Məhkəmə qərarları › İş №2-1(112)-5195/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5195/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5195/2024 30.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçılar İddiaçı1 və Abasova (Abdullayeva) Anaxanım Sabir qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair inzibati işə baxaraq müəyyən etdi: İddiaçılar cavabdehlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrində X7 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin, mərhum nənələri (atalarının anası) X4 məxsus olan 5 otağına (1-ci mərtəbədə 2 otaq, 2-ci mərtəbədə 3 otaq) aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, ünvan 1 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi 1930-cu ildə inşa edilmişdir və həmin evə dair 1963-cü il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid’’ Texniki Pasportda ev sahibləri kimi Gülnaz Əhmədxan qızının və iddiaçıların nənəsi (atalarının anası) X2 adı qeyd edilmişdir. Həmin evin 1-ci mərtəbəsində yerləşən 4 otaqdan 2 otağı Gülnaz Əhmədxan qızına, yerdə qalan 2 otağı iddiaçıların nənəsi X2, 2-ci mərtəbədə yerləşən 5 otaqdan 2 otağı Gülnaz Əhmədxan qızının və yerdə qalan 3 otağı isə iddiaçıların nənəsi X4 məxsus olmuşdur. X6 vəfat etdikdən sonra həmin evin ona məxsus 5 otağı (1-ci mərtəbədə 2 otaq, 2-ci mərtəbədə 3 otaq) miras əmlak kimi faktiki olaraq iddiaçıların atası X14 tərəfindən qəbul edilmiş, X14 vəfat etdikdən sonra həmin ev iddiaçılar tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir və 60 ildən artıqdır ki, onlar həmin evdə yaşayırlar. Sözügedən evin bütün vergi və kommunal ödənişləri (qaz, su, işıq) indiyədək iddiaçılar tərəfindən ödənilir. Qeyd edilmişdir ki, uzun müddətdir ki, müvafiq fərdi yaşayış evinin onlara məxsus hissəsi təyinatına uyğun olaraq tərəflərindən mübahisəsiz olaraq istifadə olunur, vergi və ödənişlər vaxtlı-vaxtında ödənilir. Həmin yaşayış evi iddiaçıların faktiki mülkiyyətindədir və evin həmin hissəsinin X8 aidiyyəti yoxdur. Hal-hazırda sözügedən ünvanda yerləşən evin mərhum X4 məxsus olan 5 otağını vərəsəlik qaydasında öz adlarına rəsmiləşdirmək istəyirlər. Hal-hazırda sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçıların mərhum nənələri X4 məxsus olan 5 (beş) otağının vərəsəlik qaydasında sənədləşdirilməsi ilə aidiyyəti üzrə rəsmi qaydada müraciətlər edilmişdir. Lakin təxminən 10-15 gün əvvəl verilən şifahi məlumata əsasən sözügedən ünvan 1 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi tam şəkildə (onlara məxsus olan 5 yaşayış otağı da daxil olmaqla) həmin evdə yaşamayan digər fiziki şəxsin X7 adına xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********18 nömrəli məktubu ilə daşınmaz əmlakın üzərinə həbs və ya qadağanın qoyulmasından imtina etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********66 nömrəli imtinasında qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh etirazında qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli sərəncamı əsasında xx.xx.2002-ci il tarixdə mərhum Gülnaz Əhmədxan qızının adına dövlət qeydiyyatına alınmış, sonradan Qanun üzrə vərəslik haqqında şəhadətnaməyə əsasən xx.xx.2002-ci il tarixdə X3 adına özgəninkiləşdirilmiş, daha sonra xx.xx.2023-cü il tarixli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnaməyə əsasən X7 adına özgəninkiləşdirilmişdir və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyatlar aparılmışdır. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırıq ki, qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının adına qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli X7 müraciətindən 1963-cü il tarixdə tərtib edilmiş texniki pasportda qeyd edilən hüquq sahiblərindən biri X5 ilə əlaqəli sənəd təqdim edilmədiyi üçün imtina edilmişdir. Cavabdeh etirazında iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmənin iş üzrə 2-1(112)-5195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq yardım etmə vəzifəsində çıxış edərək məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin nəzərinə çatdırmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddia tələbi ilə ləğv edilməsi tələb olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Odur ki, hazırkı tələbə inzibati mühakimə icraatı qaydasında deyil, müvafiq vərəsəlik haqqında şəhadətnamə mübahisələndirilməklə, mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndinin tələbləri baxımından iddianın mümkünlüyü ilə bağlı məhkəmənin mövqeyi iddiaçının ümayəndəsinin diqqətinə çatdırılmışdır. Eyni məzmunlu hüquqi yardım xx.xx.2024-cü il tarixli məhkəmə iclasında nümayəndəsi ilə birlikdə iştirak etmiş iddiaçı X9 da edilmişdir. Həmçinin nümayəndənin və iddiaçının diqqətinə çatdırılmışdır ki, hazırkı iddia üzrə iddiaçıların subyektiv hüququn olmasının təsdiq edilməsi üçün iddiaçılar tərəfindən mərhum nənələri X1 miras qalmış əmlakın faktiki olaraq özlərinin və ya ataları X13 qəbul etməsini təsdiq edən sənədi və ya onların vərəsəsi olmalarına dair sənədləri təqdim etməlidirlər. Belə ki, iddia ərizəsinin məzmunundan da aydın olur ki, iddiaçılar sözügedən fərdi yaşayış evini ataları S.Abdullayevin mərhum nənələrindən miras olaraq faktiki qəbul etməsini, özlərinin isə mərhum atalarından qəbul etmələrini iddia etməkdədirlər. Lakin iddiaçılar tərəfindən vərəsəlik haqqında şəhadətnamə və ya mirasin onlar tərəfindən faktiki qəbul edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından və cavabdehin etirazından da görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 140.8 kv.m, olan fərdi yaşayış evinə münasibətdə X7 adına tərtib edilmiş çıxarış xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi olan X12 miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 140.8 kv.m, yaşayış sahəsi 75.7 kv.m yardımçı sahəsi 65.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evindən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən sahəsi 140.8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X7 adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İlk öncə qeyd olunmalıdır ki, İPM-in 2.2.3-cü maddəsinə müvafiq olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından da göründüyü kimi, iddiaçılar tərəfindən ləğv olunması tələb olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ümumiyyətlə inzibati akt hesab edilmir və vərəsəlik haqqında şəhadətnamə əsasında verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər-hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İddia tələbi ilə hüquqi qiymət verilməsi tələb olunan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, həmin çıxarışa hüquqi qiymət verilməsi üçün ilk növbədə çıxarışın verilməsinə əsas olmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə mülki mühakimə icraatı qaydasında mübahisələndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçılara izah edir ki, onlar hüquqi maraqlarına uyğun müvafiq iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilərlər. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1 və Abasova (Abdullayeva) Anaxanım Sabir qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində X7 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 9 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin, mərhum nənələri (atalarının anası) X4 məxsus olan 5 otağına (1-ci mərtəbədə 2 otaq, 2-ci mərtəbədə 3 otaq) aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X19.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar