “xx.xx.1957-ci il” yazıldığı halda, xx.xx.2020-ci ildə Salyan RPŞ tərəfindən verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsində və ərizəyə əlavə etdiyi digər sənədlərdə ata adı “Sokutli”, doğum tarixi “xx.xx.1957-ci il” göstərildiyi müəyyən edilmişdir.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “doğum akt qeydində soyadının Şikarov, adının Ağalar ata adının Sogutdi, doğum tarixinin 20 sentyabr 1957-ci il, atasının milliyyəti Azərbaycanlı, adı Soğutdi ata adı İsgəndər, anasının milliyyəti Azərbaycanlı, soyadı Dünyamalıyeva adı Qızbacı, ata adı Səhrəd yazılmaqla düzəliş edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “doğum akt qeydində soyadının Şikarov, adının Ağalar ata adının Soğutdi, doğum tarixinin 20 sentyabr 1957-ci il, ata qrafasında atasının milliyyəti Azərbaycanlı, adı Soğutdi ata adı İsgəndər, ana qrafasında anasının milliyyəti Azərbaycanlı, soyadı Dünyamalıyeva adı Qızbacı, ata adı Səhrad yazılmaqla ona yeni doğum haqqında şəhadətnamənin verilməsi cavabdeh Qaradağ rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1925-ci il tarixdə doğulmuşdur. Onun valideynlərin milliyyəti qrafasında Azərbaycanlı göstərilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı Soğutli oğlu xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası qrafasında X10, anası qrafasında X1 adı göstərilmişdir. xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı Sökütdun oğlu xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun anası qrafasında X5 adı göstərilmişdir. Ata qrafası boş qoyulmuşdur. Nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X3 arasında xx.xx.1961-ci il tarixdə nikah bağlanmışdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki,iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Qaradağ rayon Ələt qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1957-ci il tarixdə tərtib edilmiş 157 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında ata adı “Sokütdun”, doğum tarixi “xx.xx.1957-ci il” yazıldığı halda, xx.xx.2020-ci ildə Salyan RPŞ tərəfindən verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsində və ərizəyə əlavə olunan digər sənədlərdə ata adı “Sokutli”, doğum tarixi “xx.xx.1957-ci il” göstərildiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş doğum haqqında akt qeydindən görünür ki, İddiaçı Sokütdin oğlu xx.xx.1957-ci il təvəllüdlüdür. Onun anası X6r. Ata qrafası boşdur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, həmin akt qeydində səhvələrə yol verilib-verilməməsinin, həmçinin akt qeydində düzəliş üçün əsasların olub-olmadığını müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; -nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; -atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; -atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; -vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; -övladlığa götürmə ləğv edildikdə; -atalığın müəyyən edilməsi ləğv olunduqda; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; -cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; -vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; -qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: -övladlığa götürmə barədə məhkəmənin qərarı; -nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; -adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; -yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; -övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; -atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; -atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; -ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; -cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bəhs olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki qanunvericilik vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərin yol verilməsi ilə bağlı düzəlişin edilməsi və vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin (ilkin akt qeydində səhvə yol verilməmişdirsə) edilməsinin əsaslarını fərqləndirmiş, lakin konkret olaraq müəyyən şərtlər əsasında təsbit etmişdir. Məhkəmə icraatı zamanı təqdim olunan sübutlardan müəyyən olunmuşdur ki, iddiaçının doğum haqqında akt qeydində, bu sənəd əsasında verilmiş ilkin və sonrakı dövrdə tərtib olunmuş doğum haqqında şəhadətnamələrdə, habelə şəxsiyyət vəsiqəsində göstərilən təvəllüd və ata adı ilə bağlı uyğunsuzluqlar mövcuddur. Belə ki, doğum haqqında akt qeydində iddiaçının atası barədə məlumat qeyd olunmadığı halda, bu sənəd əsasında verilmiş doğum haqqında şəhadətnamədə atasının adı göstərilmişdir. Bundan əlavə, iddiaçının doğum tarixi sənədlərdə fərqli şəkildə, həm xx.xx.1957, həm də xx.xx.1957 tarixləri ilə əks olunmuşdur. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçının həqiqi doğum tarixi 20 sentyabr 1957-ci ildir. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, doğum haqqında akt qeydinin tərtib tarixi xx.xx.1957-ci il olduğu halda, iddiaçının ondan sonraki tarixdə (yəni xx.xx.1957) doğulması mümkün deyildir. Digər tərəfdən isə akkt qeydinin özündə də iddiaçının doğum tarixi xx.xx.1957-ci il kimi qeyd olunmuşdur. Bu arqumentlər nəzərə alınaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının doğum haqqında sənədlərindəki ziddiyyətlər faktiki hallara uyğun olaraq aradan qaldırılmalı və onun doğum tarixi xx.xx.1957-ci il kimi qəbul edilməlidir. Ata adı ilə bağlı məsələyə gəldikdə isə, doğum haqqında akt qeydində ata hissəsinin boş saxlanıldığı və yalnız "Sökütdun" adlı şəxsin adı qeyd edildiyi məlum olmuşdur. Lakin iş materialları sübut edir ki, iddiaçının atası X9 olmuşdur və o, xx.xx.1961ci il tarixdə iddiaçının anası X3 ilə nikaha daxil olmuşdur. Valideynlər nikahda olmadıqları dövrdə doğulmuş uşağın ata məlumatının qeyd edilməsi ilə bağlı yaranmış bu ziddiyyətin səbəbi texniki səhv olaraq qəbul edilir. Bununla belə, doğum haqqında şəhadətnamədə iddiaçının atası kimi məhz X4 adı göstərildiyindən, bu məlumat doğum haqqında akt qeydində də əks etdirilməlidir. Ananın soyadı ilə bağlı məsələyə gəldikdə isə, məlum olmuşdur ki, iddiaçının anası Qızbacı Səhrad qızı 1961-ci ildə nikaha daxil olana qədər "Dünyamalıyeva" soyadını daşıyıb, yalnız nikahdan sonra "Şikarova" soyadını qəbul etmişdir. Göründüyü kimi iddiaçı doğulduğu anda onun anasının soyadı Dünyamalıyeva olduğundan, doğum haqqında akt qeydində də ananın soyadı “Dünyamalıyeva” kimi göstərilməlidir. Göstərilənlər nəzərə alınmaqla, Məhkəmə bildirir ki, iddiaçının doğum haqqında akt qeydinə düzəliş edilərkən valideynlərinin milliyyətinin Azərbaycanlı olmaqları da nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, doğum haqqında akt qeydində dəyişkliyin edilməsi üçün nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 4-cü bəndində göstərilən hallar müəyyən edildiyindən, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Doğum akt qeydində soyadının Şikarov, adının Ağalar ata adının Soğutdi, doğum tarixinin 20 sentyabr 1957-ci il, ata qrafasında atasının milliyyəti Azərbaycanlı, adı Soğutdi ata adı İsgəndər, ana qrafasında anasının milliyyəti Azərbaycanlı, soyadı Dünyamalıyeva adı Qızbacı, ata adı Səhrad yazılmaqla iddiaçıya yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Qaradağ rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar