Məhkəmə qərarları › İş №2-1(112)-52/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-52/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-52/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və X15) “kompensasiyanın ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı məhkəməyə müraciət edərək “Xətai Rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 2000-ci il tarixli sərəncamına əsasən ayrılmış Babək prospekti, Turşu küçəsi, 2210-cu məhəllədə yerləşən, istifadəsində olan 0,05 ha torpaq sahəsinin qanunsuz olaraq alınmasına görə 250 000 (iki yüz əlli min) manat məbləğin, ümumi sahəsi 200 kv.m olan bir mərtəbəli fərdi yaşayış evinin sökülməsinə görə 200 000 (iki yüz min) manat məbləğin, dəymiş mənəvi zərərə görə 100 000 (yüz min) manat məbləğin, cəmi 550 000 (beş yüz əlli min) manat pulun kompensasiya şəklində ödənilməsi” tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 2000-ci il tarixli sərəncamı ilə “Qartal” k/m-nə məxsus Babək prospekti, Turşu küçəsi, 2210-cu məhəllədə yerləşən 0,05 ha torpaq sahəsi müəssisənin rəhbərliyinin razılığı ilə onun adına sənədləşdirilmiş və yaşayış evinin tikintisinə icazə verilmişdir. O, ümumi sahəsi 200 kv.m olan bir mərtəbəli fərdi yaşayış evini tikdirərkən, Xətai Rayon İcra Hakimiyyəti həmin ərazidə “Ağ Şəhər” şəhərsalma dövlət layihəsinin həyata keçirilməsi nəzərdə tutulduğundan söküntü işlərinin aparılması barədə xəbərdarlıq etmişdir. Bu səbəbdən də həmin ərazidə tikintini tam şəkildə başa çatdıra və təmir işləri apara bilməmişlər. Lakin xx.xx.2017-ci il tarixdə cavabdeh ona və ailəsinə heç bir xəbərdarlıq etmədən, onlara məxsus torpaq sahəsində yerləşən əmlaklarını sökməyə başlamışlar. Buna cavab olaraq, “102” zəng mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əməkdaşları öz növbəsində bu aktın qanunsuz hərəkət olduğunu qeydə almışlar. Buna baxmayaraq, özünü Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini kimi təqdim edən şəxs, qardaşı X6 ilə danışıqlar apararkən, ailəsinə məxsus 0,05 ha torpaq sahəsi və həmin ərazidə yerləşən ümumi sahəsi 200 kv.m əmlaka cəmi 20 000 (iyirmi min) manat məbləğində pul təklif etmişdir. Təklif edilən məbləğ həmin ərazidə hər kvadratmetr üçün ödənilən məbləğdən çox aşağı olduğundan razı qalmayaraq imtina etmişlər. Onunla qonşu olan qardaşının eyni hüquqla istifadəsində olan 70 kv.m əmlakı sökülərkən Xətai Rayon İcra Hakimiyyəti tərəfində hər bir kvadratmetrə görə 1000 manatdan hesablanaraq 70000 manat pul ona ödənilmişdir. Həmin ərazidə bir sot torpaq üçün bazar qiyməti 50000 manat, tikili üçün isə 1500 manat təşkil edir. Onlara məxsus torpaq sahəsinin hüquqmüəyyənedici sənədi var və həmin sənəddə bütün koordinatlar qeyd edilmişdir. Xətai Rayon İcra Hakimiyyətinin memarı A.Ağayev tərəfindən tərtib edilmiş Xətai rayonu, Turşu küçəsi, 1022-ci Məhəllədə “Qartal” k/m-nə məxsus sahənin yaşayış evi tikintisi üçün X3 ayrılmış 500 kv.m sahənin yerləşmə cizgisi mövcuddur. Ona məxsus Babək prospekti, Turşu küçəsi, 2210-cu məhəllədə yerləşən 0,05 ha torpaq sahəsi və yaşayış evinin dəyəri ədalətli şəkildə qabaqcadan ödənilmək şərti ilə dövlət ehtiyacları üçün alına bilər. Lakin o, bu illər ərzində ona kompensasiyanın verilməsini tələb etsə də, nəticə əldə edə bilməmişdir. Cavabdehin qeyd edilən hərəkətləri maraqlarına toxunur, konstitusion mülkiyyət hüququnun realizə edilməsinə maneədir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 30 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmənin 18 noyabr 2022-ci il tarixli qərardadı ilə X15 iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının ərizəsi əsasında məhkəmənin 06 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Xətai Rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 2000-ci il tarixli sərəncamına əsasən ayrılmış Babək prospekti, Turşu küçəsi, 2210-cu məhəllədə yerləşən, istifadəsində olan 0,05 ha torpaq sahəsində inşa etdiyi evin sökülməsinə görə 200 000 manat pul məbləğinin kompensasiya şəklində cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim edilmiş Bakı şəhəri Cavabdeh başçısının 291 saylı, 22 sentyabr 2000-ci il tarixli sərəncamından çıxarışda qərara alınmışdır ki, Nikişin küçəsi, ev 10, mənzil 7-də yaşayan İddiaçı Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus (müəssisənin rəhbərliyinin razılığı ilə) sahədə 0,05 ha torpaq sahəsi onun adına sənədləşdirilsin və yaşayış evi tikintisinə icazə verilsin. Sərəncama iddiaçının ərizəsi və ayrılmış sahənin yerləşmə cizgisi əlavə edilmişdir. (iş v.57-61) Bakı şəhəri Cavabdeh başçısının 291 saylı, 22 sentyabr 2000-ci il tarixli sərəncamından çıxarışda qərara alınmışdır ki, Nikişin küçəsi, ev 10, mənzil 6-da yaşayan X10 Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus (müəssisənin rəhbərliyinin razılığı ilə) sahədə 0,05 ha torpaq sahəsi onun adına sənədləşdirilsin və yaşayış evi tikintisinə icazə verilsin. Bakı şəhəri Cavabdeh başçısının İ-109 saylı, 06 sentyabr 2017-ci il tarixli məktubunda bildirilmişdir ki, müraciətdə qaldırılan məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətində “Ağ şəhər” layihəsi çərçivəsində gedən söküntülərlə bağlı yaradılmış komissiyaya müraciət etmək tövsiyə olunur. Bakı şəhəri Cavabdeh başçısının İ-95 saylı, 25 avqust 2017-ci il tarixli məktubunda bildirilmişdir ki, qaldırılan məsələ ilə əlaqədar İcra Hakimiyyəti nəzdində yaradılmış söküntü üzrə komissiyaya müraciət etmək tövsiyə olunur. Bakı şəhəri Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq 375 saylı, 05 may 2020-ci il tarixli məktub ilə bildirmişdir ki, ölkənin sosial-iqtisadi inkişafı sahəsində qəbul olunan dövlət proqramları çərçivəsində iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə, sosial məsələlərin həlli istiqamətində irimiqyaslı işlər görülməsinə şərait yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar Xətai rayon ərazisində və Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 iyun 2013-cü il tarixli, 225 saylı sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Göstərilən sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən sərəncamın icrasının təmin edilməsi istiqamətində xx.xx.2017-ci il tarixdə 52/1 saylı məktubla rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirilmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. "xxxx" qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayonu Turşu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün Azərbaycan Respublikasının “X9 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010) müvafiq bəndlərini (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007- ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər belə müəyyən olunmuşdur. Yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1 000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750,0 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50,0-350 manat. Qeyd olunan qiymətləndirməyə əsasən X4 məxsus ünvan 1 ünvanında yerləşən tikilinin 46.97 kv.m yaşayış sahəsi üçün 46.970 manat, köməkçi sahəsi 16.6 kv.m üçün 12.450 manat ümumilikdə 59.420 məbləğində kompensasiya ilə razılaşaraq komissiyanın tərtib etdiyi razılaşma aktını imzalamış və həmin məbləğdə pul vəsaiti 14 saylı notariat kontorunun Muğanbank ASC-nin 05 saylı şöbəsində olan depozit hesabına köçürülmüşdür. Bakı şəhəri Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq 505 saylı, 09 iyun 2020-ci il tarixli məktub ilə bildirmişdir ki, rayon İcra Hakimiyyəti tərəfindən son beş ilə kimi verilmiş sərəncamlar və onlara əlavə edilmiş sənədlər təhvil təslim aktına əsasən dövlət arxivinin Bakı filialına təhvil verildiyindən məsələyə rayon İcra Hakimiyyəti tərəfindən mahiyyəti üzrə baxılması mümkün deyildir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, 10 iyun 2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyr-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Köçürülmə mərhələli şəkildə həyata keçirilmiş və qeyd olunan ünvanlardan yaşayış evlərinin və mənzillərin mövcud bazar qiymətləri ilə dəyərlərini müəyyən edərək kompensasiyanın ödənilməsini təmin etmək üçün Xətai Rayon İcra Hakimiyyətində komissiya yaradılmışdır. Xətai Rayon İcra Hakimiyyəti iddia tələbini qanuni hesab etmir. Belə ki, hazırda mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63.57 kv.m olan fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar 59.420 manat X7 depozit hesabına köçürülmüş və o, kompensasiya məbləği ilə razılaşaraq razılaşma aktına imza atmış və həmin məbləği hesabdan çıxarmışdır. X5 və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti arasında bağlanmış 01 avqust 2017-ci il tarixli razılaşmaya əsasən:

1. X5 uzun müddətdir istifadəsində olan xx.xx.2017-ci il tarixdə 66 saylı MİS tərəfindən verilmiş qeydə alma nömrəsi 1273 nömrəli arayışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xeyrinə imtina edir.

2. Yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə 66 saylı MİS tərəfindən verilmiş qeydə alma nömrəsi 1273 nömrəli arayışa və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya ilə bağlanmış akt əsasında X1 istifadəsindədir.

3. Müqavilə bağlananadək fərdi yaşayış sahəsi (mənzili və ya evi) məhkəmə və digər mübahisə pıedmeti olmamışdır.

4. X5 Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən 59 420 (əlli doqquz min dörd yüz iyirmi) manat məbləğində kompensasiya almaqla 63.57 kv.m fərdi yaşayış sahəsi (mənzili və ya evi) Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xeyrinə imtina edir.

5. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti bu Müqavilənin 4-cü bəndində göstərilən məbləğdə qanunvericiklə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış kompensasiyanı X2 notariusun depozit hesabı vasitəsi ilə ödəmişdir.

6. Notarius müqaviləni təsdiqlədikdən sonra X5 yaşayış sahəsinə aid sənədləri Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə verməyə borcludur.

7. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xeyrinə imtina edilənədək yaşayış sahəsinin vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi X1 üzərinə düşür.

8. X5 yaşayış sahəsini müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan en geci 5 (beş) gün müddətində Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xeyrinə imtina etməyi, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti isə onu qəbul etməyi öhdəsinə götürmüşdür.

9. X5 müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 5 (gün) gün müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. Bakı şəhəri Cavabdeh İ-75/3-151 saylı, 19 iyun 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 225 saylı, 10 iyun 2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün Bakı şəhəri, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmış və sərəncamın icrasına nəzarət Xətai Rayon İcra Hakimiyyətinə həvalə olunmuşdur. Bakı şəhəri Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq 1106 saylı, 18 noyabr 2020-ci il tarixli məktub ilə bildirmişdir ki, sorğuda İddiaçı “Ağ şəhər” layihəsi həyata keçirilməsi ilə əlaqədar köçürülməyə məruz qalmış şəxs kimi ona Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən hər hansı kompensasiya ödənilib-ödənilməməsi, ödənildiyi təqdirdə kompensasiya ödənilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin, o cümlədən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 291 saylı 22 sentyabr 2000ci il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsinin üzərində tikilmiş yaşayış sahəsinin neçə kv.m-dən ibarət olması barədə məlumatın, həmin sahəyə dair müayinə aktının təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi tələb olunur. Araşdırılma zamanı İddiaçı qeyd edilən sərəncam əsasında fərdi yaşayış evinin tikintisini aparmadığı məlum olmuş və ona Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən hər hansı kompensasiya ödənilmədiyi müəyyənləşdirilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Layihə Tədqiqat İdarəsi tərəfindən təqdim olunmuş bçm/0178 saylı, 02 dekabr 2021-ci il tarixli arayışda bildirilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi əraziyə baxış keçirilmiş, lakin iddia olunan tikilinin naturada mövcud olmaması səbəbindən mübahisələndirilən tikilinin və yerləşdiyi torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin 23 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə texniki ekspertizası təyin edilərək ekspertin (ekspertlərin) qarşısında müvafiq suallar qoyulmuşdur:

1. İddiaçı məxsus Bakı şəhəri, Babək prospekti, Turşsu küçəsi, 2210-cu məhəllədə yerləşən torpaq sahəsi üzərində tikili mövcud olmuşdur?

2. Bakı şəhəri, Babək prospekti, Turşsu küçəsi, 2210-cu məhəllədə yerləşən torpaq sahəsi üzərində tikili mövcud olduğu təqdirdə ölçüləri və ümumi sahəsi nə qədər olmuşdur? Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2145 saylı, 15 iyul 2022-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 291 saylı sərəncamı ilə X3 Babək prospekti 2210-cu məhəllədə ayrılan torpaq sahəsi üzərində “Google Earth” xəritə proqramında mövcud olan illər üzrə görüntülərə əsasən 07.2014-cü il tarixdən 06.2017-ci il tarixədək olan dövr ərzində təqribən 10x20 metr ölçüdə (200 kv.m) tikilinin mövcud olduğu müəyyən edilir. (iş v.106-109) Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər.

II. İddianın növü və mümkünlüyü

İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının torpaq sahəsinə və üzərində mövcud olmuş tikiliyə dair “qanuni gözləntisi” varmı? Belə ki, X23 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) X24 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Məhkəmə hazırki iş üzrə araşdırmanı X24 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? Məhkəmə qeyd edir ki, Bakı şəhəri Cavabdeh başçısının 291 saylı, 22 sentyabr 2000-ci il tarixli sərəncamı ilə Nikişin küçəsi, ev 10, mənzil 7-də yaşayan İddiaçı Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus (müəssisənin rəhbərliyinin razılığı ilə) sahədə 0,05 ha torpaq sahəsi onun adına sənədləşdirilməsi və yaşayış evi tikintisinə icazə verilməsi göstərilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2145 saylı, 15 iyul 2022-ci il tarixli ekspert rəyinə əsasən isə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 291 saylı sərəncamı ilə X3 Babək prospekti 2210-cu məhəllədə ayrılan torpaq sahəsi üzərində “Google Earth” xəritə proqramında mövcud olan illər üzrə görüntülərə əsasən 07.2014-cü il tarixdən 06.2017-ci il tarixədək olan dövr ərzində təqribən 10x20 metr ölçüdə (200 kv.m) tikilinin mövcud olduğu müəyyən edilmişdir. İş materialları ilə ilə sözügedən ərazidə iddiaçıya məxsus tikilinin olması öz təsdiqini tapır. Lakin bununla belə, həmin tikilinin yaşayış evi və ya köməkçi sahə olması ilə bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir. Belə bir hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, qeyd edilən müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir, belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, 10 iyun 2013-cü il tarixli sərəncamının icrasına nəzarət Xətai Rayon İcra Hakimiyyətinə həvalə olunmuşdur, odur ki, məhkəmə cavabdeh qurumun hərəkətləri nəticəsində iddiaçıya kompensasiya ödəməli olduğu qənaətindədir. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X8rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X17rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7.6-cı bəndinə əsasən, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir. İşin hallarına əsasən iddiaçıya vurulmuş maddi zərərin konkret məbləğini müəyyən etmək mümkün deyil. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək. İddiaçı tərəfindən buna dair hər hansı sübutlar təqdim edilmədiyindən analoji məhkəmə qərarlarına tutulmuş kompensasiya məbləğinə uyğun, məhkəmə iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 60000 (altmış) manat (200 kv.m. x 300 manat) kompensasiya təyin olunmasını ədalətli hesab edir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Xətai Rayon İcra Hakimiyyətindən İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 60000 (altmış min) manat tutulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar