Məhkəmə qərarları › İş №2-1(112)-520/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-520/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-520/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (bundan sonra mərndə DSX) qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra mətndə MN) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalı (bundan sonra mətndə DSMF XŞTÜMF) üçüncü şəxslər qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyasının Azərbaycan Ali Hərbi Məktəbində 25 sentyabr 2020-ci il tarixədək xidmət edərkən, tabor komandiri müavininin vəzifə maaşı nəzərə alınmaqla 760 manat məbləğində hesablanması, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə əsasən (xəstəliyə görə) müvafiq təminat xərcliyinin 5 faizi hesablanması, ona yenidən pensiya hesablanıb təyin edilərkən xx.xx.2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək olan müddət (4 ay 22 gün, güzəştli hesablama ilə 9 ay 14 gün ) onun iş stajına hesablanması, 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi məbləğində hesablanması və 20 ildən artıq hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün (il tam olmadıqda isə natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) müvafiq təminat xərcliyinin 3 faiz əlavə olunmaqla hesablanması və təminat xərcliyinin xidmət müddətinə görə 85,50 faiz hesabı ilə yenidən hesablanması və məlumat vərəqinin MN, DSMF XŞTÜMF-ə göndərilməsi haqqında DSX-nın üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən xx.xx.2021-ci il tarixli iddia ərizəsində tələb edilən pensiyanın Azərbaycan Ali Hərbi Məktəbində 25 sentyabr 2020-ci il tarixədək xidmət edərkən, həmin vaxt tabor komandiri müavinin vəzifə maaşı nəzərə alınmaqla 760 manat məbləğindən (sonrakı artımlar nəzərə alınmaqla) hesablanması, ona yenidən pensiya hesablanıb təyin edilərkən xx.xx.2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək olan müddət (4 ay 22 gün, güzəştli hesablama ilə 9 ay 14 gün) onun iş stajına hesablanması, 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 55 faizi məbləğində hesablanması və 20 ildən artıq hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün (il tam olmadıqda isə natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) müvafiq təminat xərcliyinin 3 faiz əlavə olunmaqla hesablanması üçün təminat xərcliyinin xidmət müddətinə görə 84,00 faiz hesabı ilə yenidən tərtib edilməsi və məlumat vərəqinin MN, DSMF XŞTÜMF-ə göndərilməsi haqqında DSX-nın üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlamışdır. Azərbaycan Ali Hərbi Məktəbində xidmət edərkən, polkovnik-leytenant hərbi rütbəsində, tabor komandirinin müavini vəzifəsində olarkən xidmət illərinə görə ehtiyata buraxılmağı ilə əlaqədar Azərbaycan Ali Hərbi Məktəbin rəisinin adına xx.xx.2020-ci il tarixli 8219 daxil olma nömrəsi ilə raportla müraciət etmişdir. Məktəbin rəisi onun raportunu imzaladıqdan sonra o, MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasından keçmək üçün göndərilmişdir. Hərbihəkim komissiyasının xx.xx.2020-ci il tarixli rəyinə əsasən “sülh dövrü yararsız, müharibə dövrü məhdud yararlı” qiymətləndirilmişdir. Ancaq həmin vaxtlarda, yəni xx.xx.2020-ci il tarixdə ikinci Qarabağ müharibəsi başladığına görə ehtiyata buraxılmadan Azərbaycan Respublikası Müdafiə nazirinin 1-ci müavini Silahlı Qüvvələrin Bas Qərargah rəisinin müvafiq əmrinə əsasən Azərbaycan Ali Hərbi Məktəbində tabor komandiri müavininin vəzifə maaşı saxlanılmaqla N saylı hərbi hissəsinin tərkibində psixoloq vəzifəsinə təyin edilərək, müharibədə iştirak etmək üçün ön cəbhəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixdən ikinci Qarabağ müharibəsinin ən qaynar nöqtələrində, o cümlədən Şuşanın işğaldan azad edilməsi ilə əlaqədar döyüşlərdə fəal iştirak etmişdir. Döyüşlərdə bədən xəsarətləri almışdır. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 019 saylı 05 yanvar 2021-ci il tarixli əmrinə əsasən xidmətini davam etdirmək üçün DSX-nin işğaldan azad olunan X5 ərazisində xidmət aparan hərbi hissəyə köçürülmüşdür. O, DSX-da təyin olunduğu vəzifəni icra etmədən sərəncamda saxlanılmışdır. Daha sonra, yəni (bir ay sonra) 04 fevral 2021-ci il tarixdə DSX rəisinin əmri ilə o, “Dövlət Sərhəd Xidmətinin X3 Sərhəd Korpusu ideoloji iş və mənəvi psixoloji təminat bölməsinin psixoloqu - bölmə rəisinin köməkçisi” vəzifəsindən ehtiyata buraxılmışdır. İkinci Qarabağ müharibəsi başlamamışdan əvvəl o, Azərbaycan Ali Hərbi Məktəbindən N saylı hərbi hissənin şəxsi heyətinin tərkibinə köçürülən zaman tabor komandiri müavinin vəzifə maaşı N manat, N saylı hərbi hissənin tərkibində psixoloq vəzifəsində isə 625 manat müəyyən olunmuşdur. Ancaq DSX-dan ehtiyata buraxılan zaman 2021-ci ilin fevral ayından onun vəzifə maaşı qanunsuz olaraq 760 manat yox, 625 manat nəzərə alınmaqla pensiya hesablanmışdır. Belə hesablama qüvvədə olan qanunun tələblərinə ziddir. Belə ki, ona pensiya hesablanarkən vəzifə maaşı 625 manatdan yox, 760 manatdan hesablanmalı idi. Bundan başqa bildirir ki, o, İkinci Qarabağ müharibəsi başlayanadək ehtiyata (pensiyaya) buraxılmağı ilə əlaqədar, yəni xx.xx.2020-ci il tarixdə MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı” qiymətləndirilərək ona 5315 saylı xəstəlik haqqında şəhadətnamə verilmişdir. DSX-nin rəhbərliyi həmin xəstəlik haqqında şəhadətnaməni nəzərə alaraq onun “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq onu ehtiyata buraxmışdır. Həmin xəstəlik haqqında şəhadətnamə verildikdən sonra o, ehtiyata buraxılmamışdır və 2 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə o, ikinci Qarabağ müharibəsində düşmənə qarşı döyüşə cəlb olunmuşdur. Məlum 44 günlük ikinci Qarabağ müharibəsində layiqincə iştirak etmişdir. Hərbi xidmətinin xx.xx.2000-ci il tarixindən xx.xx.2021-ci il tarixədək (20 il 05 ay) Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdə xidmət etmişdir. Yalnız hərbi xidmətinin son 30 gününü DSX-nın tabeçiliyində olan hərbi hissədə vəzifəyə təyin edilərək, vəzifə borclarının icrası ona tapşırılmadan sərəncamda saxlanılmışdır və xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılmışdır. O, DSX tərəfindən ehtiyata buraxılan zaman 20 ildən artıq xidmət müddətinə, yəni 8 il 04 ay 14 günün hər ilinə vəzifə maaşının 3 faizi yox, qanunsuz olaraq 2 faizi hesablanmışdır. Yəni ona təminat xərcliyinin 72,83 faizi hesablanmışdır. Bu da qanunun tələblərinə uyğun deyil. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilərək, cavabdehdən və üçüncü şəxslərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan DSX-nin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş cavabdeh DSX nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş DSX-nın nümayəndələri X4 və X2 ayrıayrılıqda verdikləri izahatlarında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişlər. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: İddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən verilmiş EZ seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2000-ci ildən xx.xx.2021-ci ilədək hərbi xidmətdə olmuşdur. DSMF XŞTÜMF tərəfindən İddiaçı ünvanlanmış **********6 №-li, xx.xx.2021-ci il tarixli məktubda DSX tərəfindən təqdim olunmuş 18 iyun 2021-ci il tarixli 001957 nömrəli məlumat vərəqəsində rütbəsinin “polkovnik leytenant”, vəzifəsinin “DSX SQ X11 İdeoloji iş və mənəvi psixololji təminat bölməsinin psixoloqu-bölmə rəisinin köməkçisi”, xidmət müddətinin 28 il 11 ay 1 gün (təqvimi xidmət illəri 20 il 6 ay 16 gün, güzəştli xidmət illəri 8 il 4 ay 15 gün), vəzifə maaşının 625,00 manat, rütbə maaşının 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəsi-194,75 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi-93,75, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi 62,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1194,00 manat göstərilmişdir. 20 fevral 2021-ci il tarixindən Fondun XŞTÜMF tərəfindən ona “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14 1 -ci maddəsinə uyğun olaraq 28 il 11 ay 1 gün (təqvimi xidmət illəri 20 il 6 ay 16 gün, güzəştli xidmət illəri 8 il 4 ay 15 gün) xidmət müddətinə görə təminat xərcliyinin (1194,00 manat) 72,83 faizi-869,59 manat hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 8/840 №-li xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar idarəsində olan elektron məlumatlar bazasından əldə edilmiş məlumatlara əsasən o, Azərbaycan Respublikası Müdafiə nazirinin 05 yanvar 2021-ci il tarixli 019 nömrəli əmri ilə xidmətini davam etdirmək məqsədi ilə DSX-ya göndərilərək 04 fevral 2021-ci il tarixdə həmin xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0 3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Yuxarıda qeyd olunanlara istinad olaraq müraciətdə qeyd etdiyi məsələ ilə bağlı pensiya təyin olunması üçün tələb olunan “Məlumat vərəqi” tərtib edən orqana, yəni DSX-ya müraciət etməsi məqsədə uyğun hesab edilmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara cavab olaraq məhkəməyə ünvanlanmış: DSMF XŞTÜMF **********8 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş; DSX-nın 001957 №-li xx.xx.2021-ci il tarixli məlumat vərəqinin surətindən müəyyən olunur ki, DSX SQ “Qubadlı” X8 iş və mənəvi psixoloji təminat bölməsinin psixoloqu-bölmə rəsisinin köməkçisi polkovnik-leytenant xx.xx.1982-ci il təvəllüdlü İddiaçı iş stajı və xidmət illəri 28 il 11 ay 1 gün, ehtiyata buraxıldığı tarix xx.xx.2021-ci il, 41.0.3-cü mddəyə (xəstəliyə) əsasən ehtiyata buraxılmışdır. Pul təminatı: vəzifə maaşı 625,00 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə 25 faiz-194,75 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, sərhəd qoşunlarında xidmətə görə 10 faiz 62,50 manat, məharət dərəcəsi 15 faiz 93 manat 75 qəpik, cəmi 1194,0 manat hesablanmışdır. DSMF XŞTÜMF-nin **********5 №-li, xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarın surətindən (001762 №-li pensiya işi) müəyyən olunur ki, DSX tərəfindən verilmiş məlumat vərəqəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə 869,59 manat məbləğində pensiya təyin olunmuşdur. **********8 №-li, xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən müəyyən olunur ki (001762 №-li pensiya işi), İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə yeni məlumat vərəqi əsasında yenidən hesablanmış pensiya məbləği 877 manat 59 qəpik göstərilmişdir (əvvəlki pensiya məbləği 869 manat, 59 qəpik; pensiyanın yenidən hesablanması zamanı təminat xərcliyindəki dəyişiliklər: vəzifə maaşı 625,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə əlavə 25 faiz- 194,75 manat, ərzaq payı 64,00 manat, xidmətə görə 10 faiz 62,50 manat, təminat xərcliyi cəmi 1194,00 manat). Qərarın 13-cü bəndində ötən dövr üzrə alınmamış pensiya məbləğiötən dövr üçün xx.xx.2021-xx.xx.2022-ci il tarixə 98 manat 57 qəpik (1 ay) qeyd olunmuşdur. DSX-nın İstintaq və Təhqiqat İdarəsinin 16/1926m saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, DSX-nın sabiq hərbi qulluqçusu İddiaçı müraciəti üzrə 27 sentyabr 2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək olan müddətin iddiaçının təqvim illərinin üzərinə əlavə olunaraq, pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsi xx.xx.2021-ci il tarixli məktubla DSMF XŞTÜMF-yə göndərilmişdir. Məktuba əlavə olunmuş DSX tərəfindən verilmiş 002034 №-li xx.xx.2021-ci il tarixli məlumat vərəqinin surətindən müəyyən olunur ki, xx.xx.1982-ci təvəllüdlü DSX SQ “Qubadlı” X8 iş və mənəvi psixoloji təminat bölməsinin psixoloqu-bölmə rəisinin köməkçisi olmuş polkovnik-leytenant İddiaçı iş stajı və xidmət illəri 29 il 3 ay 23 gün təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə 41.0.3-cü maddəyə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. Pul təminatı- vəzifə maaşı 625 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə əlavə 25 faiz-194,75 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, sərhəd qoşunlarında xidmətə görə 10 faiz-62,50 manat, məharət dərəcəsi 15 faiz-93,75 manat, cəmi 1194,0 manat göstərilmişdir. MN-nin 11/3423 №-li xx.xx.2022-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0423 №-li, xx.xx.2020-ci il tarixli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 23 sentyabr 2016-cı il tarixli 098 nömrəli “Səfərbərlik zamanı və müharibə dövründə 6-cı Ordu Korpusunun yaradılması haqqında” əmrinə əsasən və “Səfərbərlik zamanı yerdəyişmə Planı”na uyğun olaraq (adları qeyd olunan) İddiaçı döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Kursant taboru komandirinin şəxsi heyətlə iş üzrə müavin-müəllim 286-cı Motatıcı Briqadnın (N №li hərbi hissə) İdealoji İş və X6 Bölməsinin Psixoloqu-Bölmə rəisinin köməkçisi vəzifəsinə təyin olunmuşdur. DSX-nin İstintaq və Təhqiqat İdarəsinin 16/10868 №-li, xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı xx.xx.2021-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq DSX rəisinin sərəncamına ezam olunmuş, DSX rəisinin xx.xx.2021-ci il tarixli 164 ş/h nömrəli əmri ilə X5 tərkibində olan 286 nömrəli briqadanın İdeoloji iş və mənəvi psixoloji təminat bölməsinin psixoloji bölmə rəisinin köməkçisi vəzifəsinə təyin olunmuş, onun vəzifə maaşı - 625,00 manat, hərbi rütbə maaşı - 154,00 manat, uzunmüddətli xidmətə görə əlavə (25%) - 194,75 manat, SQ xidmətə görə (10%) - 62,50 manat, məharət dərəcəsi (15%) - 93,75 manat, ərzaq payı əvəzinə kompensasiya - 64,00 manat olmaqla cəmi - 1194,00 manat təşkil etmişdir. Məktuba əlavə olunmuş Azərbaycan Respubliası Müdafiə nazirinin 019 №-li, xx.xx.2021-ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 28 noyabr 2020-ci il tarixli 0120 nömrəli və Azərbaycan Respublikası DSX rəisinin 26 noyabr 2020-ci il tarixli 0088 nömrəli birgə əmrinə əsasən və “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq, 286-cı Motoatıcı briqadanın (286 №-lı hərbi hissə) adı çəkilən hərbi qulluqçusu İddiaçı, İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin psixoloqu-bölmə rəisinin köməkçisi, 7 yanvar 2021-ci il tarixdən Azərbaycan Ordusunun Şəxsi Heyətinin Siyahısından çıxarılmaqla həqiqi hərbi xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DSX rəisinin sərəncamına ezam olunmuş hesab edilmişdir. DSX rəisinin 164ş/h №-li, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, MN-nin 6-cı Ordu Korpusunun adları aşağıda göstərilən hərbi qulluqçularının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq həqiqi hərbi xidmətlərini davam etdirmək üçün 07 yanvar 2021-ci il tarixdən, təhvil alınmış 6-cı Ordu Korpusunun ştat-strukturu əsasında qeyd olunan vəzifələrə təyin edilmiş hesab edilmələri əmr edirlmişdir. Sərhəd Qoşunlarının “Qubadlı” sərhəd korpusunun N №li hərbi hissəsi üzrə- polkovnik-leytenant İddiaçı, ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin psixoloqu-bölmə rəisinin köməkçisi. DSX-nın 234 h/ş №-li, xx.xx.2021-ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, Sərhəd Qoşunlarının “Qubadlı” sərhəd korpusu (2027 №-li h/h) üzrə - Hərbi vəzifə və hərbi xidmət haqqında' Azərbaycan Respublikası Qanununun 41-cı maddəsinin 41 0 3-cü bəndinə (xəstəliyə görə) müvafiq olaraq DSX rəisinin sərəncamında olan (2027 №-lı h/h) polkovnik-leytenant X1 DSX-da həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, Hərbi qeydiyyata götürülmək üçün SHXÇÜDX-nin Abşeron rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. Polkovnik-leytenant A İ Baxşəliyevın 01 fevral 2021-ci il tarixə xidmət illəri; Təqvimi: 20 il, 07 ay, 06 gün; Güzəştli 08 il, 04 ay, 14 gün, cəmi 28 il. 11 ay, 20 gün təşkil etmişdir. Əsas: MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 5315 №-li xəstəlik şəhadətnaməsi. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DSX-nın 10/114 №-li xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ona xidmət illərinə görə pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə uyğun olaraq son tutduğu vəzifədən və son təminat xərcliyindən hesablanmışdır. 27 sentyabr 2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək olan müddət pensiya hesablanarkən təqvim illərinə hesablanmış, güzəştli xidmət illərinə (yəni 1 gün 2 gün hesabı ilə) həmin dövr yenidən hesablanaraq, cəmi təqvim illərinin üzərinə əlavə olunaraq, pensiyanın yenidən hesablanması üçün 14 oktyabr 2021-ci il tarixli 10/1060m nömrəli məktubla DSMF XŞTÜMF-yə təqdim edilmişdir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; - 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. - 2.0.2-ci maddəsnə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. - 2.0.10-cu maddəsinə əsasən hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları. 24-cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mahiyyət baxımından ona təyin olunmuş pensiyanın Azərbaycan Ali Hərbi Məktəbində 25 sentyabr 2020-ci il tarixədək xidmət edərkən, həmin vaxt tabor komandirinin müavinin vəzifə maaşına uyğun 760 manat məbləğindən (sonrakı artımlar nəzərə alınmaqla) hesablanması, ona yenidən pensiya hesablanıb təyin edilərkən xx.xx.2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək olan müddətin onun iş stajına hesablanması, 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 55 faizi məbləğində hesablanması və 20 ildən artıq hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün (il tam olmadıqda isə natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) müvafiq təminat xərcliyinin 3 faiz əlavə olunmaqla hesablanması üçün təminat xərcliyinin xidmət müddətinə görə 84,00 faiz hesablanmasına nail olmaqdan ibarətdir. Qeyd olunanların nəzərə alınmaqla yeni məlumat vərəqəsinin tərtib olunaraq, aidiyyəti orqana göndərilməsi də əslində həmin hüquqi marağa bağlıdır və onunla ehtiva olunur. İstinad olunan normada (“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu) hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi əsasları təsbit edilmişdir. Həmin normaya görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti- orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən iddiaçı DSX rəisinin xx.xx.2021ci il tarixli 164 ş/h nömrəli əmri ilə X5 tərkibində olan 286 nömrəli briqadanın İdeoloji iş və mənəvi psixoloji təminat bölməsinin psixoloji bölmə rəisinin köməkçisi vəzifəsinə təyin olunmuş, onun vəzifə maaşı - 625,00 manat, hərbi rütbə maaşı - 154,00 manat, uzunmüddətli xidmətə görə əlavə (25%) - 194,75 manat, SQ xidmətə görə (10%) - 62,50 manat, məharət dərəcəsi (15%) - 93,75 manat, ərzaq payı əvəzinə kompensasiya - 64,00 manat olmaqla cəmi - 1194,00 manat təşkil etmişdir. DSX-nın xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçı DSX-da həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onun müraciəti üzrə 27 sentyabr 2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək olan müddət iddiaçının təqvim illərinin üzərinə əlavə olunaraq, iş stajı və xidmət illəri 29 il 3 ay 23 gün; pul təminatı- vəzifə maaşı 625 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə əlavə 25 faiz-194,75 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, sərhəd qoşunlarında xidmətə görə 10 faiz-62,50 manat, məharət dərəcəsi 15 faiz-93,75 manat, cəmi 1194,0 manat göstərilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”na uyğun olaraq pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsi xx.xx.2021-ci il tarixli məktubla DSMF XŞTÜMF-yə göndərilmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar