Məhkəmə qərarları › İş №2-1(112)-52/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-52/2022

04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-52/2022 04.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X1, Üçüncü şəxs Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər X10, X11, X4 və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti) qarşı “qeydiyyatdan çıxarılma” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X5, X1 və X6 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh 096-28274B-1218 nömrəli, 28.11.2018-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, X10, həyat yoldaşı X4 və oğlu X6 Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən) Suraxanı rayon Qeydiyyat və X3 səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti üzrə rayon məhkəməsinə və ya 2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə müraciət olunması məqsədəmüvafiqdir.

3. Bundan sonra İddiaçı 21 dekabr 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048-ci məhəllədəki 10 saylı evin 3-cü mənzilindən üçüncü şəxslər X10 və X1 pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.05.2019-cu il tarixli, 2-1(82)- 904/2019 saylı qərardadı ilə hazırkı iş üzrə icraat Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 10.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər X10 və X4) qarşı «iddiaçıya məxsus mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması» tələbinə dair iş üzrə icraat təzələnmişdir.

6. Məhkəmənin 02 fevral 2022-ci il tarixli, 2-1(112)-52/2022 saylı qərardadı ilə Suraxanı Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

7. İddiaçı 24.02.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048-ci məhəllədəki 10 saylı evin 3-cü mənzilindən üçüncü şəxslər X10 və X4 ilə yanaşı, X6 da qeydiyyatdan çıxarılmasını xahiş etmiş, məhkəmənin 28.02.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İİ. Tərəflərin əsaslandırması:

8. İddia tələbi bununla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048-ci məhəllədəki 10 saylı evin 3-cü mənzilinə hüquqları tanınmış və oraya köçürülmüşdür. Həmin mənzilə aid üçüncü şəxslərə hüquqverici sənəd olan RİH-nin Sərəncamı ləğv edilmiş və onların mənzilə heç bir hüquqları qalmamışdır. Belə olan halda üçüncü şəxslərin həmin mənzildə pasport qeydiyyatında qalmaları formal xarakter daşıyır. Odur ki, onların pasport qeydiyyatından çıxarılması haqda cavabdehə müraciət etmiş, lakin iddiaçıya imtina cavabı verilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İnzibati orqanın bu cavabı qanunsuz və əsassızdır və onun hüquqlarını məhdudlaşdırır.

9. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. 11.Cavabdeh məhkəməyə göndərdiyi 30.03.2022-ci il tarixli, 7768-1222 saylı məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 və üçüncü şəxs Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi iddianı qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər X10 və X11 məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

14. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

16. Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

17. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla inzibati mübahisədir və öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

18. İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur.

19. Belə ki, işdən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllə, ev 10 ünvanında yerləşən 3 saylı mənzil Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

20. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş 05.02.2022-ci il tarixli, 018-2296-1222 saylı cavab məktubundan görünür ki, ünvan 2 ünvanında aşağıdakı şəxslər qeydiyyatdadırlar:

1. İddiaçı - 16.02.2008-ci il tarixdən;

2. X10 - 07.05.2014-cü il tarixdən;

3. X11 - 18.09.2014-cü il tarixdən;

4. X4 04.06.2016-cı il tarixdən.

21. Hazırda mübahisəli mənzildə qeydiyyatda olan şəxslərdən biri – İddiaçı digər şəxslərin – V.Qədirova, Ü.Əfəndiyev və İ.Əfəndiyevin (bundan sonra – üçüncü şəxslər) həmin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə həmin şəxslərin mübahisəli mənzilə hüquqları ilə bağlı aşağıdakıları qeyd edir. a) İddiaçı mübahisəli mənzilə hüquqlarının olması ilə bağlı: Ordjonikidze rayonu Xalq məhkəməsinin 19.12.1988-ci il tarixli 2-79/1988 saylı qətnaməsi ilə Ordjonikidze rayonu 63 saylı MİK-nın İddiaçı qarşı Serebrovski qəsəbəsi 4048/49-cu məhəllə, ev 10 ünvanında yerləşən mənzildən çıxarılması iddiası rədd edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “cavabdeh İddiaçı mübahisələndirilən mənzildə muzdlu tutan tərəfindən yerləşdirilmişdir və onlar birlikdə 1987-ci ilin yanvar ayından avqust ayına kimi, yəni muzdlu tutanın vəfat etməsinə kimi yaşamışdır. Həyatda oğlduğu dövrdə birgə təsərrüfat aparmışlar və onların münasibəti ailə xarakteri daşıyıb...Məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq mübahisələndirilən mənzilin yaşayış sahəsinə hüquq qazanmışdır və buna görə də iddia rədd edilməlidir. Mənzil 16.59 kv.m sahəli, bütün kommunal şəraiti olan bir otaqdan ibarətdir ki, cavabdeh ondan istifadə hüququna malikdir.” Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, 26.02.2015-ci il tarixli qətnaməsi ilə X5 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin olunaraq cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. Məhkəmə iddianı təmin edərkən:

1. Suraxanı rayon Məhkəməsinin 21.11.2013-cu il tarixli qətnaməsi ilə X5 iddiasının təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə istifadə hüququnun tanınmaqla onunla kirayə müqaviləsinin bağlanmasının qət edilməsinə;

2. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 27.02.2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə 3 nömrəli mənzilə kirayə müqaviləsinin X5 adına dəyişdirilməklə onun həmin mənzilin kirayəçisi hesab edilməsinə istinad etmişdir. Cavabdeh İddiaçı bu qətnamədən apellyasiya şikayəti versə də, müddət ötürüldüyündən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19.06.2015-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmış, bu qərardad Bakı Apellyasiya Məhkəməsinin 13.01.2016-cı il tarixli qərardadı ilə, sonuncu qərardad isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.06.2016-cı il tarixli qəraradadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin daha sonra Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X8 qarşı mənzilə köçürülmə tələbi təmin olunaraq İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin 01.02.2018-ci il tarixli qətnaməsi ilə, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.06.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarada Ali Məhkəmə Ordjonikidze rayonu Xalq məhkəməsinin 19.12.1988ci il tarixli, 2-79/1988 saylı qətnaməsi ilə İddiaçı mübahisəli mənzilə istifadə hüququnun olması faktını və onun həmin mənzildən çıxarılmasının mümkünsüzlüyünün artıq müəyyən edildiyinə, İddiaçı yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, 26.02.2015-ci il tarixli qətnaməsində istinad olunan Suraxanı rayon Məhkəməsinin 21.11.2013-cu il tarixli qətnaməsinin və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 27.02.2014-cü il tarixli, 22 nömrəli sərəncamının sonradan ləğv olunduğuna istinad etmiş, Vəfa Qədirovanın mübahsəli mənzilə istifadə hüququnun olmadığını, İddiaçı isə mübahisəli mənzilə istifadə hüququnun olmasını təsbit etmişdir. Həmçinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07.10.2021-ci il tarixli qətnaməsi ilə X6 İddiaçı mübahisəli mənzilə yaşamaq-istifadə və qeydiyyat hüququnun itirilməsi barədə iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 09.02.2022-ci il tarixli qətnamə ilə həmin məhkəmə qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə qərarında qüvvədə olan məhkəmə qətnamələrinə əsasən iddiaçının belə bir iddia ilə çıxış etmək üçün subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Beləliklə, sadalananlara əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə hazırkı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə istifadə hüququnun olması tam təsbit olunmuşdur və bu, artıq işin mübahisəsiz halını təşkil edir. b) Üçüncü şəxslər X5, X6, X1 mübahisəli mənzilə dair hüquqlarının olması ilə bağlı: Suraxanı rayon Məhkəməsinin 21.11.2013-cu il tarixli qətnaməsi ilə X5 iddiası təmin edilərək onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə istifadə hüququnun tanınması faktının müəyyən edilməsi və onunla kirayə müqaviləsinin bağlanması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 29.01.2016-cı il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.11.2017-ci il tarixli qərarı ilə V.Qədirovanın kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 29.01.2016-cı il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Həmin qərarda Ali Məhkəmə qeyd etmişdir ki, V.Qədirovanın mübahisəli mənzilə istifadə hüququnun yaranması əsasları müəyyən olunmur. Eyni zamanda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(082)155/2017 saylı, 25 yanvar 2017-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10 ünvanında yerləşən 3 saylı mənzilə kirayə müqaviləsinin Vəfa Qədirovanın adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 27.02.2014-cü il tarixli, 22 nömrəli sərəncamı ləğv edilmişdir. Həmçinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)-1317/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X8, X2 və X9 qarşı mənzildən çıxarılması tələbinə dair iddiası təmin olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanından cavabdehlər X10, X4 və X11 çıxarılması qət edilmişdir. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.06.2020-ci il tarixli, 2(103)- 3781/2020 saylı qətnaməsi ilə, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.04.2021-ci il tarixli, 2(102)-436/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla Ali Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilə istifadə hüququnun olması Azərbaycan SSR Orcanikidze Rayon Məhkəməsinin 19 dekabr 1988-ci il tarixli, 2-79/1988 saylı qətnaməsi ilə tanınmışdır. Cavabdehlərin isə həmin mənzilə hər hansı bir hüquqları yoxdur. Göründüyü kimi hazırda üçüncü şəxs qismində çıxış edən X5, X1 və X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə heç bir hüquqularının olmaması və buna görə də onların həmin mənzildən çıxarılması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsbit olunmuşdur.

22. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, mübahisəli mənzilə iddiaçının istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edildiyindən onun həmin mənzilə hər hansı hüququ olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur.

23. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 27-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmiş vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər, habelə, qeydiyyata almaqdan əsassız imtina edən, qeydiyyata almaq üçün vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmayan sənədlər tələb edən, qeydiyyata almaqda süründürməçiliyə yol verən və ya digər qeydiyyata alma və qeydiyyatdan çıxarılma qaydalarına əməl etməyən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları (öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

25. Məhkəmə iclasında tədqiq olunan çoxsaylı məhkəmə qərarlarına əsasən müəyyən olunur ki, hazırkı iş üzrə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin beşinci abzasında nəzərə tutulmuş hal məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.04.2021-ci il tarixli, 2(102)-436/2021 saylı qərarı) əsasında üçüncü şəxslərin yaşayış sahəsindən çıxarılması halı mövcuddur.

26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında da göstərilmişdir ki, “...Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. ... Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.”

27. Göründüyü kimi, mövcud qanunvericilik müvafiq inzibati orqanın şəxsin qeydiyyatdan çıxarılması halını konkret tənzimləməklə yanaşı, qeydiyyatdan çıxarılma qaydalarına əməl etməyən təqsirli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati və ya cinayət məsuliyyəti daşımalarını da təsbit etmişdir.

28. Beləliklə, məhkəmə işin tədqiq olunan hallarına əsasən bu qənaətə gəlir ki, sadalanan qanunvericilik normasına, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında onun istifadə hüququ olan mənzildən çıxarılan üçüncü şəxslərin formal xarakter daşıyan qeydiyyatına xitam verilməsini tələb etməkdə haqlıdır.

29. Məhkəmə onu da qeyd edir ki, işdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.04.2016-cı il tarixli qərarı ilə X1 idiası təmin edilərək onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllədə yerləşən 10 saylı evin 3 saylı mənzilinə qeydiyyata alınması vəzifəsi Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulsa da, məhkəmənin həmin qərarında istinad etdiyi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 27.02.2014-cü il tarixli 22 nömrəli sərəncamı ləğv edilmiş, bununla da Vəfa Qədirovanın həmin mənzilə hüququ olmadığından onun İ.Əfəndiyevin həmin mənzilə qeydiyyata alnmasına verdiyi razılıq ərizəsi mahiyyətini itirmişdir. Buna görə də məhkəmə hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.04.2016-cı il tarixli qərarı X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10, mənzil 3 ünvanından qeydiyyatdan çıxarılması barədə tələbi təmini üçün mane hesab edilə bilməz.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər 29.08.1978-ci il təvəllüdlü X5, 30.08.2001-ci il təvəllüdlü X6 və 16.01.1973-cü il təvəllüdlü X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49 məhəllə, ev 10 üvanında yerləşən 3 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar