Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5196/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və texniki sənədlərin hazırlanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkən bağ massivində yerləşən, 13 ildən artıq müddətdə istifadəsində olan 0,45 ha torpaq sahəsinin koodinatlarının müəyyən edilməsi və texniki sənədlərin hazırlanmasi öhdəliyinin cavabdeh orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsində, bağlar massivi deyilən ərazidə 0.45 ha torpaq sahəsindən 2010-cu ildən istifadə etməklə torpaq sahəsində 4 otaqlı fərdi yaşyaiş evi tikib, ailəsi və xəstə övladı ilə birlikdə bu günə qədər fərdi yaşayış evində yaşayır. Bu faktı iddiaçının fərdi yaşayış evinin ətrafında yaşayan qonşular təstiq edə bilər. Belə ki, onun qonşuluğunda hər tərəfdən daş hasarla əhatə olunmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdakən qəsəbəsi, 1171a ünvanında yerləşən 0,12 ha bağ torpaq sahəsi X3 LTD MMC-nin mülkiyyətindədir. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1171a saylı bağın 0,12 ha torpaq sahəsi iddiaçının istifadəsində, daş hasarın daxilində olan 0,45 ha torpaq sahəsinə bitişik yerləşir. X3 LTD MMC-nin mülkiyyətində olan 12 sot torpaq sahəsi ayrılıqda hər tərəfdən əhatə olunmuş daş hasarın içərisindədir. İddiaçının istifadəsində olan 0,45 ha torpaq sahəsi ayrılıqda onun tərəfindən hörülmüş daş hasarla əhatə olunmuşdur. X3 LTD MMC-nin mülkiyyətində olan 0.12 sot torpaq sahəsi ilə iddiaçının istifadəsində olan 0,45 ha torpaq sahəsi üst-üstə düşmə halı mövcud deyildir. Eyni zamanda iddiaçı mütəmadi olaraq dəfələrlə torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və 0,45 ha torpaq sahəsində tikilən fərdi yaşayiş evinin texniki sənədlərinin tərtib edilməsi ilə əlaqədar Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Reyestr Xidmətinə, Bakı şəhəri Xəzər rayonu Mərdakan Bələdiyyəsinə müraciətlər etmiş, lakin bu qurumlar 13 ildən artıq fasiləsiz istifadəsində olan 0,45 ha torpaq sahəsinin, torpaq sahəsində tikilən fərdi yaşayış evinin onun adına sənədləşməsinə köməlik etməmişlər. Bundan başqa, iddiaçı dəfələrlə Daşınmaz Əmlakın Reyestr Xidmətinə şifahi olaraq müracət etmişdir ki, X3 LTD MMC-nin mülkiyyətində olan, daş hasarın daxilində yerləşən 12 ha topaq sahəsinin və onun istifadəsində olan daş hasarla əhatə olunmuş 0,45 ha topaq sahəsinin koordinatları müəyyən edilsin. Lakin bu inzibati orqanlar iddia ərizəsində qeyd edilən tələbləri yerinə yetirməkdən imtina etmişlər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibət təqdim etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünlüyü məsələsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, torpaq sahəsinə dair heç bir sənədi yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən, faktiki istifadəsində olan 0.45 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və ona dair texniki sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Lakin iddiaçı qeyd olunan torpaq sahəsinin ona məxsus olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı halda iddiaçının indiki iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. İddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5196/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5196/2024
27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver