Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5197/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona mənə əmək fəaliyyətini davam etdirən pensiyaçı kimi xx.xx.1988-ci il tarixindən xx.xx.1996-ci il tarixinədək olan işlədiyi dövrlərin əmək stajına əlavə etməklə həmin dövrlər üçün ona hesablanmayan ödənişlərin hesablanaraq ona verilməsi vəzifəsinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Tovuz Rayonu X1 Zavodunda xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi dövrlərin əmək stajına əlavə olunmaqla, ona yəni, İddiaçı xx.xx.2024-cü il tarixdə təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müxtəlif vəzifələrdə işləmişdir. O, xx.xx.1988-ci il tarixdən Tovuz Dəmir-beton dayaqlar istehsal edən zavoda qəbul edilmiş və orada xx.xx.1996-cı il tarixə kimi işləmişdir. Lakin onun orada işlədiyi dövrlər sğorta stajına əlavə olunmamışdır. Bununla bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən bildirilmişdir ki, ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. ‘‘Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinə əsasən ona xx.xx.2024-cü il tarixindən avtomatlaşdırılmış qaydada 353,54 ~anat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdi edilmiş sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 20 il 6 ay 18 gün sığorta stajı, xx.xx.2006- cı il tarixindən xx.xx.2021-ci il tarixinədək 19449,93 manat pensiya kapitalı (2021-ci il tarixinə indeksləşdirilmiş) əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (353,53 manat) dəyişiklik olmamışdır. Bildirilmişdir ki, təqdim etdi sənədlərin surətlərinə əsasən əmək, faəliyyəti dövrləri, o cümlədən hərbi xidmətdə olduğu müddət, əyani təhsil illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajınız 20 il 6 ay 18 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”na əsasən əmə- kitabçanızın surətində qeyd edilmiş xx.xx.1988-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrində düzəliş olunduğu, həmçinin təqdim etdiyi arxiv arayışında işdən çıxma rekvizit məlumatları qeyd olunmadığından) həmin dövrlərin sığorta stajıa daxil edilməsi mümkün hesab edilməyib. Qeyd olunan dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. O, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinə müraciət etmiş və oradan ona aşağıdakı kimi cavab verilmişdir; Tovuz rayon Dəmir-Beton dayaqlar İstehsal edən zavodun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində İddiaçı xx.xx.1988- ci il tarixdə 59 №li əmrlə Tovuz Dəmir-beton dayaqlar istehsal edən zavoda mühəndislaborant təyin edilmiş, xx.xx.1989-cu il tarixdə 81 №li əmrlə Bakı şəhərinə 5 günlük ezam edilmiş, xx.xx.1990-cı il tarixdə 31 №li əmrlə mühəndis-lab. İddiaçı 5 gün Bakı şəhərinə mərkəzi labaratoriyaya ezam olunmuş, xx.xx.1991- ci il tarixdə 46 №-li əmrlə Bakı səhərinə mal- material gətirmək üçün ezam edilmiş, xx.xx.1994- cü il tarixdə 39 №li əmrlə mühəndis-lab. İddiaçı 24 iş günü məzuniyyətə buraxılmış, xx.xx.1995-ci il tarixdə 13 №li əmrlə əsas fondların, mal- maierialların sayı, həcmi və qiymətlərin xx.xx.1995-ci il tarixə olan vəziyyətinin inventariznsiyasının keçirilməsi ilə əlaqədar mühəndis-laborant olmaqla komissiya üzvü kimi göstərilmişdir. Göründüyü kimi onun işlədiyi dövrlər arxiv arayışında öz əksini tapmışdır. Əmək kitabçasının düzgün doldurulmaması onun günahı deyildir. Ona görə də mən məcbur qalıb hüquqlarımın dövlət tərəfindən bərpa olunması üçün məhkəməyə müraciət etmişəm. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-c4 il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, № 3-17-1/2-44118/2025 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Cavabdehin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Mərkəzi Filiala müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 22–1.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdən 353,54 manat avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunuun 37-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək faəliyyəti dövrləri, o cümlədən xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 il 6 ay 18 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 19449,93 manat pensiya kapitalı (2021-ci il tarixə indeksləşdirilmiş) əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (353,53 manat) dəyişiklik olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 28 aprel 2022-ci tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 4. -ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrində düzəliş olunduğu, həmçinin təqdim etdiyi arxiv arayışında işdən çıxma əmrində rekvizit məlumatları qeyd olunmadığından) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda, iddiaçıya qeyd olunan dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsi məsələsinə yenidən baxılacağı bildirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: İddiaçıya məxsus 10 avqust 1981-ci ildə doldurulmuş əmək kitabçasında olan məlumatlardan müəyyən olunur ki, o, xx.xx.1988-ci ildə Tovuz rayon Dəmir-beton dayaqlar istehsal edən zavoda mühəndis-laborant vəzifəsinə qəbul edilmiş və xx.xx.1996-cı il tarixdə tutduğu vəzifədən azad edilmişdir (əmək kitabşası səh. 43 qeyd 11-12). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidləmə üzrə Mərkəzi Filialın 30 may 2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid pensiya işinin materiallarından müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən ona xx.xx.2024-cü il tarixindən avtomatlaşdırılmış qaydada 353,54 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/1-M- 256633/2024 №li qərarından müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixindən təyin olunmuş yaşa görə əmək pensiyası yenidən hesablanmış və xx.xx.2024-cü il tarixdən müddətsiz 353,54 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, Tovuz rayon Dəmir-Beton dayaqlar İstehsal edən zavodun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində İddiaçı xx.xx.1988- ci il tarixdə 59 №li əmrlə Tovuz Dəmir-beton dayaqlar istehsal edən zavoda mühəndis- laborant təyin edilmiş, xx.xx.1989-cu il tarixdə 81 №li əmrlə Bakı şəhərinə 5 günlük ezam edilmiş, xx.xx.1990-cı il tarixdə 31 №li əmrlə mühəndis-lab. İddiaçı 5 gün Bakı şəhərinə mərkəzi labaratoriyaya ezam olunmuş, xx.xx.1991- ci il tarixdə 46 №-li əmrlə Bakı səhərinə mal- material gətirmək üçün ezam edilmiş, xx.xx.1994- cü il tarixdə 39 №li əmrlə mühəndis-lab. İddiaçı 24 iş günü məzuniyyətə buraxılmış, xx.xx.1995-ci il tarixdə 13 №li əmrlə əsas fondların, malmaierialların sayı, həcmi və qiymətlərin xx.xx.1995-ci il tarixə olan vəziyyətinin inventariznsiyasının keçirilməsi ilə əlaqədar mühəndis-laborant olmaqla komissiya üzvü kimi göstərilmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 280107/2024 №-li imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinə əsasən ona xx.xx.2024-cü il tarixindən avtomatlaşdırılmış qaydada 353,54 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22.-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək faəliyyəti dövrləri, o cümlədən xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 20 il 6 ay 18 gün sığorta stajı, xx.xx.2006-cı ii tarixindən xx.xx.2021-ci il tarixinədək 19449,93 manat pensiya kapitalı (2021-ci il tarixinə indeksləşdirilmiş) əsasında əmək pensiyanız yenidən hesablanmış və pensiyasının məbləğində (353,53 manat) dəyişiklik olmamışdır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək faəliyyəti dövrləri, o cümlədən hərbi xidmətdə olduğu müddət, əyani təhsil illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 20 il 6 ay 18 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 ii sığorta stajı nəzərə alınmışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1988-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (isdən çıxma əmrində düzəliş olunduğu, həmçinin təqdim etdiyiniz arxiv arayışında işdən çıxma əmrində rekvizit məlumatları qeyd olunmadığından) həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilməyib. Qeyd olunan dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajınıza daxil edilməsinə baxıla bilər. TƏTBİQ EDİLƏN HÜQUQ. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə): ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: … 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; … 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir … 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; … 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir;
MƏHKƏMƏNİN MÖVQEYİ.
Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona təyin edilmiş yaşa görə əmək pensiyasının Tovuz Rayonu X1 Zavodunda xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi dövrlər əmək stajına əlavə olunmaqla yenidən hesablanmasına nail olmaqdır. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi isə iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1988-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (isdən çıxma əmrində düzəliş olunduğu, həmçinin təqdim etdiyiniz arxiv arayışında işdən çıxma əmrində rekvizit məlumatları qeyd olunmadığından) qeyd olunan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsinin mümkün olmamasını göstərmişdir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə bununla yanaşı qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı) Yuxarıda istinad olunan normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, iddiaçı tərəfindən təqdim olunan arayışlardakı məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd olunan əsaslar ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, istinad olunan normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Cavabdehin imtina məktubunda və ya iddia tələbinə dair yazılı mülahizəsində iddiaçının əmək kitabçasının dövrün doldurulma qaydası pozulduğundan yəni, işdən çıxma əmrində düzəliş olunduğuna bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən tərtib edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı qeyd olunur. Bu barədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1 -ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Göründüyü kimi, adıçəkilən Qaydalara əsasən əmək kitabçasında işçinin işə daxil olması barədə əmrlərdən qeydlər aparılarkən işəgötürən tərəfindən bu qeydlərlə bağlı mütləq göstəricidir mövcud deyildir. Bundan əlavə, cavabdehin istinad etdiyi eyni faktla bağlı qeyd olunmalıdır ki, işçinin əmək fəaliyyəti haqqında sənəddə yəni, əmək kitabçasında onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər işçinin (hazırda iddiaçının) deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq müəssisə tərəfindən əmək kitabçasının doldurulması qaydasının düzgün icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Qeyd olunanlar baxımından, konkret mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə materiallara əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı bir dəlilə istinad olunduğu müəyyən edilməmişdir. Beləliklə, iddiaçının əmək kitabçası ilə müəyyən olunmuş iş stajı yuxarıda istinad olunan normalara əsasən və həmin normalarda təsbit edilmiş qazanılmış pensiya hüququ konsepsiyasına uyğun olaraq sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2- 1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları) İşin müəyyən edilmiş hallarına görə isə iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Tovuz Rayonu X1 Zavodunda işlədiyi illərə dair əmək kitabçasında qeyd aparılmışdır və eyni zamanda iddiaçının həmin əmək staj Tovuz Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı ilə də öz təsdiqini tapmışdır. İddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyəti ilə bağlı isə məhkəmə aşağıdakıları bildirir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Hazırkı mübahisə üzrə istinad edilmiş qanunvericiliyin müddəaları, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı işdə cavabdeh kifayət qədər mötəbər və ciddi sübutlara əsaslanmaqla əks halı, yəni iddiaçının həmin dövrlərdə müvafiq müəssislələrdə işləməməsini sübuta yetirə bilməmişdir. Hazırkı mübahisə mahiyyət etibarı ilə xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı ilədək olan müddətdə iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi və həmin müddətin onun ümumi iş stajına daxil edilməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Mübahisələndirilən illərə dair qeydlərlə bağlı cavabdeh tərəfindən həmin normaya əsasən müstəqil şəkildə və öz hesabına araşdırılma aparılmalı olduğu halda, qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının mübahisələndirilən dövrlərdə qeyd olunan müəssisədə (Tovuz Rayonu X1 Zavodu) əmək fəaliyyəti tam sübuta yetirilmişdir. Beləliklə, iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasından imtina edilməsi cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyası iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı ilədək dövlər üzrə əmək stajı nəzərə alınmaqla, yenidən hesablanmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Tovuz Rayonu X1 Zavodunda xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi dövrlər əmək stajına əlavə olunmaqla, İddiaçı xx.xx.2024-cü il tarixdə təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev