Məhkəmə qərarları › İş №2-1(112)-5196/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5196/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5196/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü ildə əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən ümumi xəstəliklə əlaqədar ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2018-ci ildə 2-ci dərəcə 5 il müddətinə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmişdir, əlil kimi sosial müavinətlə təmin edilmişdir. Əlillik müddəti xx.xx.2023-cü ildə bitdikdən sonra sosial müavinəti dayandırılmışdır. Çox ağır xəstə olduğu üçün təkrar əlillik təyin edilməsi məqsədi ilə bir neçə dəfə cavabdehə tibbi göndəriş göndərilmiş və sonuncu dəfə xx.xx.2024-ci ildə göndərilmiş tibbi göndərişə əlavə müalicəyə ehtiyacın olması kimi qeyd edilməklə xx.xx.2024-cü ildə elektron altsistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman məlum olmuşdur ki, Agentlik tərəfindən əlillik vəziyyəti əsassız olaraq heç bir məlumat və əlilliyə imtina edilməsi barədə qərar verilmədən imtina edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron altsistemdə imtina edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən də yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, bir çox tarixlərdə qiymətləndirilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edtməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2018-ci il tarixli 2756003AADV8 nömrəli tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında cavabdeh tərəfindən iddiaçının əlilliyi qiymətləndirilmiş, ona xx.xx.2018-ci ildə “Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı, Baş beyinin sağ y\k-nin beyin infarktı. Hemiplegiya, Sol tərəfli hemiparez” diaqnozu üzrə ikinci dərəcə əlillik - 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9.G80-G80.9) təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçıya təyin edilmiş əlillik müddəti bitdikdən sonra Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli X00192742LMQ nömrəli göndərişi əsasında “Beyin infarktının nəticələri. Sağ arxa və orta beyin arterial hövzələrdə keçirilmiş işemik insultun qalıq əlamətləri (2018)” diaqnozu üzrə iddiaçının əlilliyi yenidən qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Bərpa müalicələrini davam etdirmək tövsiyyə olunur” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. İşdən görünür ki, cavabdeh həmin qərarı barədə xx.xx.2024-cü il tarixdə SMS vasitəsilə **********56 mobil nömrəsi vasitəsilə məlumat verilmiş, SMS-də göstərilmişdir ki, “İddiaçı üçün verilmiş 27.05.24 tarixli göndərişə əlavə müalicəyə ehtiyacin olmasi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığıniz təqdirdə ərazi üzrə TSEK-ə yaxinlaşa və ya 30 gün müddətində müvafiq İnzibati məhkəməyə müraciət edə bilərsiniz.” İşdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-3351/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti 20 nömrəli Şəhər Poliklinikasının 2756003AADV8 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq ümumi xəstəlik səbəbilə beş il müddətinə (xx.xx.2023-cü il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2023-cü il tarixindən sonra vətəndaşa dair dövlət tibb müəssisəsi tərəfindən X00192742LMQ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2024-cü il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Nətcə olaraq, əlillik səviyyəsində ağırlaşmalar aşkar edilməmişdir. İddiaçı hazırda cavabdehin bu imtina cavabının ləğv olunmasını və ona xx.xx.2024cü il tarixdən ümumi xəstəliklə əlaqədar ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının ona əlillik təyin edilməsindən ibarət hazırkı iddiası məcburetmə haqqında iddiaya aiddir və qanunvericiliyə əsasən məcburetmə haqqında iddia üzrə iddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya məlumat verilməsindən sonra 30 gün təşkil edir. Bu müddətin ötməsindən sonra həmin inzibati akt qanuni qüvvəyə minir. İşin yuxarıda istinad olunan hallarından görünür ki, iddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndərişlə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə əlilliyi qiymətləndirilərək “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Bərpa müalicələrini davam etdirmək tövsiyyə olunur” səbəbi ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı isə bu imtinadan sonra yeni göndərişlə cavabdehə müraciət etməmiş, 6 aydan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı onun barəsində əlverşli inzibati aktın qəbul edilməsi barədə cavabdehə etdiyi müraciətə verilən imtina cavabından 30 gündən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, bununla qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, habelə buraxılmış prosessual müddətin ötürülməsi barədə ərizə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə, hazırkı iddia məcburetmə haqında iddialar üzrə xüsusi mümkünlük şərtinə iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi) cavab vermir. İddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarından məlumatsız olduğunu bildirsə də, işdən görünür ki, həmin qərarın nəticəsi və qərardan hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə ona SMS vasitəsilə məlumat verilmiş, həmin SMS iddiaçının mobil telefon nömrəsinə göndərilmişdir. Bundan əlavə, iddiaçı 6 ay ərzində əlilliyə görə sosial müavinət almaması, ona əlilliyin təyin edilmədiyindən məlumatlı olduğunu deməyə əsas verir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İstinad olunan normalardan görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. Yəni qanunvericiliyə əsasən əlilliyin qiymətləndirilməsi ilə bağlı cavabdeh tərəfindən inzibati icraatın başlanması üçün ona müvafiq göndərişin təqdim edilməsi mütləqdir. Çünki əlillik şəxsdə müəyyən fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır ki, bu pozuntular ambulator və ya stasionar müalicə nəticəsində aradan qalxa da bilər. Məhz buna görədir ki, qanunverici 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması halında, yaxud əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında şəxsə əlilliyin təyin edilməsini təsbit edir, hansı ki, bu pozuntular şəxs barəsində verilən müvafiq göndərişdə öz əksini tapmalıdır. Hazırkı halda sonuncu göndərişin verilməsindən 6 aydan artıq müddət keçməsini nəzərə alan məhkəmə iddiaçıya izah edir ki, o, əliliyinin qiymətləndirilməsi üçün yenidən yuxarıda istinad olunan Qaydalara uyğun göndəriş verilməsi üçün həkim-məsləhət komissiyasına müraciət edə, verilən göndəriş əsasında əlilliyi qiymətləndirilməklə qəbul edilən qərarla razılaşmadıqda qərarı aldığı tarixdən 30 gün müddətində müvafiq iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. İPM-in 35.1-ci maddəsinə görə isə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar