Məhkəmə qərarları › İş №2-1(112)-5193/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5193/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5193/2021 14.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Sərkər oğlunun, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, çıxarışın və plan-ölçünün ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X1 adına verilmiş və X5 kitabında 11 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmış AN-520795 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi və torpaq sahəsinin planı və ölçüsünün və onun qeydiyyatının və onun əsasında verilmiş 29 iyun 2020-ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi, 12 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi Səbail bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli 421 nömrəli qərarına və torpaqların alqı-satqısına dair aktına əsasən mərhum X3 adına sənədləşdirilmişdir. Daha sonra həmin torpaq sahəsinin X1 mülkiyyətində olduğu məlum olmuşdur. Məsələyə aydınlıq gətirmək məqsədi ilə cavabdehə vəkil sorğusu ünvanlanmış və Cavabdehin xx.xx.2021-ci il tarixli cavab məktubundan həmin ünvanda yerləşən 400 kv.metr torpaq sahəsi Səbail bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 313 saylı qərarına, torpaqların alqı-satqısına dair xx.xx.2009-cu il tarixli akta əsasən X1 mülkiyyətinə verildiyi məlum olmuşdur.

3. Məhkəmənin 2-1(112)-5193/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, qeydə alınmış torpaq sahəsi Bakı şəhər Səbail Bələdiyyəsinin 313 saylı xx.xx.2006-cı il tarixli qərarı, torpaqların alqı satqısına dair aktı, torpaq sahəsinin plan və cizgisi keçmiş DTXK tərəfindən verilmiş N 480133 saylı plan və ölçü və kassa mədaxil orderinin qəbzləri əsasında xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

5. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçının məhkəməyə verdiyi iddia ərizəsində göstərilən torpaq sahəsi 0,03 ha, ona ayrılmış torpaq sahəsi isə 0,04 ha təşkil edir. Buna görə də iddia tam əsassızdır.

6. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil Sərkər oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs A.İsmayılov etiraza uyğun çıxış etdi və məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.

10. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

11. Məhkəmə qeyd edir ki, inzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

13. İş materiallarında olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 313 nömrəli qərarı, tərəflər arasında bağlanmış Torpaqların alqı-satqısına dair Akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A480133 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə A.İsmayılovun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış və bu barədə müvafiq Çıxarış verilmişdir.

14. İşdən müəyyən olunur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli 421 nömrəli qərarı və tərəflər arasında bağlanmış Torpaqların alqı-satqısına dair akta əsasən Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi, 12 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi X3 adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı (Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən V.Əliyevin vərəsəsi) hazırda bu qərara əsasında onun atasına ayrılmış torpaq sahəsi ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin üst-üstə düşdüyünü bildirməklə, torpaq sahəsi ilə bağlı üçüncü şəxsə verilmiş plan-ölçü və çıxarışın ləğvini xahiş edir.

15. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, İddiaçının bələdiyyə qərarını mübahisələndirilmədən birbaşa çıxarış və plan-ölçünün ləğvinə dair qaldırdığı hazırkı iddiaya onun hüquqi marağı mövcud deyildir. Çünki işin hallarından müəyyən olunur ki, sözügedən çıxarış cavabdeh tərəfindən konkret hüquqmüəyyənedici sənədlərə (bələdiyyə qərarı) istinadla verilmişdir və həmin hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda çıxarışın ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparılmasını da lüzumsuz edir.

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci hissəsində də göstərimişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir... Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

17. İstinad olunanlara əsasən məhkəmə iddiaçıya izah edir ki, onun hazırda hüquqi marağı Bakı şəhəri Səbail Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 313 nömrəli qərarının mübahisələndirməsinə mövcuddur. O həmin qərarı inzibat mühakimə icratı qaydasında mübahisələndirməli, iddia uğurlu olarsa, qeydiyyatı aparmış orqana müraciət etməli, həmin orqanının hərəkətindən narazı qaldıqda belə bir iddia ilə çıxış etməlidir.

18. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar