Məhkəmə qərarları › İş №2-1(112)-5195/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5195/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5195/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, üçüncü şəxs X11, üçüncü şəxslər X16, X28 və X11 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, X20, X16, X28 və X14) “sosial kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi və X14) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, ev 107, 2 saylı mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-746/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması qərara alınmışdır. X20, X16 və X28 vəsatətlə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-746/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, onların inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələrini və iş üzrə icraatın yenilənməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-746/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, X20, X16 və X17 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmələri və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X34 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 izahatında bildirdi ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, ev 107, mənzil 2-də qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.1974-cü il tarixdə X35 ilə rəsmi nikaha daxil olmuşdur. İddiaçının həyat yoldaşı ağır xəstəlikdən xx.xx.1993-cü il tarixdə rəhmətə getmişdir. İddiaçının yaşadığı mənzil sosial kirayə müqaviləsinə əsasən icarədar mərhum qayınanası X8 məxsus olmuşdur. Mənzilin icarədarı X10 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, ev 107, mənzil 2-nin yaşayış sahəsi iki otaq 40.0 kv.m olmaqla ümumi sahəsi 82.5 kv.m təşkil edir. Hal-hazırda həmin mənzildə iddiaçı və 4 nəfər ailə üzvü ilə birlikdə yaşayır. İddiaçı yaşadıqları mənzili və torpaq sahəsini özəlləşdırmək istəyir. Ona görə də iddiaçı müvafiq qurumlara müraciət etmişdir. Onlar məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. İddiaçı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə eyni tələblə müraciət etdikdə aydın olmuşdur ki, onunla Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin nəzdində olan 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 139 saylı MKİS arasında icarə müqaviləsi bağlanıldıqdan sonra evə və torpaq sahəsinə hər hansı bir sənəd əldə etmək mümkündür. İddiaçı ərizə ilə cavabdehə müraciət edib sosial kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya göndərdiyi cavabında müqavilənin hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanmasını bildirmişdir. İddiaçı iki dəfə cavabdehə mənzilin orderini təqdim etmişdir. Lakin ona bəlli olmayan səbəbdən süründürməçiliyə yol verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilində 1 otağa 1992-ci ildən məcburi köçkün kimi dövlət tərəfindən yerləşdirilmişdir. Onlar həmin mənzilə gəldikdə ünvan boş ərazi olmuşdur, heç kim orada yaşamamışdır. O, 30 ildir sözügedən mənzildə yaşayır, kommunal xərclərini ödəyir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X16, X28 və X11 vəkili Vəkil2 izahatında bildirdi ki, üçüncü şəxslər ailəvi olaraq Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilində 1 otağa 1992-ci ildən məcburi köçkün kimi dövlət tərəfindən yerləşdirilmişdir. Onlar həmin mənzilə gəldikdə ünvan boş ərazi olmuşdur, heç kim orada yaşamamışdır. İddiaçı ərindən ayrılmışdır, mənzil isə keçmiş qayınanasına verilmişdir. İddiaçının həmin şəxslərlə qohumluq əlaqəsi yoxdur, ona görə də mənzilə hüququ yoxdur, sosial kirayə müqaviləsinin onunla bağlanılmasını tələb edə bilməz. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı MKTB 139 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli 1274 saylı arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsindəki 107 nömrəli evin 40 kv.m sahəsi olan 2 otaqlı 2 saylı mənzilində yaşayır. Mənzilin şəraiti: şəraitsizdir. Bina Bakı şəhəri İcra Hakimiyyətinə məxsusdur. Mənzilin icarədarı İddiaçıdır. Daimi qeydiyyatda olanlar: özü - İddiaçı, X34, X41, X21 və X18. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 ilə X9 nikaha daxil olmuşlar, nikah haqqında xx.xx.1949-cu il tarixində 117 nömrəli akt qeydi tərtib olunmuşdur, nikahın qeydə alındığı yer Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsidir, nikah bağlandıqdan sonra ərə Trutnev, arvada Trutneva soyadı verilmişdir. Qeyd: Həmin nikah Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.1974-cü il tarixli 131 saylı aktı ilə pozulmuşdur. X19 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Bu barədə Xəzər rayon qetdiyyat şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixli 06 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. X10 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Bu barədə Rusiya Federasiyası, Saratov Vilayəti, Balakovo şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixli 646 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan İ-JQ seriyalı 296142 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X35 ilə X22 xx.xx.1974-cü il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan İV-JQ seriyalı 291657 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X35 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2011-ci il tarixli 363M nömrəli əmrinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı ARDNŞnin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə müraciət edərək yaşadığı Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 107 saylı evin 2 saylı mənzilinin sosial kirayə müqaviləsinin qayınanası X5 vəfatı ilə əlaqədar öz adına dəyişdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlərdən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 107 saylı evin sahəsi 40,0 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzilin icarədarı X7muşdur və xx.xx.2000-ci il tarixində vəfat etmişdir. Hal-hazırda həmin mənzildə ərizəçi 4 nəfər ailə üzvü ilə (özü və üç qızı) yaşayır. Vətəndaş İddiaçı müraciəti və müvafiq sənədlər baxılması üçün ARDNŞ-nin Sosial İnkişaf İdarəsinə təqdim edilmiş və Sosial İnkişaf İdarəsinin xx.xx.2011-ci il tarixli Qİ xx-xx/8104 saylı məktubu ilə mənzilin sosial kirayə müqaviləsinin onun adına dəyişdirilməsi məqsədə uyğun hesab edilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 107 saylı evin sahəsi 40,0 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzilin sosial kirayə müqaviləsinin 1 nəfər ailə üzvü ilə (özü, üç qızı - Trutneva Natalya, Trutneva Olqa, Trutnyeva Yekaterina) vətəndaş İddiaçı adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanılması əmr edilmişdir. İş materiallarında olan X34 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev (keçmış 2ci Mədən) küçəsi, 107 saylı evdə yerləşən 2 saylı mənzilin İddiaçı adına özəlləşməsinə heç bir etirazı yoxdur. Gələcəkdə bununla əlaqədar heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan X41 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev (keçmış 2ci Mədən) küçəsi, 107 saylı evdə yerləşən 2 saylı mənzilin İddiaçı adına özəlləşməsinə heç bir etirazı yoxdur. Gələcəkdə bununla əlaqədar heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan X21 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev (keçmış 2ci Mədən) küçəsi, 107 saylı evdə yerləşən 2 saylı mənzilin İddiaçı adına özəlləşməsinə heç bir etirazı yoxdur. Gələcəkdə bununla əlaqədar heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan X31 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev (keçmış 2ci Mədən) küçəsi, 107 saylı evdə yerləşən 2 saylı mənzilin İddiaçı adına özəlləşməsinə heç bir etirazı yoxdur. Gələcəkdə bununla əlaqədar heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan İ-RU seriyalı 545338 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyası, Saratov Vilayəti, Balakovo şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 1338 saylı akt qeydinin çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 01 yanvar 1989-cu ildə Bakı şəhəri Xəzər rayonunda vəfat etmişdir. İş materiallarında olan 1608 nömrəli şəxsi hesab vərəqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Z.Əliyev küçəsi, 107 saylı evin 2 otaq 40,0 kv.m 2 saylı mənzinin icarədarı X6. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanılır. Bakı şəhəri, ünvan 5 saylı evin iki otaqdan ibarət 2 saylı mənzilinin istifadənizə verilməsinə dair orderin əsli və ya notariat qaydada təsdiq olunmuş surəti təqdim olunmadığından yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə xahişinizi təmin etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanılması barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Bakı şəhəri, ünvan 5 saylı evin 2 saylı mənzilinin bir hissəsində faktiki olaraq məcburi köçkün ailəsi məskunlaşdığından, həmçinin mənzilə dair kirayə müqaviləsinin bağlanılması tələbinə dair iddia ərizəniz hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edilərək məhkəmə baxışı təyin edimişdir. Ona görə də, kirayə müqaviləsinin bağlanması barədə xahişinizi təmin etmək mümkün olmamışdır. İş materiallarında olan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamenti xx.xx.2011-ci il tarixli, 363M saylı Əmr vermiş və həmin əmrin icrası ilə əlaqədar olaraq 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 139 saylı MKİS-də Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi, ev 107, 2 saylı mənzilə dair vətəndaş İddiaçı adına şəxsi hesab vərəqəsi açılmişdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s nömrəli sərəncamı ilə xx.xx.2012-ci il tarixində Sosial İnkişaf İdarəsinin struktur vahidi olan Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış və qeyri-yaşayış sahələri ona aid olan sənədlərlə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verildiyindən vətəndaş İddiaçıynan Bakı şəhəri, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi, ev 107, 2 saylı mənzilin sosial kirayə müqaviləsinin bağlanıb-bağlanmaması barədə məlumatımız yoxdur. Bununla əlaqədar olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhər İcra Hakimiyyətinin və Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müxtəlif tarixli və saylı sərəncamlarına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi balansında olan yaşayış, qeyri-yaşayış və yataqxanalar, o cümlədən Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən 107 saylı ev 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına 139 saylı MKİS-nin xidmət sahəsinə verilmişdir. Qeyd olunan ev balansa qəbul edilərkən mənzillərə dair heç bir hüquqmüəyyənedici sənəd (müqavilə) təhvil verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X32 nikahının xx.xx.1974-cü ildə 2079 saylı aktla Bakı nikah evində qeydə alındığı məlum olmuşdur. İnformasiya sistemi nəzərdən keçərkən Lev Trutnevin nikahının pozulması ilə bağlı hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X23 üzrə Dövlət Komitəsi Suraxanı rayonu üzrə sektorunun xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Şuşa rayonundan məcburi köçkün X14 (ailə tərkibi altı nəfər) və X33 (ailə tərkibi altı nəfər) ünvan 4 ünvanda 1992-ci ildən müvəqqəti məskunlaşmışlar və Dövlətqaçqınkom tərəfindən mənzillə təmin olunmayıblar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X23 üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayonu sektorunun 915 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şuşa şəhərindən məcburi köçkün may 1992-ci ildən Bakı şəhər Suraxanı rayonunda məcburi köçkün kimi rəsmi qeydiyyatda olan, 15 avqust 1993-cü ildə isə Suraxanı rayon, Zahid Əliyev küçəsi, ev 107, mənzil 2-də məcburi köçkün kimi qeydiyyatda olan və hal-hazırda öz şəxsi vəsaiti hesabına dövlətə məxsus olan torpaq sahəsində inşa etdirdiyi Suraxanı rayon Zahid Əliyev küçəsi, ev 107, mənzil 2A-da yaşayan X33 15 avqust 1993-cü ildə Suraxanı rayonu, Zahid Əliyev küçəsi, ev 107, mənzil 2-də yerləşdiriləndə ailə tərkibi: X15 - həyat yoldaşı, X24, X13 ibarət olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X23 üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayonu sektorunun 914 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şuşa şəhərindən məcburi köçkün may 1992-ci ildən Bakı şəhər Suraxanı rayonunda məcburi köçkün kimi qeydiyyatda olan və bu günə qədər həmin mənzildə yaşayan X14 15 avqust 1993-cü ildə Suraxanı rayon Zahid Əliyev küçəsi, ev 107, mənzil 2-də yerləşdiriləndə ailə tərkibi: X29 - anası 1997-ci ildə həmin ünvanda vəfat edib; X16 - qardaşı. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin nəzdində olan 3 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin nəzdində olan 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 139 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli, 43 saylı məktubundan görünür ki, 139 saylı MKİS-nin xidməti ərazisində Suraxanı qəsəbəsi, Zahid Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sİİ. MKXD-nin 363 saylı, xx.xx.2011-ci il tarixli əmrə əsasən yaşayış sahəsi 20 kv.m-dən ibarət bir otaq hissəsində İddiaçı Yevqenyevna 5 nəfər ailə tərkibi ilə birgə yaşayır, digər bir otaqlı 20 kv.m yaşayış sahəsindən ibarət hissədə isə Şuşa rayonunda məcburi köçkün X14 9 nəfər ailə üzvləri ilə birgə 1993-cü ildən məskunlaşıblar. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 5 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına qəbul edilmiş, hal-hazırda da yaşayış binası dövlət mənzil fonduna aid olmaqla həmin Birliyin balansındadır. Qeyd edilən ünvanda yerləşən evin 2 saylı mənzilinin, yaşayış sahəsi 20,0 kv.metr 1 otağında 6 nəfər ailə üzvü ilə (özü, anası, 2 qızı, nəvəsi və nəticəsi) İddiaçı, yaşayış sahəsi 20,0 kv.metr, köməkçi sahə 12,0 kv.metr olan (7,0 kv.metr mətbəx və 3,5 kv.metr dəhlizdən ibarət əlavə tikili də daxil olmaqla) digər otaqda isə Şuşa rayon məcburi köçkünü X14 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qardaşı) 1993-cü ildən faktiki olaraq yaşayır. Mənzilə dair hər hansı hüqüqmüəyyənedici sənəd (order, sərəncam və s.) binaya xidmət göstərən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 139 saylı Mənzil-Kommunal İstismar Sahəsində saxlanılan sənədlər arasında aşkar olunmadığından təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X38 xx.xx.1974-cü ildə 2079 saylı aktla Bakı nikah evində xx.xx.1953-cü il təvəllüdlü Nasonova (Trutneva) İrina Yevqenevna ilə nikaha daxil olmuşdur. İnformasiya sistemi nəzərdən keçirilərkən Lev Trutnevin nikahının pozulması ilə bağlı hər hansı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələrinin Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin bu sərəncamdan irəli gələn məsələləri həll etmələri qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Həmin mənzil Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olmuş, mənzilin icarədarı X7muşdur və o, xx.xx.2000-ci il tarixində vəfat etmişdir. İddiaçı X1 X27 xx.xx.1974-cü ildən rəsmi nikahda olmuş, X35 xx.xx.1993-cü ildə vəfat etmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından göründüyü kimi Lev Trutnevin nikahının pozulması ilə bağlı informasiya sistemində hər hansı məlumat aşkar olunmamışdır. İddiaçı ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinə müraciət etmiş, ARDNŞ-nin Sosial İnkişaf İdarəsi tərəfindən mənzilin sosial kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi məqsədəuyğun hesab edilmişdir və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2011-ci il tarixli 363M nömrəli əmrinə əsasən həmin mənzilin sosial kirayə müqaviləsinin özü və üç qızı - Trutneva Natalya, Trutneva Olqa, Trutnyeva Yekaterina ilə İddiaçı adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanılması əmr edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən qeyd olunan mənzil Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. İddiaçı həmin mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanması ilə əlaqədar cavabdehə müraciət etsə də, mənzilə dair hüquqmüəyyənedici sənədlərin olmadığı əsas gətirilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, mənzil Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilməmişdən əvvəl iddiaçı və ailə üzvləri həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Eyni zamanda Azərbaycan Respublikası Qaçqınların və X23 üzrə Dövlət Komitəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin MKTD-nin nəzdində olan 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 139 saylı MKİS-nin məktublarından görünür ki, həmin mənzildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2011-ci il tarixli 363M nömrəli əmrinə əsasən yaşayış sahəsi 20 kv.m-dən ibarət bir otaq hissəsində iddiaçı 5 nəfər ailə tərkibi ilə birlikdə yaşayır, digər bir otaqlı 20 kv.m yaşayış sahəsindən ibarət hissədə isə Şuşa rayonunda məcburi köçkün üçüncü şəxs X14 9 nəfər ailə üzvləri ilə birlikdə 1992-ci ildən məskunlaşdırılmışdır. Göründüyü kimi, iddiaçı və onun ailə üzvləri qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdən yaşayırlar və mənzil münasibətləri də həmin dövrdə yaranmışdır. Lakin sözügedən mənzilin sahəsi 20,0 kv.m olan 1 otağında iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayır, sahəsi 20,0 kv.m olan digər 1 otağında isə üçüncü şəxs X14 öz ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi məskunlaşdırılmışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan ünvanın yalnız 20,0 kv.m olan 1 otağında iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayır, sahəsi 20,0 kv.m olan digər 1 otağında isə heç vaxt yaşamamışdır, həmin otaq faktiki olaraq ona verilməmişdir və həmin otaqda 1992-ci ildən üçüncü şəxslər dövlət orqanları tərəfindən məskunlaşdırılaraq yaşayırlar. Belə olan halda həmin otağa aid hissədə onunla sosial kirayə müqaviləsinin bağlanması tələbi əsassız hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilinin sahəsi 20 kv.m olan bir otağına dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilinin sahəsi 20 kv.m olan bir otağına dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar